Xalça. Əriş və arğac ipindən əlavə, «xov» və ya «ilmə» adlanan xüsusi bəzək ipi vasitəsi
ilə, mürəkkəb dolama-bəndləmə üsulu ilə toxunan xovlu xalçaların ornamental və süjetli olmaqla müxtəlif tipoloji növləri və bunların hər birinin özünə məxsus çoxsaylı bəzək çeşniləri
yaranmışdır. Xalı, o cümlədən,dəst xalı,xalça (gəbə), xalı-balası, fərş, taxtüstü, namazlıq, yəhərüstü(qacarı), çul, ladı və s. xovlu xalçaların texniki və əməli cəhətdən fərqlənən tipoloji
növləri idi.
Xalı. Xovlu xalçalar arasında ölçü və forma etibarı ilə xalı tipoloji cəhətdən xüsusi yer
tutmuşdur. Uzunluğu 5-6, bəzən isə 7 m-ə çatan, eni 1,5-2 m olan xalı düzbucaqlı formada
toxunurdu. Əksər hallarda ornamental nəqş motivləri ilə toxunan xalı, adətən, «divar xalçası»
kimi istifadə olunurdu. Adətən, tək xalı qonaq otağının arxa divarına tutulur və beləliklə də
otağın daxili sahmanı yaraşıqlı hala salınırdı.
Bundan əlavə, keçmişdə bir sıra zadəgan evlərində «tənəbi» (qonaq otağı) adlanan böyük
salonun döşəməsinə salmaq üçün ayrıca «dəst xalı» toxutdurulması dəb halını almışdı. Məsələn,
Qarabağ bəyzadələrinin evlərində qonaq otağının ölçüsünə müvafiq olaraq, döşəmə üzərinə
sərilmiş dəst xalça komplektinə uzunu 5-6, bəzən 7 arşın, eni 2 arşın olan bir ədəd orta (miyanə)
xalı, bir cüt «kənarə» adlanan yanxalı (uzunu orta xalının boyuna bərabər, eni 1 arşın), bəzən isə
bunlardan əlavə «kəlləlik» və ya «kəllayi» adlanan «sərəndaz» daxil idi. Bəzən isə dəst xalıya
kəlləliyin ölçüsünə müvafiq toxunmuş «ayaqlıq» («payəndaz») əlavə edilirdi.
Gəbə. Boyca xalıdan xeyli kiçik olan (3-4 arşın), lakin ondan bir qədər enli (2,5-3 arşın)
toxunan gəbə Azərbaycanın əksər etnoqrafik bölgələrində «xalça» adı ilə geniş yayılmış və
kütləvi istehsal səciyyəsi daşımışdır. Ev məişətində təklikdə işlənə bildiyindən əhalinin müxtəlif
ictimai zümrələrinin evində xalça çoxluq təşkil edir və üstün yer tuturdu.
205
Bəzək-nəqş kompozisiyasına görə, Azərbaycanın ornamental xalçaları xonçalı və
xonçasız olmaqla iki tipoloji qrupa bölünür. Daha qədim tarixə malik olan xonçasız xalçaların
bir sıra çeşniləri zəmanəmizədək gəlib çatmışdır.
Gəbənin «taxtüstü» adlanan xüsusi bir növü taxt və ya çarpayının ölçüsünə müvafiq
toxunurdu. Adətən, onun bir qədər kiçik ölçüdə (boyu 3 arşın, eni isə 1,5 arşın) toxunmuş növü
ailənin özü üçün nəzərdə tutulurdu.