- əməyə məhəbbət və əmək adamlarına hörmət aşılamaq;
58
-şagirdləri müasir sənaye və kənd təsərrüfatı istehsalının,
tikintinin, nəqliyyatın, xidmət sahəsinin əsasları ilə tanış
etmək;
- təhsil və ictimai faydalı iş prosesində onların əmək
vərdişlərini və bacarıqlarını formalaşdırmaq;
- şüurlu surətdə peşə seçməyə və ibtidai peşə hazırlığı
almağa sövq etmək.
Şagirdlərin əmək tərbiyəsi, təlimi və peşəyönümü sistemi
elə qurulmalıdır ki, natamam orta məktəbi qurtararkən onlar
düşünülmüş şəkildə peşə və təhsilin davam etdirilməsi üçün
müvafiq tədris müəssisəsi seçmiş olsunlar.
Şagirdlərin əmək hazırlığının təşkilində və onların
tərbiyəsində fəal iştirak etmək istehsal kollektivlərinin ən
mühüm vəzifəsidir. Hər bir məktəbin baza müəssisəsi
olmalıdır. Bu müəssisələr şagirdlərə təlim vermək və onların
məhsuldar əməyini təşkil etmək, şagirdlərlə tərbiyə işi
aparmaq, texniki yaradıcılığı, kənd təsərrüfatı təcrübəçiliyini və
peşəyönümünü inkişaf etdirmək üçün mütəxəssisləri, fəhlələri,
kolxozçuları usta kimi işləməyə göndərirlər.
Camal Zeynaloğlu
1986 - cı il.
59
Şagirdlərin yaş xüsusiyyətləri və
qabiliyyətlərin formalaşması
Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən hər birinin
fəaliyyət prosesində öz yeri, öz vəzifəsi vardır. Fəaliyyətin
müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir.
Fəaliyyətin yaradıcılıq səviyyəsi-icraedici və ya yaradıcı
olması onun tərkibinə daxil olan qabiliyyətlərin inkişaf
səviyyəsindən asılıdır.
Qabiliyyətlər uşaq və yeniyetmələrin psixi həyatının mühüm
cəhətlərindən birini təşkil edir. Bu o deməkdir ki, qabiliyyətlər
də bütün psixi proses və xassələr kimi kiçik yaşlardan
formalaşmağa başlayır, inkişaf edərək yeni keyfiyyətlər kəsb
edir.
Bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün
zəruri şərtlərdən biridir. Uşaq müvafiq fəaliyyət sahəsi üçün
zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, notda yazmağı,
çertyoj çəkməyi və s. öyrənməyibsə, onun musiqi, texniki və
rəsm qabiliyyətləri yaxşı inkişaf edə bilməz. Uşaqların
qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik,
bacarıq və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir
verilməlidir.
Qabiliyyətlər eyni zamanda bilik, bacarıq və vərdişlərdə
deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa
şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik, bacarıq
və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və
möhkəm icra olunmasında təzahür edir.
60
Deməli, qabiliyyətlər-şəxsiyyətin fərdi-psixoloji xüsusiy-
yətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının
şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və
vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur.
Qabiliyyətlər iki növə ayrılır: ümumi qabiliyyətlər və xüsusi
qabiliyyətlər.
Ümumi qabiliyyətlər - dedikdə bir sıra fəaliyyət sahələrində
iştirak edən, onların bu və ya digər dərəcədə müvəffəqiyyətli
icrası üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur. Ümumi
qabiliyyətlər ali psixi proseslər əsasında formalaşır. Qavrayış,
hafizə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində funksional
cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir.
Xüsusi qabiliyyətlər - isə yalnız müəyyən fəaliyyət növünün
müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir.
Lüğət ehtiyatı və ifadəli dil, söz assosiasiyalarının zənginliyi,
ədəbi yaradıcılıq nisbəti, işıqlılığı, perspektivi qiymətləndirmə
və rəngləri fərqləndirmə həssaslığı-təsviri fəaliyyət; məkan
qavrayışı və təsəvvürləri-texniki yaradıcılıq; didaktik
qabiliyyətlər və s. isə pedaqoji fəaliyyət üçün xüsusi
qabiliyyətlərdir.
Hər bir qabiliyyət yaradıcı fəaliyyətin müvafiq sahəsində
məhz hansı qabiliyyətlərin təşəkkül etməsindən və onların
inkişaf səviyyəsindən asılı olaraq dəyişilir, yeni keyfiyyətlər
kəsb edir.
Qabiliyyətlərin formalaşması hər bir yaş dövründə köklü
kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalır. İstər
məktəbəqədər və kiçik məktəbli, istərsə də yeniyetməlik və
erkən gənclik yaşı dövrlərində ümumi və xüsusi qabiliyyətlər
iki istiqamətdə - makro və mikro istiqamətdə inkişaf edir.
Makro inkişaf dedikdə, qabiliyyətlərin müəyyən bir yaş
61
dövründə qarşılıqlı əlaqədəki inkişafı nəzərdə tutulur. Bu
prosesdə müəyyən bir ümumi qabiliyyətdə, məsələn, obrazlı
təfəkkürdə əmələ gələn bir xüsusiyyət digər ümumi
qabiliyyətin (yaradıcı təxəyyülün və s.-nin) inkişafına təsir
göstərir, onlar isə qarşılıqlı əlaqədə xüsusi qabiliyyətlərin
inkişafını şərtləndirir.
Mikroinkişaf dedikdə isə ayrı-ayrı qabiliyyətlərin öz-
özlüyündə inkişaf prosesi nəzərdə tutulur.
Hər bir yaş dövrünün öz xüsusiyyəti vardır. Kiçik
məktəblinin bilik sahələrinə marağı, yeniyetmənin xüsusi
fəallığı və meyllərin genişliyi, böyük məktəblinin özünü şüurlu
surətdə tənzimləmək meyli- bunların hamısı bu və ya digər yaş
dövrünün səciyyəvi xüsusiyyətləri kimi qabiliyyətlərin
formalaşmasına mühüm təsir göstərir. Bu xüsusiyyətləri nəzərə
almadan qabiliyyətlərin inkişaf xüsusiyyətlərini düzgün
qiymətləndirmək olmaz. A.N.Leontyevin aşağıdakı fikri əqli
qabiliyyətlərin inkişafı prosesini bu baxımdan təhlil etmək
imkanı verir: “uşağın əqli inkişafını bütövlükdə onun psixi
inkişaf səviyyəsindən, mənəvi simasını müəyyən edən
maraqlarının,
hisslərinin
və
başqa
əlamətlərinin
zənginliyindən ayrılıqda nəzərdən keçirmək olmaz.”
Ayrı-ayrı yaş dövrlərində psixi inkişafın sürətlənməsi və ya
ləngiməsi, gözlənilmədən yüksəlməsi və ya geriləməsi
müşahidə olunur, başqa sözlə, eyni yaşlı uşaqların psixi inkişafı
bir variantda deyil, müxtəlif variantlarda özünü göstərir.
Senzitiv (latınca “sensus” – “hiss, duyğu” deməkdir) dövr
uşağın ontogenetik inkişafının mühüm mərhələsini təşkil edir.
Bu zaman inkişaf edən uşaq ətraf mühitin müəyyən təsirlərinə
xüsusilə həssas olur, psixikanın bu və ya digər istiqamətdə
inkişafı üçün əlverişli şərait yaranır.
62
Aydın məsələdir ki, senzitiv yaş dövrü hələ öz-özlüyündə
qabiliyyətlərin inkişaf səviyyəsini müəyyən etmir. Bunun üçün
məktəbəqədər və ya kiçik məktəbli yaşı dövründə müvafiq
qabilıiyyətin inkişafı üçün əlverişli pedaqoji şərait
yaradılmalıdır.
Unutmaq olmaz ki, uşaq inkişaf etdikcə onun yaradıcı
fəaliyyəti də mürəkkəbləşir və yeni keyfiyyətlər kəsb edir.
Uşağın yaradıcı fəaliyyətinin inkişafı həm də onun bir sənətkar
kimi formalaşması prosesidir. Tərbiyə prosesində bu cəhəti
unutmaq, uşağı bir sənətkar kimi fərqləndirən, yaş dövrünün
imkan və hüdudlarına sığmayan fərdi xüsusiyyətləri nəzərə
almamaq ciddi səhv olardı.
Buna görə də uşaqlarda öz yaradıcılıqlarına tənqidi
münasibətin yaradılması onlarda nəinki meylin, həm də
fəaliyyət və qabiliyyətlərin inkişafı üçün xüsusi əhəmiyyətə
malikdir. Çalışmaq lazımdır ki, uşaq öz nailiyyətlərini düzgün
qiymətləndirə bilsin, səhvlərini görməyi bacarsın. Bu, uşaqda
tənqidi təfəkkürün inkişaf etdirilməsini tələb edir.
Ağılın tənqidiliyi insanın: a) dərk olunan fikirləri, faktları,
fərziyyələri, eləcə də öz fikir və mülahizələrini yoxlamasında,
qiymətləndirməsində, b) idrak obyektlərindəki səhv və
uyğunsuzluqları axtarıb tapmasında, onların meydana
çıxmasının səbəb və şəraitini araşdırmaqda, aşkar etməkdə,
səhvləri düzəltməkdə ifadə olunur. Tənqidi ağıla malik olan
adam başqa şəxslərin təsiri altına düşmür, hər şeyi şəxsi
düşüncəsinin süzgəcindən keçirməyə, onların doğru olub-
olmadığını yoxlamağa can atır. Belə şəxslər öz fikirlərini də
dönə-dönə yoxlayır, onlara tənqidi surətdə yanaşırlar.
Şagirdlər inkişaf etdikcə onların tənqidi təfəkkürü də
inkişaf edir və yeni keyfiyyətlər kəsb edir.
63
Uşaqda onun yaradıcı fəaliyyətinə tənqidi münasibətin
yaradılması onun özünə tələbkarlıqla yanaşa bilməsinin
mühüm şərtidir. Uşağın özünə tələbkarlıqla yanaşa bilməməsi
və ya tələbkarlığın səviyyəsinin aşağı olması meylin
perspektivsiz olması ilə nəticələnir. Uşağın qabiliyyəti olduğu
halda meylinin sabit olmaması psixoloji cəhətdən məhz bunula
əlaqədardır.
Kiçik məktəbli birinci sinifdən başlayaraq xarici aləm
haqqında nisbətən geniş biliklər sisteminə yiyələnir. Onda
müşahidəçilik, ixtiyari diqqət, ixtiyari yaddasaxlama və
yadasalma, əqlin müstəqilliyi və tənqidiliyi kimi keyfiyyətlər,
nitq inkişaf edir. Uşaqda tənqidi təfəkkürün təşəkkül etməsi
təxəyyül realizinin inkişafı üçün əlverişli şərait yaradır.
Kiçik məktəblidə təxəyyülün realizmindən danışarkən bir
məsələyə xüsusi diqqət yetirmək lazımdır. Uşaq bir sıra
hallarda, xüsusilə onun hisslərinə toxunan maraqlı bir hadisə
müşahidə etdikdən sonra hekayə və ya şeir yazarkən gördüyü
hadisəni olduğu kimi təsvir edir. Bu, təxəyyülün realizmi deyil,
məhdudluğudur. I və II sinif şagirdləri şeir və ya hekayə
yazarkən, adətən, gördüklərini sadalamaqla kifayətlənirlər.
Orta məktəb yaşı dövründə şagirdlərin yaratdıqları təxəyyül
surətlərinin məzmun və formasında mühüm keyfiyyət
dəyişikliyi özünü göstərir.
V-VII sinif şagirdləri ədəbiyyat dərslərində müxtəlif janrlar,
eləcə də surət, xarakter, təsvir və s. haqqında nisbətən ətraflı
məlumat alırlar. Şagirdlər öyrənirlər ki, yazıçı bir çox
hadisələri, onlara özünün münasibətini və ideyasını bədii
əsərdə təsvir etdiyi surətlər vasitəsi ilə oxucuya çatdırır. Bədii
təsvirlər əsərin məzmunu, ideyası və onda əks etdirilən
hadisələrlə sıx əlaqədar olur.
64
VIII-X siniflərdə şagirdlərə müxtəlif bədii əsərlərin təhlili
əsasında tipik surət, kompozisiya, bədii dil və ifadə vasitələri,
üslubiyyat haqqında anlayış verilir. Şagirdlər təxəyyül
mədəniyyətinə yiyələndikcə, onların yaratdıqları surətlərdə
yeni keyfiyyətlər kəsb edir.
Yuxarı sinif şagirdlərinin yaradıcı fəaliyyəti sadəcə olaraq
süjet fikirləşməklə məhdudlaşmır; onlar yaratdıqları surətlərin
xarakteristikasına xüsusi fikir verir, əsas surətləri ikinci
dərəcəli surətlərdən fərqləndirir, onların bir-birinə münasibətini
aydın ifadə edirlər.
Prof. S.L.Rubinşteynin qeyd etdiyi kimi, hər bir təfəkkür bu
və ya digər dərəcədə ümumi mücərrəd məfhumlarla
tamamlanır, hər bir təfəkkürə bu və ya digər əyani-hissi surətlər
daxil olur; məfhum və surət-təsəvvür onda ayrılmaz vəhdətdə
verilmişdir. İnsan təsəvvürsüz, yalnız anlayışlarla düşünə
bilməz, o, eləcə də məfhumsuz, yalnız hissi-əyani obrazlarla
düşünə bilməz. Lakin, bununla yanaşı olaraq təsəvvür və
məfhum bir-biri ilə əlaqədar olduğu kimi, həm də bir-birindən
fərqlənirlər. Bu baxımdan vahid təfəkkür daxilində, bir
tərəfdən əyani, digər tərəfdən mücərrəd-nəzəri təfəkkürü ayırd
etmək olar. Birinci üçün xarakterik cəhət bundan ibarətdir ki,
onda təsəvvür və məfhumun, xüsusilə ümuminin vəhdəti
əsasən əyani surət-təsəvvür formasında həyata keçirilir. İkinci
üçün isə bu cəhət xarakterikdir ki, onda əyani surətin-
təsəvvürün və məfhumun vəhdəti əsasən ümumi məfhumlar
formasında həyata keçirilir.
V.Q.Belinski göstərirdi ki, “Poeziya da mühakimə yürüdür
və düşünür... çünki onun da məzmunu təfəkkürün məzmunu
kimi həqiqətdir. Lakin poeziya sillogizm və dilemmalarla
deyil, obraz və səhnələrlə mühakimə yürüdür və fikirləşir.
65
Hər cür hiss və fikir, poetik olmaq üçün obrazlarla ifadə
olunmalıdır.”
Bədii təfəkkürdə surətin özü xüsusini, konkret olaraq əks
etdirməklə, həm də ümumiləşdirici vəzifə icra edir. Qiymətli
bədii surət tipik surətə qədər yüksəlir.
