Azərbaycan yazılı ədəbiyyatında multikulturalizm izləri.
Orta əsrlərdə və
müasir dövrümüzdə yaşayıb yaratmış bir çox Azərbaycan şair və yazıçılarının
əsərlərində dini dözümlülük, millətlərarası münasibət, hər bir xalqın adət-ənənələrinə
hörmət mövzularına rast gəlirik.
Qeyd edilən məsələlərə ilk dəfə kompleks şəkildə Nizami Gəncəvinin
poemalarında rast gəlinir. Ümumiyyətlə Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək
11
meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin
qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s.
xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu
qəhrəmanların heç birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun
qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə
aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram, digər xalqların mədəniyyətinə
sayğı və hörmət şairin yaradıcılığının aparıcı mövzularındandır.
Çoxmədəniyyətliliyə yüksək dəyər verilməsi intibah şairi Nizami dühasının
mahiyyətindədir. Etiqadca müsəlman olan, beş poemadan ibarət “Xəmsə”si ilə dünya
şöhrətli şair bütün bu əsərlərinə Allaha minacatlarla başlayır, Məhəmməd
peyğəmbərin tərifini verir və bütün bunlarla bərabər başqa dinlərə elə bir məhəbbət
sərgiləyir ki, bunun təyinatı böyük mənada oxucuya çoxmədəniyyətlilik şüuruna
sahiblənməyi bir dəyər kimi təlqin edir.
“Sirlər xəzinəsi” poemasında “Ədalətli və insaflı olmağa dair” söhbətdə şair
hökmdarları nəzərdə tutaraq onlara ağıllı, tədbirli, ədalətli olmağın, xalqın gözündə
ucalmağın yolunu dinlərdə ifadə olunan ilahi təlimatlara əməl etməkdə görür və
deyir:
Dini sevib qorumaq sənin borcundur hər gün,
Bu yolda can qoyublar haqqsevərlər haqq üçün.
Maraqlıdır ki, bu misraların ardınca şair peyğəmbərlər içində nümunə kimi İsa
Məsihi xatırladır:
Hər kəs ki, İsa kimi duyub, sevib insanı
İnsafı sayəsində tutub cümlə cahanı.
Poemada İsa Məsihin sevgi təliminin bir uzatısına həm də sevgili qadına
münasibətin obrazlı ifadəsində rast gəlinir:
Mənim eşq bayrağım bənd olunca bir yerə,
Vəfa qoxusu gəldi başqa bir yandan yenə.
Açıq deyim: bir yarın rayihəsi, nəsimi
Mənə ürək, can verdi İsa nəfəsi kimi.
Son sətirdə İsa Məsih möcüzələrindən birinə - İsa nəfəsilə ölülərin dirilməsinə
işarə kontekstində məşuqdan gələn sevgi impulslarının təsirilə aşiqin həyat qazanması
obrazlı şəkildə vurğulanır.
Poemada təbiət təsvirlərinə aid belə sətirlər var:
İsa dilli, nisgilli ömrü bir günlük süsən
Sübhə müjdə verməkdə Musanın pak əlindən.
Burada bir günlük ömrü olan süsən çiçəyi çağa ikən dil açan İsa ilə müqayisə
edilir. Bu çiçək həm də Tövratda və Quranda vəsfi keçən Musanın cibinə salıb
12
çıxarmağı ilə bəmbəyaz işıq saçan əli kimi nurludur, görünməyilə sübhün gəlişini
müjdələyir.
Nizami öz poeziyasının multikultural təyinatına da işarə vuraraq yazır:
Hər hücrəyə köçürdüm şeiri, şeriyyəti mən,
Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.
Birdəfəlik tullayıb zünnar ilə xirqəni
Zahidlər, rahiblər də gəlib tapdılar məni.
Bu sətirlərdə Nizami öz poeziyasının dininindən asılı olamayaraq hamıya aid
olduğunu vurğulayır və bildirir ki, onun yazıları təkcə xirqə geyinən müsəlman
sufilər üçün deyil, bundan bellərinə qıldan toxunmuş kəmər – zünnar bağlayan
məsihilər-xristianlar da faydalana bilərlər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Nizaminin din dünyasında İsa Məsihə
verilən yüksək dəyər Quran mətni ilə də birbaşa əlaqəli görünür və oxucuda
multikulturallıq ovqatını yaradan İsa Məsih və başqa obrazlara müraciətlər Nizaminin
müsəlman etiqadının bir hissəsi kimi müəyyənləşir. Quran ayələrində Adəmdən
Xatəmə qədər bütün Tanrı elçiləri, o cümlədən Nur, İbrahim, Musa, İsa və b. islam
elçiləri, yəni Tanrıya təmasda olmuş elçilər kimi təlqin edilir. Bu mənada
ibrətamizdir ki, Nizami multikulturalizmi eyni zamanda bir dini etiqad ifadəsidir.
