K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə41/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   37   38   39   40   41   42   43   44   ...   79
Gəncliyin fəlsəfəsi

«…Qəlbin dərrakəsi ilə
danıĢan filosof…» 
 
profSəlahəddin Xəlilovun
«Məhəbbət və intellekt. Fəlsəfi esselər»
kitabı haqqında düşüncələr 
 
 
Tanınmış Azərbaycan filosofu, professor Səlahəddin 
Xəlilovun «Məhəbbət və intellekt. Fəlsəfi esselər» adlı yeni 
kitabı işıq üzü görüb. «Elmdən texnikaya və mənəviyyata», 
«Elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri», 
«Fəlsəfədən siyasətə», «Lider. Dövlət. Cəmiyyət», «Təhsil, 
təlim, tərbiyə», «Şərq və Qərb. Ümumbəşəri ideala doğru» 
və s. kitablarında qlobal məsələləri, cəmiyyətin inkişafı 
problemlərinin həllini, elmin, mədəniyyətin qanunauyğun-
luqlarını araşdıran bir alimin daha çox bədii ədəbiyyatın 
müzakirə obyekti olan, hətta bəzən şairlərin təxəyyülünün 
meyvəsi hesab edilən məhəbbət mövzusuna (bu, intellekt 
kontekstində olsa belə!) müraciət etməsi məndə müəyyən 
dərəcədə heyrət və maraq doğurdu.
Müəllif etiraf edir ki, o, hələ 30 il qabaq məhəbbət və 
intellekt haqqında yazmaq istəmiş, lakin müəyyən səbəblər-
dən fikrindən daşınmışdır. Maraqlıdır ki, söhbət «əqllə sərin-


-138 -
ləşdirilən yanar məhəbbətdən» (s. 109) gedir, yəni intellektin 
məhəbbətindən və ya məhəbbətin intellektindən! Filosofun 
öz sözləri ilə desək, o, «sosial müstəvidə məhəbbətin 
duyğusal komponenti ilə yanaşı, əqli komponentinin də 
inkişafı» olan şəxsiyyət azadlığının yüksək təzahüründən (s. 
106-107) yazır. 
Kitabın məzmunu ilə tanışlıqdan belə məlum olur ki, 
məhəbbət bu gün elm və mədəniyyətin ən aktual və həlli 
vacib problemləri qədər əhəmiyyətli, hətta onlardan bir pillə 
yuxarıda dayanan bir fenomendir. Onun haqqında məhz bu 
səviyyədə və bu kontekstdə danışmaq məhəbbətin əsl 
mahiyyətini açıqlaya, onu bu gün düçar olduğu bayağılıqdan, 
səviyyəsizlikdən, çürüntülərdən təmizləyə bilər. Hələ neçə il 
əvvəl S.Xəlilov məqalələrinin birində yazırdı: «Gözümüzün 
qabağında zəmanə eşqi ehtirasın ayağına verir. Yeni 
«aşiqlər» peyda olur və dinə, millətə, adət-ənənəyə meydan 
oxuyur. Həyat bayağılaşır. Böyük ideallar qərbləşmək 
pərdəsi altında qurban Verilir. Amma Qərb heç biz 
sandığımız deyil. Daha çox bayağılaşan əslində çağdaş 
Şərqdir» (s. 102).
1
Görünür, illər sonra problemin nəinki həll 
edilmədiyini, əksinə, get-gedə böyüdüyünü, uçurumun daha 
da dərinləşdiyini görən filosof bu məsələyə ayrıca bir kitab 
həsr etməyi qərara almışdır və o, özünün bu addımını 
C.Cübranın bir fikri ilə əsaslandırır: «Həyat onun qəlbini 
oxumağı bacaran müğənni tapa bilməyəndə, onun dərrakəsi 
ilə danışan filosof yaradır» (s. 7).
1
Хялилов С. Тящсил, тялим, тярбийя. Бакы, «Азярбайжан 
Университети» няшриййаты, 2005, с. 472. 


- 139 -
Müəllifin bildirdiyinə görə, «bu kitab öz məhəbbətini 
dərk etməyə çalışmayanlar, yaxud məntiq çərçivəsində mə-
həbbəti imitasiya etməyə çalışanlar haqqında, formaları, 
tərkib hissələri və digər mənəvi hadisələrlə əlaqəsi haqqında 
esselər toplusudur» (s. 5). Belə bir incə mövzu haqqında dü-
şüncələrini təqdim etmək üçün filosofun məhz bu üslubu 
seçməsi, zənnimcə, kitabın məzmununa müvafiqdir. Belə ki, 
yüz ölçülüb bir biçilən, mürəkkəb fəlsəfi sistemləri, 
konsepsiyaları ehtiva edən monoqrafiyalardan fərqli olaraq 
esse daha kiçik həcmli olsa da, bir hissin, bir duyğunun 
nəticəsi kimi daha konkret, daha sadə və daha səmimi olur.
«Məhəbbət və intellekt» kitabında altı esse var və mü-
əllif məhəbbəti idrak prosesi işığında, dinlə müqayisədə və s. 
kontekstlərdə şərh etsə də, onun mahiyyətini elə birinci 
essenin ikinci cümləsində açır və onu ünsiyyətin ən ali 
forması olan «qəlblərin təması» (s. 11) adlandırır.
«Məhəbbət duyğusu» adlı ilk esse sıraca birinci gəlsə 
də, güman etmək olar ki, yazılma tarixinə görə o, digər-
lərindən sonradır. Belə deməyə mənə əsas verən, burada mü-
əllifin məhəbbət haqqında fikirlərinin bir növ yekunlarını, 
gəldiyi nəticələrini təqdim etməsidir: «Məhəbbət digər 
duyğularla yanaşı, müstəqil mövcud olan sadə duyğu kimi. 
Altıncı duyğu! Kimdə isə var, kimdə isə yox. Məhəbbət – 
qəlb yarımçıqlığından doğan bir hiss – tamamlanmaya 
ehtiyac… Məhəbbət – yarımçığın bütövləşmək əzmi! 
Məhəbbət – hissənin tama, yarımçığın bütövə doğru 
hərəkəti! Məhəbbət – vahidin əzəmətinə, bütövün gö-
zəlliyinə, tamın harmoniyasına heyranlıq!» (s. 21). Yuxarıda 
da bildirdiyimiz kimi, kitabda məhəbbətlə bağlı ən ali və ən 


-140 -
aşağı məsələlər müzakirə və təhlil edilir, birinci esse isə 
özündə ümumiyyətlə kitabın ruhunu ehtiva edir. 
Kitabda vurğulamaq istədiyimiz ilk əhəmiyyətli xüsu-
siyyətlərindən biri müəllifin məhəbbət fenomenini Şərq və 
Qərb kontekstində şərh etməsidir. Düzdür, bu problem so-
nuncu essedə ayrıca təhlil edilir, lakin Şərq və Qərb təfək-
kürlərinin (burada həm klassik, həm də müasir dövr əhatə 
edilir) məsələ ilə bağlı qarşılaşdırılması və müqayisəsi bütün 
kitab boyu davam edir.
Hər şeydən əvvəl bildirim ki, S.Xəlilovun mövqeyi bir 
şərqli mövqeyidir. Bu, apardığı müqayisəli təhlillərdən düz-
gün nəticə çıxardan, məsələni vəziyyətə, şəraitə, dövrə, sə-
bəblərə müvafiq olaraq araşdırıb dəyərləndirən bir mövqedir. 
Ola bilsin ki, S.Xəlilovun məhəbbət haqqında düşüncələri 
şərqli təfəkkürünün məhsuludur deməyim bəzi oxucular 
(hətta 
müəllifin 
özü 
belə!) 
tərəfindən 
birmənalı 
qarşılanmasın. Fikrimi və ehtimal olunan mənfi münasibət-
lərin yersizliyini əsaslandırım.
S.Xəlilovun mövqeyi klassik Şərqə yeni baxışdır, yəni 
o, öz düşüncələrini hazırda dəbdə olan avropalaşmaya deyil, 
müdrik Şərqə üz tutaraq əsaslandırır. Eyni zamanda, o, müa-
sir dövrdə bir çox məsələlərdə Şərqdən daha aktiv olub onu 
arxada qoyan Qərb təcrübəsini milli-mənəvi invariantlarda 
təqdim etməyə çalışır, Qərbin müsbət cəhətlərini «şərqləşdi-
rir». Bəli, məhz Qərbi təqlid etməkdən çəkindirirək, orada 
mövcud olan xeyirli xüsusiyyətləri Şərqə gətirmək niy-
yətindədir.
Bundan başqa, məhəbbətin öz mahiyyətinə layiq yük-
sək qiymətini məhz Şərqdə aldığını, həqiqi eşqdən yazmaq 
istəyəndə Qərbin bu gün də Şərq mütəfəkkirlərinə üz 


- 141 -
tutduğunu nəzərə alsaq, dediyim sözləri palçığa batmış bir 
dürrdən çoxları kimi S.Xəlilovun da üz döndərmək əvəzinə, 
onun dəyərini anlayıb, onu təmizləyib yenidən parlatmaq 
istəyi kimi də yozmaq olar.
Bunu belə desək yəqin daha doğru olar: müəllif Qərb-
də aşkar, Şərqdə isə hələ də sirli pərdə arxasında saxlanılan 
və bu səbəbdən də acınacaqlı şəkildə təhrif edilən ülvi 
hisslərin üzərindən «pərdəni» qaldırmağa çalışır. Ancaq o 
bunu Qərbdəki kimi ifrata varmadan edir. Məsələn, şərqli 
qadınların da qərbli həmcinsləri kimi öz hüquqlarını bilib 
alçalmamaqlarının tərəfdarı olmaqla yanaşı, filosof onu da 
vurğulayır ki, «bakirəlik də, mənəvi saflıq, təmizlik də 
gözübağlı saxlanmaqla yox, hissləri şüurlu surətdə idarə 
edəcək bir səviyyəyə yüksəliş sayəsində qorunub 
saxlanmalıdır. Lakin yüksəliş özünü açmaqla, açıq-saçıq 
olmaqla qarışıq salınmamalıdır. Çadranın atılması müstəqim 
mənada başa düşülməməli, üzlərin yox, gözlərin açılması ön 
plana çəkilməlidir» (s. 121). 
S.Xəlilov məhəbbət (iki şəxsin münasibətindən tutmuş, 
vətəndaş sevgisinə qədər), ailə məsələləri ilə bağlı Qərbdə 
görülən işləri, atılan addımları bəyənsə də, oradakı kimi mə-
həbbəti yerə endirmir, klassik Şərq şairləri kimi insanı 
yüksəyə qaldırır: «Sevgini sevgidən başqa cür duymaq 
mümkün deyil… Məhəbbətin duyulması yenə məhəbbətdir. 
Bütün qalan hallarda tərəf-müqabil sənin həqiqi böyük 
sevgindən, hisslərinin dərinliyindən xəbərsizdir. O, sənin 
münasibətini ancaq bir fakt kimi, hadisə kimi dərk edir, 
amma hiss etmir. Çünki qəlbdən qəlbə hələ yol yoxdur. 
Yolun olması isə qarşılıqlı məhəbbət adlanır» (s. 24).


-142 -
Müəllif Qərbin «planlaşdırılmış ailələrindən» fərqli 
olaraq ailənin bir harmoniya, kamilliyə aparan yolun bir 
mərhələsi olduğuna əmindir: «Bütövlük ancaq insan təbiə-
tinin fərqli təzahürlərinin birləşməsi sayəsində əldə edilmiş 
olur. Birliyə, vəhdətə, harmoniyaya meylin əsasında isə, bir 
tərəfdən, genetik-bioloji yaradıclıq instinkti dayanırsa, digər 
tərəfdən, bu, insanın təbiətə, daha doğrusu, təbiətdəki 
ahəngə, harmoniyaya məftunluğunun xüsusi halıdır. İnsan 
təkcə tərəf-müqabillə deyil, onun simasında dünya 
harmoniyası ilə vüsal tapmağa çalışır…» (s. 85). 
S.Xəlilov Qərb və Şərq ailələri arasında kiçik, ancaq 
məsələni kifayət qədər açan bir müqayisə də aparır: «Qərbdə 
evlənənlərin istifadəsində real ictimai mühitdən, hakim 
mənəvi dəyərlər sistemindən, üstün ictimai rəydən, ailə 
iqtisadiyyatından, hətta psixoloji və fizioloji bilgilərdən çıxış 
edən, əməli həyatda yararlı, mükəmməl bir ailə-məhəbbət 
təlimi vardır» (s. 98). «Şərqdə isə «normal məhəbbət» 
konsepsiyası yaradılmayıb; görünür, bir əskiklik sayılıb. Ona 
görə, ailə quran gənclərin zehnində və əməli istifadəsində 
onlara yardımçı ola biləcək heç bir örnək, təlimat yoxdur» (s. 
99).
Doğurdan da, Şərqdə yazılmayan, ancaq daha böyük 
ciddiyyətlə riayət edilən «daşa yazılı» bir ənənə var və bu-
nun yanında «kağız üzərindəki» qanuna ehtiyac hiss edilmir. 
Eyni zamanda, Şərqdə iki şəxs arasındakı münasibət (hələ 
ailə!) elə sirli, pak bir məqam hesab edilir ki, onun geniş 
müzakirə 
obyekti 
olmasının, 
qanuniləşməsinin, 
sosiallaşmasının onun üzərinə kölgə salacağından ehtiyat 
edirlər.


- 143 -
Qərbdə məsələyə daha rasional və real mövqedən ya-
naşmanın üstünlüyünü bildirən müəllif yazır: «Bəli, Qərb 
sevgisi rasionallaşmış və görünür bunun sayəsində dif-
ferensiallaşmış sevgidir. Yəni ancaq sevginin obyekti də-
yişmir, onun xarakteri də, məzmunu da dəyişir. Məsələn, 
vətən sevgisi daha «ay işığından» deyil, dövlətçilik 
şüurundan, vətəndaşlıq qürurundan qidalanır» (s. 112). 
«Şərqdə də ictimai şüur, mövcud əxlaq normaları, adət-
ənənə məhəbbət hissinə təsir edən amillər sırasındadır, lakin 
burada məhəbbətin fərdilik dərəcəsi, məhrəmliyi yüksək 
olduğundan daha çox iç dünyasına aid olmuş, sosiallaş-
mamışdır» (s. 112-113).
Burada müəllif heç cür fərdilikdən uzaqlaşıb icti-
mailəşə bilməyən insanın müvafiq olaraq öz şəxsi problem-
ləri, mənafeyi çərçivəsindən kənara çıxıb vətəndaş ola bil-
məməsi fəlakətindən danışır. Eyni zamanda, S.Xəlilov ra-
sional mövqenin hazırda Qərbdə necə müsbət nəticələr ver-
diyini faktlarla göstərsə də, bu mövqenin heç də Qərb tə-
fəkkürünün məhsulu, spesifikliyi hesab etmir: «Belə düşün-
mək ki, Şərq həmişə duyğusal olmuş və əqlin rolunu də-
yərləndirməmişdir, – səhv olardı. Əksinə, rasionalizm ilk 
dəfə Şərqdə təşəkkül tapmışdır» (s. 109).
Bunu bilən və şərqlilərə də çatdırmaq, onların yadda-
şını «təzələmək» istəyən filosof bu gün Qərb təfəkkürünün 
məhsulu hesab edilən «insanın hüquq və azadlıqları», «gen-
der» problemlərini H.Cavidin, C.Cabbarlının hələ keçən 
əsrin əvvəllərində qaldırdıqlarını və məhz milli ruha müvafiq 
həll etdiklərini bildirir: «Böyük ədiblərimiz hələ o vaxt bir 
addım qabağa getmiş və cəmiyyətin yaratdığı çəpərləri 
uçurmaq tələbi ilə kifayətlənməyərək istəklərin özünü 


-144 -
yüksək mənəvi pilləyə qaldırmaq, qadağaları könüllülüklə, 
könlün ucalığı ilə əvəz etmək mövqeyindən çıxış etmişlər» 
(s. 121).
Göründüyü kimi, S.Xəlilov istər məhəbbət anlayışına, 
istərsə də ailə münasibətlərinə olsun, hər iki bölgəyə xas fi-
kirləri, ən əsası isə real həyati təcrübənin müsbət və mənfi 
cəhətlərini açıq şəkildə ortaya qoyur və bununla bir növ 
oxucuya düşünmək üçün material verir. Əlbəttə, ilk baxışda 
bir çox hallarda üstünlüyün daha çox Qərbə verildiyini 
düşünmək olar. Lakin bu üstünlük daha sabit bir cəmiyyət 
quruluşuna və bu sabitlikdə məhəbbətə də yer ayrılmasına 
aiddir. Yəni müəllif bir növ məhəbbətin lirik, romantik 
simvoldan daha çox, real həyatın ülvi və gözəl bir parçası 
olduğunu xatırladır və onu quru simvolluqdan, dolayısı ilə 
ikiüzlülükdən xilas olunmasının vacibliyini vurğulayır.
Kitabda vurğulanmalı olan ikinci cəhət məhəbbətin 
«təsnifatının» aparılmasıdır. Yeri gəlmişkən, yuxarıdakı dü-
şüncələrimizin də davamı olaraq bildirək ki, Şərqdə sevgini, 
məhəbbəti həmişə ən gözəl, yüksək ifadələrlə tərənnüm edib, 
soyuq mühakimələri ona «yaraşdırmayıblar». Bu baxımdan, 
S.Xəlilovun «təsnifatını» Qərbə məxsus bir addım kimi də 
dəyərləndirmək olar. 
Müəllif ilk məhəbbət, eyniyyət məhəbbəti, tamamlama 
məhəbbəti kimi növləri göstərməklə yanaşı, hər birinin həm 
müsbət, həm də mənfi tərəflərini göstərir. Məsələn, ilk 
məhəbbət zamanı «duyğuların qapanmasını, elektrik-
lənməsini, canlanmasını, …əslində özündə qapanmasını» (s. 
25) nəzərə alaraq, onu «qısa qapanma» adlandırır. 
Maraqlıdır, çoxlarının ülvi hisslər kimi göylərə qaldırdığı, 
paklığını, ülviliyini ön plana çəkdiyi bir məhəbbətdə müəllif 


- 145 -
məhz onun qısa müddətliyini, faydasızlığını, hətta təh-
lükəsini vurğulayır!
Valideyn məhəbbətini isə «yaradıcılıq məhəbbətinə» – 
«yaradanın öz yaratdığına sevgisi»nə bənzədir və onun «ge-
netik eyniyyət duyğusundan yaranmaqla yanaşı, həm də nar-
sisizm» (s. 74) olması qənaətinə gəlir.
Digərlərindən öz dərinliyi, insanın «mən»inin kamil-
ləşməsində oynadığı rolun əhəmiyyətinə görə fərqlənən «ta-
mamlama məhəbbətini» müəllif daha ali bir hiss kimi təqdim 
edir, çünki o, «ümumdünya cazibəsinin də, bəşər nəslinin 
davam etməsinin də əsasında durur. Və bu hiss mənəvi 
dünyanın qeyri-şüuri fəzasına aiddir. Onun yaranması da, 
uğurla sonuclanması da taleyin, qədərin işidir» (s. 80).
İlk baxışda ziddiyyətli görünə biləcək daha bir məqam 
– əksər Şərq mütəfəkkirlərinin ciddi tənqidə məruz 
qoyduqları, ona qarşı mübarizəyə çağırdıqları şəhvət hissinə 
S.Xəlilov «yuxarıdan aşağı baxmağın, onu ancaq hey-
vaniliyin təzahürü hesab etməyin tərəfdarı deyil… Bu hissi 
anlamağın, dərk etməyin» (s. 85) zəruriliyini iddia edir. Bu 
«dərkin» nəticəsi kimi də şəhvəti heyvani və insani 
mərhələlərə ayırır. «Mahiyyət etibarı ilə iradənin daxili 
nəzarəti itirməsi, beyinin dumanlanması» (s. 83) olan hey-
vani instinkt və «ülvi hisslərlə təmasda incələşən, nəcibləşən, 
gözəlləşən; bir utancaqlıq, bir xəfiflik, hətta bir həya ilə 
tamamlanan» şəfqət və ülfət məqamı (s. 83) olan insani 
şəhvət. 
Məhəbbətin bütün növlərində eyni olan iki məqamı 
vurğulamaq, zənnimcə, onların həqiqi mahiyyətinin açılma-
sına kömək edir. Məhəbbətin dəyəri məhz onun ağılla nis-
bətindən asılıdır. Söhbətin mövzusu ənənəvi «kor məhəbbət» 


-146 -
deyil, ağıllı, gözüaçıq məhəbbətdir, çünki «mənəviyyatsız 
adamın ağıllı olması ziyan verdiyi kimi, ağılsız adamın da 
hissiyyatının güclü olması ziyanlıdır» (s. 108).
Nəhayət, «Məhəbbət və intellekt»in vurğulanmalı olan 
ən əhəmiyyətli tərəfi burada ilahi eşqə xüsusi yerin ay-
rılmasıdır. S.Xəlilov yalnız ilahi eşqdən yazmır! Bu eşq bü-
tün kitab boyu bütün məhəbbət növlərinin, ona rasional və 
irrasional münasibətin kökündə durur, gah açıq-aşkar, gah da 
sətiraltı. 
Yeri gəlmişkən, kitabın ən əhəmiyyətli tərəfi deməklə, 
biz heç də digər cəhətlərin əhəmiyyətsizliyini vurğulamaq 
istəmirik. Məsələ burasındadır ki, ilahi eşq bütün sevgilərin 
zirvəsi, kamillik nöqtəsi, onların tükənməyən mənbəyidir. 
Eyni zamanda, onların saflığını, ülviliyini qoruyan, nə qədər 
qəribə səslənsə də, aydın təfəkkürlə əlaqələndirən mövkəm, 
qırılmaz bir bağdır. Qloballaşmanın, elmin, texnikanın 
yüksək templə inkişaf etdiyi, iqtisadi, siyasi hökmranlığın 
artdığı bir dövrdə ilahi eşqi gündəmə gətirmək, nəinki 
gətirmək, həm də onu soyuq qərbli məntiqilə təhlil etmək, 
bir 
növ 
məhəbbətin 
əsl 
mahiyyətini, 
məqsədini 
göstərməkdir: «eşq səviyyəsində idrak bütün insanlara aid 
olan hissi və məntiqi idrakdan yüksəkdə durur – idrakın ali 
məqamına aparır. Bu pillə daha çox dərəcədə idrakın sezgi 
və vəhy məqamlarına uyğundur» (s. 31-32). Eşqi ucaldan 
ağıl və ağılı kamilləşdirən eşq! Eşqin ömrünü insan ömrü 
qədər uzadan ağıl, ağıla yeni idrak qapıları açan eşq! Gözəl 
harmoniyadır! S.Xəlilov bu ali harmoniyadan danışır!
Hər hansı bir fikir söyləməzdən əvvəl onu da mütləq 
qeyd edim ki, söhbət, müəllifin öz sözləri ilə desək, «ruhların 
transformasiyasından, psevdoməhəbbətdən, ruh oğur-


- 147 -
luğundan» (s. 27), yəni özündən əvvəlki mütəfəkkirlərin 
sözlərini mexaniki (nə qədər yüksək bacarıqla olsa da) 
ötürülməsindən getmir, S.Xəlilovun özünün «bütövə daxil 
olaraq bütövləşmək, vahiddə itərək vahidləşmək! Tamın 
harmoniyasına daxil olmaq, harmonik aləmin sakini olmaq!» 
(s. 21) istəyindən və buna can atmasından gedir.
Məhəbbətin öz ayaqlarını yerə bərk basmasını (Qərbdə 
olduğu kimi) istəyən müəllif onun ruhunun idealını başqa, 
uca bir məkanda axtarır: «Ən böyük ideal Allahı ehtiva 
etmək deyil, Allah duyğusu ilə ehtiva olunmaq, ona 
tapınmaq, Ona sığınmaqdır. …Nəfs pillələri ilə qalxaraq 
(«nəfs üzərində qələbə çalaraq») ruh aləminə qovuşmaq, 
vəhy məqamına çatmaq, özünün Haqq olduğunu deyil, 
Haqqa qovuşduğunu, onun bir parçasına çevrildiyini 
anlamaq duymaq – budur böyük səadət, budur kam almaq və 
budur kamala çatmaq!» (s. 69).
Göründüyü kimi, S.Xəlilovun düşüncələri bir növ ənə-
nəvi müdrik Şərqin, təsəvvüfün eşq konsepsiyasının davamı 
kimi səslənir: «Bizim əsl saf məhəbbət hesab etdiyimiz 
duyğu ənənəvi olaraq «platonik məhəbbət» adlandırılsa da, 
nə Platon, nə də digər qədim filosoflar (elə sonrakılar da – 
K.B.) sufilərin eşq konsepsiyası ilə müqayisə edilə biləcək 
hər hansı monumental təlim yaratmamışlar» (s. 7). Lakin 
müəllif yalnız qədim ənənənin kor-korana davamçısı kimi 
çıxış etmir. O, burada sufilərin əsas prinsiplərindən birinə 
nisbətən fərqli və özünəməxsus şərh verir: sufilər bir damla-
nın dəryaya qovuşmasından danışdıqları halda, S. Xəlilov 
bildirir ki, «fərdi məhəbbətin ilahi məhhəbətə qovuşması iki 
damlanın əvvəlcə bir damlada birləşməsi və dəryaya birlikdə 
qatılması kimidir… Ruhun ruha qovuşması daxili mənəvi 


