1
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Mövzu: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.
Kommunikasiya mədəniyyəti
Plan:
1. Fənnin məqsəd və vəzifələri
2. Ünsiyyət, kommunikasiya və işgüzar kommunikasiya
3. İşgüzar kommunikasiyanın funksiyaları və mərhələləri
4. Nitq etiketləri və diskussiya mədəniyyəti
Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. Cəfərov N.,Mərdanova S.,Qəribli A.Azərbaycan nitq mədəniyyəti.Bakı,2018
3. Eminli B., Paşayeva G. Azərbaycan dilində işgüzar və akademik
kommunikasiya.Sumqayıt, 2021
4. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.
Bakı, 2021
5. Xəlilov B. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Bakı,
2020
6. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
7. Şiriyev F.Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya.Bakı.2020
İşgüzar (peşəkar) rabitə cəmiyyətdə insanlar arasında ən geniş yayılmış
ünsiyyət növüdür. Onsuz iqtisadi, hüquqi, diplomatik, ticarət və inzibati
münasibətlər sahəsində qarşılıqlı əlaqə mümkün deyildir. Müasir dünyanın
tələblərinə görə, müxtəlif sahələr üzrə yetişən mütəxəssislər işgüzar ünsiyyəti əsas
janrlarının xüsusiyyətləri ilə (işgüzar söhbət, işgüzar danışıqlar, işgüzar görüş,
mətbuat konfransı, telefon danışığı, müzakirə və s.) özünü təqdimetmənin
əsaslarını öyrənməlidirlər. Çıxış hazırlamaq və müşayiət olunan elektron təqdimatı
düzgün tərtib etmək bacarığına xüsusi diqqət yetirməlidirlər.
Şəxsi işgüzar sənədləri (tərcümeyi-hal, ərizə, bəyanat, izahat və s.), inzibati
sənədləri düzgün tərtib etmək, elektron yazışmaları aparmaq hər bir insanın peşə
mədəniyyətinin ayrılmaz hissəsidir. Dünyada gedən qloballaşma, mədəniyyət və
təhsildə inteqrasiya prosesləri gənc mütəxəssislərin qazandıqları bacarıqlara yeni
tələblər diktə edir. Şifahi və yazılı mədəniyyətlərarası işgüzar ünsiyyətdə milli
xüsusiyyətləri nəzərə almaq və onu inkişaf etdirmək bacarığına malik olmaq bu
günün tələbidir.
Kommunikasiya vasitələrinin inkişafı qloballaşma ilə sıx bağlıdır.
Cəmiyyətin həyatında yeni texniki vasitələrin meydana gəlməsi ilə işgüzar
kommunikasiyanın rolunun radikal dəyişməsi bu proseslərin bütün aspektlərində
2
elmi tədqiqatlara da yol açır. Ötən əsrin II yarısından başlayaraq bu və ya digər
elmi fənn çərçivəsində və səlahiyyətləri hüdudunda kommunikasiyanın
nəzəriyyəsi işlənməyə, formalaşmağa, sosial-maddi sistemin ən müxtəlif
sahələrində elmi status almağa başladı. Kommunikasiya bir çox elmləri özündə
birləşdirdi, müasir elmi biliyin kompleks və fənlərarası sahəsi kimi öz təsdiqini
tapdı.
Fənnin məqsəd və vəzifələri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə təlim
nəticələrində qeyd olunduğu kimi, əsas məqsəd “qloballaşma şəraitində
Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara
yiyələnmək, kommunikasiyanın forma və funksiyaları, səviyyələri barədə biliklərə
sahib çıxmaq, şifahi və yazılı kommunikasiyalar, habelə nitqə verilən tələblər:
düzgünlüyü, dəqiqliyi, aydınlığı, səlisliyi, təmizliyi, yığcamlığı, sadəliyi,
zənginliyi, rabitəliliyi və digər önəmli məsələlərin rolunu müasir tələblər
səviyyəsində öyrənmək, kommunikativ ritorikanın nədən ibarət olduğunu, ədəbi
dilin üslublarını, aktiv və passiv leksikasını bilmək, rabitə və kommunikativ
strategiyanı, yaradıcılıəq texnologiyalarını mənimsəmək, diqqət, dinləmə, onun
formaları və mədəniyyətinin kommunikasiya növü kimi mahiyyətini öyrənmək
bacarıqlarının önəmini qavramaq, danışıq etikası və müraciət etiketləri barədə
məlumatlara yiyələnmək, təşkil olunmuş nitqin (mühazirə, məruzə, çıxış, spontan)
özünəməxsusluğunu bilmək, müasir Azərbaycan dilinin funksional üslubları
barədə məlumatları və qaydaları öyrənmək, işgüzar ünsiyyətdə məktubların
elektron və onlayn kommunikasiyaları barədə bilikləri zənginləşdirmək, orfoepiya
və orfoqrafiya qaydalarına əməl olunmasının mahiyyətini öyrənmək, işgüzar
ritorika haqqında nəzəri və praktik çalışmalara sahib çıxmaq”, ictimai həyatda
səmərəli davranışları, şifahi və yazılı ünsiyyət vərdişlərini formalaşdırmaq,
mənimsətmək, bütün işgüzar resurslardan istifadə etməklə nitq mədəniyyətini
yüksəltməkdir.