adlıq halda olmasıdır. Bəzi dillərin, o
cümlədən rus dilinin quruluşu bu şərtin yerinə yetirilməsinə imkan verir. Azərbaycan dilində
hazırlanan sənədlərdə bu şərt tez-tez pozulur. Ona görə də sənədin standart formasının
hazırlanması və qəbul edilməsi zamanı müvafiq formanın tapılması tələb olunur. Bir sıra
sənədlər üçün belə formanın müəyyənləşdirilməsi mümkün olur.
Sənədlərdə onların
hazırlanma tarixi haqqında məlumat xüsusi əhəmiyyət daşıyır.
Sənədin hazırlanma tarixi əsas rekvizitlər sırasına daxildir və bu rekvizitin bütün sənədlərdə
verilməsi məcburidir. Azərbaycan dilində tarixin verilməsi formaları aşağıdakılardır:
24 may 2008-ci il
24.05.2008
24/05/2008
24.V.2008.
Birinci variant tarixin tam açıq şəkildə verilməsidir. Məlumdur ki, ilin dəyişməsindən
asılı olaraq son rəqəm dəyişir. Dəyişmə il sözündən əvvəl işlənən –cı, -ci, -cu, -cü şəkilçisinin
də dəyişməsinə səbəb olur. Məsələn, 2006-cı il, 2007-ci il; 2009-cu il, 2003-cü il. Bəzi
sənədlərin tərtibi və ya daimi işlənən müəyyən sənəd formalarının düzəldilməsi (məsələn,
blank) zamanı bu bəzi çətinliklər yaradır. Ona görə də bu sənədlər üçün müəyyən istisnanın
qəbul edilməsi tələbi meydana çıxır.
Tarixin verilmə formalarından dördüncüsündə həm ərəb, həm də Roma rəqəmlərindən
istifadə olunmuşdur. Roma rəqəmlərinin Azərbaycan dilində oxunuşu zamanı –cı, -ci, -cu, -cü
şəkilçisi nəzərə alınır. Məsələn, X – onuncu, V –beşinci, III – üçüncü və s.
Bizim fikrimizcə, sənədlərdə tarixin verilməsi üçün iki formanın qəbul edilməsi
məqsədəuyğundur. Birinci forma tarixin açıq şəkildə verilməsidir (26 may 2008-ci il). İkinci
forma tarixin yalnız rəqəmlərlə göstərilməsidir. Məsələn, 26.05.2008. Bu formada ili göstərən
rəqəmlərin müxtəlif yozumu yaranmayacağı təqdirdə son iki rəqəmdən istifadə daha yaxşıdır.
Məsələn, 26.05.08.