Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə40/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   36   37   38   39   40   41   42   43   ...   147
 

DÖRDÜNCÜ FƏSIL  

 

Klarnetçalan yenə  də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və  Səlim 

Sürəyya ilə  Əlipaşa yenə  də restoranın meydançasında klarnetin o qan eləyən 

sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, 

ortada  şair qaldı,  Əlipaşa qaldı  və bir də sürməli gözlərini süzə-süzə  işvə-naz ilə 

oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, 

çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan 

çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə  Əlipaşanın arasında oynamağa 

başladı. 

Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib 

meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə 

başını dik tutub meydançada dövrə vurdu. 

Məlik tamam yaddan çıxartmışdı ki, bir müddət bundan qabaq az qalmışdı 

Əlipaşanın ürəyini sındırsın, hirslənməyini-zadını da tamam unutmuşdu və 

damağındakı siqareti şəstlə tüstülədə-tüstülədə iki əlini də qabağa uzadıb Əlipaşanın, 

Səlim Sürəyyanın, o gözəl qızın oynamaqlarına keflə əl vururdu. 

Məclisin bütün iştirakçılarının kefi kök idi, heç kim heç hara tələsmirdi, məclis 

səmimi keçirdi, təkcə  Əlimuxtar müəllim bədbin fikirlərin  əlindən yaxa qurtara 

bilmirdi, xoruz kimi döşünü irəli verib restoranın meydançası boyu o baş-bu baş 

gedən, oynaya-oynaya o qızı – gözlərindən dünyanın min bir bicliyi tökülən o nazlı-

qəmzəli qızı müşayiət eyləyən redaktor Əlipaşaya baxa-baxa fikirləşirdi ki, anadan 

olduğu gündən bəxti ondan, yəni müdir Əlimuxtar müəllimdən küsmüşdü, bütün 

ömrü boyu hansı bir iclasa, hansı bir məclisə gedibsə, həmişə də mütləq nəsə elə bir 

hadisə olub ki, bütün içini iztirablar bürüyüb, sarsılıb; kim deyərdi ki, bu redaktor 

Əlipaşa bu boyda məclisin pulunu vermək imkanındaymış? Kim deyərdi ki, redaktor 

Əlipaşanın belə dostları varmış? Kim deyərdi ki, redaktor Əlipaşa beləcə oynayan 

imiş?  Əlimuxtar müəllim heç vaxt bu cür oynamamışdı, xəyallarında o nazlı-

qəmzəli qızı çox görmüşdü, amma ömründə heç vaxt o nazlı-qəmzəli gözəl qızla 

beləcə oynamamışdı  və yaxşı bilirdi ki, heç vaxt da oynamayacaq. Nə isə, dəhşət 

idi... 


Qız, nəhayət ki, gülə-gülə meydançadan çıxıb öz mizinə tərəf getdi və Əlipaşa 

da şair Səlim Sürəyyanın qolundan tutub: 

 – Sağlıq var! – dedi. 

Şair  əlini qaldırdı, klarnet səsini kəsdi, orkestr də susdu, Əlipaşa ilə  Səlim 

Sürəyya məclisə qayıtdı və Əlipaşa araq dolu qədəhi əlinə alıb: 

 – Bunu da qaldıraq qadınların sağlığına! – dedi. 

Məclisdə cəmi iki qadın var idi, biri ədəbiyyat üzrə professor idi və Əlipaşa o 

qadını uzaqdan-uzağa tanıyırdı (çox ciddi qadın idi, dinib-danışmırdı  və  hərdənbir 

məzəmmət dolu nəzərlərlə restoranın meydançasında oynayan adamlara baxırdı), o 

biri qadını isə tanımırdı; məclisin bütün kişiləri ayağa qalxdı, hay-küylə qadınların 

sağlığına içdi, kənardakı mizdə üç nəfərlə birlikdə oturmuş o gözəl qız da Əlipaşaya 

ötəri bir nəzər saldı...  

Doğrudan nə gözəl yağırdı bayırın qarı... 



 

245


Səlim Sürəyya, düzdü, ayağa qalxdı, qadınların sağlığına içdi və ümumiyyətlə, 

şairin qadın xeylaqları ilə arası saz idi, amma necə oldusa, Əlipaşanın o sağlığından 

sonra, birdən-birə bu yay gəlib instituta girəcək, daha doğrusu, instituta girmək üçün 

Bakıya gələcək yeddinci bacısı yadına düşdü və  şairin kefi tamam pozuldu; bu 

yeddinci bacı idi (şair bacılarının adlarını yaxşı bilmirdi və onları sayla yadına 

salırdı), bundan sonra cəmi biri qalırdı – səkkizinci bacı, amma Səlim Sürəyyada elə 

bir hiss var idi ki, inanmırdı səkkizinci bacı ilə canı qurtarsın, şairə elə gəlirdi ki, o 

səkkizinci bacı da Bakıya gəlib institut həngaməsinə başlayandan sonra, atası 

təzədən səkkiz nəfər yekəpər qız gətirəcək ki, bunlar da təzə bacılarındandı... Bütün 

bunlar bir tərəfə, indi o bacılar  ərə getməyə başlayırdı  və onların hər birinin toyu 

şairə bir yeni kitabının qonorarı hesabına başa gəlirdi: yaxşı ki, bacıları çox yekəpər 

idilər və buna görə də, söhbətin, hətta, şair Səlim Sürəyyanın bacılarından getməsinə 

baxmayaraq, ər çox çətin tapılırdı... 

Əlipaşaya, elə bil, ömründə heç vaxt hiss eləmədiyi bir iştah gəlmişdi, 

köynəyinin həmişə bağlı olan və  həmişə  də boynunu sıxan düyməsini açmışdı, 

pencəyinin də yaxası açıq idi, hər  şey gözəl idi, o musiqi də gözəl idi, dostlar da 

gözəl idi. Əlipaşanın heç vaxt özündən gözləmədiyi o sərbəstliyi, deyib-gülməyi, bu 

hörmətli məclisin, az qala, tamadası olması yağ kimi ürəyinə yayılırdı, amma bütün 

bunlarla bərabər, yenə də... nəsə çatışmırdı... 

Nə çatışmırdı? 

Müdir  Əlimuxtar müəllim ayağa qalxıb bir balaca sıxıla-sıxıla sağlıq deməyə 

başladı, hamının Məliyə böyük hörmətindən danışdı, Məliyin dostlarının 

hörmətindən danışdı, Məliyin ən yaxşı dostlarından biri olan Əlipaşanın heç vaxt işə 

gecikməməyindən, həmişə  səliqəli olmağından, həmişə öz vəzifəsini yerinə 

yetirdiyindən, tapşırılan işin öhdəsindən gəlməyindən ağız dolusu danışdı, amma – 

dünyanın qəribə  işləri var idi – müdir Əlimuxtar müəllimin bu sözləri  Əlipaşaya 

təsir etmədi. 

Orkestr uzaqdan-uzağa o saat gördü ki, şair Səlim Sürəyya nəsə fikrə gedib və 

orkestr burasını da yaxşı bilirdi ki, şair fikirli vaxtlarında aşıq havalarına qulaq 

asmağı çox xoşlayır, buna görə də aşıq havası çalmağa başladı və Səlim Sürəyya da 

bunu o saat qiymətləndirdi, orkestrə tərəf gülümsəyib, başını tərpətdi, yəni ki, çox 

sağ olun, sonra sağ  əlinin iri baş barmağını qaldırıb  Əlipaşaya göstərdi, yəni ki, 

əladır! 

Əlipaşa da şairə gülümsəyib başını  tərpətdi, yəni ki, elədir,  əladır;  Əlipaşa 

musiqini bir o qədər də bir-birindən seçmirdi, amma indi o saat bildi ki, çalınan aşıq 

havasıdı və Əlipaşa şer də bilmirdi, amma indi birdən-birə hansı bir aşığınsa haçansa 

oxuduğu, ya eşitdiyi qoşmasından bir misranı xatırladı: 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...» 

Nə çatışmırdı? 

Və bu zaman dünyanın ən qəribə hadisələrindən biri baş verdi: Züleyxa əynində 

qarı hələ əriməmiş yaş şuba, başında üstünə qar yığılmış yun şal içəri girdi və girən 

kimi də, o boyda zalda, bir o qədər camaatın içində gözü o saat Əlipaşanı aldı.  

