______________Milli Kitabxana_____________
243
(yaxud Riqa) və Herakleya kimi Midiya şəhərlərinin adları çəkilir.
Qaya təsvirləri. Qaya təsvirlərinə petroqlif deyilir. Bu
termin yunan dilində petros-daş, qlif- oyma, cızma sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Petroqliflərə Orta Asiyada,
Sibirdə, Uralda, Krımda, Azərbaycanda, digər yerlərdə rast
gəlmək olar. Petroqliflər bizi qədim əcdadlarımızın yaşayış
yerləri, təsərrüfat formaları, həyat tərzi, məişət xüsusiyyətləri, dini
təsəvvürləri və bədii təfəkkür səviyyəsi ilə tanış edir.
Qobustan qayalıqlarından və Abşeronun
Şüvəlan
qəsəbəsindən, Ordubad yaylaqlarından və Kəlbəcər dağlarından
tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış qədim insanların
qoyub getmiş olduğu dəyərli mədəniyyət və incəsənət abidələridir.
Qobustan-Baş Qafqaz sıra dağlarının cənub-şərq
qurtaracağında yerləşmişdir. Buradakı qaya təsvirləri bir-birindən
uzaq, ayrı-ayrı yerlərdə yerləşmiş qayalıqlar üzərində iti daşla
cızılmışdır. Bu qayalıqlara yerli əhali «Böyükdaş», «Kiçikdaş»,
«Cingirdağ», «Şonqardağ», «Şıxqaya» və «Daşqışlaq» adı
vermişdir. Həmin qayalıqlar Bakıdan 50-60 km cənubda, Xəzər
dənizinin yaxınlığında yerləşir.
Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif
fikirlər irəli sürülmüşdür. Bəziləri onların dini ayinlərin
keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu
təsvirləri ovda müvəffəqiyyət qazanmaq üçün icra edilən iş
magiyası (sehrkarlığı) ilə əlaqələndirərək onların incəsənət
mahiyyətini inkar edirlər.
Petroqliflərin anlaşılması üçün onlara öz dövrlərinin
tələbləri, ehtiyacları cəhətdən yanaşmaq lazımdır. Daş dövründə
insanların başlıca məqsədi qida əldə etmək idi. İbtidai insanlar
artıq qidalanmaq üçün mübarizənin, yaxşı atıb, sərrast vurmağın
başlıca şərt olduğunu dərk edə bilmişdilər. Odur ki, ən ibtidai şüur
səviyyəsində olanda belə ağıllarından, hiylələrindən çox,
qollarının gücünə və gözlərinə arxayın olurdular. Buna görə də
qədim əcdadlarımız ovlayacaqları heyvanın gücünü, qaçmaq
bacarığını yaxşı öyrəndikdən sonra onunla mübarizəyə
hazırlaşırdılar. Bu hazırlıq dövründə ovu uzaqdan yaxşı müşahidə
etmiş ovçular qaya üzərində onun konturlu şəklini çəkirdilər.
|