BĠRĠNCĠ BÖLMƏ
DAġ DÖVRÜ.
ĠBTĠDAĠ ĠCMA QURULUġU
I FƏSİL
PALEOLĠT DÖVRÜ.
ĠBTĠDAĠ OVÇULAR – YIĞICILAR
DaĢ dövründə Azərbaycanın təbii Ģəraiti. İnsanın və cəmiyyətin
formalaşması və inkişafı təbii mühitin inkişafı ilə yanaşı və sıx əlaqədə getmişdir.
Külli miqdarda paleolit abidələrinin tədqiqi nəticəsində təbiətin, insanın və
onun maddi mədəniyyətinin inkişafında müşahidə olunan əsas hadisələr arasında sıx
qarşılıqlı əlaqələrin mövcud olması müəyyən edilmişdir. Təbiət ibtidai insanlann
məskəni və qida mənbəyi olmaqla bərabər onların demək olar ki, bütün həyat
sahələrinə, hətta antropogenez prosesinə, yayılmasına, təsərrüfat xüsusiyyətlərinə,
məişətinə, geyimlərinə belə ciddi təsir göstərmişdir. Antropogenezdə təbiətin rolu
əsasən hominidlərin bioloji potensialına stimulvermə və seleksiyaetmə təsirindən
ibarət olmuşdur. Xüsusən cəmiyyət tarixinin başlanğıc mərhələsində təbii amillərin
insanlara təsiri daha güclü olmuşdur. Təbiətlə insan arasındakı qarşılıqlı
münasibətlərin inkişafı təbiətin cəmiyyətin inkişafına təsirinin tədricən zəifləməsi
istiqamətində getmişdir. Sosial tərəqqi nəticəsində insanın təcavüzü getdikcə artmış,
mütərəqqi hal almış və mürəkkəbləşmişdir.
Yer kürəsinin digər bölgələrində olduğu kimi, Azərbaycan ərazisində də təbii
şərait sabit qalmamışdır. Xüsusən ibtidai insanların yaşadığı daş dövründə təbiət
dəyişilmələri daha kəskin xarakter almışdır.
Qərbi Azərbaycanda üst miosen-erkən pliosen yaşlı çöküntü qatlarında tapılan
fauna və flora qalıqları göstərir ki, həmin geoloji dövrlərdə (7 mln il bundan əvvəldən
3,2 mln il əvvələdək) ərazidə isti iqlim şəraiti hökm sürmüşdür. Burada savanna tipli
meşə-çöl landşaftı olmuşdur. Böyük və Kiçik Qafqaz dağlarının yamacları
həmişəyaşıl ağaclarla, zəngin enliyarpaqlı meşələrlə örtülü olmuşdur. Heyvanat
aləmi də olduqca zəngin idi. Dağətəyi və düzənlik ərazilərdə insanabənzər meymun,
kərgədan, zürafə, dəvəquşu və digər tropik və subtropik iqlim şəraitinə xas olan
heyvan sürüləri mövcud olmuşdur. Meşələrdə müasir dövrdə yaşayan ağac növlərilə
43
yanaşı həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə, maqnoliya, həmişəyaşıl palıd,
azat, darçın ağacı, nissa, araliya və s. geniş yayılmışdır. Bu da həmin dövrlərdə
iqlimin kifayət dərəcədə isti və rütubətli olduğunu göstərir. Hesablamalara əsasən
dağətəyi və düzənliklərdə orta illik temperatur 17-19°C, yanvar ayının temperaturu 6-
8°C, iyul ayınınkı 26-27°C, yağıntının miqdarı isə 1100-1200 mm təşkil etmişdir.
3,2 mln il bundan əvvəldən 0,7 mln il əvvələdək olan dövrə aid təbəqələrdə
tapılmış heyvan və bitki qalıqları bu dövrdə Azərbaycanda və qonşu ərazilərdə
iqlimin xeyli soyuqlaşmasını və quraqlaşmasını göstərir. Düzən və dağətəyi ərazilərdə
meşə sahələri xeyli azalır, həmişəyaşıl bitkilərin bir çoxu məhv olur, açıq sahələr
genişlənir. Heyvanat aləminin növ tərkibi kasıblaşır, hipparion fauna üstünlük təşkil
edir. Bununla belə, bitki tərkibində rütubətli subtropik şəraitdə yaşayan həmişəyaşıl
və yayda yaşıl bitki növlərinin (gərməşov, çiyələk ağacı, darçın ağacı, həmişəyaşıl
palıd və s.), heyvanlardan isə dəvəquşu, kərgədan və fillərin saxlanılması göstərir ki,
iqlim sərt olmamışdır. Belə vəziyyət Azərbaycan ərazisində insanın meydana gəlməsi
və yaşaması üçün çox əlverişli şərait yaradırdı.
