İQLİM MÖVSÜMLƏRİ – ilin özünün iqlim xüsusiyyətlərinə görə
dövrlərə bölünməsi. Mülayim iqlim şəraitində adətən 4 mövsüm (yaz,
yay, payız, qış) ayrılır. Fenologiya və ekologiyada daha xırda bölgüdən
istifadə olunub 6 (erkən yaz, yazın sonu, yaz, yay, erkən payız, payızın
sonu və qış) və 10 (yazın yaxınlaşması - erkən yaz, tam yaz, yazın sonu,
yayın başlanğıcı, yayın ortası, yayın sonu, erkən payız, tam payız,
payızın sonu və qış) mövsümə bölünür. Mövsümlərin başlanması
günləri təbii ki, dəyişir.
İQLİM MÜALİCƏSİ – iqlim-hava amillərindən müalicə və profi-
laktiki məqsədi ilə istifadə edilməsi. İ.m. və iqlim profilaktikasının
nəzəri əsasını tibb iqlimşünaslığı təşkil edir. İ.m. iqlim – hava
elementlərinin kompleks təsirlərindən: məhəllin dəniz səviyyəsindən
vəziyyəti, barometrik təzyiq, havanın temperaturu, yağıntının miqdarı,
rütubətlik, küləyin istiqaməti və gücü, buludluluq, günəş radiasiyasının
intensivliyindən asılıdır. İ.m. aparıldıqda torpağın radiasiya xassəsi,
landşaft xüsusiyyətləri və s.-də nəzərə alınır. Çöl iqlimi vərəm
xəstəliyinə, yarımsəhra iqlimi böyrək xəstəliyinə tutulanlar üçün
əlverişlidir. Dəniz iqlimindən tənəffüs orqanlarının müalicəsində, sinir
sisteminin funksional xəstəliklərində, maddələr mübadiləsinin
pozğunluğunda və s. istifadə olunur. Dağ iqlimi tənəffüs və qan-damar
sisteminə güclü təsir edir, maddələr mübadiləsini nizamlayır. İ.m.-nin
əsas metodu aeroterapiya, təmiz günəş müalicəsi, talassoterapiyadır.
Günəş şüaları sinir sisteminə oyadıcı təsir göstərir, maddələr mübadiləsi
prosesini aktivləşdirir: bunların təsirindən orqanizmdə D vitamini əmələ
gəlir. İ.m. kurort, sanatoriya və s. yerlərdə geniş tətbiq olunur.
Respublikamızda iqlim kurortları və müalicə yerləri – Mərdəkan,
Bilgəh, Buzovna, Zuqulba və s., dağ iqlim kurortları Şuşa, Şəki və s.
var.
Dostları ilə paylaş: |