* * *
Bu nəslin, yəni Əliqulunun nəslinin bir qəribə xüsusiyyəti var idi: bir oğlan
olurdu, qalanı da qızlar və qızların hərəsi bir yerə köçüb gedirdi, oğlan isə qalırdı
anadan olduğu bu ikiotaqlı, birmərtəbəli binada, burda yaşayırdı, burda qocalırdı və
burda da Allahın rəhmətinə gedirdi və Əliqulunun da qızları orda-burda ərdə idi: biri
Sumqayıtda, biri Fizulidə, biri də Mingəçevirdə. Sumqayıtdakı ilə
Mingəçevirdəkilərin ikisinin də əri fəhlə idi, birtəhər dolandırırdılar ailələrini, amma
Fizulidəkinin kefi kök idi, qəssab işləyirdi, özünün bir xeylaq qoyun-quzusu, mal-
qarası var idi, düzdü, belə məlum olurdu ki, deyəsən, bir az xəsis idi, – ancaq
Novruzdan Novruza Əliqulugilə iki-üç kilo ət göndərirdi, vəssalam,– amma onda da
təqsir yox idi, çünki yeddiydi? səkkiz idi? uşağı var idi və o uşaqları, əlbəttə, oxudub
bir yerə çıxarmaq istəyirdi, amma deyir, sən saydığını say, gör fələk nə sayır, erməni
rusla əlbir oldu, bizimkilər də əfəl çıxdı və erməni gəlib Füzulini aldı, onlar da
qaçqın düşdü, indi Muğanın ilan mələyən çöllərində çadırda yaşayırdılar, o qoyun-
quzu da, o mal-qara da ermənilərə qismət oldu.
Əliqulunun o bir oğlu isə hələ sovet hökuməti vaxtı əsgərliyini gedib Rusiyanın
Barnaul deyilən bir şəhərində çəkmişdi, əsgərlik vaxtı qurtarandan sonra da
Azərbaycana qayıtmamışdı, orada qalmışdı, az qala iyirmi il idi ki, orada işləyirdi,
orada bir rus qızıilə evlənmişdi və onun da bir oğlu olmuşdu, üç, ya da dörd qızı və
bu iyirmi ildə Əliqulu oğlunun da, gəlininin də, nəvələrinin də üzünü görməmişdi,
çünki burdan Barnaula gərək təyyarə ilə uçaydın, onun da bileti çox baha idi, oğlu
da o vaxtdan buralara gəlməmişdi, yəqin o bilet bahalığı oğlunun da cibinə görə
deyildi və Əliqulu da, arvadı da bircə onu bilirdilər ki, oğul nəvələrinin adı rus adıdı:
Svyatoslav və arvad da nəvəsinin bu adını heç cürə yadında saxlaya bilmirdi, hərdən
soruşurdu: «– Necə oldu o uşağın adı?».
|