Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
52
mövcud olan dövlət torpaq ehtiyatının miqdarından asılı olurdu. Kolonistlərə ayrılan torpağın
sahəsi yerli hakimiyyət orqanları tərəfindən təyin edilir və koloniyanın hüquqi tərtibi zamanı qeydə
alınırdı. Regiondan asılı olaraq kolonist ailələrinə 30, 35, 60, 65 desyatin ölçüdə pay torpağı ayrıla
bilərdi. Məsələn, 1840-cı ildə Kizlyar – Mozdok dairəsində, Kanovo koloniyasında məskunlaşan 180
kolonist ailəsinin hər birinə 60 des. torpaq ayrıldığı halda, Azov dənizinin, sahillərində, 1852-ci ildə
yaranan Mixelstal koloniyasında hər ailəyə 30 des. torpaq payı verilmişdi(2,v.184)
Arxiv sənədlərinə əsasən deyə bilərik ki, 1860-ci ilə qədərki dövrdə Şimali Qafqaz ərazisində 7
koloniya yaranmışdı və bu koloniyalara dövlət tərəfindən ayrılan torpağın ümumi sahəsi 23604
desyatinə bərabər idi və cədvəldən göründüyü kimi bu torpaq fondu koloniyalar arasında bərabər
bölüşdürülməmişdi.1817-ci ildən Cənubi Qafqazda məskunlaşdırılan alman kolonistlərinin hər
ailəsinə 60 des. torpaq ayrılması nəzərdə tutulsa da, dövlət fondunda əkinçilik üçün yararlı torpaq
sahələrinin kifayət qədər olmaması səbəbindən hər kolonist ailəsinə 35 des. torpaq ayrıldı(3,s.324).
Bundan savayı, bəzi kolonistlər şəxsi mülkiyyətə torpaq sahəsi əldə edirdilər.
İxtiyarında lazımi qədər dövlət və şəxsi mülkiyyət torpağı olan Cənubi Qafqaz kolonistlərinin
torpaq sahiblərindən icarəyə torpaq götürməyə ehtiyacları yox idi. Gürcüstanda mövcud olmuş
koloniyalardan Petersdorfda, Marienfelddə və Azərbaycan ərazisində salınan Annenfelddə heç bir
koloniya üzvü icarəyə torpaq götürməmişdi. Yerdə qalan koloniyalarda da icarə təsərrüfatlarının
sayı o qədər də çox deyildi və icarə ilə əsasən torpaqsız kolonistlər – «beyzatslar» məşğul olurdular.
Ayrı-ayrı koloniyalarda icarənin formaları və şərtləri müxtəlif idi. Məsələn, hər il Yelizavettal
kolonistləri qonşu kəndlərin mülkədarlarından 120 des., Yekaterinenfeld kolonistləri qonşu
azərbaycanlı kəndlilərdən və mülkədarlardan 60 des., Aleksandersqilf kolonistləri isə 200 desyatinə
yaxın torpaq icarəyə götürürdülər. Tiflis şəhəri yaxınlığında yerləşən Aleksandersdorf koloniyasının
əsas məşğuliyyəti heyvandarlıq olduğundan onlar hər il əlavə olaraq yerli gürcü knyazı F.Qu-
ramovdan və Kuki kəndinin sakinlərindən ümumilikdə 250 des. otlaq sahəsi icarəyə götürdülər. İcarə
haqqı heç də bütün koloniyalarda eyni olmayaraq, torpağın keyfiyyətindən və istifadə formasından
asılı idi. Məsələn, Yelizavettal, Freydental koloniyalarında bostan üçün icarə olunan torpağın hər
desyatininə görə 20-24 rubl, buğda əkilmiş sahənin hər desyatininə görə isə 4 rubl, otlaq sahəsinin
hər desyatini üçün Aleksandersdorf kolonistləri 5-7 rubl, kartof əkilmiş sahə üçün isə
yelenendorflular 10 rubl ödəyirdilər. Ümumiyyətlə götürdükdə, Cənubi Qafqazda Qərbi
Ukraynadan, Şimali Qafqazdan fərqli olaraq, alman koloniyalarının heç biri bütövlükdə icarədarlar
koloniyası (das Zinskolonie) xarakteri daşımırdı. Cənubi Qafqazda kolonistlərin icarədar kimi
fəaliyyəti müvəqqəti və mövsümi xarakter daşıyır, icarə ilə bütövlükdə bütün koloniya deyil, onun
aztorpaqlı və torpaqsız üzvləri məşğul olurdular və bu fəaliyyət əsas təsərrüfata yardımçılıq
məzmunu daşıyırdı.
Kolonistlərin məskunlaşma xüsusiyyətləri müxtəlif kateqoriyalı koloniyaların yaranması ilə
yanaşı, həm də koloniyalarda torpaqdan istifadə formalarının da müxtəlifliyini şərtləndirirdi. Cənubi
Qafqazın alman koloniyalarında torpaqdan istifadənin özünəməxsus forması mövcud
olmuşdu.Koloniyaya məxsus torpaqlar icma üzvləri arasında bölüşdürülmüşdü və bu bölgü bərabər
olmadığına, ayrı-ayrı kolonist təsərrüfatları müxtəlif miqdarda torpaq sahəsinə malik olduğuna görə
torpaqdan istifadə icma xarakteri daşımırdı. Ayrı-ayrı torpaq sahələrinin daimi sərhədlərinin
olmaması, zərurət yarandıqda koloniyaya məxsus torpaqların yenidən bölüşdürülməsi onu göstərirdi
ki, Cənubi Qafqaz koloniyalarında torpaqdan istifadə «qarışıq formaya» məxsus idi.
Gürcüstanda yaranan Marienfeld, Petersdorf, Aleksandersdorf, Freydental koloniyalarının
əsas məşğuliyyəti əkinçilik idi. Bu koloniyalarda əkinçiliklə yanaşı, üzümçülük və şərabçılıq, bağçılıq,
heyvandarlıqla da məşğul olurdular, lakin bu sahələr yalnız daxili tələbatın ödənilməsinə xidmət
edirdi. Koloniyaların əsas gəlir mənbəyi əkinçilik idi. Bu sahədə əldə edilən nailiyyətlər həm
koloniyalara məxsus torpaq sahələrinin münbitliyi, həm də bu koloniyaların Qafqazın inzibati
mərkəzi Tiflisin yaxınlığında yerləşməsi ilə izah olunurdu. Belə ki, kolonistlər yetişdirdikləri məhsulu
şəhər bazarlarına çıxarmaq imkanına malik idi.Adı çəkilən koloniyalarda əsasən payız buğdası,
arpa, yulaf, qarğıdalı və kartof yetişdirilirdi. Əkinçilik koloniyalarında təsərrüfatlarda sahələrdən
|