TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə82/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   78   79   80   81   82   83   84   85   ...   157
Təsərrüfat  həyatı.  Atropatenanın  təsərrüfat  həyatı  mürəkkəb  xarakterli  idi. 

Ölkədə  bir  neçə  şəhər,  bir  sıra  böyük  və  kiçik  məskənlər  vardı.  Atropatenanın 

şəhərləri  əkinçiliyi,  maldarlığı və  sənətkarlığı sahmanla aparan təsərrüfat  mərkəzləri 

idi. Strabon fiziki coğrafiyanın xüsusiyyətləri üzərində dayanaraq göstərir ki, əsasən 

Böyük  Mada  və  şimal  vilayətləri  Matianaya  və  Ermənistana  qədər  uca  dağlarla 

örtülüdür  və  soyuq  ölkələr  sırasına  aiddir.  Əsərin  bir  parçasına  əsasən  Mada  son 

dərəcə münbitdir, onun dağlıq şimal hissəsi isə öz yoxsulluğu ilə fərqlənir. 

Daha  sonralar  yaşayıb-yaratmış  müəlliflərin  məlumatlarında  Atropatenanın 

münbit  torpaqlarından  bəhs  olunur.  Belə  ki,  dağ  yamaclarında  torpaq  bərəkətli, 

münbit və ən məhsuldardır, çaylar və bulaqlarla zəngindir. 

Qədim  müəlliflər  həmin  ərazidə  yetişdirilən  mədəni  bitkilər  haqqında  xeyli 

məlumat qoyub getmişlər. Məsələn, Strabon bildirir ki, burada üzüm və əncir, habelə 

buğda  bitir.  Strabonun  verdiyi  məlumat  daha  sonralar  yaşayıb-yaratmış  müəlliflər 



230 

 

tərəfindən də təkrar edilir. Qaynaqlar Atropatenada arı balının olmasından danışmağa 



imkan verir. 

Qədim müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən bəhs edirlər. Antik 

ədəbiyyatda  münbit  məbəd torpaqları haqqında  məlumat vardır. İçkilər hazırlanması 

haqqında verilən məlumat da çox maraqlıdır. Məsələn, Strabon yazır ki, yerli sakinlər 

"bəzi bitkilərin köklərindən şərab çəkirlər". Belə bir məlumat da maraqlıdır ki, Mada 

sakinləri  "meyvələrlə  qidalanır,  qurudulmuş  və  döyülmüş  almadan  kökə,  qovrulmuş 

badamdan çörək bişirirlər". Madada nəinki buğda, alma və badam yetişdirir, həm də 

döyülmüş  meyvədən  un  hazırlayırdılar.  Strabon  Madada  zeytun  olduğunu  da  qeyd 

edir. 

Strabon "atlar üçün ən yaxşı yem" olan yoncadan bəhs edir. Antik müəllif bu 



otu  "Midiya  otu"  adlandırır,  çünki  "o,  Midiyada  çox  bitir".  Antik  müəllifin 

məlumatına  əsasən,  Mada  torpağında  silfi  də  yetişir,  ondan  Mada  şirəsi  deyilən  şirə 

çəkilir,  bu  şirəni  uzun  müddət  saxlamaq  mümkündür.  Antik  müəllif  Mada  şirəsini 

tərifləyir,  onu  Kirena  şirəsi  ilə  müqayisə  edərək  Mada  silfisinin  xüsusiyyətlərini 

araşdırmağa  çalışır.  Məlumdur  ki,  silfi  və  ya  gecəotu  yabanı  yerköküdür.  Qədimdə 

silfinin və ya gecəotunun şirəsindən ədviyyat və dərman kimi də istifadə edirdilər. 

Yerli  əhali  hələ  o  vaxtlarda  kənd  təsərrüfatı  zərərvericilərinə  qarşı  mübarizə 

aparırdı. Kaspiananı nəzərdə tutaraq Elian qeyd edir ki, burada saysız-hesabsız siçan 

olur. Onlar çayları üzüb keçir, zəmilərə daraşıb əkinləri tələf edirlər. 

