İSTƏYİRƏM HƏRDƏN SƏNDƏN DANIŞALAR
Zaman-zaman
Söz salıram ordan-burdan –
Bəlkə kimsə səndən deyə,
Adın dəyə qulağıma.
Darıxıram...
Dalğınlıqlar məskən salıb otağıma.
Ümidisizlik alsa belə ağuşuna
Gələcəkdən ayan kimi,
Yenə ərklə sığınıram xəyalına
Doğma kimi,
Həyan kimi.
Gözlərimi yumsam belə,
Məhəbbətin yaşla dolu baxışları mənə baxır...
Nə ağ günə çıxır bəxtim,
Nə xatirən yaddan çıxır.
... İstəyirəm hərdən səndən danışalar,
Adın dəyə qulağıma.
Bəlkə sözlər sığal çəkə
Əllərinə həsrət, islaq yanağıma...
208
BU GÜN DÜNƏN OLANDA...
Bu gün dünən olanda,
Keçmişə dönəndə biz,
Ömür-gün yollarından itəndə izlərimiz,
Nəfəsimiz,
Səsimiz
Heç vaxt olmamış kimi silinəndə havadan,
Bizə məxsus nə varsa
Bir-bir yoxa çıxanda qurduğumuz yuvadan,
Bax, o zaman
Qurtulub qürbət əsarətindən,
Ruhlarımız dönəcək
Öz yurduna, elinə.
Qəlbimin odu ilə yazdığım
Bu kitab da,
Təsadüfən, düşəcək kiminsə də əlinə;
Bizim olan duyğular ona tanış gələcək,
Canlanacaq sətirlər.
Oxuyacaq, biləcək:
“Onlar bir-birilərini yaman çox sevirdilər...”
Ruhlarımız göylərdə
Hiss edəcək, duyacaq o bəxtəvər anları...
Yenə biz olacağıq
Yüz il bundan sonranın
Sevgi qəhrəmanları!
|