______________Milli Kitabxana_____________
238
Zaqafqaziyadakı ən qədim siklopik tikintilər tunc dövrünə
(e. ə. III-II minilliklər) aid edilir. Urartu dövlətinin Tuşpa,
Topraqqala, Teyşebaini və s. siklopik abidələri isə ilk dəmir
dövrünün (e. ə. X-IX əsrlər) məhsuludur.
Azərbaycanın dağlıq rayonlarında 120-yə qədər, əsasən,
dairəvi formada, nəhəng daşlardan, suvaqsız tikilmiş siklopik
abidələr nəzərdən keçirilmişdir. Onlar Naxçıvan, Gədəbəy,
Şəmkir, Tovuz rayonlarında daha çox yayılmışdır. Xalq arasında
belə tikintilərə «qalaça», «qalacıq», «hörük» və «hörükdaş»
deyilir. Həmin tikintilər bəzən bir, bəzən də iki-üç divarla əhatə
olunur. Azərbaycan ərazisindəki siklopik tikintilər yonulmamış
kobud daşlardan hörülmüşdür. Lakin nadir hallarda yonulmuş
daşlarla sıx hörülmüş abidələrə də rast gəlirik. Bu tipli abidələrin
daha sonralar (dəmir dövrünün ortalarında və eramızın
başlanğıcında) tikildiyini güman etmək olar.
Azərbaycanın siklopik tikintilərinin nə məqsədlə tikildiyi
haqqında müxtəlif fikirlər vardır. Arxeoloqlarımız bu abidələri üç
qrupa bölmüşlər:
1. həcmcə çox böyük olan istehkamlardan dinc dövrdə
yaşayış məskəni kimi, müharibə zamanı isə əhalinin və mal-
qaranın müdafiəsi üçün istifadə edilmişdir.
2. həcmcə kiçik olan siklopik tikintilər müharibə vaxtı qala
vəzifəsini görüb, müdafiə xarakteri daşımışdır.
3. Dağ yerlərində müvəqqəti məqsədlərə xidmət etməkdən
ötrü yaradılmış kiçik siklopik abidələrdən isə mal-qaranı
saxlamaq, qorumaq üçün bir ağıl (çəpər) kimi istifadə edilmişdir.
Daş qutu qəbirlər. Yuxarı Qarabağda, Gədəbəy, Lənkəran və
başqa rayonlarda yayılan 3 min illik tarixə malik olan bu abidələr
meqalitik abidələrin xüsusi bir növüdür. Bu nəhəng qəbirlərin
içərisi səliqə ilə yonulub sandıq halına salınmış və üstü tava daşla
örtülmüşdür. Güman etmək olar ki, bu qəbirlər ilk siklopik
tikintilərlə bir zamanda yaradılmışdır. İbtidai icma quruluşunun
adamları yaşamaq, dini mərasim keçirmək, müdafiə olunmaq üçün
əzəmətli tikintilər yaradarkən elə təsəvvür edirdilər ki, onların
ölüləri də axirət dünyasında belə nəhəng daş evlərdə
yaşamalıdırlar. Bunun nəticəsidir ki, qədim əcdadlarımız ölülərini
|