Atropatenada  maldarlıq  da  inkişaf  etmişdi.  Atçılıq  təsərrüfat  həyatında 

müəyyən yer tuturdu. Hələ Polibi qeyd edirdi ki, Atropatenada "atçılıqda üstün olan" 

bir  xalq  yaşayır.  Antik  coğrafiyaçı  Strabon  Apollonidə  istinad  edərək  yazır  ki, 

atropatenalıların  on  min  süvarisi  var  idi,  on  min  süvari  isə  Atropatenanın  çoxsaylı 

ilxılarından  alınmış  10000  döyüş  atı  deməkdir.  Güman  ki,  Atropatenada,  Parfiyada 

olduğu  kimi,  ölkənin  həm  hərbi,  həm  də  təsərrüfat  ehtiyaclarını  ödəyən  atçılıq 

təsərrüfatları varmış. 

Heyvandarlıq haqqında başqa məlumatlar da vardır. Elian yazır ki, Kaspianada 

dəvə olduqca çoxdur,  ən iri dəvələr ən böyük at boydadırlar və gözəl  yunları vardır: 

onların  yunu  çox  zərifdir,  belə  ki,  yumşaqlığına  görə  hətta  Milet  yunundan  da  geri 

qalmır.  Maldarlıq  təsərrüfatı  çoxlu  ev  heyvanlarının  olması  ilə  fərqlənirdi.  Eliana 

görə,  "kaspilərin  keçiləri  ağappaqdır,  buynuzsuzdur,  alçaq  boyludur  və  burunları 

enlidir".  Yenə  həmin  müəllif  Makedoniyalı  Aleksandr  ordusunda  xidmət  edən 

Amintaya istinad edərək məlumat verir ki, "kaspilər ölkəsində çoxlu öküz naxırları və 

at ilxıları vardır". 

Ölkədə  balıqçılıqla  da  məşğul  olurdular.  Qədim  müəllifin  dediyinə  görə, 

"Kaspi ölkəsində çox böyük bir göl vardır və o göldə şişburun adlanan balıqlar yetişir. 

Onların uzunluğu hətta səkkiz qulaca çatır". 



231 

 

Ehtimal  ki,  burada  nərə  balığı  nəzərdə  tutulur.  Elian  sözünə  davam  edərək 



daha  sonra  yazır:  "Kaspilər  onları  tutur,  duzlayır  və  qurudurlar,  (sonra)  dəvələrə 

yükləyib  Ekbatanaya  aparırlar.  Bu  balıqların  piyindən  məlhəm  hazırlayırlar,  duzlu 

balığı  (kaspilər)  satırlar,  çox  qatı,  lakin  üfunətli  olmayan  balıq  yağını    dərilərinə 

sürtürlər,  balıqların  içalatını  çıxarır,  bişirir  və  işlətmək  üçün  çox  əlverişli  olan 

yapışqan  düzəldirlər:  bu  yapışqan  hər  şeyi  elə  bərk  yapışdırır  ki,  hətta  on  gün  suda 

saxlanılsa  belə,  nə  boşalır,  nə  də  qopur.  Hətta  fil  sümüyündən  əşyalar  hazırlayan 

ustalar da  bu  yapışqandan işlədir və  çox  gözəl  əşyalar qayırırlar". Balıqlara  vurmaq 

üçün  lazım  olan  çoxlu  duz  hələ  Strabonun  bəhs  etdiyi  Atropatena  duzxanalarından 

gətirilirdi. 

Atropatenanın  təsərrüfat  həyatı  haqqında  bir  sıra  digər  məlumatlar  da  vardır. 

Məsələn,  Strabon  yazır  ki,  Madada  bir  Kapavta  gölü  vardır,  bu  göldə  kristallaşma 

gedir və duz çöküntüləri əmələ gəlir. Başqa bir yerdə antik coğrafiyaçı yazır ki, kellər 

arasında "bir göl Mantiana adlanır ki, bu da tərcümədə "mavi" deməkdir. Söyləyirlər 

ki, bu, Meotidadan sonra ən böyük şor göldür, o, Atropatenaya qədər uzanır. Strabon 

göl haqqında söhbətinə davam edərək yazır ki, "orada duzxanalar düzəldilmişdir". 

Atropatenanı nəzərdə tutaraq Ammian Marsellin məlumat verir ki, "bu ölkədə 

Midiya  yağı  hazırlanır.  Bu  yağla  yağlanmış  çox  azacıq  dartılmış  kamandan  qopub 

nəyə  isə  sancıldıqda  bərk  alovlanır  -  sürətlə  uçduqda  alov  sönür,  su  ilə  söndürmək 

istədikdə  alov  daha  da  şiddətlənir  və  onu  söndürmək  üçün  üstünə  torpaq  tökməkdən 

başqa heç bir vasitə yoxdur". Bu "Midiya yağı" həm hərbi işdə, həm də təsərrüfatda 

kara gəlirdi". "Midiya yağı" o dövrün gil və metal çıraqları üçün yanacaq idi. Ammian 

"Midiya  yağı"nın  hazırlanması  üsulu  haqqında  məlumat  verərək  yazır  ki, 

mütəxəssislər  "yağın  içərisinə  xüsusi  bir  ot  tökür,  sonra  qatılaşmağa  qoyurlar,  yağ 

qatılaşdıqda  ona  qatı  yağa  bənzər təbii  yanacaq  əlavə  edərək daha  da  qatılaşdırırlar. 

Bu  məhsul  yerli  dildə  nafta  adlanır".  Öz-özünə  alışan  yağın  hazırlanması  özlüyündə 

neft məhsulları istehsalının yüksək səviyyəsindən xəbər verir. 

Keramika  istehsalı  təsərrüfatın  ayrıca  bir  sahəsi  idi.  Mil,  Muğan,  Talış, 

Naxçıvan,  Germi  və  başqa  yerlərin  küp  qəbirlərindən  çıxarılmış  gil  məmulat 

Atropatenada  keramika  istehsalının  səviyyəsindən  xəbər  verir.  Arxeoloji  material 

Atropatenada gil məmulatının geniş miqyas almasını təsdiq etməyə imkan verir. 

Atropatenada tikinti işləri də aparılırdı. 

Metal  məmulat  istehsalı  nümunələri  də  çox  maraqlıdır.  Tuncdan,  dəmirdən, 

qızıldan  və  gümüşdən  qayrılmış  çoxlu  əşya  dəmirçilik  və  zərgərliyin  inkişafından 

məlumat verir. 

Təsərrüfat  əlaqələrini  getdikcə  inkişaf  etdirmək  üçün  əlverişli  şərait  olması 

Atropatenanın  ticarət  imkanlarını  genişləndirirdi.  Strabon  məlumat  verir  ki,  Şimali 

Kaspinin xeyli hissəsinin sahibi olan aorslar dəvələrlə gedib madalılar və ermənilərlə 

ticarət  edirdilər.  Madalılar  və  ermənilər  onları  Babil  və  Hind  malları  ilə  təmin 




232 

 

edirdilər. Kaspi sahili boyunca şimala gedən yolun böyük əhəmiyyəti vardı. Başqa bir 



ticarət yolu Ekbatanadan Artaksata tərəfə gedirdi. Bu şəhər "Atropatiya sərhədlərinin 

yaxınlığında" idi [S t r a b o n]. Ekbatanaya balıq daşınması haqqında Klavdi Elianın 

verdiyi  məlumat  da  Kaspianadan  keçib  Atropatenaya  gedən  ticarət  yolunun  mövcud 

olduğunu təsdiq edir. 

Əsasən  antik  Atropatena  ərazisindən  əldə  edilmiş  yeni  arxeoloji  materiallar 

Atropatena sakinlərinin maddi və mənəvi həyatını daha aydın təsəvvür etməyə imkan 

yaradır. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin