- 165 -
ləçəyindənmi, bir pıçıltının hənirindənmi, bir təbəssümün
cazibəsindənmi, bir çatılmış qaşın düyünündənmi… Tapır,
üsuluna, şəraitinə baxmadan. Sən təəccübdən, heyrətdən
içini çəkəndə o nəfəs ciyərinə dolur və qanınla bütün
bədəninə yayılır. Hər şeyə bir yeni rəng verir, hər şey sanki
təzələnir. Baxışların, eşitməyin, hissiyyatın dəyişir, itiləşir,
həssaslaşır. Göydə uçan quşun qanadlarının xışıltısını
eşidirsən, suda üzən balığın qovaqcığının hava ilə dolub onu
günəş işığına qaldırdığını hiss edirsən, bir udum nəfəsə
həsrət qalan könüllərin susuz torpaq kimi çatladığını
görürsən…
O bir udum nəfəs üçün indiyə qədər necə yaşadığına
təəccüb edirsən, onun səni tapmasına sevinirsən, onun yalnız
bir udum olmasına təəssüf edirsən. Bircə anın içində hisslər
qarışır bir-birinə. Çalışırsan vaxtı dayandırasan ki, o nəfəs
sənin içində qalsın, onu itirməkdən qorxursan. Amma o bir
udum nəfəs çox kiçikdir, nə əllə tutulmaz, nə zamanla.
Bircə udumluq nəfəs içinə girir, çıxanda isə bütün ca-
nını çıxardır. Bəlkə də canın özü ondan qopa bilmir, onunla
bərabər getmək istəyir.
O bir udum uçur… ancaq hikməti qanında qalır, ömrü
boyu dolanır. Əvvəllər varlığından xəbərsiz olanda heç nəfəs
aldığının fərqində belə deyildin. İndi o bir udumun həsrətini
çəkə-çəkə geniş dünyada boğulursan, hey o bir udumu
axtarırsan. Bu, başqa nəfəslərə qarşı insafsızlıq deyilmi? Bu,
bir an, bir udum naminə ömrünü qurban vermək deyilmi?
Bəlkə də belədir… yəqin elədir. Ancaq o bir udum nəfəsi
ciyərinə çəkən üçün bunların heç bir fərqi yoxdur.
Boğulmağın dadını bilən üçün o bir udumun qiyməti yoxdur.
Dostları ilə paylaş: