Elektron poçt (e-mail ) xidməti. İnternet vasitəsilə şəxsi informasiya da ötürülür. Onu elektron poçt, yəni E-mail çatdırır.
Elektron poçt 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunun əməkdaşları Noel Morris və Tom
Van Blek IBM 7090/7094 kompüterinə quraşdırılan CTSS (Compatible Time-Sharing System)
əməliyyat sistemi üçün “mail” proqramı yazanda yaranıb. İlk dəfə olaraq @ işarəsi elektron poçt
ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi.
Prinsipcə, bu elektron sistem ən adi poçt kimi işləyir. Siz məktub yazırsınız, onu xüsusi “zərf”ə
qoyursunuz, alan şəxsin ünvanını və öz ünvanınızı yazırsınız, göndərmə düyməsini basırsınız və sizin
məktubunuz ünvan sahibinin elektron poçtunun qutusuna düşür.
Əlbəttə, elektron poçt müəyyən mənada adi poçtdan fərqlənir. Onların arasındakı başlıca
fərq çatdırma sürətidir. Adi məktubun ünvana çatmasına azı bir gün lazımdır. Elektron poçtla isə daha
sürətlə çatır. Məsələn, Avstraliyadan göndərilən elektron məlumat hətta rabitə xətləri həddindən çox
yükləndikdə belə bizə cəmi bir neçə saata, adətən isə bir neçə saniyəyə gəlib çatır.
Elektron məktub yazmaq çox asandır. Mətni kompüterin klaviaturasında yığmaq yetərlidir və onu
dərhal şəbəkəyə göndərə bilərsiniz. Özü də elektron poçt, demək olar, havayı başa gəlir. Siz yalnız
provayderinizə telefon zənginin haqqını ödəyirsiniz. İnternet provayderlərinin çoxu elektron
poçtla göndərmənin qiymətini abunə haqqına daxil edirlər. Siz internet vasitəsilə elektron poçt
göndərəndə onu konkret şəxsə ünvanlayırsınız. Ancaq sizin məlumatınız gedib ünvana çatana qədər
şəbəkəyə qoşulmuş çoxsaylı server və kompüterlərdən keçir. Odur ki, kənar şəxslərin məktubunuzu
oxuması istisna deyildir. Amma xüsusi proqramların köməyi ilə məktubu şifrələmək də olar, ünvan
sahibi isə onun şifrəsini açar. Hazırda yeni başlayan hər bir istifadəçi özü üçün pulsuz elektron poçt
qutusu aça bilər. Bunun üçün internet portallarından birində qeydiyyatdan keçmək yetərlidir.