qədər Azərbaycan xalqının etnik tərkibi ilə məşğul olan alimlər çox yanlış və qərəzli bir
mövqedə dayanmışdılar. Guya türklər bu ərazilərə-Ön Asiyaya-Azərbaycana gəlmədirlər. Bu
gəlmələrin xalq kimi formalaşmasına “Azərbaycan xalqının və dilinin təşəkkülünə əvvəlcə
Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları-mannalılar,
kaspilər, Atropatena, madalılar, albanlar, azərilər” (15,34) təsir göstərmişdir. Bu zaman guya
onların etnik simasını dəyişmiş (yəni iranlılaşmış), sonra e.ə VIII-VII əsrlərdə kimmer, skif,
sak tayfalarının, tarixdə “xalqların böyük köçü” adlanan dövrdə hunların və XI-XII əsrlərdə
səlcuq oğuzların Azərbaycana gəlişi ilə türkləşmişdir.
Lakin ciddi elmi araşdırmalar (Y.Yusifov, T.Hacıyev, Q.Qeybullayev, M.İsmayıl,
Q.Kazımov, Ə.Fərzəli, V.Əliyev), arxeoloji qazıntılar, Azıx, Tağlar, Daşsalahlı, Qazma,
Büzeyir kimi ən qədim insan məskənləri, atəşpərəstlik və zərdüştlüyün abidəsi “Avesta”,
Azərbaycanın çox müxtəlif ərazilərində olan Gəmiqaya, Qobustan, Kəlbəcər, Mingəçevir, Qız
qalası kimi çox qədim türk düşüncəsinin, inam və etiqadının məhsulu olan qayaüstü rəsmlər
və yazılar və b. abidələr bu ərazilərin–Azərbaycanın dünyanın yaranışından türklərin ilkin
məskəni olduğunu sübut edir. E.ə VIII-VII əsrlərdən etibarən türklərin Azərbaycan ərazilərinə
aramsız axını onların ilk gəlişi olmamış, əzəli torpaqlarına geri dönüşü hesab olunmalıdır.
Faktlar göstərir ki, türklər hələ ibtidai icma quruluşunun dağılmadığı zamanlarda Yer üzünə
yayılmağa başlamışlar. Lakin onlar heç vaxt bütövlükdə öz ilkin vətənlərini Ön Asiyanı-
Azərbaycanı tərk etməmişlər. Müasir dövrdə hansı ərazilərdə yerləşmişlərsə, 4-5 min il əvvəl
də əsasən həmin ərazilərdə yaşamış,öz dövlətlərini yaratmış, öz ərazilərini qorumuşlar.
İkiçayarasına da Azərbaycan dağlarından enmişlər. Akkadlar tərəfindən sıxışdırıldıqda bir
qismi yenidən öz vətənlərinə dönmüşdür, bir qismi isə ehtimal ki, Mərkəzi Asiyaya getmişdir.
Kərkük, Ərbül İkiçayarasında qalanların nəsli davamıdır. Bütün bunlar Azərbaycanın aborigen
etnoslarının türklərdən ibarət olduğunu sübut edir. Onlar heç vaxt öz etnik simalarını
dəyişməmiş, heç vaxt iranlılaşmaya məruz qalmamışlar, əksinə yeni gələn türk tayfaları daim
onlara qol-qanad vermiş, onları gücləndirmişdir (17).
Y.Yusifov e.ə III-II minilliklərə aid bir sıra etnonim və toponimləri izah edərkən belə
qənaətə gəlmişdir: “... e.ə III-II minilliklərdə Azərbaycan ərazisində türk etnosları yaşayırdılar
və o dövrün siyasi hadisələrində yaxından iştirak edirdilər” (19,78).
Q.Qeybullayev də eyni fikirdədir: “Miladdan qabaqkı minilliklərdə Cənubi Azərbaycan
ərazisində yaşamış kutilər, lullubilər və kaslar türk mənşəli etnoslar idilər. Onların birbaşa
varisləri miladdan qabaq birinci minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix
səhnəsinə çıxmışlar. Manna və Midiya ərazilərində məlum olan toponimlərin və şəxs adlarının
əksəriyyətinin türkcə olması mannalıların və madayların türkmənşəli olmalarına şübhə yeri
qoymur. Midiya ərazisində iranlaşma prosesi yox, türkmənşəli Atropatena xalqının təşəkkülü
prosesi getmişdir” (20, 40).
Azərbaycanın ən qədim əhalisi olan kaspilərin e.ə IX-IV minilliklər arasında Xəzərin
cənubunda və cənub-şərqində müəyyən edilmiş Anau mədəniyyətinin yaradıcıları olduqları
sübut edilmişdir. Kasların irandilli olmadıqları məlumdur. Türklərə məxsus olan ikihürgüclü
dəvə skeletinin Anauda tapılması da bu mədəniyyətin türklərə məxsus olduğunu göstərir (23,
17).
Dostları ilə paylaş: