Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə360/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   356   357   358   359   360   361   362   363   ...   470
LÜTFƏLİ ABDULLAYEV  

(22.3.1914- 9. 12.1973) 

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biridir. Milli xalq oyun-



tamaşalarının gülüş estetikasını bacarıq və  həssalıqla mənimsəyib. Vəziyyət komediyalarında 

oynamağı xoşlayıb. 

Məsxərə  hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq 

üçün istifadə edib. 

Lütfəli  Əmir oğlu Abdullayev 1914-cü ilin Novruz bay-ramı günü, 22 martda Nuxa 

şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddüllik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər 

klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş 

vodevillərdə oynayıb. 

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının 

valtorna sinifinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə 

paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb 

müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra 

yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə  qəbul olunub. Tezliklə o

yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında 

Vəli rolunda oynayıb. 

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev 

truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə  çətinliyi ilə bağlı  fəaliyyətini 

dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", 

Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim 

bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", 

Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət 

Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə 

başlayıb. 



1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri 

Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın 

aparıcı  sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzun 

ömürlü tamaşalarında çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar: 

kiassik operettalarda oynadığı rollar; 

tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri; 

çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar. 

klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun  əsərlərində oynadığı  Vəli 

və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və  Məşədi  İbad ("Məşədi  İbad"), Zülfüqar bəy 

Hacıbəyovun  əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq 

Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir. 

Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri 

komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli 

("Dərviş  Məstəli  şah", Mirzə  Fətəli Axundzadə  və musiqi tərtibçisi  Şəmsəddin Fətullayev), 

Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı 

Qara ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə  və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal 

("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan 

Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar. 

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlar: Hamlet ("Tiflis 

nəğməsi", Levon Cubabiriya və  Şoto Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", 

Vladimir Dolidze). 

Aktyorun  əlvan yaradıcılığında çağdaş  sənətkarların yazdıqları musiqili komediyalarda 

oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid 

Ordubadi və  Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm  Əlizadə  və Soltan Hacıbəyov), 

Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", 

Süleyman Rüstəm və  Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman 

Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov),  Şakir ("Qızıl 

axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə 

və  Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm  Əlizadə  və Hacı Xanməmmədov), Hacı 

Kərim ("Hacı  Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə  Əbülfəz Hüseyni və Azər Rzayev), 

Murtuzov və Alanzadə, Eynəkii ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun 

dilənçi oğlu",  Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", 

Məhərrəm  Əlizadə  və  Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə 

Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və 

Süleyman  Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), 

Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı  və Tofiq Bakıxanov ilə  Nəriman 

Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil  İsgəndərov və  Əşrəf Abbasov), Ələsgər 

("Həmişəxanım", Salam Qədirzadə  və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və 

Emin Mahmudov (Sabitoğlu) obrazlarıdır. 

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə  uğurlu işi 

Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 

1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli 

Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə  əhvalat"   

(Kefcilov) filmlərinə çəkilib. 

Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox 

bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə  əsasən 

şarjla qroteskə  əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə 

uyğunlaşdırmağı məharətlə bacarıb. 




Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 

iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti 

fəxri adları ilə təltif olunub. 

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü 

ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin