13.2. KAPITAL, VALYUTA VƏ KREDIT BAZARI Kapital bazarı maliyyə bazarının tərkib hissəsidir. Kapital bazarı kapitala tələb və
təklifin formalaşdığı, pul vəsaitlərini toplayan, yenidən bölüşdürən, əsas kapitalın hərəkətini
təmin edən, iqtisadi nisbətləri saxlayan sahədir. Kapital bazarı vasitəsi ilə müəssisələrin,
dövlətin, vətəndaşların cari tələbatından artıq pul yığımları cəlb edilir və həmin vəsaitlər
kredit qismində ölkənin istehsal sahəsinin inkişafına yönəldilir. Bazar iqtisadiyyatı şəraitində
bu bazar maliyyə bazarınn ən geniş yayılmış növlərindən biridir. Kapitallar ona ehtiyacı
olanların sərəncamına xüsusi və kommersiya bankları və yaxud digər maliyyə idarələri
tərəfindən daxil edilir. Kapitalı borc kimi götürən tərəf ondan ya məhsuldar şəkildə (məsələn,
istehsalı genişləndirmək üçün), ya da şəxsi məqsədlə istifadə edə bilər.
Bəzi hallarda kapitala ehtiyacı olan tərəf kimi dövlət özü də çıxış edir.
Kapitalın verilmə müddəti bitdikdən sonra o, müəyyən faizlə geri qaytarılmalıdır.
Göründüyü kimi, kapital bazarının fərqi ondan ibarətdir ki, burada əmtəə şəklində çıxış edən
pul vəsaiti öz sahibini tamamilə dəyişmir, yalnız müvəqqəti olaraq onun mülkiyyətindən
çıxır, yəni kredit formasında təzahür edir.Lakin, eyni zamanda kapitalın bir subyektdən
digərinə doğru hərəkəti baş verdiyi üçün, bu hərəkəti əks etdirən münasibətlər xüsusi növ
bazar münasibətləri xarakteri daşıyır.
Maliyyə bazarının ümumən pul bazarına və kapital bazarına bölgüsünün əsasını müvafiq
maliyyə vəsaitlərinin tədavül müddəti təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki,
əgər maliyyə alətlərinin tədavül müddəti bir ildən azdırsa, onda pul bazarının aləti hesab
edilir. Əgər tədavül müddəti beş ildən artıq olarsa kapital bazarına aiddir.