Azərbaycan ərazisində bütün dördüncü dövrü əhatə edən və bəşəriyyətin bütün
əsas inkişaf mərhələlərini səciyyələndirən maddi mədəniyyət qalıqları aşkar
edilmişdir.
Ümumi qəbul olunmuş geoxronoloji bölgüyə əsasən dördüncü dövr üç
epoxaya - eopleystosen, pleystosen və holosen epoxalarına bölünür.
Azərbaycan ərazisində eopleystosen epoxası 1,8 mln il bundan əvvəl başlanan
Abşeron əsrinə müvafiq gəlir. Təxminən 700 min il evvəl eopleystosen epoxası başa
çatır, onu pleystosen epoxası əvəz edir. Pleystosen epoxası üç yerə bölünür: erkən,
orta və üst. Azərbaycanda erkən pleystosenə Bakı əsri (700-400 min il əvvəl), orta
pleystosenə alt Xəzər əsri (400-130 min il əvvəl), üst pleystosenə üst Xəzər və erkən
Xvalın əsrləri müvafiq gəlir. Holosen son 10 min ili əhatə edir.
Azərbaycan ərazisində paleolitin ömrü 1 mln ildən artıq olub, üst
eopleystosendən holosenədək davam edən dövrü əhatə edir.
Çaydaşı mədəniyyətinin sahibləri olan ən qədim insanlar Azərbaycanda üst
eopleystosendə (Abşeron əsrində), erkən Aşel mədəniyyətinin sahibləri erkən
şteystosendə (Bakı əsrində), Orta Aşel mədəniyyətini yaradanlar isə orta pleystosendə
(alt Xəzər əsri) və üst pleystosenin əvvəllərində yaşamışlar.
Mustye və son paleolit mədəniyyətlərinin sahibləri Azərbaycan ərazisində
pleystosen epoxasının axırlarında məskunlaşmışlar. Azərbaycanın ona qonşu olan
Qafqaz və Yaxın Şərq regionlarının paleolit düşərgələrindən və dördüncü dövrün
çöküntü qatlarından toplanmış bitki və heyvan qalıqlarının öyrənilməsi bu ərazilərin
ibtidai insanlar yaşadığı dövrlərdə mövcud olmuş təbii şəraitini bərpa etməyə imkan
verir.
44
Eopleystosen epoxası - çaydaşı mədəniyyəti dövrü iqlimdə soyuqlaşma və
quraqlaşma prosesinin güclənməsi, vulkanların fəallaşması, dağların hündürlüyünün
artması, dəniz örtən sahələrin azalması, fauna və flora örtüyünün kasıblaşması, meşə
sahələrinin azalması, açıq çöl sahələrinin genişlənməsi və ilk dağ-dərə buzlaqlarının
yaranması kimi hadisələrlə səciyyələnir.
Çaydaşı mədəniyyəti dövrünün birinci yarısında Azərbaycan ərazisinin əksər
düzənlik hissəsi hələ Xəzər dənizi suları altında idi. Ərazidə Böyük və Kiçik Qafqaz,
Talış, Savalan və b. dağların zirvələri yüksəlirdi. Onlardan ən hündürlərinin
yüksəkliyi 2000-3000 m-ə çatırdı. Dağ massivləri vadilər, dərələr və qobularla
parçalanmışdı.
Dövrün iqlimi indikindən isti və rütubətli idi. Heyvanat aləmi cənub filindən,
kərgədandan, yabanı atdan, dəvədən, cüyürdən, maraldan, öküzdən, qılıncdişli
pələngdən, dəvəquşundan və s. ibarət olmuşdur. Onların içərisində savanna
nümayəndələri üstünlük təşkil edirdi. Bitki aləmi çox zəngin tərkibə malik idi. Alçaq
dağlıq və dağönü rayonlarda orta illik temperatur 13-15°C, yanvarın orta temperaturu
5-6°C, iyul ayınınkı isə 22-23°C-yə çatırdı.
Çaydaşı mədəniyyəti dövrünün ikinci yarısında təbii şərait ciddi şəkildə
dəyişir. Böyük və Kiçik Qafqaz dağlarının qalxması sürətlənir. Qarabağ yaylasında və
qonşu ərazilərdə (İran, Türkiyə, Ermənistan yaylası) vulkanlar canlanır, Xəzərin Kür
körfəzi xeyli kiçilir, dağönü sahələrdə və Kür çökəkliyində düzənliklər xeyli
genişlənir, çay vadiləri dərinləşir və uzanır.
Dağların qalxması iqlimdə ümumi qlobal soyuqlaşma ilə yanaşı gedir, bu da Böyük
və Kiçik Qafqazın yüksək dağlıq zonalarında buzlaqların yaranmasına səbəb olur.
İqlimin soyuqlaşması və atmosferin quraqlaşması isti və rütubətsevər heyvanların
və bitkilərin məhv olmasına və yerini dəyişməsinə səbəb olur. Dağətəyi və düzənlik
sahələrdə meşələrin ərazisi xeyli azalır, seyrək arid meşələr, çöl və yarımsəhra
landşaftlarının sahəsi genişlənir. Aşağı dağlıq qurşaqda enliyarpaq, əsasən palıd və vələs
ağaclarından ibarət işıqlı meşələr; orta dağlıq qurşaqda isə enliyarpaq, əsasən palıd,
vələs, fıstıq ağaclarından ibarət qarışıq meşələr üstünlük təşkil edir. Yuxarı meşə
qurşağını iynəyarpaqlı meşələr, daha yüksəklikləri isə seyrək tozağacı meşələri, subalp
çəmənlikləri tutmuşdur.
Orta və yüksək dağ yamaclarında müvafiq olaraq qara külgün və seyrək tozağacı
meşələri, Quruçay vadisində isə qoz, yalanqoz və digər isti və rütubətsevən bitkilər
üstünlük təşkil etmişdir. Dağətəyi sahələrdə seyrək arid meşələr yayılmışdır.
Düzənliklərdə onları tuqay meşələri, çöl və yarımçöl landşaftları əvəz etmişdir. Belə
vəziyyət ibtidai insanlara müxtəlif heyvanları ovlamağa və yem bitkiləri toplamağa
əlverişli imkan yaradırdı. O dövrdə Azıx düşərgəsi yerləşən rayonda iqlim indikindən isti
və rütubətli idi. Yanvarın orta temperaturu 4-6°C, iyulun 25-28°C, illik yağıntının
miqdarı isə 1000-1800 mm-ə çatırdı.
45
Çaydaşı mədəniyyəti dövründən erkən aşel mədəniyyətinə keçid ərəfəsində
landşaftın regional xüsusiyyətləri saxlanmaqla yanaşı, qurunun və dənizin yerləşməsində
və iqlimdə bəzi dəyişikliklər getmişdir. Kür körfəzi geri - cənub-şərqi Şirvanadək
çəkilir, bütün Kür-Araz ovalığı Şirvandan qərbə dəniz sularından azad olur və düzənliyə
çevrilir, iqlim quru və soyuq olur. İqlimin soyuqlaşması və yüksək dağlıq zonalarda
buzlaqların əmələ gəlməsi nəticəsində meşələrin sürətlə dağ ətəklərinə doğru enməsi
baş verir. Əvvəllər orta və yüksək dağlıq qurşaqları tutan meşələr indi 1000-1200 m-ə
qədər enir və Azıx mağarasını əhatəyə alır.
Aşel, Mustye və Üst Paleolit dövrlərini əhatə edən pleystosen epoxası Yer kürəsi
tarixində buzlaşma dövrü kimi məlumdur. Bu dövrdə Qafqaz
və digər Avroasiya
dağlarında üç dəfə buzlaşma gedir.
Çaydaşı mədəniyyətinin sonunda formalaşan təbii
şərait hələ pleystosenin başlanğıcında aşel mədəniyyəti dövründə saxlanmaqda davam
edirdi.
Erkən aşel mədəniyyəti dövründə (600-400 min il bundan əvvəl) iqlimin istiləşməsi,
Şərqi Avropa düzənliyi və Qafqaz buzlaqlarının əriməsi nəticəsində Xəzər dənizinin
səviyyəsi qalxır və yenidən Kür-Araz çökəkliyi Gəncəyədək su altında qalır. Çaydaşı
mədəniyyətinin isti dövründə olduğu kimi, landşaft qurşaqları öz əvvəlki vəziyyətlərini
bərpa edir. Dağ ətəklərində və sahilyanı düzənliklərdə yenidən çöl və yarımsəhra
landşaftları hakim olur. Düzənliklərin çaykənarı sahələrində tuqay tipli meşələr yerləşir.
Aşağı və orta dağlıq qurşaqlarda enliyarpaqlı və iynəyarpaqlı meşələr üstün mövqe tutur.
Bu dövrdə Azıx düşərgəsi enliyarpaqlı meşələrin əhatəsində yerləşmişdi. Yanvarda
hərarət 4-7°C, iyulda 22-25°C, illik yağıntı 1200-1600 mm olmuşdur.
Erkən aşeldən Orta Aşelə keçid dövründə iqlim yenidən soyuqlaşır. Talış, Böyük və
Kiçik Qafqaz dağ massivlərində qalxma sürətlənir. Onların ən yüksək silsilələri buzlaşmaya
məruz qalır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşür və sahəsi kiçilir. Kür-Araz
ovalığı yenidən quruya, hamar düzənliyə çevrilir. İqlimin soyuması dağlarda meşələrin
yuxarı sərhədlərinin aşağı düşməsi ilə müşayiət olunur. Azıx yerləşən ərazidə meşə
qurşağının yuxarı sərhədi 1000-1200 m aşağı enir, bu da orta illik temperaturun 5-6°C
aşağı düşməsinə dəlalət edir. Göstərmək lazımdır ki, Azıx mağarasında oddan istifadə
olunmasını sübut edən əşyayi-dəlillərə (kömür, yanmış sümük, ocaq yerləri) erkən aşel
qatının üst təbəqələrində rast gəlinir. Oddan istifadə, şübhəsiz, iqlimin soyuqlaşması ilə
əlaqədardır. Osteoloji materiallara görə, Azıx düşərgəsi ərazisində o vaxt meşə
heyvanlarından ayı, Qafqaz bəbiri, maral, qaban, xallı maral, vaşaq, çöl və meşə-çöl
heyvanlarından at, uzunqulaq, kərgədan, uzunbuynuzlu öküz və s. yaşayırdı.
Orta Aşel mədəniyyəti dövrünün əvvəllərində (erkən Xəzər əsrinin birinci
yarısında) iqlimdə yenidən istiləşmə gedir. Materik və dağ buzlaqlarının əriməsi
nəticəsində Xəzər dənizinin səviyyəsi yenidən qalxır və dəniz indiki Mingəçevir şəhərinə
qədər bütün Kür-Araz ovalığını basır. Arazsahili zonada və Mil düzündə yarım səhra
landşaftı, dağətəyi sahələrdə çöl və seyrək meşələr, aşağı və orta dağlıq qurşaqlarda
46
palıd, vələs, fıstıq və digər enliyarpaqlı ağaclardan ibarət meşələr üstün yer tuturdu,
yüksək dağlıq isə alp və subalp çəmənlikləri ilə örtülü idi. Azıx mağarasının Orta
Aşel mədəni təbəqəsindən əldə edilən zəngin osteoloji materialın öyrənilməsi ətraf
ərazidə müxtəlif növ heyvanların, o cümlədən cüyürün, xallı maralın, nəhəng maralın,
qabanın, vaşaqın, ayının, qamışlıq pişiyinin, kərgədanın, qozbel öküzün, atın,
uzunqulağın və s. yaşadığını göstərir. Bitki qalıqlarına əsasən aparılmış hesablamalar
dövrün iqliminə aid aşağıdakı göstəriciləri verir: yanvarın orta temperaturu 4-6°C,
iyulun 20-23°C, yağıntının miqdarı 1000-1200 mm-dir.
Son aşel mədəniyyəti dövrünün (orta pleystosenin ikinci yarısı) əvvəlində
iqlim yenidən soyuqlaşır. Belə vəziyyət Azıx sakinlərinin mağaranı müvəqqəti tərk
etməsinə səbəb olur.
Sonra gələn erkən Mustye dövrü (üst Xəzər əsri) iqlimin xeyli istiləşməsi ilə
səciyyələnir.
Bu dövrdə Azıx düşərgəsi yuxarı sərhədi 2200-2300 m mütləq yüksəklikdə
yerləşən meşə qurşağının ətəyində yerləşmişdi. Bu meşə qurşağı zəngin heyvanat
aləminə (cüyür, maral, dağ keçisi, mağara ayısı, qonur ayı və s.) malik idi.
Mustye dövrünün (erkən Xvalın əsri) ikinci yarısında qlobal miqyasda
soyuqlaşma (vyurm buzlaşma dövrü) ilə əlaqədar Azərbaycan ərazisində, o cümlədən
dağlıq əyalətlərdə iqlim sərtləşir, əvvəlki dövrə nisbətən kəskin soyuq və quru iqlim
vəziyyəti yaranır. Bu dövrün təbii şəraiti son aşel dövründəkindən fərqlənmirdi. Lakin
iqlimin arid olması ilə əlaqədar buzlaqların ölçüsü orta pleystosenin axırlarındakı
səviyyəyə çatmır. Əgər dağətəyində və düzənlərdə çöl və yarımsəhra landşaftlarının
sahəsinin xeyli genişlənməsini nəzərə almasaq, bütövlükdə landşaft qurşaqlarının və
zonalarının yayılması son aşeldə olan vəziyyəti təkrar edir. Bu dövrün ən əlamətdar
hadisəsi insanın Azıx mağarasından 150-160 metr aşağıda və bir neçə kilometr aralıda
bilavasitə Quruçay sahilində yerləşən Tağlar mağarasına keçməsidir. İnsan burada
Mustye mədəniyyəti dövründə (100 min ildən 40-35 min il bundan əvvələdək)
yaşayıb. Qazıntı bitki qalıqlarına görə, bu dövrdə düşərgə ətrafındakı dağ yamacları
palıddan, vələsdən və cökədən ibarət meşələrlə örtülü olmuşdur. Meşə qurşağının
yuxarı hissəsində qara külgün və seyrək tozağacı meşələri mövcud olmuşdur. Bu
dövrdə meşə qurşağının yuxarı sərhəddi indikinə nisbətən 700-800 m aşağıda
yerləşirdi. Tağlarda insanın yaşadığı dövr ərzində üç nisbi istiləşmə fazası qeyd
olunur. Onlardan biri 64-62 min il, ikincisi 58-56 min il, üçüncüsü isə 52-48 min il
əvvəl olmuşdur. Bu qısamüddətli istiləşmədən sonra iqlimin yeni qlobal soyuqlaşması
dövrü (son vyurm və ya son valday buzlaşma dövrü) başlayır. Şaquli iqlim və landşaft
zonalarının enməsi baş verir. Bu onunla sübuta yetirilir ki, yüksək dağ qurşaqlarına
xas olan bitki və heyvanların qalıqları Azərbaycanda, Ermənistanda, Gürcüstanda və
başqa regionlarda dağ ətəklərində yerləşən Üst Paleolit düşərgələrində tapılır.
47
Mezolit və sonrakı dövrləri əhatə edən holosen epoxası Yer kürəsində iqlimin
ümumi qlobal istiləşməsi, dağ və qitə buzlaqlarının tənəzzülə uğraması ilə
səciyyələnir. Bu istiləşmə Azərbaycan ərazisində dağ buzlaqlarının tam əriməsi, qar
xəttinin və landşaft qurşaqlarının yuxarı qalxması ilə müşayiət olunur. Palinoloji
dəlillərə görə, bu dövrdə meşə qurşağının yuxarı sərhədi 2400-2500 m yüksəkliyə
qalxır, seyrək arid meşələr isə dağətəyi düzənlikləri basır və Cənub-Şərqi Qafqazda
Xəzər dənizi sahillərinə yaxınlaşır. Bu dövrdə, yəni 8-5 min il əvvəl Xəzərin
səviyyəsi indikindən 6-7 m yuxarıda idi. Bütün Kür-Araz ovalığı yarımsəhra və səhra
landşaftlarına malik düzənlik olmuşdur. Şimaldan və cənubdan ovalığı geniş çöllər
əhatə edirdi. Açıq sahələrin genişlənməsi ilə əlaqədar çöl və yarımsəhra heyvanlarının
- at, dəvə, öküz, qulan, ceyran, sayqak və başqa iri məməlilərin sayı artır.
Ümumiyyətlə, holosen dövrünün təbii-iqlim şəraiti indikindən az fərqlənirdi.
Dostları ilə paylaş: |