Vergi sistemi istənilən dövlətin ərazisində toplanan vergi, rüsum, yığım və digər
məcburi ödənişlərin məcmusundan ibarətdir. Vergi sistemi eyni zamanda vergilərin quruluş
və tərkibini, onların hesablanması, tutulması və ödənilməsi qaydasını, vergi hüquq
münasibətləri iştirakçılarının hüquq və məsuliyyətlərini, vergilərin nizamlanması ilə əlaqədar
malik olduqları səlahiyyətlərini, vergi nəzarəti sistemini və digər məsələləri əhatə edir. İstənilən ölkənin, o cümlədən ölkəmizin vergi qanunvericiliyində əsas yeri vergi sistemi
haqqında qanun, yaxud Vergi Məcəlləsi tutur. Azərbaycan
Respublikasının vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən
edilməsi, ödənilməsi və yığılması qaydası, vergi ödəyiciləri və dövlət vergi orqanlarının,
eləcə də vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və
vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə
vergi ödəyicilərinin məsuliyyəti, dövlət vergi orqanlarının vəzifəli şəxslərinin
hərəkətlərindən şikayət edilməsi qaydaları məhz Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
Hər bir ölkədə onun konkret şəraitinə, inkişaf səviyyəsinə və yaranmış real iqtisadi
vəziyyətinə uyğun vergi sistemi qurulmalıdır. Bununla yanaşı vergi sistemində ən aktual,
faydalı, səmərəlı prinsiplər seçilərək istifadə olunmalıdır.
Vergi sistemi bir tərəfdən vergi ödəyicilərinin mənafeyini, digər tərəfdən isə dövləti
artan gəlirlərlə təmin etməlidir. Lakin praktikada bu vəzifəyə yüksək səviyyədə nail olmaq
mümkün olmur. Məhz bu səbəbdən istənilən dövlət özünün vergi sistemində tez-tez
dəyişikliklər etmək məcburiyyətində qalır.
Vergi Məcəlləsi ölkəmizdə vergi sisteminin qanunverici-hüquqi bazası olmaqla yanaşı,
iqtisadiyyata investisiya qoyuluşu və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, ölkənin
milli sərvətlərinin artırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.Vergilər
haqqında qanunvericilik elə tərzdə formalaşmışdır ki, hər bir kəs hansı vergiləri necə, nə
vaxt və hansı dərəcələrlə ödəməli olduğunu dəqiq bilir .