Kəsimlər. Sadə kəsimlər haqqında məlumat. Cismin çertyoju onun xarici və daxili forması haqqında tam təsəvvür
verməlidir. Görünüşlərdə cismin daxili formasını ştrix xətləri ilə göstərməyə icazə
verilir. Mürəkkəb daxili formalı cisimləri təsvir etdikdə görünüşlərdə bir – birini
örtən çoxlu strix xətlər əmələ gələrək çertyoju anlaşılmaz edir və onun oxunmasını
çətinləşdirir.
Çertyojlarda cismin daxili forması haqqında daha aydın təsəvvür yaratmaq
üçün kəsimlərdən istifadə edilir. Cismin bir və ya bir neçə müstəvilərlə fikrən
kəsilmiş təsvirinə kəsim deyilir. Kəsimdə kəsən müstəvi üzərində və onun
arxasında yerləşən hissələr göstərilir.
Şəkil 1 – də detalın frontal və horisontal proyeksiya müstəviləri üzərində
alınmış proyeksiyalarının ardıcıllığı göstərilmişdir.
Təsvirdən göründüyü kimi frontal proyeksiya müstəvisi üzərindəki təsvir
detalın kəsimi olacaq. Kəsimi almaq üçün detal fikrən frontal proyeksiya
müstəvisinə paralel müstəvi ilə kəsilib. Bu müstəviyə kəsən müstəvi deyilir.
Göründüyü kimi kəsən müstəvi detalı onun simmetriya müstəvisi boyunca iki
bərabər hissəyə ayırdıqdan sonra detalın ön hissəsi fikrən atılır, qalan hissəsi isə
frontal proyeksiya müstəvisi üzərinə proyeksiyalanır. Alınmış təsvir kəsim adlanır.
Şəkil 1
Kəsimdə kəsən müstəvi üzərində və onun arxasında yerləşən hissələr təsvir
edilir və müstəvi üzərində olan hissə ştrixlənir. Ştrixlənmə detalın
materialından asılı olaraq əsas yazıya nəzərən 45
0
bucaq əmələ gətirən paralel
nazik düz xətlərlə aparılır. Kəsən müstəvilərin sayından asılı olaraq kəsimlər
sadə və mürəkkəb olmaqla iki qrupa bölünür.
Sadə kəsimlər yalnız bir kəsən müstəvi ilə yerinə yetirilən kəsimlərdir və kəsən
müstəvinin proyeksiya müstəvisinə nəzərən vəziyyətindən asılı olaraq şaquli və
üfüqi kəsimlərə ayrılır.
Cismin frontal proyeksiya müstəvisinə paralel olan şaquli müstəvi ilə kəsilməsi
nəticəsində alınan kəsimə frontal kəsim, profil proyeksiya müstəvisinə paralel olan
müstəvi ilə kəsilməsi nəticəsində alınan şaquli kəsimə profil kəsim deyilir.
Şəkil 2 – də frontal kəsimin qurulması göstərilib.
Şəkil 2
Şəkil 3 – də verilmiş detal profil kəsim verilmiş verilmiş detaldır. Onun
müşahidəçi ilə kəsən müstəvi arasında qalan sol hissəsi firən atılır, bu müstəvinin
sağında qalan hissə profil müstəvi üzərində proyeksiyalanır.
Şəkil 3
Cismin fikrən horizontal proyeksiya müstəvisinə paralel olan üfüqi müstəvi
ilə kəsişməsindən alınan təsvirinə horizontal kəsim deyilir. Çəkil 4 – dən görünür
ki, horizontal kəsimdə detalın müşahidəçi ilə kəsən müstəvi arasında qalan üst
hissəsi fikrən atılır, onun alt hissəsi isə horizontal proyeksiya müstəvisi üzərinə
proyeksiyalanır. Bu kəsimə detalın horizontal kəsimi deyilir.