______________Milli Kitabxana_____________
239
nəhəng daş qutularda dəfn etməyi lazım bilirdilər. Belə daş qutu
qəbirlərin üstündə isə daha əzəmətli görünən kurqanlar tikirdilər.
Kurqanlar. Kurqan türk sözüdür. O öz mənşəyinə görə kor
(qəbir), qurğu, qoruq sözləri ilə əlaqədardır. Kurqanlar ölülərin
qəbirləri («axirət evləri») üzərində ucaldılmış konusvarı
təpələrdən ibarətdir. Qədim Azərbaycanda belə bir formanı əldə
etmək üçün içərisində bir və bir neçə meyit dəfn edilmiş qəbrin
divarları düzbucaqlı formada daşla tikiləndən sonra onun üstünə
kvadrat şəkilli ağac haşiyələr qoyulurmuş. Belə ki, kurqanın
konusvarı formada alınması üçün aşağıdan birinci haşiyə böyük,
onun üstündəki haşiyələr isə yuxarı getdikcə daha kiçik ölçülü
olmalı idi. Nəticədə əmələ gəlmiş pilləli ağac konus əvvəlcə taxta
ilə, daha sonra isə torpaqla örtülürdü. Konusvarı kurqanlar bizə
qədim Misir piramidalarını xatırladır. Yuxarı Qarabağda üstü çay
daşı ilə örtülmüş kurqanlara da rast gəlirik. Onların hündürlüyü
müxtəlifdir. Çox zaman hündür bir kurqanın ətrafında alçaq
kurqanların yerləşdiyi də müşahidə olunur.
Azərbaycanın dağətəyi və düzənlik yerlərində geniş
yayılmış kurqanlar müxtəlif dövrlərin məhsuludur. İctimai dövrlər
dəyişdikcə bu qəbirlərin forması da bir qədər dəyişilmiş və
yeniləşmişdir. Məsələn, eneolit, mis-daş dövrünün (e. z. IV
minillik. və III minilliyin birinci yarısı) kurqanlarında qəbirlər
dairəvi şəkildə qazılandan sonra divarları daşla hörülərdi və
xəndəklə əhatə olunardı. İlk tunc dövründə (e. ə. III minilliyin
ikinci yarısı) kurqanların içindəki qəbirlər kvadrat şəklini almış,
son tunc dövründə (e. ə. II minilliyin ikinci yarısı) isə qazıma
qəbirlər əvəzinə süni qəbirlər-kvadrat formalı qazıma daxmalar
yaradılmışdır. Həmin daxmalar bəzən bir neçə mərtəbəli olurdu,
birinci mərtəbədə ölü dəfn edildiyi halda, ikinci, üçüncü
mərtəbələrdə mərhumun «axirət dünyasında» rahat yaşaması üçün
lazım olan avadanlıq qoyulurdu. Bu dövrün kurqanlarında
qəbirlərdən başqa qurban qoyulan yerlər-qurbangahlar üçün də
xüsusi yerlər ayrılırdı ki, bu da daşla haşiyələnmiş kvadratşəkilli
çalalardan ibarətdir. Bu qurbangahlarda əcdadların, ölülərin ruhu
və xeyirxah ruhlar üçün yemək, içmək şəklində qurbanlar
qoyularmış.
|