GİRİŞ
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı
əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji problemlərin
həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun
ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar
son dövrdə «Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları» fənni
formalaşmış və bu sahəyə tələb artmaqdadır. Bu yeni fənnin
yaradılmasında əsas məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli
öyrənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini
müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması yollarını
müəyyən etməkdən ibarətdir.
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və
iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkündür. Bu elm
sahələrinə yalnız iqtisadçılar yox, həm də təbiətşünaslar və
təbiətdən
istifadə
üzrə
ixtisaslaşan
mütəxəssislər
də
yiyələnməlidirlər. Dərslik «Təbiətdən istifadənin iqtisadi
və ekoloji
əsasları» fənninin proqramına müvafiq olmaqla təbiətdən istifadə və
təbiəti mühafizə (coğrafi ekologiya, ümumi ekologiya və s.) ixtisası
üzrə təhsil alan tələbələr üçün yazılmışdır.
Hazırda təbiətdən istifadənin iqtisadi və ekoloji
məsələlərinə dair müstəqil fənlər: «Ekoloji menecment», «Ekoloji
audit», «Ekoloji marketinq» və s. kimi istiqamətlər yaradılmışdır.
Bu dərslikdə yuxarıda adı çəkilən sahələr üzrə geniş məlumat
verilməsə də, təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji
məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-metodiki
məsələlər əhatə olunmuşdur.
Qeyd etməliyik ki, təbiətdən istifadənin iqtisadi və ekoloji
əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsaslar təbiətdən
istifadə məsələsində xüsusi yer tutmaqla təbiətdən istifadə
sahəsində iqtisadi və ekoloji biliklərin geniş təhlilinə ehtiyac
yaradır.