SÜRÜNƏNLƏR, REPTİLİLƏR (Replitia) –onurğalı heyvanlar
sinfi. Müasir S.-in 4 dəstəyə (pulcuqlular, timsahlar, tısbağalar və dim-
dikbaşlılar) mənsub 6500-dən çox növü məlumdur. S. təbiətdə qiymətli
ov heyvanları üçün yemdirlər. Timsahların, iri ilanların və
kərtənkələlərin dərisindən çemodan, portfel, ayaqqabı və s. hazırlanır.
Kərtənkələlərin əksəriyyəti cücüləri, bir çox ilanlar isə zərərli
gəmiriciləri məhv etdiyinə görə əhəmiyətlidir. Bir çox ilan növlərinin
zəhəri qiymətli dərman preparatları hazırlamaqda istifadə olunur. Bəzi
S.-in sayı kəsgin azalmış, nəsli kəsilmək üzrədir; qorunurlar.
SÜRÜŞMƏ – ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin
(yaxud torpağın bir hissəsinin) yamac boyu aşağı sürüşərək yerini
dəyişməsi. S. ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst-
üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən
qatın üzərində yığılması S. əmələ gətirir. S. abraziya, eroziya, aşınma,
seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini
nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində
yaranır. S. əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə,
yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün
sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə
dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər
görülür. Azərbaycan Respublikasında S.-lər Bakı şəhəri rayonunda,
Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və
Yardımlı rayonlarında yayılmışdır.
|