GENERAL MEHMANDAROVUN ANKETİ
O, balacaboy, saçları iki yerə daranıb ayrılmış, ağsaqqallı bir adam idi. Həmişə kiçik
ayaqlarına xüsusi dəridən tikilmiş yüngül çəkmə geyərdi.
Deyirlər ki, 1923-cü ildə ağsaqqallı generalı... əlində süpürgə Bakıda görüblər. Altmış
yeddi yaşlı general bir zamanlar Müsavat hökumətinin hərbi naziri kimi iki il addımladığı həmin
bu küçəni süpürüb, adamlardan utanaraq Azərbaycan Fövqəladə Komissiyasına qeyd olunmağa
tələsirdi. Özü də hər gün. Qoy görsünlər ki, o yerindədir, heç hara getməyib, heç yana qaçmayıb.
86
Deyirlər ki, belə olub. Bizim əlimiz çatan nəşrlərdə bu yoxdur, ancaq adamların
yaddaşında beləcə qalıb. Uzun müddət belə hesab edirdilər ki, öz tariximizi, onun bütün
keçidlərini bilmək bizə o qədər də lazım deyil, əgər biz onu bütün ziddiyyətləri ilə, lap həqiqət
olsa belə yazsaq, “düz başa düşmərik”. Lakin aşkarlığın şüası, çəkilmələr zamanı sualtı daşlar
təmizlənən kimi, həqiqəti üzə çıxardaraq bütün qaranlıq künclərə işıq saçır.
Oktyabrın yetmiş illik yubileyi ərəfəsində jurnalist axtarışları məni çekistlərin arxivinə
gətirib çıxartdı. Burda “keçmiş adamlar”ın anketləri arasında illərin soldurduğu və
Mehmandarovun xırda hərflərlə yazdığı ikiqat bir vərəq saxlanılır. O illərin qoxusunu verən bir
vərəq...
Səməd bəy Sadıq bəy oğlu Mehmandarov xidmət illərini necə və harada keçirib?
Anketdən bunu müəyyən etmək olmur. Ancaq anketin “təltiflər” sütununa görə mühakimə
yürütsək, məlum olur ki, Mehmandarov əli qoynunda oturmayıb, rus çörəyini havayı yeməyib.
Həmin sütunda göstərilib: “üçüncü və dördüncü dərəcəli Georgi ordeni, brilyantla bəzədilmiş
qızıl silah, birinci, ikinci və üçüncü dərəcəli Stanislav ordeni, birinci, ikinçi və üçüncü dərəcəli
Anna ordeni, ikinci, üçüncü və dördüncü dərəcəli Vladimir ordeni, Ağ qartal, Aleksandr Nevski
və s. Sütunda yer qurtarıb, aşağıda yazılıb “və başqaları...”.
Ordenləri elə-belə verməzdilər. Şübhəsiz hərbi xidmətə görə verilirdi.
Sonra isə anketdə bir yığın sual var. Köhnə orduda sonuncu rütbəniz və vəzifəniz? -
Artillerya generalı, ikinci Qafqaz korpusunun komandiri. 1917-ci il fevral inqilabı zamanı harda
olmuşsunuz? - Alman cəbhəsində - Bəs Oktyabr inqilabı zamanı?
Petroqradda, 1917-ci ilin mayında üzv seçildiyim yaralıların Aleksandrovsk komitəsində.
1918-ci ildə altmış iki yaşlı generala Azərbaycan Demokratik Respublikasının
müsavatçılar kabinetində hərbi nazir vəzifəsini təklif eləyirlər və Mehmandarov bu təklifi qəbul
eləyir. 1920-ci il iyunun dördündə onu həbs eləyib, iki aydan sonra Moskvaya göndərirlər. Ad
gününü həbsdə “qeyd eləyir”. Yeddi gün sonra azad edilib Daimi Artilleriya Komissiyasının
üzvü kimi Səhra Qərargahına göndərilir. Burda Mehmandarovun əliylə yazılıb:
“Bir dəfə də istintaq aparmadılar, heç bir ittiham irəli sürmədilər”. Bəs nəyə görə?! Rus
qanı tökməyib, bolşeviklərə qarşıçıxış eləməyib. Hərbi andı qəbul eləyib. Əsgərdən generala
kimi yüksəlib. Sədaqətlə xidmət edib. 1921-ci il noyabrın on səkkizində Səməd bəy Sadıq bəy
oğlu Nərimanov və Qarayevin xahişi ilə Bakıya - Hərbi Dəniz Xalq Komissarlığına qaytarılır.
