Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
201
İstintaq eksperimentinə məhkəmə həkiminin cəlb edilməsinin
xüsusi səbəbi kimi dəfələrlə, uzun müddət ərzində törədilmiş silsilə
cinayətlərin şəraitlərinin kompleks şəkildə təhlilini göstərmək olar.
Bu cinayətlər çoxmərhələliyi, bir neçə ölümlərin və qurbanların
olması, cinayətkarın qətli törədəcəyi üsulu əvvəlcədən hazırlayaraq
planlaşdırması və şahid ifadələrinin qıtlığı ilə xarakterizə olunurlar.
Hər bir halda ekspertiza məsələlərinin həllinə fərdi yanaşmaq tələb
olunur. Son illər bu növ cinayətlərin sayı artmaqdadır. Onların
özünəməxsusluğu, ictimai təhlükəliliyi və sübutlar sisteminin
formalaşmasının mürəkkəbliyi istintaqı məhkəmə həkimlərinin
köməyinə daha tez-tez müraciət etməyə məcbur edir. İstintaq ekspert
qarşısında xəsarətlərin yetirilmə üsulunun oxşarlığı və uyğunsuzluğu
barədə, cinayətin törədilmə üsulları barədə suallar qoyur. Belə
cinayətlərdə seriyaların ayrı-ayrı epizodları üzrə ekspertizaları
müxtəlif ekspertlər keçirdiyinə görə, müstəntiqin bütün materialları
ümumiləşdirdiyi mərhələdə mütəxəssisin istintaq hərəkətlərində, o
cümlədən əlavə və təkrarı ekspertizaların keçirilməsində iştirakı tələb
olunur.
İstintaq eksperimenti və ifadələrin yoxlanılması hərəkətlərində
məhkəmə-tibbi biliklərdən istifadə olunması tələb olunan bütün
halları sadalamaq mümkün deyil. Cinayətin baş verdiyi şəraitin
yenidən bərpasını tələb edən halların müxtəlifliyi, istintaq
eksperimentində və ifadələrin yoxlanılmasında məhkəmə təbabəti
sahəsində mütəxəssisin təcrübədə ən çox rast gəlinən cəlb edilmə
səbəblərini yalnız ən ümumi formada cəmləşdirməyə imkan verir.
Mütəxəssis qarşısında duran vəzifələr, işin ümumi elmi-metodik
əsasları, istintaq hərəkətinin digər iştirakçıları ilə qarşılıqlı əlaqənin
təşkili və taktikası, nəticələrin qiymətləndirilməsi prinsipləri çox
mənada bir-birinə uyğun gəlir və istintaq hərəkətinin məqsədindən və
qarşıya qoyulmuş sualların mahiyyətindən az dərəcədə asılıdır.
|