MİKROEKOSİSTEM – mikrosenoz və ya mikroprosenoza uyğun
(müvafiq) olan sistem, bura biosenozun biosenotik mühitinin həcmi
(məs. ağacın çürümüş gövdəsi, heyvan cəsədi, leşi və ya mamırların
çürüyən, yaxud artıq hümusa çevrilmiş gövdələrin əmələ gətirdiyi
biohorizont) də aid edilir. Termini R.Dajo (1975) təklif etmişdir.
MİKROELEMENTLƏR – orqanizmdə az miqdarda (adətən
0,001% və daha az) təsadüf edilən kimyəvi elementlər. M. termini
torpağın, süxurların, mineralların, suyun tərkibində olan bəzi kimyəvi
elementləri göstərmək üçün işlənilir. Müasir məlumata əsasən bitki və
heyvan orqanizmlərində, həmçinin torpaqda 70-dən artıq mikroelement
tapılmışdır. Bunlardan 65-nin müəyyən fizioloji funksiyası vardır. 12 M.
müxtəlif bioloji aktiv birləşmələrin – fermentlərin, piqmentlərin
tərkibinə daxildir, orqanizmdə maddələr mübadiləsinə, bitkilərin
məhsuldarlığını artırmaqla onun keyfiyyətini yaxşılaşdırmağa təsir
göstərir. Bitki və heyvan orqanizmində çatışmadıqda bir sıra xəstəliklər
(xloroz, boz ləkə, çətir xəstəliyi, özəyin çürüməsi, kobaltoz və s.) baş
verir. M.-ə bor, mis, kobalt, yod, manqan, molibden, dəmir, alüminium,
brom, gümüş, nikkel və s. daxildir.
|