1923-cü ildə yazılmış anketində göstərir: “İndiki vaxtdan tapşırıqçı və pul kağızlarının bölgüsü
üzrə komissiyanın sədriyəm”.
Bildiyimiz kimi, pul hər adama etibar edilmirdi. Deməli, təmiz adam olub.
Əgər Oktyabr inqilabına rəğbət bəsləməmişsinizsə bunun səbəbi nə olub? (Həmin dövrdə
sizin etiqadınız?).
Cavab: - Bu suala ən yaxşı cavab - aprelin iyirmi səkkizində, yəni çevriliş günündə
mənim Azərbaycan ordusuna verdiyim əmrdir. Bu əmr hissə rəislərinə göndərilmiş teleqramla
Qərargah arxivində qorunur və onlar mənim Sovet hakimiyyətinə münasibətimi müəyyənləşdirə
bilər.
Otuz doqquz nömrəli sual: hansı səpkili fəaliyyətə daha çox meyl edirsiniz?
Cavab: Mənim yaşımda sakit və dinc fəaliyyətə...
* * *
“1923-cü ildə ağsaqqallı general Mehmandarovu əlində süpürgə Bakıda görüblər”.
Anketdən bu sözləri oxuyanda istər-istəməz adamın ürəyi ağrıyır. Orduda minlərlə əsgərə, zabitə
silah tutmağı öyrədən igid bir sərkərdəni bu qədər alçaldan kimlər idi? Şöhrəti Rusiyanın
sərhədlərini aşan Port-Artur, Birinci dünya müharibəsinin qəhrəmanı ilə ömrünün ağsaqqal
çağında belə “ciddi zarafat” edən şəxsdə vicdandan əsər-əlamət vardımı?
1920-ci ildən şahid qalmış bir sənəddə bu sualların cavabını tapmaq olur. Orada
oxuyuruq:
87
“Qızıl Ordu demək olar ki, bütünlüklə döyüş qabiliyyətindən məhrum və daşnak
zabitlərinin komandası altında olan erməni könüllülərindən ibarət idi. Bu dəstələr ətraf kəndləri
qarət edir, bununla müsəlman kəndlərinin qəzəbinə səbəb olurdular”.
Bax, bu “könüllülər” Bakıya varid olandan sonra cəmi iyirmi üç ay Azərbaycan
Demokratik Respublikasının hərbi naziri olmuş Mehmandarovu xalqın gözündən salmaq üçün
əlinə süpürgə verib küçə süpürtdürmüşlər. Bu “könüllü” düşmənlərimiz yaxşı bilirdilər ki,
Səməd bəy Mehmandarovu xalq sevir və inanırdılar ki, onlara “azadlıq gətirən könüllülərin”
zülmündən xalqı məhz Səməd bəy Mehmandarov kimi generallar qurtara bilər. Bu ümidlə də
hələ 1919-cu il iyunun altısında Qusar, Quba, Xaçmaz, Dəvəçi əhalisinin keçirdikləri mitinqin
qətnaməsində deyilirdi:
“Biz əminik ki, hökumətimiz (Azərbaycan Demokratik hökuməti - Ş.N.) döyüş
meydanında özünün son üzvünü itirənədək ona etibar etdiyimiz qadın və qızlarımızı qara
generalların əlinə verməyəcək. Nikolayın mənafeyi naminə Port-Artur civarlarında fərqlənmiş
şücaətli hərbi nazirimiz Mehmandarov bizim mahalda olduğu vaxt gözündə yaş damlaları
süzüldüyü halda, Vətənin, qadın və qızlarımızın ana və bacılarımızın namusunun müdafiəsi
yolunda canından belə keçməyə hazır olduğunu bildirmişdi”.