Nizaminin “Yeddi Gözəl” poemasında isə çoxmədəniyyətli mühitin həyati bir
mənzərəsi ilə rastlaşırıq. Müəllif yeddi iqlimdən olan fərqli inanc sahibləri qadın
tiplərini – hind, rum, slavyan, Məğrib, Xarəzm, Çin, türk qadınlarını hökmdar
Bəhramın ətrafında bir araya gətirir və bu qadınlar ona dünyanın müxtəlif
bölgələrində baş vermiş əhvalatları nəql edirlər. Əsəri tədqiq edən müasir
tədqiqatçılar burada orta çağ dünyasının kosmik modelinə diqqət çəkir, bu modeldə
məkanın yeddi iqlimə bölündüyü, hər iqlim və həmin iqlimdəki ölkənin göyün bir
qatına uyğun sayıldığını, yeddi gözəlin də ayrı-ayrılıqda mənsub olduqları iqlimlərə
uyğun simvollarla bəzədilmiş saraylarda yerləşdirilməsini qeyd edərək maraqlı
qənaətlərə gəlirlər. Qənaətlərdən biri budur ki, əsərin baş qəhrəmanı Bəhramın hər
iqlimə aid bilinən ulduzun rəngində geyinərək həmin sarayları ziyarətini kosmik
harmoniyaya qoşulmanın simvolu kimi qavramaq lazım gəlir. Əsərdə Bəhramın bir
şəxsiyyət kimi kamilləşməsi prosesi də gedir. Bu kamilləşmənin məhz multikultural
mühitdən keçərək baş tutması oxucuda şüuraltı olaraq o fikri möhkəmləndirir ki,
bəşərin real tərəqqisində multikulturalizmin alternativi yoxdur.
Ümumiyyətlə, dahi Nizaminin bədii təfəkkürü multikulturalizm impulsları ilə
yüklü bir məzmunda olduğundandır ki, onun milyonlarla müsəlman oxucusu, öz
dillərinə tərcümələrdə onun əsərlərini oxuyan xristianlar, yəhudilər, buddistlər və b.
zaman-zaman bu ovqatı yaşamalı olur. Onun son əsəri Makedoniyalı İskəndərə həsr
etdiyi “İsgəndərnamə” poeması olmuşdur. İsgəndər, Nizaminin yazdığına görə, öz
vətənində görmədiyi bir çox real hadisələrə həyatın möcüzələri kimi baxır. Əsərdə ən
əhəmiyyətli mədəni hadisə İsgəndərin "başçısızlar" ölkəsinə gəlib çıxmasıdır. O,
buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu
13
gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması
xəbərini eşidir və oraya yol tapmaq istəyir, əbədi həyat axtarır. İsgəndər Xızır
peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu
haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri
dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü
nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu
cəhətdən "İsgəndərnamə" Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah
əsəridir.
Nizami bu əsərini qələmə alarkən o dövrdə müxtəlif dillərdə olan qaynaqları
oxumuş və tarixilik kontekstində təsvir etdiyi hadisələrin məzmununda öz ideallarını
səsləndirmişdir. Nizaminin mütaliə dairəsi heyrət doğurur. Təkcə elə dini mətnlərin
mütaliəsinə gəlincə, müəyyən edirsən ki, etiqadca müsəlman olan şeyx Nizami təkcə
Quranda təktanrılığın müqəddəs qaynaqları kimi təqdim olunan Tövrat və İncili
oxumayıb. Bu mənada oxuduqları sırasında kilsə tərəfindən rəsmən qəbul edilməyən
erkən xristianlığın apokrifik mətnləri də yer alır. Bunu əsərin girişində yazılması
səbəblərindən danışarkən ifadə etdiyi bu sətirlərdir:
Daxmada gecənin hörüklərindən,
Yeddi rəng ipəklər toxuyuram mən.
Bu lacivərd küpdən mən də İsatək
İplər çıxarıram hər an rəngbərəng.
İncilin əlimizdə olan 4 variantının heç birində İsa Məsihlə bağlı küpdən rəngli
iplərin çıxarılması əhvalatına rast gəlinmir. Əhvalatın təsviri isə apokrifik İncil
mətnində gedir. Elə qəbildən olan dini qaynaqların birində ki, bu, rəsmi xristian dini
dairələri tərəfindən etibarsız sayılır. Əhvalat İsanın uşaqlıq çağına aiddir. Həmin o
apokrifik mətndə qeyd olunur ki, İsa Salem adlı bir boyaqçının dükanına gəlir.
Dükanında olan bütün parçaları götürüb içində tünd mavi boya mayesi olan küpün
içinə atır ki, onları rəngləsin. Boyaqçı görəndə və düşünəndə ki, bu oğlan ona iş açıb,
bütün parçalar bir rəngə boyanıb korlanıb, hirslənib İsanı tənbeh edir. İsa isə sakit
dayanır və arxayındır ki, küpün içindəki boya parçaların hər birini nəzərdə tutulduğu
rəngə boyayacaq. Elə də olur. O parçaları bir-bir küpdən çıxaranda bunlar tünd mavi
rəngini dəyişib möcüzəvi bir şəkildə boyaqçının nəzərdə tutduğu rəngləri alır.
