***
238
Xaqani küçəsindəki ZAQS idarəsinə getdim. Hər ikisinin
pasportunu təhvil verdim.
Həmin o pasportları ki, orda doğulma tarixləri haqda,
evlənmə tarixləri haqda, mənzilləri haqda qeydlər var.
Moskvanın, səfər etdikləri başqa şəhərlərin möhürləri var.
Övladlarının adları var.
Bütün ömürlərinin nişanələri toplanmış iki nazik kitabçanı
təhvil verdim – əvəzində mənə ölümləri haqqında iki
şəhadətnamə təqdim etdilər.
***
Televiziyada rejissor Ramiz Mirzəyev anam haqqında çox
təsirli bir veriliş hazırladı.
Zemfira verlişə baxa-baxa ağlayırdı:
–Hər halda xoşbəxt adam idilər, – dedi, – bir-birlərini
sevirdilər, övladlarından razıydılar, nəvələrini gördülər. İndi
özləri yoxdur, şerləri, mahnıları, kitabları qalıb, səsləri qalıb.
Küçədə tanımadığım bir nəfər məni saxladı:
–Rəsul müəllim axıracan öz sözünü dedi getdi: "Vətəndən
də püşk olarmı, pay olarmı?" Niyə başa düşmək istəmirdik ki,
şairlər başqa insanlara bənzəmir, şairin bəzən nazını da çəkmək
lazımdır, şıltağına da dözmək lazımdır.
Bir idarədə işləyən yaşlı qadın mənə bu cür təskinlik verirdi.
–Çox da ürəyinizə salmayın, – deyirdi. – Müğənni X-in lap
cavan oğlunu öldürüblər, bax, bu yaman dərddir. Amma sizin
atanızı bir gör necə büsatla, cah-cəlalla dəfn elədilər. Siz də
deyirsiz...
–Mən heç nə demirəm, – onun sözünü yarımçıq kəsdim, –
xahiş edirəm, siz də heç nə deməyəsiniz...
Elə bil birinin dərdini başqasının dərdiylə tutuşdurmaq,
hansı ümumi ölçülərləsə ölçmək olar. Guya itkinin ağırlığı
yaşın, sinnin azlığı – çoxluğuyla ölçülür. Guya kiminsə ən
dəhşətli müsibəti sənin möhnətini kiçildə bilər...
Bir gecə kitablarımı sahmana salarkən vərəqlər arasından bir
kağız düşdü. Anamın xəttiydi. Haçansa atama yazmışdı:
239
"Termos mətbəxdə, çörək isə qazandadır",
Atamın "Qədim əlyazması" adlı bir şeri var.
Varaqlar solğun, sarı.
Səhifələrin neçəsi pozulub;
neçə-neçə varağın kənarı
illərin ağırlığına dözməyib,
ovxalanıb, toz olub.
Lakin
xəfif bir təbəssüm,
bir gilə göz yaşı,
arzular, ümidlər qalıb.
Anamın bu xırda məişət kağızında nə təbəssüm var, nə göz
yaşı, nə ümid. Hardansa gecə gec qayıdan atam üçün adi bir
məlumat yazıb: termos mətbəxdədir, çörək – qazanda.
...bu bir əlcə kağız mənə ən qədim əlyazması qədər
qiymətlidir. Atamın o gecə evə gəldiyini – kağızı gördüyünü,
mətbəxə keçdiyini, termosdan çay süzdüyünü, bir parça çörək
yediyini – gözlərim qarşısında canlandırıram.
Başımı qırxdırmaqçün kitab pasajının yanındakı balaca
bərbərxanaya girirəm. Dəllək:
–Atan rəhmətliyin də başını, üzünü həmişə mən qırxardım, –
deyir.
İşə başlayır. Düşünürəm: bir neçə ay bundan qabaq bu əllər
atamın başına, üzünə toxunub.
"Hörmətli Anar!
Yəqin ki... yazılarınız üçün oxuculardam çoxlu məktublar
alırsınız. Demək olar ki, bütün yazılarınızı oxumuşam. Amma
etiraf edim ki, mən poeziyanı nəsrdən daha çox sevirəm. Mənə
elə gəlir ki, mənim poeziyaya vurğunluğum sevimli şairim
Rəsul Rzanın:
"Hər kim nə deyir, desin
şer dili aydındır.
İstəyirsən sevincdən,
istəyirsən qəmdən yaz,
240
Elə aydındır bu dil
Nadan yüz yol oxusun
Yenə bir şey anlamaz.