Akademik İ.P.Pavlovun siqnal sistemləri haqqındakı təlim
bu məsələni, ümumiyyətlə götürüldükdə isə qabiliyyətlər
sahəsində özünü göstərən fərdi fərqlər məsələsini ətraflı
aydınlaşdırmaq imkanı verir. Böyük alim, siqnal sistemlərinin
qarşılıqlı əlaqəsinə görə insana məxsus 3 tip - bədii, mütəfəkkir
və orta tip müəyyən etmişdir. İ.P.Pavlovun fikrincə, insanın
düşdüyü şəraitin, həyat tərzinin, təhsil və tərbiyənin təsiri
nəticəsində onun ali sinir fəaliyyətində ya 1-ci siqnal sistemi
əsas yer tutur (bədii tip), ya da 2-ci siqnal sistemi üstünlük
kəsb edir (mütəfəkkir tip), yaxud bunların hər ikisi eyni
dərəcədə inkişaf edir (orta tip).
Görkəmli sovet fizioloqu A.Q.İvanov-Smolenskinin qeyd
etdiyi kimi, İ.P.Pavlovun ali sinir fəaliyyəti tiplərinə həsr
olunmuş tədqiqatının əsasında hər iki siqnal sisteminin
münasibəti məsələsi qoyulmuşdur. O, bir siqnal sisteminin o
biri üzərində yalnız nisbi üstünlüyünü qeyd edir.
Ümumiyyətlə götürsək, 2-ci siqnal sistemi (fikri fəaliyyət)
1-ci siqnal sisteminə (obrazlı-emosional fəaliyyətə) nəzərən
üstünlük təşkil edir. Bu, mütləq xarakter daşıyır, çünki dil və
təfəkkür insanın əmək fəaliyyətində həlledici rol oynayır. Əgər
sözü, 2-ci siqnal sistemini S, obrazı, 1-ci siqnal sistemini S` ilə
ufadə etsək, həmin asılılığı riyazi formada belə ifadə etmək
olar: S>S`. Birinci siqnal sisteminin ikinci siqnal sistemi
üzərindəki nisbi üstünlüyü (bədii tip) belə ifadə edilə bilər:
S>S` + n (burada n - bədii tip nümayəndələri üçün xarakterik
66
olan emosional və obrazlı görmənin xüsusiyyətlərini bildirir).
2-ci siqnal sisteminin 1-ci siqnal sistemi üzərindəki nisbi
üstünlüyü (mütəfəkkir tip) isə belə ifadə edilə bilər:
S+m>S`(burada m – xarici aləmə mütəfəkkir tip üçün
xarakterik olan mücərrəd, sözlü-məntiqi münasibəti göstərir.)
Göründüyü kimi, bir siqnal sisteminin başqası üzərindəki
nisbi üstünlüyü məsələsinin 2-ci siqnal sisteminin 1-ci siqnal
sistemi üzərindəki mütləq üstünlüyü məsələsi ilə qarışdırmaq
olmaz. Əks halda belə bir təsəvvür yaranır ki, bədii tipdə guya
intellektual fəaliyyət zəif inkişaf etmiş olur. Bu, ciddi səhv
olardı. Bir siqnal sisteminin o biri siqnal sistemi üzərindəki
nisbi üstünlüyü yalnız bədii, mütəfəkkir və ya orta tipin
təfəkkür tərzində özünəməxsus cəhətlərin formalaşmasını
şərtləndirir. İ.P.Pavlov bu xüsusiyyətləri belə xarakterizə edir:
“bəzi adamlar yaxşı düşünürlər, lakin konkret, real surətdə
fikirləşmirlər, onlarda birinci və ikinci siqnal sistemləri
arasındakı əlaqə xeyli zəifdir; başqaları isə, əksinə, belə ağıllı
və məntiqi düşünsələr də, söz arasındakı real təəssüratı, yəni
birinci siqnalları görməyə meyl edirlər. Onların xarici aləmlə
əlaqəsi birincilərə görə daha yaxşıdır... Onların hər ikisi
ağıllıdır, lakin onlardan birinin mühakiməsi gerçəlikdən
uzaqdır, o birisi isə gerçəkliyi olduğu kimi əks
etdirir.”İ.P.Pavlova görə, ikinci siqnal sisteminin birinci ilə
əlaqəsi mütəfəkkir tipdə zəif, bədii tipdə qüvvətlidir. Orta tipdə
isə birinci və ikinci siqnal sistemlərinin hər ikisi eyni dərəcədə
inkişaf edir.
Siqnal sistemlərinin inkişaf xüsusiyyətlərindən asılı olaraq
bu və ya digər tipə mənsub olan şagirdlər qavrayış, təsəvvür və
hafizə materiallarından da müxtəlif tərzdə istifadə edirlər.
Məsələn, bədii tip nümayəndələri konkret və emosional surətlər
67
yaratdıqları halda, mütəfəkkir tipə mənsub olanlar yeni surətlər
yaradarkən mühakimə yürütməyə daha çox meyl göstərirlər.
Biz məktəbdə yeniyetməlik yaşı dövründə özünün əqli
qabiliyyətlərinin inkişafı etibarilə həmyaşıdlarından fərqlənən
xeyli şagirdlərlə qarşılaşırıq. Belə şagirdlərin iki tipi diqqəti
daha çox cəlb edir: onların bir qismi maraqları və ətrafdakı
adamlara münasibəti etibarilə daha çox kiçik məktəbliyə
bənzəyir. Dərsi asanlıqla başa düşür, məsələni daha asan yolla
həll edir, lakin özünü sadəlövh aparır, aşağı qiymət alanda
ağlayır, bütün fənnlərlə eyni dərəcədə maraqlanır; digər qismi
isə özünü əslində böyük məktəbli kimi aparır: müəllimlərin bir
çox məsləhətlərinə əməl etmir, dərsdə bəzən kənar işlərlə
məşğul olur, ancaq maraqlandığı fənnə xüsusi diqqət yetirir,
həmin fənnə aid əlavə ədəbiyyat oxuyur, xüsusi dəftər tərtib
edir.
Onu qeyd etmək lazımdır ki, görkəmli adamların bir
çoxunu kiçik yaşlarında valideynlər və müəllimlər adi uşaqlar
hesab etmiş, hətta onların bir çoxunu “tənbəl”, “qabiliyyətsiz”
adlandırmışlar.
Tərbiyə işi sahəsində bu nöqsanlar ondan irəli gəlir ki, biz
müəllimlər çox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə
təlim müvəffəqiyyətinə görə mühakimə yürüdürük. Halbuki biz
qabiliyyətlərin müxtəlif inkişaf variantları olduğunu unuduruq.
Psixi inkişafın qeyri-bərabər xarakteri bu sahədə xüsusilə aydın
nəzərə çarpır.
Camal Zeynaloğlu,
Praktik psixoloq
1991 - ci il.
68
Mənfi emosiyalar və onların aradan
qaldırılmasında özünüələalmanın
rolu
İnsan emosiyaları ictimai- tarixi inkişafın məhsulu olub
davranışı daxilən tənzim edən proseslərə aiddir: onlar
tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir.
Emosiyaların inkişafının ali səviyyəsi insanın davamlı
hissləridir.
Bu psixi proses bir tərəfdən, insanın instinktləri, digər
tərəfdən isə onun biososioloji tələbatı ilə bilavasitə əlaqədardır.
Emosiyalar xarici aləm hadisələrinin və daxili vəziyyətin
insanın həyat fəaliyyəti üçün əhəmiyyətini əks etdirmək yolu
ilə şəxsiyyətin xarici təsirə qarşı fəallığını nizama salır. İnsanda
xarici aləm hadisələrinin təsirinə reaksiya vermək etibarı ilə
affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı
rolunu oynayır. Bu cür siqnallarsız insan fəaliyyəti mümkün
olmazdı. İnsanın emosiyaları getdikcə zəifləyir, bunların
əvəzinə ictimai, etik, estetik hisslər inkişaf edir.
Bəs mənfi emosiyalar nədir? Mənfi emosiyalar necə
yaranır? Onların insana təsiri nə ilə nəticələnə bilər? İnsanda
mənfi emosiyaları aradan qaldırmaq mümkündürmü? Biz bu
suallara cavab verməyə çalışacayıq. Bunun üçün biz müxtəlif
mənbələrə müraciət etməli olacayıq.
Maksim Qorki deyirdi: “Kədər - qiymətdən düşmüş
fonddur.” Doğrudan da, dərdlə, fəlakətlə üz-üzə gəlmiş
adamlar fəaliyyətsiz olurlar. Onlar nəinki təkcə fiziki cəhətdən
lazımi qədər iş görə bilmir, adətən onların düşünmə qabiliyyəti
69
də zəifləyir, çünki əzələlərində, beyinlərində damarlar daralmış
olur. Ağır dərdə düçar olan adamın əli heç nəyə yatmır.
İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz
olanda-dinmir, onun nə danışığını, nə şikayətini, nə də iniltisini
eşitmək olur.
Təsadüfi deyildir ki, antik dövrün müdrik adamları belə
demişlər: “Yalnız kiçik dərd danışa bilir, böyük dərd dilsiz
olur.”
Dərdi böyük olan adam özünə qapılmamalı, dərd əlində aciz
qalmamalıdır. İ. Talıbov mənfi induksiya yaratmağı məsləhət
görürdü, baş-beyin qabığında yeni, daha güclü qıcıq mərkəzi
yaratmaq lazımdır ki, insanı əldən salan mənbəyə qalib gəlsin.
Toplanmış mənfi emosiyaları söndürmək, onlardan yaxa
qurtarmaqla yüngülləşmək lazımdır.
Emosiyaların isə qanunu belədir: madam ki, emosiyalar
toplanıb, o, mütləq boşalmalıdır. Bəzən bu boşalma və
yüngülləşmələr çox gözlənilməz formalar alır.
Akademik P.K.Anoxin deyirdi ki, insan yaranmış
emosiyanı, xüsusən bu emosiya baş-beyin qabığı ilə əlaqədar
olduqda, adətən, saxlamaq iqtidarında deyil. Emosiyanın zahiri
əlamətlərini (məsələn, göz yaşını) boğmaq, saxlamaq mümkün
olsa da, damarların spazmanı, ürəyin döyünməsini
dayandırmaq qeyri-mümkündür.
Cinayətlərin istintaq metodları da buna əsaslanır. Dolayı
dəlillər təqdim edildikdə öz cinayətini danan cani zahiri
əlamətlərlə deyil, nəbzinin, tənəffüs ritminin, qan təzyiqinin
dəyişilməsi ilə özünü büruzə verir.
Məşhur təyyarə sınaqçısı Marina Popoviç danışırdı ki, bir
dəfə uçuş zamanı təyyarəni idarə etmək mümkün olmur və o
sürətlə yerə enməyə başlayır. Marina və təlimatçı özlərini
70
itirmir, çətinliklə də olsa təyyarəni xilas etməyə nail olurlar.
Marina çox sevinir, zarafat edir, gecə yuxuda isə, onda
qısamüddətli də olsa, ağır sinir pozğunluğu baş verir.
Emosional boşalma, yüngülləşmə bəzən çox baha başa gəlir
və qorxulu nəticələrə gətirib çıxarır. Qətl yerinin, qatili özünə
“cəlb etməsi” haqqında hamı eşidib. Təcrübəli xəfiyyələr
bilirlər ki, cani cinayət yerinə getməyincə sakit olmayacaq.
Buna görə də pusquda durub onu ifşa edirlər.
Deməli, toplanmış mənfi emosiyanı cilovlamaq, saxlamaq
çətindir. Buna yalnız möhkəm iradəli adamlar nail ola bilirlər.
Ən yaxşı yüngülləşmə üsulu-məqsədə çatmaqdır. Lakin
buna hamı həmişə nail ola bilmir. Bu halda gərgin əzələ
fəaliyyəti, maraqlı iş, kitablar, musiqi köməyə çata bilər.
Musiqi-emosiyaları, həyəcanı dağıdan, yüngülləşdirən ən
yaxşı vasitə olub, insana güclü təsir göstərir. Musiqi xeyirxah
hisslər oyatmaqdan əlavə, həm də “ürəkdən sanki od çıxarır”,
dərdi qovur, yorğunluğu çıxarır. Fizioloji tərəfinə gəldikdə isə
musiqi damarların genişlənməsinə fəal kömək göstərir.
Yapon mütəxəssiləri müəyyən etmişlər ki, fəhlənin əhvali-
ruhiyyəsinin əməyin məhsuldarlığına çox böyük təsiri var.
Əgər sex rəisi gülümsəməyi bacarmırsa onu işdən çıxarırlar. O,
əlindən gələni edir ki, fəhlə həvəslə, nikbin əhvali- ruhiyyə ilə
işləsin və çoxlu qazanc gətirsin. Bəs bizdə necə? Məncə bunu
şəhr etməyə ehtiyac yoxdur.
Hər cür mənfi emosiya zamanı orqanizmdə hormonlar, o
cümlədən adrenalin hasil edilib qana daxil olur, həmin
adrenalin damarları daraldır, qan təzyiqini yüksəldir, energetik
prosesləri fəallaşdırır.
Mənfi emosiyalar güclü sarsıntılar əmələ gətirməsin deyə,
emosiyaları zəiflətmək yolu ilə artıq hormonları sərf etmək
71
lazımdır. Məsələn, birinin ən yaxın adamı həlak olubsa,
doyunca ağlamağı məsləhətdir, əks təqdirdə “göz yaşları ilə
ifadə olunmayan dərd başqa orqanları ağladır”, başqa sözlə
desək, ürək damarlarının sıxılması həyat üçün təhlükə törədir.
Viktor Hüqo yazırdı: “Göz yaşları həmişə nəyi isə yuyub
aparır və təskinlik gətirir.”
Emosiyalar uyğunlaşdırıcı kimi də mühüm rol oynayır.
Emosiyaların tədqiqi ilə məşğul olan professor P.V.Simonovun
verdiyi tərifə görə: “Emosiya-xüsusi sinir aparatı olub,
həyatda məqsədə çatmaq yolları və üsulları haqqında kifayət
qədər dəqiq məlumat olmadıqda nə cür hərəkət etmək barədə
beyinə kömək edir”.
Uzun müddət belə hesab edirdilər ki, “emosiya mərkəzləri”
beyinin dərin mərkəzlərində yerləşir, lakin son vaxtlar
müəyyən olunmuşdur ki, emosional reaksiyalarda böyük
yarımkürələrin qabığı da mühüm rol oynayır. Sol yarımkürə-
müsbət, sağ yarımkürə isə mənfi emosiyalarla bağlıdır. Deməli,
sağ yarımkürə emosional məsələlərə “baxır”, yəni xarici aləmi
obrazlarla qavrayır, sol yarımkürə isə məntiqi təfəkkürlə
“məşğul olur.”
Professor Ə.S. Bayramovun hiss və emosiyaya verdiyi tərifə
nəzər salaq: “Hiss və emosiya insanın dərk etdiyi cisim və
hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən
psixi prosesdir.”
Deməli, hər kəsin emosiya və hissləri onun özünə, ətraf
aləmə
bəslədiyi
və
məxsusi
səciyyə
daşıyan şəxsi
münasibətidir. İnsanın emosiya və hisslər aləmi çox rəngarəng
və mürəkkəbdirr. Bu həqiqətən də belədir.
72
Emosiyalar özü özlüyündə mühüm məsələ deyil, müəyyən
emosional vəziyyəti yaradan tələblər, səbəb və məqsədlər
mühümdür. Buna görə də yalnız düşünülmüş, insan üçün
faydalı olan tələbləri inkişaf etdirmək lazımdır.
