______________Milli Kitabxana_____________
154
məbədi nəzdində (Kassi dövrü) xüsusi müalicəxana mövcud imiş.
Hesabatlarda bir neçə qadın müğənninin müalicəsindən bəhs
edilir. Onlar soyuqdəymə, öskürmə və zökəm (qrip) xəstəliyinə
tutulmuşdular. Burada deyilir: «E. bu xəstəliyə tutulub. K. və A.-
nın qızları salamatdırlar və canları bərkdir. Əgər mənim ağam
yazsa, onlar gəlib məşqə davam edə bilərlər. O ki, qaldı M.-nın
qızına, onun soyuqdəyməsi keçdi, əvvəl öskürürdüsə, indi
öskürmür. İ.-in qızının ikitərəfli sətəlcəmi davam edir. Onun rəngi
qaçıbdır... dərman verilir... . B.-nın qızının qabırğaaltı sətəlcəmi
davam edir və o, öskürür». Sonrakı hesabatdan məlum olur ki, E.
sağalmış, lakin M.-nın qızının «axşamdan istiliyi qalxıb. Səhərə
yaxın ona ağı içirtdim, lakin qızdırma keçmədi, ayaqları
soyuqdur...»
Müalicə qaydalarında (reseptlərində) bir çox bitki, mineral
və başqa maddələrin adları çəkilir, lakin onların mənası açılmamış
qalır. Qaydaların birində deyilir: «Anadişşa» bitkisi, tikanlı kol
budaqları, «duaşbura» toxumu... ovulsun, onlara su ilə pivə
qarışdırılsın, ağrıyan hissə bitki yağı ilə ovxalansın və pivə ilə
qarışdırılmış bitki tozu qızdırma (istilik vermə) vasitəsi kimi onun
üstünə sarınsın».
Şumer əfsanələrində ilahə Baba təbabətin hamisi kimi
qələmə verilmişdir. O, «qarabaşların böyük şəfavericisi, insanların
həyatını qoruyan» kimi təsvir olunmuşdur. Şumerlərin
təsəvvürünə görə, allahlar da insan kimi xəstəliyə tutula bilərdilər.
Bununla əlaqədar şəfa ilahəsi təsəvvürü meydana gəlmişdi. Eyni
zamanda xəstəliyi iblis əməli hesab edirdilər. Ən qəddar iblis
Uduq adlanırdı. Onların törətdiyi xəstəlik çətin müalicə olunurdu.
Qədim şumerlərin aqronomik məlumatları bir sıra əsərlərdə
öz əksini tapmışdır. Şumerlər «Əkinçi təqvimi» və «Bağçılıq
kitabları» əsərləri yaratmışlar. Burada əkin, suvarma və biçinin
başlanması, taxılın döyülməsi vaxtı, bağ-bağçanın becərilmə
üsulları, suvarma kanallarının təmiz saxlanması və s. haqda
məlumat verilirdi. Babil, Assur şəhərlərində məşhur «asılı
bağlar», heyvanxanalar yaradılmışdı. Burada qəribə, qeyri-adi
(ekzotik) bitkilər və heyvanlar saxlanılırdı. İkiçayarasında heyvan,
bitki və mineralların təsnifi siyahısı tərtib olunmuşdu.
|