______________Milli Kitabxana_____________
242
yanaşı saraylar və yaşayış binaları da yaradılmışdır.
Qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə,
Midiyanın paytaxtı Ekbatan (indiki Həmədan) şəhərində əzəmətli
bir saray var imiş. Bu sarayda hündür taxta sütunlardan, memarlıq
ünsürlərinin bəzəyində qızıl və gümüşdən istifadə edildiyindən
bina olduqca cazibədar bir görkəmə malik idi.
Mütəxəssislər güman edirlər ki, bu dövrdə ant tipli yaşayış
binaları yaranmağa başlamışdır. Qarşısında eyvan olan evlərə ant
tipli binalar deyilir. Bu tikintilərdə eyvanların əmələ gəlməsi üçün
fasadda ön tərəfdən kənar divarlar irəliyə doğru uzadılmışdır.
Sonrakı dövrlərdə ant tipli binalar Azərbaycanda çox geniş
yayılaraq bir və ikimərtəbəli eyvanlı yaşayış evlərinin ortaya
çıxmasına səbəb olmuşdur. Bundan başqa, qülləvarı yaşayış evləri
də tikilirmiş. Məsələn Kişessu adlı Midiya şəhəri qülləli
binalardan ibarət olmuşdur.
Qədim Midiya ərazisində çox geniş yayılmış tikintilərə
misal olaraq, qaya məqbərələrini və atəşpərəstlik məbədlərini də
qeyd edə bilərik.
Qayalarda qazılmış məqbərələrin fasadı ant tipli yaşayış
binalarını xatırladır. Onların divarları insan təsvirlərindən ibarət
olan qabartmalarla bəzədilirdi. Məqbərənin qarşı tərəfində
yerləşən dəhlizdən sərdabə hissəsinə daxil olmaq üçün yol
düzəldilirdi. Bəzi qaya məqbərələrinin dəhlizində sütunlar
qoyulurdu. Onların yuxarısı, yunan memarlığında olduğu kimi,
antablement hissə ilə bitirdi.
Midiya atəşpərəstliyin mərkəzi hesab edilirdi. Bununla
əlaqədar olaraq dini binalar-məbədlər, atəş ibadətgahları o vaxtın
çox yayılmış memarlıq tikintilərindən hesab edilir. Belə
ibadətgahlar kiçik kürsülük üzərində ucalırdı. İbadətgahın ön
tərəfində bir taxça tikilir və taxçanın yuxarısı karniz şəklində
olurdu. Dini mərasimlər, ayinlər belə atəşgahların qarşısında, açıq
havada keçirilirdi.
Midiya ərazisində çoxlu şəhər olması, orada şəhərsalma
işlərinin geniş miqyasda aparıldığını nəzərə çarpdırır. Yunan
tarixçilərinin əsərlərində Ekbatan (paytaxt), Zombis, Patiqran,
Qazata (ərəb mənbələrində Ğənzə), Kiropolis, Evron, Arzakiya
|