Mənfi emosiyalar şər qüvvələrlə mübarizəyə yönəldilibsə,
yaxud da əzablı yaradıcılıq axtarışlarına xidmət edirsə
yaxşıdır. F.Dostoyevski deyirdi: “Gənc qəlbi kədər-
ləndirməkdən qorxmayın, bu, onu nəcibləşdirir.” Əlbəttə,
gecəni səhərədək xəstə anasının yatağı qarşısında keçirən
uşağın dərindən doğan mənfi emosiyalar bizim üçün azğın
sərxoşun şadlıqdan yaranan müsbət emosiyalarından həmişə
qiymətli olacaq.
Emosiyalar-enerjinin səfərbər olması üsuludur. Emosiya
olmadıqda insan sönükləşir, fəaliyyətdən düşür və passivləşir.
Necə deyərlər, emosional küt adamlar heç nəyə reaksiya
göstərmir. Heç bir şeyə reaksiya göstərməmək, reaksiyalara
laqeydlik isə ən azı insani fəlakətdir.
İnsan üçün ən dəhşətli şey - gözləri açıq ikən yatmış adama
çevrilməkdir. Əgər biz hamı üçün xoşbəxt həyat arzulayırıqsa,
adamlar
arasında
mütləq
xeyirxahlıq,
qardaşlıq
münasibətlərinin bərqərar olmasına, kin, paxıllıq və eqoizm
kimi mənfi halların qarşısının alınmasına nail olmalıyıq.
Bunun zəruri olduğunu yalnız sosial baxımdan izah etmək
düzgün olmazdı. Bunun hələ fizioloji tərəfi də var.
Kin insanda bir çox gözəl keyfiyyətləri öldürür, qəlbini
qaraldır, ağlını kütləşdirir, istedadını isə zəiflədir.
A.Mitskeviç yazırdı:“Qəzəb, kin - gücsüzlüyün silahıdır”.
Təbiət zəhəri sürünənlərə vermişdir. Güclülərin ona ehtiyacı
yoxdur.”
73
İdarəetmədə yalvarış və ya söyüşlə iş getməz, işi bacarıqla
təşkil etmək lazımdır. İ.P. Pavlovun dediyi kimi, hər bir işdə
ardıcıllıq, təvazökarlıq və ehtiras olmalıdır. Əməyə yaradıcılıq,
poeziya elementləri daxil etmək lazımdır ki, adama yorğunluq
deyil, sevinc gətirsin.
Mənfi emosiyalar insanların daxilində təlatümə gəlməkdən
əlavə, onların zahiri simasında da əks olunur. Məsələn, qəzəb
emosiyasında dişlər qıcıyır, gözlər parlayır, ağrı və dərd
təsirindən qaşlar ortadan çatılır, heyrət hissi gözləri və ağzı
açmaqla ifadə olunur, etinasızlıq zamanı isə baş bir yana dönür
və aşağı dodaq sallanır.
Qəddarlığı ilə dünyada məşhur olan tarixi şəxsiyyətlərdən
biri Napoleon haqqında bir misalı gətirmək istərdim. Deyirlər
Napoleonun “polad kimi soyuq” gözləri parıldayanda, hətta ən
qorxmaz adam olan Lann da titrəyərmiş. Nə üçün?
Gözün parıldaması - emosiyanın toplanmasını göstərir,
toplanmış emosiya isə, bildiyimiz kimi, mütləq özünə çıxış
yolu tapmalıdır.
Mehtər oğlu olan və Bonapartın həyatını iki dəfə xilas etmiş
Lannın qorxmasına səbəb korsikalı sərkərdənin acığını bir
adama tökəndə çox amansız olmasını bilməsi idi. Afrikanın
şimalında Abukir yaxınlığındakı vuruşmaları xatırlayaq, burada
on beş min türk əsgəri sahilə çıxmışdı. Napoleon onların on beş
minini də qırdırmışdı. Halbuki bunların çoxunu əsir almaq da
olardı.
Materialist filosofların affektlər haqqında baxışlarında
mütərəqqi fikirləri özündə inkişaf etdirərək qeyd etmişdilər ki,
affektlər, hisslər, emosiyalar və ehtiraslar idarə oluna bilər və
hökmən idarə olunmalıdır. Əxlaq tərbiyəsinin qarşısında duran
vəzifə heç də bütün hiss və ehtirasları boğmaq, cilovlamaq,
74
ölgünləşdirmək deyil, onları tərbiyə etdirməkdir, inkişaf
etdirməkdir, yalnız o affektləri, emosiya və ehtirasları
həqiqətən boğmaq, cilovlamaq lazımdır ki, bunlar son nəticədə
insanı alçaltmasın, onu fiziki və mənəvi cəhətcə şikəst edib
eybəcər hala salmasın. İnsanın əzəməti, qüdrəti və böyüklüyü
məhz onun öz affektlərini, hiss və ehtiraslarını idarə edə bilmək
qabiliyyətinə malik olmasındadır. Bu qabiliyyət yalnız insana
məxsus qabiliyyətdir. Məhz bu baxımdan özünüələalma
qabiliyyəti insanın əldə etdiyi ən yüksək mənəvi nemətdir.
