XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş
vergilər birbaşa vergilərdən, rüsumlardan və aksiz yığımlarından ibarət
idi. Qeyd edilən dövrdə Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi
olduğundan vergilər haqqında qanunlar yerli xüsusiyyətlər nəzərə
alınmaqla mərkəzdən verilirdi. Yerli ərazi-idarəetmə orqanları yalnız öz
əraziləri hüdudlarında əlavə vergilər yığa bilərdilər.
Həmin dövrdə vergi sistemi dövlət vergilərindən və yerli
vergilərdən ibarət idi. Dövlət vergiləri mövcud qanunvericiliklə
müəyyən edilirdi və dövlətin bütün ərazisində ödənilməli idi. Dövlət
vergilərinə – dövlət torpaq vergisi, əmlakdan vergi, ticarət və sənaye
vergisi, pul kapitalından vergilər və aksiz vergiləri aid edilirdi. Dövlət
vergiləri Dövlət Xəzinəsinin gəlirlərinin əsas hissəsini təşkil edir.
Yerli vergilər isə yerli ərazi idarəetmə orqanları (quberniya,
vilayət, şəhər, qəza Zemstvoları) tərəfindən müəyyən edilirdi və həmin
ərazi daxilində yığılırdı. Yerli vergilər yerli Xəzinədarlıqla toplanırdı və
yığılmış vəsaitlər yerli polis idarəsinin, yerli idarəetmə orqanlarının,
yerli təhsil, sanitariya və s. idarələrin saxlanılmasına sərf olunurdu. Yerli
vergilərə çox vaxt zemstvo vergiləri də deyirdilər. Yerli vergilərə –
əlavə ticarət və sənaye vergisi, əlavə aksiz vergisi, şəxsi vergilər, tüstü
(həyətbaşı) vergisi, qəssablardan alınan vergilər, zibilxanaların
təmizlənməsi üçün vergilər, çəmən və otlaq yerlərindən istifadəyə görə
vergilər, yoldan istifadəyə görə vergilər və s. aid idi.
Rusiya İmperiyasında vergitutma sahəsində ilk növbədə dövlət
xəzinəsinin maliyyə vəsaitlərinə olan ehtiyaclarının maksimum təmin
olunması məqsədi güdürüldü.
Keçən əsrin vergisi sisteminin ən başlıca nöqsanlarından biri ölkə
əhalisinin aztəminatlı yoxsul hissələrinə vergi güzəştlərinin olmaması və
ya bu güzəştlərin səviyyəsinin çox aşağı olması idi. Həmin dövrə xas
olan digər cəhətlərdən biri də bu idi ki, zadəganlar, adlı-sanlı nəsildən
olan şəxslər vergi güzəştlərinə malik idilər və miyonlarla gəlirlərə malik
olmalarına baxmayaraq, onlar daha az vergi verir və dövlət məmurları
ilə daha tez dil tapa bilirdilər. Yoxsullar və orta təbəqənin
nümayəndələri isə ağır vergi yükü altında əziyyət çəkirdilər. Bu isə ilk
növbədə birbaşa vergilər və həddindən artıq müxtəlif olan rüsumlarla
əlaqədar idi. Bu dövrdə olmuş vergilər təsərrüfat fəaliyyətinin və mülki
münasibətlərinin müxtəlif sahələrini əhatə edirdi və mövcud
qanunvericilik tənzimlənirdi.
Dostları ilə paylaş: