QIZIL DIŞ
(Göy üzünün ulduzlu vaxtları)
Əliqulu filosof idi, yəni bu mənada yox ki, özü özünü filosof hesab edirdi, yox
və əslində Əliqulunun filosof olmasından heç özünün xəbəri yox idi, çünki
filosofluq yemək kimi, evdən çıxıb pul dalınca getmək kimi, kiməsə bir söz demək,
kiminləsə görüşmək kimi, onun gündəlik həyatının, güzəranının bir hissəsi idi və
Əliqulu üçün qətiyyən əhəmiyyəti yox idi ki, onun kəşflərini kimsə ondan əvvəl kəşf
etmişdi, ya yox, onun fikirlərini kimsə ondan əvvəl düşünmüşdü, ya yox; əhəmiyyəti
yox idi bir də ona görə ki, Əliqulunun o keçmiş kəşflərdən, o keçmiş yazı-
pozulardan heç xəbəri də yox idi.
Bu isti iyul gecəsi də ayaqlarını çəkə-çəkə tərin-qanın içində, yorğun-arğın,
Bakının dağlıq məhəlləsindəki evinə gedə-gedə fikirləşirdi ki, bu dünyada nə birinci
adamdı ki, əzab-əziyyətlə çörək pulu qazanır, nə də axırıncı adamdı, dünyanın öz
qanunları var və bu qanunlar nə kommunizmə – Əliqulunun əvvəllər, yəni, ömrünün
böyük hissəsini yaşadığı dövrə – baxır, nə də kapitalizmə – indi, ömründən nə
qalmışdısa, onu yaşadığı dövrə və nə qədər dünyanın qarasına deyin, bunun mənası
yoxdu. Kim görüb, dünyanın hansı böyük alimi bunun şahidi olub ki, misal üçün,
ərik ağacı əkmisən, əvəzində armud bitib, ya elə ərik ağacı əkmisən, üstündə
əriklərlə bərabər, bircə dənə də armud, ya alma, ya nəsə naməlum bir meyvə bitib?
Əlbəttə, bunu heç kim görməmişdi və yəqin, bundan sonra da heç kim də
görməyəcəkdi ki, Əliqulunun bu sualının cavabında: «– Hə!– desin.– Mən
görmüşəm!» və əslində bu cavaba bir ehtiyac da yox idi və ümumiyyətlə, Əliqulu bu
sualı başqalarına yox, özü özünə verirdi və gecənin qaranlığında da onun üçün gün
işığı kimi aydın olan həmin cavabı da özü verirdi.
Və o bürkülü iyul gecəsi Əliqulu gəlib evlərinə girəndə, təzə çörəyi, az qala, bir
kilo pendiri mizin üstünə qoyanda, hələ cibindəki dörd mini də yadına salanda
ürəyində Allaha şükür elədi, çünki sabah sübh tezdən Əliqulu evdən çıxanda arvad
da bazara gedib o pula çiy tum alacaqdı, gətirib evdə qovuracaqdı və həyətin küçəyə
açılan qapısı ağzında həmişəki kətilində oturub o qovrulmuş tumu köhnə yüzqramlıq
stəkanla müştərilərə – məhəllə uşaqlarına, yoldan ötən qız-gəlinə satacaqdı və bütün
bu gözəl işlərdən sonra arvadı deyəndə ki, bu gecədən daha yerlərini damda salacaq,
Əliqulunun kefi əməlli-başlı duruldu, elə bil, yorğunluğu da azaldı, ayaqlarının
ağrısı-sızıltısı da; elə bil, bir az toxdadı və arvadı bir kasa isti soğanbozbaşını gətirib
onun qabağına qoyanda və o da o təzə çörəkdən bir yekə loxma kəsib kasanın içinə
doğrayanda, fikirləşdi ki, hələ bilmək olmaz ki, dünyada kimin dərdi-səri çoxdu:
hansısa böyük bir padşahın, yoxsa onun, yəni, Əliqulunun?
Dostları ilə paylaş: |