Lakin işlər dəyişdi, dünyanın çarxı sanki tərsinə fırlandı. Dindarla dinsizin müharibəsi
başlandı. Bu döyüşlərdə biz çoxlu tələfat verdik. Azərbaycanı içəridən “yeyən” S.Şaumyan,
T.Əmirov, S.Lalayev, Avakyan kimi daşnaklar quzu cildində qurd olmuşdular. Onların quldur
dəstələri gecələr müsəlman evlərinə hücum edir, kəndlilərin silahını əlindən alır, vəhşicəsinə
döyürdülər. “Azərbaycan” qəzeti (30/17 mart 1919, № 67) yazırdı ki, Qafqaz cəbhəsindən türk
orduları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər və birlikdə həmin
hissələrə qarşı hücuma keçərək, onlara zərbə vurmağa başladılar. Bir tərəfdən Andranikin, digər
tərəfdən isə Dro, Keri və Muradın dəstələri hərəkət edirdilər. Tərk edilmiş bütün müsəlman
kəndləri qarət olunmuş və yerlə yeksan edilmişdi. Məhz bu vaxt Şaumyanın və Avakyanın
fitnəkarlığı sayəsində Şamaxı hadisələri başlandı. Şaumyan tərəfindən bu hadisələrlə əlaqədar
yazılmış məktub Gəncə komendantının əlinə düşdü. Bu məktubdan Şaumyan və Avakyanın
daşnak olduqları açıq-aydın görünürdü”... Bu faciələrin hamısı on səkkiz - on doqquzuncu illərdə
olmuşdu. 1920-ci ilin aprelində isə qırx minlik milli Azərbaycan Ordusu yetmiş iki minlik XI
Ordunun qarşısında tab gətirə bilmədi. Ona görə ki, otuz minlik piyadası, on min süvari qoşunu
olan milli Azərbaycan ordusu Zəngəzurda, Qarabağda, Qazax və başqa qəzalarda daşnak
quldurları Hamazasbın və Andranikin dəstələrinə qarşı vuruşurdu.
On birinci ordu ilə Azərbaycana gələn marşal S.A.Krasovski “Жизни в авиасии”
kitabının (1960) yetmişinci səhifəsində bu barədə yazır: “XI Ordu hissələri Azərbaycan
sərhəddinə, Yalama stansiyasına yaxınlaşanda Bakıda müsavat hökumətinin iclası gedirdi. Bu
iclasda hərbi nazir general Mehmandarovdan hökumət başçısı Nəsibbəy Yusifbəyov soruşur:
“Müsavat ordusu düşmənin hücumunun qarşısını ala biləcəkmi? “Nazir də sualı sualla qarşıladı:
“hansı düşməni nəzərdə tutursunuz? Daşnakları, yaxud menşevikləri? Menşevikləri deyirsinizsə
ümid var. Hərgah XI Ordunu nəzərdə tutursunuzsa, onda bizim gücümüz yalnız bir dəqiqəliyə
kifayətdir, cənab nazir. Biz bolşeviklərlə döyüşməyəcəyik!”.
Ona görə də “Sovet tərəfinin xahişi ilə xüsusi olaraq Bakıya dəvət olunmuş türk hərbi
generalı Xəlil Paşa XI Ordu ilə birlikdə 1920-ci il aprelin 28-də döyüşsüz Bakıya daxil oldu.
Xəlil Paşa Dərbənddən bu tərəfə yol boyu bütün dayanacaqlarda çıxış edib əhalini Sovet
hakimiyyətini müdafiə etməyə çağırırdı. İstambul hərbi muzeyində Xəlil Paşanın RSFSR, MİK
tərəfindən təltif olunduğu gümüş xəncər saxlanılır” (Z.Bünyadov “Elm və həyat” jurnalı, 1988-ci
il, № 10).
Bu yaxınlarda Türkiyədə səfərdə olmuş oyma işləri üzrə sənətkar dostumuz Firidun
Seyfəddinoğlu 1976-cı ildə İstambulda çap olunmuş “Azərbaycan” adlı bir kitab da gətirmişdi.
Kitabın müəllifi Kərim Oder xalqımızın ədəbiyyatından, tarixindən, iqtisadiyyatından və
Azərbaycan Demokratik hökumətinin fəaliyyətindən məhəbbətlə söhbət açır. Kitab həm də
xalqımızın görkəmli oğullarının nadir fotoşəkilləri ilə bəzədilib. Orda Səməd bəyin on səkkiz -
88
iyirminci illərdəki fəaliyyəti haqqında məlumat və bizə məlum olmayan fotoşəkli də verilib.
Kərim Oder yazır:
“Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir. Hərbiyə nəzarətə general
Səməd bəy Mehmandarov təyin olunmuşdu. Onun müavini rus artilleriyasının “allahı”, general-
leytenant Əliağa Şıxlinski, baş qərargah rəisi isə general-leytenant Süleyman Sulkeviç idi. İyirmi
dörd min süngü, altı min piyada, süvari, topçu və digər siniflərdən ibarət hər cür silahla
yaraqlanmış bir ordu qurulmuş və Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Bakıda,
Lənkəran və Qarabağda milli hökuməti tanımaq istəməyənlərdən acınacaqlı vəziyyət
yaranmışdır. Rus və digər düşmən qüvvələr itaət və nizam altına alınmışdır”.
İyirminci illərdə general Səməd bəy Mehmandarovun təlatümlü keçən günlərini o vaxtlar
on iki yaşı olan oğlu daha yaxşı xatırlayırdı: “Atam aprelin iyirmi yeddisində parlaman
iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki,
bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki,
səni güllələyəcəklər?”.
Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda “Hümmət” fraksiyası lideri
Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz
verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə...
Anam isə etiraz edib dedi: “Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi,
gələcəyi, mənim vəziyyətim?..”.
Atam qəti səslə: “Heç yerə getməyəcəyik”, - dedi. Anam inad elədi: “Axı qatar Biləcəridə
gözləyir...”. Atam: “Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”.
Doğrudan da Biləcəridə müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama
görə saat yarım gözləmişdi”.
Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halından danışanda iyirmi birinci
ildən iyirmi dördüncü ilə kimi olan fəaliyyətindən demək olar ki, sükutla keçirlər. 1920-ci ilin
avqustun birindən Səməd bəy Mehmandarov Əliağa Şıxlinski ilə birlikdə baş qərargahda işləmək
üçün Moskvaya göndərilirlər. Şıxlinski Ali Artilleriya məktəbində gələcəyin marşalları
L.A.Qovorova, N.D.Yakovlevə, M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Voronova və
başqalarına dərs deyib. Səməd bəy Mehmandarov da Artilleriya Nizamnaməsi hazırlayan
komissiyanın tərkibinə daxil edilib, həm də hərbi Akademiyada taktikadan dərs deyib. İyirmi
birinci ilin yayında Azərbaycana qayıdan hər iki general Respublika hərbi Komissarlığının
sərəncamında saxlanılır. Əliağa Şıxlinski bu barədə daha dəqiq məlumat verir: “İyulun on
səkkizində biz ikimiz də Bakıya yola düşüb, iyulun iyirmi ikisində gəlib çatdıq. Bakıda biz
Azərbaycan Sovet Qoşunları Qərargahına daxil edildik. Bundan başqa hər ikimiz Azərbaycan
Komandirlər məktəbində topçuluqdan - Mehmandarov rus, mən isə Azərbaycan dilində dərs
deməyə başladıq. Qarnizon rəisi öz sədarəti altında olaraq, Bakı qarnizonu hərbi - Elmi
Cəmiyyətinin təşkili haqqında əmr verdi. Mən sədr müavini təyin edildim. Qarnizon rəisi özü
sədrlik etmirdi, adətən iclasları mən aparırdım. Mehmandarov isə bu cəmiyyətin üzvlüyünə təyin
edilmişdi”.
Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun əlinə süpürgə verib küçə
süpürtdürən kimlər idi? Mərkəzdə oturan Stalin əmr vermişdi ki, müsəlman ziyalıları arasında
“təmizlənmə” aparılsın. Bakıda solların mövqeyini möhkəmlədən, Nərimanovun məsləkdaşlarına
qarşı mübarizəni gücləndirən AK (b) P Bakı Komitəsinin katibi L.Mirzoyan və onun əlaltıları
S.Qutun, A.Mikoyanın “varisləri” Sərkis və içərimizi qurd kimi gəmirən bir qrup keçmiş
daşnaklar, havadarları Stalinin əmrini canla-başla yerinə yetirirdilər. Həmin ildə onlar
Nərimanovu da Bakıdan perikdirmişdilər. Onlar yaxşı bilirdilər ki, Nərimanov general
Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirirdi.
Dostları ilə paylaş: |