Özünüələalma emosiyaları ram etmək bacarığıdır. Yalnız
özünü hər şəraitdə ələ almağa qadir olan adamlar dağ kimi
sarsılmaz olurlar. Affektlərini idarə edə bilməyib, bunların
quluna çevrilmiş adamlar, stress vəziyyətinə düçar olmuş
adamlar dünyada ən bədbəxt adamlardır.
Böyük alman filosofu Hegel yazmışdır : “Dünyada heç bir
böyük nailiyyət ehtirassız əldə edilməmişdir.”
Alman yazıçısı Jan Polun nəzərincə, “insan həm
ehtiraslara, həm də bunları idarə etmək qabiliyyətinə malik
olmalıdır.” Məşhur amerika yazıçısı Cek London isə
yazmışdır: “Əbədi, lakin yuxulu planet olmaqdansa, qoy
parlaq meteor olum!”
Məşhur ingilis ədəbiyyatşünası Con Kollinz yazırdı:
“Yalnız iki ehtiras bizə həzz vermir- bunlardan biri paxıllıq,
digəri qorxudur.” Jan-Jak Russoya görə, “ehtiraslar qızğın
olduqca onları idarə etmək zərurəti də bir qədər artıq olur.”
Ən hirsli vaxtda belə özünü ələ ala bilmək, öz
hərəkətlərinin, dediyin sözlərin mənasını və labüd nəticələrini
dərk edə bilmək, insanın “ruhu sağlamlığının” mühüm şərtidir.
Əxlaqi təcrübə göstərir ki, hirsli, qəzəbli bir vaxtda
düşünülməmiş edilən bir hərəkət və deyilən bir sözü güllə ilə
75
müqayisə etmişlər. Atılan gülləni geri qaytarmaq mümkün
olmadığı kimi, deyilən sözü də geri qaytarmaq mümkün
deyildir.
Özünüələalma eyni zamanda əxlaqi azadlığın təzahürüdür,
mənəvi sərbəstliyin mühüm göstəricisidir. Insanın ən çətin, ən
mürəkkəb şəraitdə özünü ələ ala bilməsi, öz coşğun
ehtiraslarını boğa bilmək dərəcəsi eyni zamanda onun əxlaqi
azadlığının, mənəvi muxtariyyatının dərəcəsidir.
Bir sözlə, insan idarə edəndən idarəolunana, özünə ağalıqdan
öz ehtiraslarının köləsinə çevrilir. Əbəs deyilməmişdir ki, ən
böyük qələbə insanın öz üzərində qazandığı qələbədir. Biz heç
vaxt unutmamalıyıq ki, ən çətin vəziyyətdə özünü ələ almaq
əxlaqi igidlikdir və bu cür igidlik hamıya müyəssər ola bilər.
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil
mənasında özünə ağa olmaq qabiliyyətini qazanmaqdan
ibarətdir.
Öz emosiyalarını idarəetmənin yolu insanın iradəsindən,
özünü dərketməsi üzərindən keçir. Əsəb proseslərinin insanın
özü tərəfindən idarə edilməsi, tənzim edilməsi qabiliyyətini
ağıl və iradə vasitəsilə yüksəltmək lazımdır. Hər bir kəs bu
sahədə öz üzərində məşq etməli, çalışmalıdır. Məhz özünü, öz
əsəblərini tənzim etmək yolu ilə artıq həyəcanları, emosiyaları
vatında sakitləşdirməyi vərdiş halına keçirmək lazımdır.
Bu işlə əsasən psixoprofilaktika məşğul olur.
Psixoprofilaktika - insanın özünü dərindən dərk etməsi,
bunun əsasında öz emosiyalarını idarə edə bilməsini təbliğ edir;
ailədə, kollektivdə özünü son dərəcə mədəni apara bilmək
qabiliyyətini, düşünərək yüz ölçüb bir biçdikdən sonra
danışmağı təbliğ edir; evdə və işdə tam mehribanlıq,
qayğıkeşlik, qarşılıqlı hörmət və ehtiram şəraiti yaratmağı, bir
76
sözlə, stress vəziyyəti törədə biləcək bütün halları aradan
qaldırmağı öyrədir. Unutmaq olmaz ki, başqalarını
əsəbləşdirən, başqasının qəlbinə toxunan, öz sözləri və
hərəkətləri ilə başqalarında stress vəziyyəti yaradan, başqasını
incitməkdən sadiscəsinə həzz alan adam irəlicədən özünü
əsəbləşməsi, psixi xətər alması, mənəvi cəhətdən narahat
olması üçün şərait yaradır. Belə adamların hərəkəti içində
olduğu gəmini batırmağa cəhd edən divanənin hərəkətinə
bənzəyir və düşünülmür ki, gəmi qəzaya uğradıqda başqa
sərnişinlərlə birlikdə o, özü də məhv olacaqdır.
Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq
mümkündür ki, mənfi emosiyaları aradan qaldırmaq üçün
ancaq insanın özünü dərindən dərketməsi və öz fəaliyyətini
nizamlamaq üçün iradə qüvvəsi lazımdır.
Dostları ilə paylaş: |