Asqıçı kişi də əsəbi halda əllərini, qollarını oynada-oynada Züleyxanın ardınca 

restorana girdi: 

 – Ay bacı, necə adamsan sən? Deyirəm sənə ki, paltoynan olmaz içəri girmək! 



 

246


Züleyxa asqıçı kişiyə fikir vermirdi, elə bil, asqıçı deyinmirdi, milçək 

vızıldayırdı qulağının dibində; iti addımlarla zalın içindən keçib birbaşa Əlipaşagilin 

məclisinə  tərəf gəldi, asqıçı kişi də  əl-qolunun köməkliyilə etiraz edə-edə 

Züleyxanın ardınca gəldi və aydın məsələdir ki, restoranın camaatı gözünü dörd 

eləyib təəccüblə onlara baxdı. 

Orkestr dayandı. 

Əlipaşa əvvəlcə elə bildi ki, çox içib, çox oynayıb, çox həyəcan keçirib və buna 

görə də indi Züleyxa beləcə gözlərinin qabağına gəlir, amma bu cəmi bir an çəkdi: 

yox, vallah, Züleyxa xəyal-zad deyildi, Züleyxa elə, həqiqətən də, restorana 

gəlmişdi və Əlipaşa bayaqkı o quş yüngüllüyü ilə ayağa sıçradı: 

 – Nə yaxşı oldu sən gəldin! Nə yaxşı oldu sən gəldin! – Əlipaşa sürətlə mizin 

arxasından çıxıb, gəlib arvadının qabağında dayandı. – Heç bilirsən sən nə qiyamət 

iş görmüsən?! Bilirsən?! Nə yaxşı oldu ki, gəldin! – Əlipaşa heç cür sakitləşə 

bilmirdi. – Nə yaxşı! Tez elə! Tez çıxart şubanı, gəl otur! Gəl! – Və Əlipaşa ağzını 

açıb bir kəlmə  də deməyə macal tapmamış Züleyxanın  əlini qaldırıb sevinclə 

məclisdəkilərə  xəbər verdi: – Əziz dostlar! Mənim həyit yoldaşımdı! Züleyxa 

xanımdı! 

Məclisin iştirakçıları bayaqdan bəri bir şey başa düşməyib təəccüblə gah bu 

şubalı, şallı qadına, gah da sevindiyindən, az qala, quş kimi uçmaq istəyən Əlipaşaya 

baxırdı və elə ki, məlum oldu bu qadın Əlipaşanın həyat yoldaşıdı, elə ki, Əlipaşa 

tələsik Züleyxanın şubasının soyuq düymələrini açmağa başladı, məclis birdən-birə 

cana gəldi, kişilərin hamısı ayağa qalxdı, Məlik: 

 – Xoş gəlmisiz! Xoş gəlmisiz! – deyə Əlipaşanın həyat yoldaşını salamladı. 

Şair Səlim Sürəyya gəlib Əlipaşanın həyat yoldaşı ilə əl tutuşdu: 

 – Həmişə siz gələsiniz! – dedi. – Buyurun! 

Və məclisin başqa iştirakçıları da: 

 – Buyurun!.. 

 – Buyurun!.. 

 – Buyurun!.. – dedilər. 

Əlipaşa Züleyxanın yaş  şubasını  çıxartdı, qarlı  şalını başından aldı, Səlim 

Sürəyya şubaya, şala işarə edərək asqıçı kişiyə: 

 – Götür apar! – dedi və sifətində bayaqkı hirsdən əsər-əlamət qalmamış asqıçı 

itaətlə gülümsəyə-gülümsəyə şubanı da, şalı da ehmallıca Əlipaşadan alıb apardı. 

Professor qadın bütün məclis boyu (hər halda, Əlipaşa bu məclisdə iştirak etdiyi 

vaxtdan bəri) ilk dəfə ağzını açıb Züleyxaya müraciətlə: 

 – Buyurun, gəlin bura, mənim yanımda oturun, – dedi. 

Əlipaşa: 

 – Yox! – dedi. – Çox üzr istəyirəm hamınızdan, amma Züleyxa xanım mənim 

yanımda oturacaq!.. 

Züleyxa ömründə Əlipaşanı bu cür coşğun, bu cür həvəs içində görməmişdi və 

ərinin belə bir coşğunluğu, həvəsi və ümumiyyətlə, bütün bu məclis Züleyxanı elə 

tutmuşdu ki, buraya nə üçün gəldiyini yadından çıxartmışdı, özünü tamam itirmişdi, 

heç nə deyə bilmirdi, gülümsəyirdi, soyuqdan gəldiyi üçün, ya məclis tutduğu üçün 

sifəti alışıb-yanırdı. 

Şair Səlim Sürəyya mizin üstündəki qədəhini götürüb Əlipaşa və  həyat 

yoldaşına baxa-baxa gur səsi ilə: 

 – Mənim bir sözüm var, dostlar! – dedi. 

Əlipaşa tələsik: 




 

247


 – Yox! Yox! – dedi. – Söz özümündür! Bu sağlığı gərək mən özüm deyim! – 

Və  şairin razılığını gözləmədən dedi. – Əziz dostlar! Mən bunu sidq ürəkdən 

deyirəm! Içirəm bunu, içirəm bunu mənim ailəmin sağlığına! Mənim ailəm 

dünyanın gözəl bir ailəsidir! Mən içirəm bunu Züleyxa xanımın sağlığına! 

Əlipaşa bu sözləri elə ürəkdən dedi ki, bu sözlər o qarlı cümə günü o 

«Sağlamlıq» restoranında elə səmimi səsləndi ki, hamı bir ağızdan: 

 – Sağ olun! 

 – Sağ olun! 

 – Sizin sağlığınıza! 

 – Həmişə beləcə xoşbəxtlik içində olun!.. – deyib içdi və səhərdən bəri, demək 

olar ki, içki içməyən o professor qadın da bu sağlığın şərəfinə qədəhindəki konyakı 

axıracan içdi. 

Müdir  Əlimuxtar müəllim də növbəti qədəhini boşaldıb üstündən bir dişdəm 

şoraba pomidor yedi; bayaq ki, Züleyxa yaş şuba ilə içəri girdi və redaktor Əlipaşa 

dedi ki, bu arvad onun arvadıdır, Əlimuxtar müəllimin ürəyi döyünməyə başladı, elə 

bil ki, bir balaca silkələnib həmişəki bədbinliyinin içindən çıxdı, çünki Əlimuxtar 

müəllim  əvvəlcə elə başa düşdü və Züleyxanın qəzəbli gözləri də  əvvəlcə belə 

deyirdi ki, indicə  ər-arvadın arasında dava-mərəkə başlayacaq; yox, müdir 

Əlimuxtar müəllim küpəgirən qarı deyildi, amma, hər halda, ürəyində bir maraq baş 

qaldırdı, sonra o maraq yenə söndü, ürəyinin döyünməsi kəsdi, bədbinlik yenə kişini 

ələ aldı. 

Səlim Sürəyya  əlini qaldırdı, orkestr uzaqdan-uzağa  şairin ürəyindən keçən 

hissləri oxudu və «Gəlin havası» çalmağa başladı; klarnetçalan mikrofonun 

qabağına gəlib «Gəlin havası»nın kövrək xallarını elə vururdu ki, elə bil, bu da 

Əlipaşanın dediyi sağlığın davamı idi. 

Əlipaşa ayağa qalxdı,  əllərini qaldırıb Züleyxanın qabağında oynaya-oynaya 

başı ilə, gözləri ilə arvadını rəqsə dəvət eləməyə başladı və bütün məclis də əl çaldı, 

Züleyxanı  əri ilə oynamağa çağırdı  və Züleyxa başa düşdü ki, mütləq durmalıdır, 

oynamalıdır, yoxsa Əlipaşa oturmayacaq, başa düşdü ki, ömründə birinci dəfə bu cür 

şövq içində, həvəs içində gördüyü Əlipaşanın ürəyi sına bilər və Züleyxa da ayağa 

qalxdı, özü qabaqda, Əlipaşa da arvadının ardınca oynaya-oynaya restoranın 

meydançasına getdilər, meydançanın ortasında bir-birinə baxa-baxa üz-üzə 

oynamağa başladılar. 

Züleyxa oynaya-oynaya Əlipaşaya baxdıqca,  Əlipaşanın gözlərinin dibinə 

çökmüş o sevinci gördükcə yavaş-yavaş özünə gəlirdi, sifətində alışıb-yanan o süni 

istilik yavaş-yavaş soyuyurdu, daha doğrusu, o süni istilik təbii bir hərarətlə  əvəz 

olunurdu. 

Züleyxa: 

 – Yaxşı oynayırsan... – dedi. 

Əlipaşa:  

 – Mən? – soruşdu. – Mən heç... Amma sən, doğrudan, əntiqə oynayırsanmış... 

 – Eh, qız vaxtı yaxşı oynayırdım, indi day yadırğamışam... 

 – Züleyxa...  

 – Hə? 


 – Züleyxa... 

 – Nədi? 

 – Sənə qurban olum! 

 – A-a-a... Nolub sənə? 




 

248


 – Heç nə... Amma sənsiz bir günüm olmasın!.. 

 – Bəsdi. Baxırlar... 

 – Baxsınlar də... Indi öpəcəyəm səni! 

Züleyxa qorxdu ki, Əlipaşa, doğrudan da, bir belə camaatın içində onu öpər. 

 – Qayıdaq, – dedi. 

Əlipaşa: 

 – Yox, oynayaq, – dedi. 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...» 

Züleyxa, düzdü, qorxdu ki, birdən Əlipaşa onu bu qədər camaatın içində öpər, 

amma o qorxuda nəsə elə bir şey də vardı ki, adamın ürəyinə sevinc gətirirdi. 

«Gül dedi bulbülə: – «Bağıma gəlmə...». 

 – Züleyxa... 

 – Nədi? 

 – Bağışla məni... 

 – Nə? 

 – Deyirəm, bağışla məni, Züleyxa... 

 – Nəyə görə? 

 – Hər şeyə görə... Ümumiyyətlə, Züleyxa... Ümumiyyətlə, bağışla məni... 

Züleyxa o dəm Əlipaşanın gözlərində bir yaş işıltısı gördü və qorxdu ki, indi özü 

Əlipaşadan beşbetər başlayar hönkür-hönkür ağlamağa, amma həmişəki kimi, özünü 

ələ aldı, gülümsədi və pıçıldadı: 

 – Sənsiz biz kimə lazımıq? Allah həmişə sənin canına sağlıq versin, Əlipaşa... 

Bu dəm bu «Sağlamlıq» restoranında çalınan bu «Gəlin havası» uzun-uzun illər 

bundan  əvvəl ikiotaqlı balaca bir evdə  tələbəlikdən təzəcə  çıxmış  və ürəyi böyük 

arzularla, böyük istəklərlə dolu olan bir oğlanla lap cavan və gözəl bir qızın 

toyundan xəbər verirdi... 

O balaca ikiotaqlı evdəki o toy gününün hissləri, həyəcanlı günləri, aylar, illər 

bir-birini  əvəz etdikcə, o günlərin, o ayların, o illərin qayğılarının  əlindən çox 

xəlvətlərə, çox dərinlərə düşüb qalmışdı, amma kirəc bağlamamışdı və indi Züleyxa 

ilə Əlipaşa bir-birinin gözünün içinə baxdıqca, elə bil, o baxışlar gedib o dərinlərə 

çatırdı, o xəlvətləri aşkar edirdi... 

Züleyxa dedi: 

 – Uşaqlar evdə nigaran qalacaq... 

 – Qoy gedim onları da gətirim bura! 

 – Yox, yox, Əlipaşa, lazım deyil. 

 – Niyə? 

 – Soyuqdu, qoy otursunlar evdə. 

 – Yaxşı paltarları yoxdu, ona görə? 

 – Yox, Əlipaşa, vallah yox. Niyə yoxdu paltarları? Soyuqdu ona görə. 

 – Sən necə deyirsən, elə olsun... 

Züleyxa açıq-aşkar təşəkkür dolu nəzərlərlə ərinə baxdı. 



 

249


Əlipaşanın ürəyi sözlə dolu idi, Əlipaşa Züleyxaya çox söz demək istəyirdi, 

amma bir də baxıb gördü ki, professor qadın da gəlib qoşulub onlara, kök əndamını 

sındıra-sındıra onların qabağında oynayır, sonra Səlim Sürəyya da gəlib onlara 

qoşuldu, sonra Məlik, yüksək vəzifəsini yadından çıxartdı, gəlib onlara qoşuldu, 

sonra məclisin bütün üzvləri bir-bir gəlib onlara qoşuldu, üstü yarımçıq  şüşələrlə, 

yeyilib boşalmış boşqablarla dolu o uzun mizin arxasında təkcə müdir Əlimuxtar 

müəllim oturmuşdu, gözlərini restoranın meydançasında oynayanlara zilləyib dərin 

qullablar vura-vura, tüstünü bütün ciyərinə çəkə-çəkə siqaret sümürürdü. 