Nizami isə bu əhvalata istinadla yaratdığı obrazlı ifadə ilə bildirir ki, o ağır
intellektual zəhmət bahasına seçdiyi sözlərin zəngin məna çalarları var. Nizami İsa
Məsihə sevgisini İskəndərnamənin birinci hissəsi “İqbalnamə”nin başlanğıcında
ifadəyə qoyduğu kimi sonunda da bundan bir obraz kimi istifadə edir:
Dəryamdan iki dürr olubdur əyan,
Onlardır üzümü mənim ağardan:
Biri Məryəm kimi ismətli pəri,
Isanın nurilə parlar o biri.
Birinin çöhrəsi Aytək münəvvər,
Birinin ürəyi güntək nur çilər.
Müqbil, Iqbal adlı iki hindli qul
Göndərdim hüzura, olaydı məqbul
14
Gəldi hər ikisi şah xidmətinə,
Məsəldir, yaqutu saxlar xəzinə.
Qızını mehrlə köçürər ana,
Qardaş duvaq salar onun başına.
Hüzura göndərdim bu gəlini mən,
Qardaşı tutmuşdur onun əlindən.
Canımı yollayıb bir peşkəş kimi,
Qoşmuşam mən ona ciyərparəmi.
Əlbəttə, bu misralardakı obrazların anlaşılması indiki oxucular üçün çətin gələ
bilər. Bu misralar əsərin ithaf edildiyi hökmdar Məlik İzzəddinə yazılan mədhiyyədə
yer alır. Nizami İqbalnaməni dəyərləndirmək üçün ona göndərdiyini yazır. Burada
Məryəm kimi ismətli gəlin xüsusiyyətini saxlayan əsərin özüdür ki, müəllifin canı da
oradadır. Əsəri hökmdara aparan isə Nizaminin oğludur. Və Nizami öz oğlunun
üzündə isə İsa nurundan pay olduğunu da fəxarətlə yazır.
Nizami təsvir etdiyi ideal cəmiyyətdə din və etiqad haqqında təliminin
mahiyyətini oradakı insanların düşüncələri ilə verir.
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz...
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə eylərik kömək.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin
milliyyətinə, dini görüşlərinə qarşı çıxmır, fərqli fikir və mədəniyyətlərə göstərilən
hörmətlə yanaşır. Nizami vahid din ideyasını irəli sürməklə xalqlar, millətlər, milli
etnik qruplar, tayfalar arasında mövcud olan münaqişələrə son qoymaq istəyir.
Nizami xalqların adını çəkərək də onların mənsubiyyətinə hörmətlə yanaşır. O qara
dərili zəncini açıq qəlbə və möhkəm xüsusiyyətə malik olduğunu qeyd edərək irqi
mənsubiyyəti əsasında insana qiymət verməkdən çəkindirir:
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır!
Zərdüştlik Musəvilik xə Xristian dinləri və onlara dair işarətlər, atributlar xoş
niyyətlə xatırlanır:
Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,
15
Bir günəşin eşqindən zərrəcə məst deyilsən.
Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı.
Bu dünyaya uymadan tərk edəsən dünyanı.
Lalənin atəşgahı
‐
laləzardır burada.
Hindli atəşpərəstdir, yanıb çatıb murada.
Hörmüz ki, söz deməyə başladı,
İlahi biliyin qapısını açdı.
Hər dediyinə bir dəlil gətirdi,
Elə bir dəlil ki, nur kimi gözlərdə və ürəklərdə yer tapdı.
İsadilli, birgünlük süsən necə nəşəli,
Musanın əli kimi olub sübhün məşəli.
Sular şölə saçırdı Musanın əlləritək.
Nizami Gəncəvi insanlığa səadət və xoşbəxtlik, dinclik və əmin-amanlıq
gətirən bir quruluş arzulayır və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini
düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir edilmişdir. Şairin xəyali
ölkəsində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə yaşayırlar, hamının da
hüquqları bərabərdir. Bu ölkədə sürülər çobansız, evlər qıfılsız, bağlar gözətçisizdir.
Nizaminin təqdimində İsgəndər ədalətli hakim, mütəfəkkir alim, humanist-mötədil
şəxsiyyət və rəşadətli qəhrəmandır. Nizaminin İsgəndəri yalnız öz vətəninin ədalətli
hökmdarı deyil, ümumbəşəriyyətin səadəti haqqında düşünən, bütün insanlar üçün
gözəl həyat arzulayan və bu arzular uğrunda mübarizə aparan bir dövlət başçısıdır.
Şairə görə:
Bəşəriyyəti əsl səadətlə yeganə hakimi həqiqət olan,
Büz ilqar, düz inam əsasında qurulmuş cəmiyyət təmin edə bilər.
Dostları ilə paylaş: |