Maddə 272. Ekspertin dindirilməsi
272.1. Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin
rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda,
habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri
dəqiqləşdirmək zərurəti yarandıqda müstəntiq eksperti dindirmək
hüququna malikdir.
272.2. Ekspertin çağırılması və dindirilməsi bu Məcəllənin 226,
227 və 230-cu maddələrində nəzərdə tutulmuş müddəalara uyğun
olaraq aparılır.
272.3. Ekspert rəy təqdim edənədək onun dindirilməsi
yolverilməzdir.
Maddə 273. Tədqiqat üçün nümunələrin götürülməsinin
şərtləri
273.1. Müstəntiq tədqiqat üçün nümunələrin götürülməsi
məqsədi ilə müvafiq istintaq hərəkətini aşağıdakı hallarda apara
bilər:
273.1.1. nümunələr hər hansı insanın, heyvanın, insan meyitinin,
heyvan cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks
etdirdikdə;
273.1.2. nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda.
|