Sərraf Şiruyə
44
NƏ BİRLİK
Hey deyirik əlbir olaq, bir olaq,
Qanımızda qeyrət yoxsa, nə birlik?
Vətənə məhəbbət, xalqa məhəbbət,
Düşmənlərə nifrət yoxsa, nə birlik?
Nəyə lazım alçaqların birliyi,
Təkcə sözdə qoçaqların birliyi,
Gərək deyil sarsaqların birliyi,
El-obaya hörmət yoxsa, nə birlik?
Çərçiləri ayırmayın işindən,
Tamahını çəkəmməzsiz dişindən.
Uzaq durun yaltaqların leşindən,
Ürəyində millət yoxsa, nə birlik?
Hamı bir-birinə hörmət etməsə,
Hamı bir məqsədə doğru getməsə.
Dar gündə, gen gündə dada yetməsə,
Qətiyyət, cəsarət yoxsa, nə birlik?
Harayla, Şiruyə, yatmışı oyat,
Elinə can söylə, elində boy at.
Düz amal, düz əməl, düz söz, düz həyat,
Ortada həqiqət yoxsa, nə birlik?