Sərraf Şiruyə
30
“Ocaqlı dağı”nda daş nənni də var,
İmamın vaxtından qalıb yadigar.
Kim ziyarət edib, övlad arzular,
Haqq əmriylə yırğalanır o nənni,
Gərək anlayasan nənni deyəni.
Şeyx Heydərim qonaq gəlib qoynuna,
Şah Xətai qol dolayıb boynuna.
Alqış deyib Miskin Abdal soyuna,
Ocağının daşlarından öpübdü,
Torpağından öz üstünə səpibdi.
O ocaqlar neçə nəsil yetirib,
Kökə, soya neçə əsil yetirib.
Haqqa dönən neçə oğul yetirib,
Dastanlaşıb ərənləri, ərləri,
Seyidləri, şairləri, pirləri.
Böyük Ağa, Səməd ağa, neçəsi,
Mümkün deyil adlarından keçəsi.
Çalışıram gedəmmirəm kəsəsi,
Anam Göyçə, keçmişlərdən sən danış,
Yaddaşlarda qalmışlardan sən danış.
Hacı Rəhim igidlikdə Qazan xan,
O olubdur yağı başı üzən xan!
Məşədi İsə siyasətlə gəzən xan,
Ziyad, Qasım neçələri yaddadı,
Əsgəranda yağı bağrın oddadı.
|