Hamı  rəqsi başa vurub mizin arxasına keçəndə  Səlim Sürəyya Züleyxa xanım 

üçün təmiz çəngəl-bıçaq, təmiz boşqablar gətirtdi, bircə dəqiqənin içində isti kabab, 

qıpqırmızı qızardılmış və içi ləvəngi ilə doldurulmuş çolpa gəldi və Əlipaşa o təmiz 

çəngəl-bıçağa fikir vermədən öz çəngəli, öz bıçağı ilə Züleyxaya qulluq edə-edə 

yavaşdan soruşurdu: 

 – Onu tanıyırsan? 

 – Yox, kimdi ki? 

 – Televizorda görməmisən? 

 – Hə... hə...  

Bu adamlar bir-bir Züleyxanın yadına düşürdü, onları televizorda görmüşdü, 

əvvəllər boş vaxtı olanda bir-iki yazılarını oxumuşdu. 

 – Züleyxa... 

 – Hə? 

 – Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e... 

Züleyxa qızardılmış toyuq döşünə batırdığı çəngəli bir an əlində saxladı, sonra 

Əlipaşaya baxdı, sonra bir-bir məclisdə oturmuş adamlara baxdı və bir söz demədi. 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə». 

Əlipaşa ağzını Züleyxanın qulağına yaxınlaşdırıb: 

 – O qızı görürsən? – soruşdu. 

 – Hansı qızı? 

 – Ode, o stolda oturub, üç nəfərlə bir yerdə... 

 – Hə gördüm... – Züleyxa pıçıldadı. 

 – Bayaq o qıznan oynayırdım. 

 – A-a-a... – Züleyxa maraqla o qıza – son dəblə geyinmiş o gözəl qıza baxdı, 

sonra yenə Əlipaşaya baxdı və gülə-gülə həmin pıçıltı ilə: – Doğrudan? – soruşdu. 

 – Hə! – Əlipaşa da güldü və Əlipaşaya o da çox ləzzət elədi ki, o gözəl qızla 

oynamağı Züdeyxaya bu cür maraqlı, bu cür xoş gəldi, hətta, elə bil, Züleyxa indi 

onunla, yəni Əlipaşa ilə fəxr edirdi... 

O gözəl qız da, deyəsən, başa düşdü ki, söhbət ondan gedir və Züleyxa bu boyda 

məsafədən görməsə də, hiss etdi ki, o gözəl qızın qulaqları qızarır. 

O qız bir daha Əlipaşaya tərəf baxmadı. 

Züleyxanın saçları Əlipaşanın alnına, gicgahına, yanağına dəyirdi və Züleyxanın 

o xurmayı saçlarının yüngüllüyünü, o toxunuşunun xəfifliyini Əlipaşa elə bil təkcə 

alnında, təkcə gicgahında, sifətində hiss etmirdi, o saçların zərifliyini bütün bədəni 

ilə duyurdu, o zəriflik indi qanına yayılmışdı, bütün bədənindən axırdı. 

Züleyxanın saçlarının xüsusi ətri var idi və elə bil ki, o ətir çox-çox 

keçmişlərdən gəlib çıxdı, elə bil ki, unudulmuşdu, yaddan çıxmışdı, bir-birini əvəz 

edən o günlərin, o ayların, illərin arxasında qalmışdı  və  Əlipaşa o ətri yalnız indi 

tanıdı; necə olmuşdu ki, o xurmayı saçların ətri, bax, bu ətri beləcə yaddan çıxmışdı 

və görəsən, indi Züleyxanın özünün xəbəri var saçlarının ətrindən? 




 

250


Professor qadın ayağa qalxdı: 

 – Bu dəfə söz mənimdir! – dedi, amma professor qadın sağlığı deməmişdən 

əvvəl Əlipaşa yenə dilləndi: 

 – Züleyxa... 

 – Hə. 

 – Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e... 

Züleyxa: 

 – Yaxşı eləyəcəksən!.. – dedi. 

 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin