ərazisində SSRİ-nin vergi qanunları qüvvədə olduğundan onlara ayrıca
nəzər salınması məqsədəuyğundur.
1917-ci il inqilabından sonra Sovet dövlətinin əsas gəlirləri pul
emissiyası, təzminatlar və ərzaq sapalağı idi. Buna görə də ilk sovet
vergiləri heç də böyük fiskal əhəmiyyət kəsb etmirdi və açıq-aşkar sinfi
mübarizə xarakteri daşıyırdı. Məsələn, Xalq Komissarları Sovetinin
1918-ci il 14 avqust Dekretinə əsasən Qırmızı Ordu döyüşçülərinin
ailələrini təmin etmək məqsədi ilə muzdlu işçiləri olan xüsusi ticarət
müəssisələri sahiblərindən birdəfəlik rüsum tutulurdu. 1918-ci il 30
oktyabr tarixli Dekretlə şəhər burjuaziyası və qolçomaqlar üçün
birdəfəlik fövqəladə on milyardlıq inqilabi vergi daxil edildi. Sovet
dövlətinin maliyyə sisteminin quruluşu V.İ.Leninin 1919-cu ildə
söylədiyi aşağıdakı fikrə əsaslanırdı: “Maliyyə sahəsində RKP imkan
yarandıqca bütün hallarda gəlir və əmlak vergisini həyata keçirəcək”.
İlk vergi islahatları Yeni İqtisadi Siyasət (YİS) dövrünə təsadüf
edir. Sovet dövlətində yeni iqtisadi münasibətlərə keçid V.İ.Leninin 15
mart 1921-ci il tarixli “Ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsi
haqqında” məruzəsindən sonra başlandı. Elə həmin dövrlərdə Sovet
dövlətinin vergi sisteminin əsasları qoyuldu.
1923-1925-ci illərdə aşağıdakı vergilər fəaliyyətdə idi: birbaşa
vergilər – kənd təsərrüfatı vergisi, istehsal vergisi, gəlir vergisi, renta
vergisi, gerb rüsumu, vərəsəliklə keçən əmlakdan vergi. Vasitəli vergilər
– aksizlər və gömrük vergisi.
Birbaşa vergilər maliyyə siyasətinin əsas aləti idi və dövlət
büdcəsinin gəlirlərinin artımının əhəmiyyətli amilinə çevrilmişdi. Büdcə
daxilolmalarının 1922-1923-cü illərdə 43%-ni, 1923-1924-cü illərdə
45%-ni, 1925-1926-cı illərdə isə 82%-ni birbaşa vergilər təşkil etmişdir.
Bütün sənaye və ticarət müəssisələri, sənətkarlıq və digər istehsal
fəaliyyətləri istehsal vergisinə cəlb olunurdu. Verginin həcmi mal
dövriyyəsinin 1,5%-i miqdarında idi. Yeyinti sənayesində bu vergi 1,5-
2%, zinət əşyaları üçün isə 2-6% intervalında idi.
Gəlir - əmlak vergisi həm fiziki, həm də hüquqi şəxslərdən
tutulurdu. Əmlak vergisi hər şeydən əvvəl kapitala qoyulan vergi idi.
Dövlət müəssisələri əmlak vergisindən azad idi, lakin 8% həcmində gəlir
vergisi ödəyirdilər. Əmlak vergisi mütərəqqi xarakter daşıyırdı, yəni
kapitalın həcmi artıqca verginin dərəcəsi də artırdı. Bunun da
nəticəsində kapitalın istənilən birləşməsi verginin bir neçə dəfə
artmasına səbəb olurdu. Belə vergi boyunduruğu kapitalın
təmərküzləşməsinə əngəl törədirdi.
Dostları ilə paylaş: