1.3.MALIYYƏNIN MAHIYYƏTI, FUNKSIYALARI, ZƏRURİLİ VƏ PREDMETİ
Maliyyə tarixi kateqoriyadır. O, cəmiyyətin siniflərə ayrılması və dövlətin yaranması ilə
eyni zamanda meydana gəlmişdir. Lakin iqtisadi kateqoriya kimi maliyyə münasibətləri XIII-
XV əsrlərdə İtaliyanın böyük ticarət mərkəzlərində meydana gəlmişdir. Maliyyə sözü latın
sözü olub (Finansio) – yəni pul ödənişi (pul tədiyəsi) sözündən əmələ gəlmişdir.
Maliyyənin predmeti –ÜDM və milli gəlirin bölgüsü və yenidən bölgüsü, təsərrüfatların
və dövlətin pul vəsaiti fondlarının və gəlirlərinin yaradılması, istifadəsi prosesində yaranan
iqtisadi münasibətlər sisteminin məcmusudur. Cəmiyyətdə baş verən bütün iqtisadi proseslər,
müəssisələrin bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələri, dövlətlə müəssisələr, dövlətlə əhali
arasındakı iqtisadi əlaqələr pul vasitəsilə həyata keçirilir. Çünki pul əmtəə istehsalı və
mübadiləsi prosesində bütün əmtəələr üçün ekvivalent rolu oynayır. Yəni müəssisələrin
istehsal etdiyi bütün məhsullar pul vasitəsilə alınır və satılır.
Çox zaman maliyyəni pul anlayışı ilə eyniləşdirirlər. Maliyyə pul vasitəsilə təzahür
etdiyinə görə o heç də pul adlandırıla bilməz. Maliyyə münasibətləri pul münasibətləri
vasitəsilə baş verməsinə baxmayaraq, pul münasibətlərinə nisbətən daha məhduddur. Pul
münasibətləri daha geniş anlayışdır. Çünki o, bütün alqı-satqı münasibətlərini, eləcə də
maliyyə münasibətlərini əhatə edir. Lakin maliyyə münasibətləri yalnız Ümumi Daxili
Məhsulun və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi nəticəsində yaranan,
məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul münasibətləri
sistemini əhatə edir.
Vətəndaşlar arasında, vətəndaşlar ilə ticarət təşkilatları arasında əmələ gələn
münasibətləri maliyyəyə aid etmək olmaz. Ona görə ki, dövlət burada pul münasibətlərini
mülki-hüquqi metodlarla tənzimləyir.
Beləliklə, maliyyə həmişə pul münasibətləri formasında təzahür edir, lakin istənilən pul
münasibəti həmişə maliyyə münasibəti deyildir.
Biz qeyd etdik ki, maliyyənin meydana gəlməsi və inkişafı bilavasitə dövlətin meydana
gəlməsi ilə əlaqədardır. Çünki məcmu ictimai məhsulun bölgüsü elə təşkil edilir ki, onun bir
hissəsi dövlətin saxlanılması və dövlətin funksiyalarının həyata keçirilməsi üçün istifadə
edilir. Bazar iqtisadiyyatı şəraititndə maliyyənin bölgü kateqoriyası kimi rolu daha da artır.
Belə ki, maliyyə mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin, birliklərin,
təşkilatların pul vəsaiti fondlarının yaradılmasında və istifadə olunmasında iştirak edir.