-148 -
yüksəliş gətirir» (s. 51-52). Başqa sözlə desək, müəllif təcrid 
olunmaqdan, zahidlikdən yazmır. Onun sevgisi cəmiyyətin 
bir üzvünün, eyni zamanda, ülvi bir mahiyyətə malik İnsanın 
sevgisidir.
Bu, nə Qərbdəki kimi insanı yalnız maddiyyat çərçivə-
sində saxlamaqdır, nə də Şərqdəki kimi onu ancaq göylərdə, 
xəyallarda yaşatmaq! Bu, insanı göylərə qaldıran ilahi eşqin 
yerdə başladığına məntiqli şəkildə inandırmaqdır! Doğurdan 
da, kamilliyə yol zahirdən batinə, rasionaldan irrasionala 
istiqamətlidirsə, eşq niyə fərqli yol keçməlidir ki?! 
«Qovuşma təcrübəsini» (idrak prosesini) mərhələ-mərhələ 
yaşaması damlaya qovuşmanı daha dərindən dərk 
etdirməzmi?! 
Beləliklə, «Məhəbbət və intellekt» haqqında düşüncə-
lərimizə xitam verərək bildirək ki, S.Xəlilovun kitabında 
həm insana ilahi eşqi yaşadan ruh, həm də bu ruhla qoşa 
inkişaf edən və mənəviyyatı zənginləşdirən bir təfəkkür 
təhlil edilir. Müəllif Qərbdə yerlə sürünən, Şərqdə isə xə-
yallardan heç cür real həyata keçə bilməyən məhəbbətin 
əslində maddi bədəni ilə bu dünyanın, ruhu ilə ilahi aləmin 
sakini olan insanın əsl mahiyyətini təşkil etdiyini göstərir; 
cəmiyyətin inkişafına xidmət etməyin, öz hüquqlarını 
tanımağın, məhəbbəti dərk etməyin ilahi eşqi yaşamağa 
nəinki maneçilik törətmədiyini, hətta bu rasional addımların 
kamilləşməyə aparan yolda zəruri bir mərhələ olduğunu 
təsdiqləyir. 
Bundan başqa, S.Xəlilovun kitabı bir növ Şərqə yeni 
ruh vermək cəhdidir. Son zamanlar Qərb müasirləşmənin, 
yüksək inkişafın, Şərq isə geriliyin, fanatlığın, durğunluğun 
az qala simvoluna çevrilməkdə və bu rəy get-gedə 


- 149 -
sabitləşməkdədir. Müəllif həm Qərbə, həm Şərqə məxsus 
yüksək keyfiyyətləri göstərməklə yanaşı gənclərə – sevib-
sevilmək çağında olanlara yeni bir yol da göstərir. Başqa 
sözlə desək, filosof inkişaf üçün müasir Qərbə deyil, klassik 
Şərqə də deyil, müdrik Şərqin ülvi ruhu ilə sabit Qərb 
təfəkkürünün vəhdətini yaratmağı tövsiyə edir.


-150 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin