Ödəniş tapşırıqları ilə hesablaşmalar. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank
ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya
başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya
qanunauyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür. Bu şərtlə ki, bank hesabı
müqaviləsində başqa müddət nəzərdə tutulmasın. Bank hesabı açmadan fiziki şəxslər
tərəfindən həyata keçirilən ödənişlər zamanı ödəniş tapşırıqlarından istifadə edilir. Ödəniş
tapşırıqları ilə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə ona uyğun
müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
alətləri ilə tənzimlənir. Əgər ödəyici ilə bank arasında müqavilədə digər qaydalar nəzərdə
tutulmayıbsa, ödəyicinin tapşırığını bank ödəyicinin hesabında vəsait olduqda yerinə yetirir.
Bank tapşırıqları hesabdan pul vəsaitinin silinməsi növbəliyini gözləməklə icra edir.
Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstəilmiş
şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına müəyyənləşdirilmiş müddətdə
köçürməlidir. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank
nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.