Xalça məmulatının məhəlli xüsusiyyətləri. Azərbaycanın ənənəvi xalçaçılıq
mərkəzlərində tarixən təşəkkül tapmış məhəlli xalça qruplarının hər biri təkcə texniki cəhətdən
deyil, habelə özünə məxsus çoxsaylı məhəlli çeşni nümunələri ilə seçilirdi.
Quba-Şirvan xalçaları qısa xovlu toxunması, zəngin ornamental bəzəklərə malik olması,
rəmzi mahiyyətli nəqş ünsürlərinin çox olması və rəng əlvanlığı ilə seçilir. Bu qrupa daxil olan
xalça çeşnilərində «medalyon» adlanan xonça motivli xırda ölçülü nəqş nümunələri üstün yer
tutur.
Quba xalçalarının 35 çeşnisi qeydə alınmışdır.
208
Qonaqkənd və Dəvəçi xalçaları,
həmçinin, bədii-texniki xüsusiyyətlərinə görə, Quba xalçaları ilə tipoloji oxşarlıq təşkil edir.
«Şahnəzərli», «Qonaqkənd», «Qımıl», «Qırız», «Cek», «Alnan», «Zeyvə», «Köhnə Quba»,
«Minarə» və b. çeşnilərin əsasını xonça bəzək-nəqş kompozisiyası təşkil edir. Quba xalçalarının
tipik çeşni nümunələri arasında «Pirəbədil» («Herat Pirəbədil», «Burma Pirəbədil»), «Çiçi»
(«Qollu Çiçi», «Sırt Çiçi», «Xırdagül Çiçi») çeşnili xalçalarda xırda bəzək ünsürləri üstün yer
tutmuşdur.