Pedaqoji futurologiya. Futurologiya latın sözü “futurum” (gələcək) və yunan
sözü “logiya” (nəzəriyyə) birləşməsi olub gələcək haqqında nəzəriyyə mənasını
verir. Pedaqoji futurologiya təhsilin gələcək inkişaf yollarını, məktəbin necə
olacağını müəyyənləşdirməyə çalışır. Pedaqoji futurologiyanın ABŞ-da ən
görkəmli nümayəndələri Q.Broudi, A.Dyajt, D.Qolberq, U.Ziqler və başqalarıdır.
Onların pedaqoji fikirlərində müxtəlif fərqlər olsa da, ümumi cəhətlər də vardır.
Onlar isbat etməyə çalışırlar ki, gələcəkdə “cəmiyyət məktəbsiz” olacaq, məktəblər
“tədris mərkəzləri” nə, “evdə məktəblərə” çevriləcək, müxtəlif texniki vasitələrdən,
xüsusən elektron vasitələrindən geniş istifadə olunacaq, fərdi təlim üstünlük təşkil
edəcəkdir; məktəbin funksiyaları qismən kitabxanaların, muzeylərin, parkların,
digər mədəni-maarif və istehsalat müəssisələrinin üzərinə düşəcəkdir.
Futuroloqların fikrincə, məktəbdə verilən biliklər tez köhnəlir, mədəni-maarif
və istehsalat müəssisələrində məlumatlar isə gənclik üçün daha maraqlı olur.
Futuroloqların təsəvvüründə gələcəyin təhsili fərdi təlim əsasında qurulmalıdır.
Konstruktivizm XX əsrin ikinci yarısında amerikalı pedaqoqlar Kappan,
Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və başqaları tərəfindən irəli sürülmüşdür.
Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ideyaların əvvəlcədən
bildiyimiz ideyaların sintezi yolu ilə əldə edilməsi haqqında nəzəriyyədir. Bu, o
deməkdir ki, bilik passiv olaraq alınmır. Bu, insanların necə öyrənməsi haqqında
tədqiqata əsaslanan təlimə bir yanaşmadır. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir
fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Konstruktiv
öyrənməyə necə nail olmaq haqqında bir sıra fikirlər vardır, lakin əksər təhsil
işçiləri inanırlar ki, şagirdlər mücərrəd anlayışları araşdırmalar, mühakimələr və
müzakirələr vasitəsilə daha yaxşı dərk edirlər. Yəni, öyrənənlərin beyni müəllimin
üzərində yazdığı daş, yazı taxtası deyildir.
Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətin və insanların necə
öyrəndiklərinin izahını verən epistomologiya kimi yanaşılır.
Pedaqoji ədəbiyyatda konstruktivizmin növlərinə aşağıdakı yer verilir: 1)
Pyajenin psixoloji konstruktivizmi; 2) L.Vıqotskinin sosial konstruktivizmi.
Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin məqsədinə uyğun
şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi durur. Bu yolla tədqiqat obyektinə
çevrilən şagirdin fərdi idraki inkişafı təmin olunur. L.Vıqotskinin sosial
konstruktivizmi sosial transformasiya üçün təhsilə əsaslanır, sosial-mədəni
kontekstdə fərdin yerləşdiyi (əhatə olunduğu) mühitin onun inkişafındakı rolunu əks
etdirir. Etibarlı inkişaf zonası kimi xarakterizə olunan mühit şagirdlərin
formalaşmasının bazisi kimi göstərilir. Fərdi inkişaf mədəni qaydaların qrup
tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən özününküləşdirilən sosial
qarşılıqlı əlaqələr nəticəsində yaranır. Şagirdlər bilikləri mühitlə qarşılıqlı əlaqədə
əldə edirlər. Bu zaman həm fərd, həm də mühit dəyişir. Tədqiqatın obyekti fərdlə
sosial və mədəni mühit arasındakı dialektik münasibətlərdir.
1950-ci illərdən başlayaraq qərb ölkələrində, o cümlədən İtaliya, Fransa, ABŞ
və bir sıra digər ölkələrdə müxtəlif pedaqoqlar birləşərək pedaqoji dərgilər, toplular,
jurnallar çap etdirməyə başlamışlar. Onlar təlim, tərbiyə və təhsil sahəsində
apardıqları tədqiqat işlərinin nəticələrini həmin informasiya vasitələri ilə təşviq edir-
dilər. ABŞ-da U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fran-
sada R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir göstərməyin zəruriliyini
əsaslandırır, demokratik məktəb sistemi uğrunda mübarizə aparır, icbari təhsilin
müddətini uzatmağı tələb edirlər. Onların fikrinə görə, uşağın imkanlarını,
qabiliyyətlərini tərbiyə şəraitindən ayırmaq və ayrılıqda nəzərdən keçirmək qeyri-
elmi yoldur.
Dostları ilə paylaş: |