SÜNİ GÖL (NOHUR) – Süni sututar. Kiçik çay dərəsi, qobu və
yarğanlarda bəndlərin tikilməsi, yaxud düzən yerlərdə iri çalaların
qazılması yolu ilə yaradılır. Səth suları və ya yeraltı sularla doldurulur.
Mühüm təsərrüfat əhəmiyyəti var.
SÜNİ İONLAŞMA – havada insan fəaliyyəti nəticəsində yüngül və
ağır ionların əmələ gəlməsi.
SÜNİ RADİOAKTİVLİK – radioaktiv izotopları yaratmaqla və
ondan istifadə etməklə (atom elktrik stansiyalarında, buzqıran və sualtı
gəmilərdə, tibbdə və s.) insanın təsərrüfat və hərbi fəaliyyəti nəticəsində
əmələ gələn radioaktivlik. S.r. yol verilən dozanı keçdikdə mənfi ekoloji
rol oynayaraq nəinki mutagen, teratogen, kanserogen effekt yaradır,
həm də populyasiya, ekosistem və biomların strukturunu dağıdır.
SÜNİ SEÇMƏ – Hər hansı cinsdən, yaxud sortdan və təsərrüfat
cəhətdən daha qiymətli olan heyvan və bitkinin yetişdirmə məqsədi ilə
seçilməsi. S.s. terminini 1859-cu ildə Ç.Darvin təklif etmişdir. S.s.
kortəbii və metodiki olur. Kortəbii S.s. anlayışını Ç.Darvin belə izah
edirdi: hələ ibtidai maldarlar və əkinçilər daha qiymətli heyvan və
bitkiləri qoruyub saxlamağa, onlardan nəsil almağa cəhd göstərmişlər.
Nəsildən-nəslə yaxşı heyvanların qorunub saxlanması sürü
yetişdirməyə, yaxşı toxumun əkilməsi isə məhsulun daha da artmasına
səbəb olurdu. Orqanizmlərin təsərrüfat faydalı xassələrini gücləndirən,
yaxud zərərli əlamətləri zəiflədən bütün mutasiyalar cinsdə, ya da sortda
avtomatik olaraq dərinləşmiş və yayılmışdır. Kortəbii S.s. mexanizminə
və nəticələrinə görə təbii seçməyə yaxındır. Metodik S.s.-dən
məqsədyönlü olması ilə fərqlənir və kütləvi və fərdi metodiki seçmə
şəklində aparılır. Fərdi metodiki seçmə daha səmərəlidir; bu zaman hər
bir valideyn forması təkcə özünə məxus keyfiyyətinə görə deyil, həm də
bu keyfiyyətləri nəslə vermək qabiliyyətinə görə qiymətləndirilir.
|