şerilə başlanmışdır. Füzulini də, Sabiri də mənə bu gözəl şair
sevdirmişdir. Nigar xanım öz vüqarı – ilkinə, qızları və
nəvələrinə həsr elədiyi şerlərilə öz ailəsini mənə çoxdan
doğmalaşdırmışdır...
İstər Nigar xanımın, istərsə də onun könül dostu şair
R.Rzanın ömrü "Çinar ömrü"ndə yazıldığı kimi "Heç kəsə baş
əyməyən, yoxuşu şərəfli, enişi dözümlü" həmişə xatirələrdə
yaşayacaq bir ömürdür.
Qərəz, mən onlardan birini şairliklə yanaşı, incə, zərif bir
qadın, ürəyiəsimli bir ana, vəfalı yar-yoldaş, o birini qartal
qanadıyla gənc şairləri mühafizə edib yollarına mayak olan,
bütün insani sifətləri özündə cəm etmiş qranit bir heykəl kimi
könlümün dərinliyində yerləşdirmişəm..
...Çox xahiş edirəm, mümkün hesab etsəniz... ən çox
sevdiyim şairləriminn kitablarını adınızdan mənə hədiyyə
göndərin. Mən onları kitab rəflərimin Füzuli qəzəlləri,
"Hophopnamə"min yanına qoyub, nərgiz və yasəmənlə, bir də
onlara olan sonsuz məhəbbətimlə bəzəyəcəm, inanın.
Hörmətlə
Rəisə Heydərova
layihəçi–mühəndis
Bakı"
"Əziz Anar. Qəlbimə munis olan Rəsul Rzanın və onun
arvadının vəfatını ancaq indicə bilmişəm. Dərindən
sarsılmışam. Böyük dərdinizi sizinlə bölüşürəm. Ürəkdən arzu
edirəm ki, təsəllini yaradıcılıqda tapasınız. Unudulmaz atanızın
yaradıcılığı kimi yüksək və xalqa gərəkli yaradıcılıqda.
Sizin
Marietta
Şaginyan".
"Salam əziz Anar qardaşımız!
Mən sizin ata-ananızın... ülvi ana dilindən süzülən
241
saflıqlarla müqəddəsləşən, kamilləşən, Sizdən xəbərsiz yetişən
sizlərdən çox-çox uzaqlardakı oxucunuz, qərib bacınızam!
Uzun illər bu tayda Şahinin vasitəsilə sizlərin əsərlərinizi
oxuyub ağlamışam! Şahin, mənim qardaşımdır. İki ay əvvəl
Şahin mənə bir lent yazısı göndərmişdi. SSRİ xalqları
ədəbiyyatı dərsində onu qurub dinlədim. Fonda daxil etdim!
Mən ancaq onda bildim. Ağladım. Ailə üzvlərinizin və Sizin
dərdinizə şərik oluram! Əziz bacılarınıza və həyat yoldaşınıza
salam söyləyin.
Keçən payız Təbrizdən Bülbülə qəsəbəsinə bir qoca arvad
getmişdi. O, sizin ananız Nigar xanımı çox istəyirdi. Sizi
axtarıb görə bilməyib. Şahin onu çox çətinliklə Nigar xanımın
məzarı üstünə aparıb. Məzar üstə gül qoyub nənə!
...Mən Şəhriyarın nəvəsinə ana dilindən dərs deyirəm!
Bu torpağı Rəsul Rzanın ev muzeyinə qoymaq üçün onun
nəvəsi gətirib mənə verdi... Sizdən Şəhriyar və mən hər iki
şairin və sizin öz əsərlərinizdən birini xahiş eləyirik Şahinin
vasitəsilə bizə göndərəsiniz. Çox sağ olun.
Hörmətlə,
Çinarə Təbrizdən"
Əziz Anar!
Sənin gözəl qəlbinə dəyən zərbələrə qarşı möhkəm və mətin
dayan. Bağışla ki, başına gəlmişlər və gələnlərə dərhal hay
vermədim. Abbas Abdulla burda idi, onunla sənin haqqında,
sənin ailən haqqında, Rəsul Rza haqqında xeyli danışdıq...
həmişə hay verməsəm də, həmişə səninləyəm.
Məhəbbətlə,
Sənin dostun İvan Draç".
"Əziz qardaşımız Anar!
Azərbaycan sovet poeziyasının görkəmli nümayəndəsi, sadə
və böyük insan, istedadlı və nikbin ruhlu şair, xalqımızın
ləyaqətli oğlu, sevimli atanız (əgər etiraz etməsiniz, həm də
bizim atamız) Rəsul Rzanın ölümü bütün Azərbaycan xalqı kimi
242
məktəbimizin müəllim və şagird kollektivini də hədsiz dərəcədə
kədərləndirmişdir.
...Şagird qələmim mənim sözümə baxmaq istəmir, sanki o da
bu dərd–qəmli ifadələrə inanmır, onları yaza bilmir.
Rəsul Rza elə bir şair idi ki, onun yoxluğuna inanmaq
çətindir. Böyük şairimizin ölümü bütün Azərbaycan xalqını
sarsıtmışdır. Bu qəfil zərbə mənim qəlbimə sağalmaz bir yara
vurdu. O, ana torpağın oğlu idi – ondan ilham alırdı, məzarı
da orda oldu.
Ölüm onun adına yaddır, şairin həyatını xalqımız davam
etdirəcək. Rəsul Rza cismən bizim aramızdan getsə də,
ürəyimizdən heç vaxt getməyəcəkdir.
Bu itki nə qədər ağır olsa da, hər halda iradəli adam buna
dözməyi bacarmalıdır və belə iradə yazıçılar üçün daha
vacibdir. Axı onlar cəmiyyətin fikrini çəkirlər. Yazıçılar
əsərlərini nikbin ruhda yazmalıdırlar. Biz yaxşı bilirik ki,
əsərlərinin süjeti bugünkü həyatımızdan götürülür. Buna görə
də yazıçılar həyatın axınına xələl gətirməmək üçün, öz əsərləri
xatirinə ən böyük kədərlərini belə unutmalıdırlar.
Odur ki, hörmətli yazıçı, biz oxucular sizdən nikbin ruhlu
əsərlər gözləyirik. Nikbin ruhda yazmaq üçün nikbin ruhlu
olmağı bacarmaq lazımdır.
Qoy bu ağır itki Sizin yaradıcılıq əzminizi qırmasın. Rəsul
Rzanın ölümü qoy Sizi bədbinləşdirməsin və Sizin onun idealını
rəhbər tutaraq, onun kimi müvəffəqiyyət əldə etmənizi və daha
böyük uğurlar qazanmağını arzu edirəm. Qardaşımız Anar,
Sizə tükənməz səbr, möhkəm iradə və böyük yaradıcılıq
müvəffəqiyyətləri arzu edirik.
Məktəb kollektivi adından dərin hüzn və kədərlə
Dilşad Osmanova.
Balakən rayonu, N. Nərimanov adına
Mahamalar kənd məktəbi".
Mənim balaca bacım Dilşad. Sadə, mehriban şagird diliylə
243
yazdığın kağızındakı təsəlli sözlərinçün çox sağ ol, mənə
verdiyin ürək-dirək üçün çox sağ ol. Sözlərinə riayət etməyə
çalışaram, iradəmi toplayıb bədbinləşməməyə səy göstərərəm,
nikbin əsərlər yazaram. Atamla anamın ölümündən il yarım
sonra "Evləri köndələn yar" adlı komediya da yazdım hətta,
daha bundan o yana nikbin, şən əsər ola bilməz…
***
Mənə elə gəlir ki, valideynlərimə yaxşı oğul olmuşam: bəlkə
lap uşaqlıq çağlarımda "bu nədir?", "o nədir?", "bu niyə
belədir?" suallarımla bir az zəhlələrini aparmışam. Bəlkə
dəcəlliyim, şıltaqlığım hərdənbir onları yorub. Bəlkə məktəb
illərində pis, ya orta qiymətlərim, tənbəlliyim, illah da musiqi
dərslərindən axsamağım, müəllimlərin tənələri atamı
əsəbiləşdirib, anamın qəlbini ağrıdıb.
Amma böyüyəndən bəri çalışmışam ki, onları heç nəylə
incitməyim. Əgər mən sarıdan nigaranlıq, narahatlıq saatları,
xətərələri olubsa, mənim günahım yoxdur burda. Əlbəttə, mən
tənqid və tənələrə hədəf olanda onlar da ürəklərinə salırdılar.
1967-ci ilin iyulunda "Ağ liman" haqqında kəskin tənqidi
məqalə çıxanda anam mənə bir şer yazmışdı:
Körpəlikdə ayağına daş dəysə
ürəyimə dəysin deyərdim.
Küləyin, tufanın nəfəsi
sənə toxunmasın
məni əysin deyərdim.
İndi ürəyimi yaralayırlar
dinə bilmirəm.
Niyə yaşadım qaldım
bu günə bilmirəm.
Mənə müxtəlif səviyyəli, müxtəlif səpkili hücumlar olanda
atam da bunu ürəyinə salırdı. Amma bu mənim günahım
deyildi. Mən həmişə çalışırdım ki, onları mümkün qədər öz
uğursuzluqlarımdan təcrid edim, mənə atılan daşlardan
mümkün qədər xəbərsiz olsunlar. Çalışırdım ki, onları hər cür
244
ürəkbulandıran söhbətlərdən qoruyum.
İmkanım daxilində Bakıda da, Moskvada da onların ədəbi
işləriylə məşğul olurdum. Xəstələnəndə qayğılarını çəkirdim,
sağalmaları üçün əlimdən gələni edirdim. Vəfatlarından sonra
da xatirələri üçün bacardığımı elədim. Nəyi bacarmadımsa,
bacarmadım, Allah şahiddir...
Hər halda mən onlara heç vaxt pis oğul olmamışam.
Amma...
Amma hər an, hər saat onlar qarşısında günahkar, təqsirkar
olduğumu duyuram. Bu hiss daima mənimlədir, bir an belə
məni tərk etmir, içimi didib tökür.
Özümü günahlı hiss edirəm ona görə ki, sağ qalmışam,
diriyəm, yaşayıram, nəfəs alıram, yeyirəm, içirəm, səfərə
çıxıram, lətifələrə gülürəm, özüm lətifələr danışıram,
dostlarıma, həyata, günəşə, məhəbbətə sevinirəm, kitab
oxuyuram, yazı yazıram: bir halda ki, atamla anam artıq
yoxdurlar.
Həyatın hər bir təzahürü, diriliyimin hər bir bəliri mənim
onlara, dünyadan getmişlərə xəyanətimdir.
Həmin duyumun dəhşəti ondadır ki, bu daimi bir hissdir –
həyatın fasilələri yoxdur, yalnız sonu var. Mən isə nə qədər ki,
sona çatmamışam, yaşamağımın hər anı onlara, yaşamayanlara
xəyanətimdir.
Hətta bu yazım da. Onlardan yazdığım bu yazı da. Onlarsız
yazdığım bu yazı da...
Hərdən gülüşün düşür yadıma,
Hərdən qəmin, məlalın,
Hər şeyi sezə bilən,
Hər şeyə dözə bilən
qəlbin, pərişan halın.
Sakit axan sular kimi
axıb getdin.
Dostlarının ürəyində ağrı buraxıb getdin.
Yenə gələcək bahar,
245
yenə çiçək açacaq çəmən.
Budaqlardan sallanacaq
salxım-salxım yasəmən.
Quşlar
qatar-qatar
Qürbətdən vətənə dönəcək
Günəş yenə dənizdən doğacaq,
dağların dalında sönəcək!
Ağ göyərçin balası kimi
çırpınan kiçik qızın
sevgilisinin sinəsinə yaslanıb
isti göz yaşları
tökəcək səninçin.
Yanıb-yaxılacaq
İçin-için
Sonra həzin bir təbəssümlə
qaldıracaq başını
siləcək göz yaşını.
Yenə dünyada vüsal olacaq.
olacaq acı hicran
Bircə sən dönməyəcəksən,
Dönməyəcəksən getdiyin əbədi yoldan.
(Nigar Rəfibəyli )
"Üzeyir Hacıbəyov" filmi üzərində iş həm xilasım idi, həm
xəyanətim. Xilasım idi, çünki kinonun qarmaqarışıq, hay-
küylü, adamla qaynaşan aləmindən başqa heç bir iş məni içimi
gəmirən fikirlərdən, xatirələrin acısından, bir-birindən ağrılı
anımlardan qurtara bilməzdi. Kino xilasım idi...
Amma kino həm də xəyanətim idi. Axı kinoçəkmə onların
müsibətlərilə birgə başlamışdı, bu müsibətlərlə paralel zaman
yoluyla gedirdi, yüz gün içində bir ölümün itki acısıyla, ikinci
ölümün gözləmə dəhşətiylə qoşa addımlayırdı. Anam sağ idi,
amma bilirdim ki, çəkilişin axırına o da qalmayacaq. Bilirdim
ki, çəkiliş müddətində anamı itirəcəm, basdıracam, yasını
246
tutacam və kino işimi davam etdirəcəm, tamamlayacam. Mən
bunu nəinki bilirdim, mən ayıq, amansız bir praktisizmlə bunu
studiyanın rəhbərliyinə də çatdırmışdım: kino – istehsalatdır,
studiyaya rəhbərlik edənlər əmin-arxayın olmalıdırlar ki,
quruluşçu rejissorun heç bir qəlb sarsıntıları film üzərində iş
qrafikini poza bilməz.
Bilmirəm, zəifliyim idi bu, ya gücüm idi – ancaq çalışırdım
ki, mənim daxili iztirablarım heç vəchlə görməkdə olduğum və
görəcəyim yaradıcılıq işinə təsir göstərməsin. Bu işi – Üzeyir
Hacıbəyov haqqında film yaratmağı – vacib, gərəkli iş
sayırdım. Və sayıram.
Həmin ağır günlərdə filmi çəkməli olan operator mənə zərbə
vurdu. Çəkilişə bir həftə qalmış işləməkdən boyun qaçırdı –
xəstəyəm – dedi.
Məsələ onda deyil ki, hələ neçə ay qabaq mən həmin
operatorla danışmışdım, o, böyük məmnuniyyətlə razılıq
vermişdi. Bu zaman ayrı filmdə məşğul olduğu üçün, mən də
çəkiliş vaxtını məhz elə onun xatirinə neçə ay yubatmışdım və
bu yubadılmış müddət ərzində tale məni belə çətin imtahana
çəkmişdi. Həmin operatorla o ağır günlərdə Şuşaya, natura
seçməyə getmişdim, aktyor sınaqlarını o çəkmişdi. Pavilyonlar
tikilmişdi, çəkiliş başlanmalıydı və elə bu zaman operator
ürəyinin xəstə olduğunu elan etdi...
Filmi dayandıra bilərdilər. Bunu istəyənlər də vardı. Filmin
bağlanması təhlükəsi reallaşırdı. Mən düşünürdüm ki, başıma
gələn bütün bəlalara baxmayaraq, filmi çəkmək əzmindəyəmsə,
kiminsə etibarsızlığı üstündə bu işi bada vermək olarmı?
Operatordan xahiş elədim:
–Onca gün ərzində pavilyonları çək, sonra get istirahətə,
müalicəyə.
Çünki hazır pavilyonların istifadəsiz qaldığı hər gün
qruppaya amansız ziyan verirdi.
Operator razı olmadı. Cavan oğlandı – ziyalı, tərbiyəli,
oxumuş. Rəftarı həlimdir, özü nəzakətli, qanacaqlıdır, yüksək
247
səviyyəli professionaldır – buna söz ola bilməz. Sifətdən də
sifayidir, yapışıqlıdır.
Amma onun sifəti də – son dəfə qəti boyun qaçırdığı
dəqiqələrdə gördüyüm sifəti – o xəstəxanada "mən burda bütün
günü növbə çəkə bilmərəm" deyən cavan, yaraşıqlı həkimin
sifəti kimi hafizəmə əbədi həkk oldu.
Yayda filmlər istehsalının ən qızğın dövründə bütün operatorlar
məşğuldurlar, məşğul olmayanlar da dincəlir, təzə iş üçün qüvvə
toplayırlar. Mənimçün son dərəcə ağır və çətin olan bu günlərdə
studiyada bir nəfər operator tapılmadı ki, yıxılıb böyrü üstə qalmış
filmimizə yardım əlini uzatsın. Tək bircə Zaur Məhərrəmovdan
başqa. Zaur bu vaxt başqa filmdə məşğul idi, amma studiya
müdriyyəti vəziyyəti ona izah edən kimi razılaşdı, iş prosesinə
ortada müdaxilə etdi, (bu isə operator üçün xüsusilə çətin
məsələdir) və qəliz, mürəkkəb bir filmi layiqli şəkildə çəkdi. Bu
yoldaşlıq və insanlıq hərəkəti idi.
Özgə etibarsızlığına aludə olub öz xəyanətimdən gen
düşdüm. Anamın əlacsız xəstə yatdığı günlərdə – ömrünün son
günlərində – kinostudiyada keçirdiyim hər saat anama xəyanət
deyildi məgər? Bəlkə bütün işimi-gücümü təxirə salsaydım,
gecə-gündüz yalnız anamın yatağı yanında olsaydım, günah
hissini bu qədər kəskin duymazdım... "Təxirə salmaq" dedim.
Deməli, çəkilişdən tamam imtina etmirdim, deməli, təxirə salıb
anamın yanında oturmaqla onun sonunu, sonucu – ölümünü
gözləməli olurdum. Gözləyirdim ki, ölümündən sonra çəkilişə
başlayım. Bu da mümkünsüz idi. Oturub gözləmək, ölümü
gözləmək olmazdı...
Anamın dəfn günü əvvəlcədən planlaşdırılmış qrafik üzrə
çəkiliş dəstəsi Şuşaya getdi. Bir həftədən sonra mən də onların
yanına gedəcək və hər cümə axşamı Şuşadan Bakıya
gələcəkdim.
Bir həftədən sonra Şuşaya yola düşdük. Fidangil də
mənimlə getdi.
Axşama yaxın Göyçaya çatdıq, Göyçaydakı evdə – onların
248
evində qaldıq. Alatoranlıq idi. İşıqları, nədənsə, yandırmadıq.
Darvazadan həyətə girib, ev qapılarını açıb otaqlara keçəndə
keçirdiyimiz hissləri təsvir etmək çətindir. Qapının qabağında
onların yumşaq məstləri düzülmüşdü. Rəflərdə dərman
şüşələri, masanın üstündə kənarında qeydlər etdikləri kitablar
vardı, əlyazmaları vardı.
Həyətə düşdüm. Fidan alatoranlıqda ağacların birinin altında
tək-tənha oturmuşdu. İçəri dünyasına çəkilmişdi.
Elə bil ev, həyət Onların danışıqlarıyla, nəfəsləriylə, addım
səsləriylə, ruhlarıyla dolu idi. Yazda həyətdə ağaclar çiçək açardı –
gilas, albalı dəyərdi. Payızda nar, xurma yetişərdi. Atamla-anam
ildə iki-üç ay burda yaşayardılar. Bazar günləri biz də gələrdik –
ətraf nəvələrin səs-küyüylə, qışqırıqlarıyla, gülüşləriylə dolardı,
balacalar ora-bura qaçışırdılar.
İndi buranın yeganə sakini onların yoxluğu idi.
Bakıda, onların evlərinə toplaşarkən bəzən bizdə belə bir
qeyri-iradi illüziya oyanırdı ki, onlar yalnız müvəqqəti
yoxdurlar evdə, hardasa ayrı yerdədirlər, bəlkə elə
Göyçaydadırlar.
İndi biz Göyçaya gəlmişdik. Burada da yox idilər.
***
Uşaqlığımızın yay aylarını ara-sıra Şuşada keçirərdik.
Dünyada ən çox sevdiyim şəhərlərdən biri də Şuşadır.
Amma mənə elə gəlir ki, Şuşa heç zaman o yaralı yayımızda
olduğu qədər gözəl, cazibəli olmayıb.
Bakının ağır bürküsündən sonra Şuşanın saf, təmiz havası –
ciyərlərimizin bayramı idi.
Qədim, yaraşıqlı evlərin "qaşqa suvağı", meşələrin sərin
bulağı – qeyri-ixtiyari şerə keçdim, çünki elə bu bulaqların adı
da şer kimi səslənir – İsa bulağı, Saxsı bulağı, Səkili bulaq,
Gəlin bulağı, Çarıq bulağı, Ayğır bulağı, Şirlan... O yanda Qırx
qız dağları, bu yanda Topxana meşəsi, uzaqda Kirsin zirvəsi,
bu tərəfdə Bağrığan dağı, Cıdır düzündən Daşaltı çayına enən
Qırx pilləkən, İbrahim xanın sığnağı, Ağ qaya, Ərimgəldi
249
yamacı, tayı-bərabəri olmayan xarıbülbül gülü, kəkotu,
qantəpər, çobanyastığı, quzuqulağı, sarı çiçəyin ətirli çayı,
gecələrin İsaq-musaq quşları, Natəvan bağında ətrafı bürüyən
qızılgül rayihəsi, tez yağıb tez kəsən çobanaldadan yağışlar,
dərələr boyu dizin-dizin sürünüb qalxan, sonra eləcə də
ehmalla çəkilən süd rəngli dümağ dumanlar, gündüzün-gecənin
hər vaxtında, hər yandan, hər bucaqdan ucalan musiqi sədaları
– radiolardan, televizorlardan, maqnitofonlardan axan, ya da
məclislərdən, İsa bulağı meşəsindən, Cıdır düzündən yüksələn
canlı avazlar – Şuşa!
O yay elə bil Qarabağın bütün gözəl səsləri Şuşaya
toplaşmışdı – sanki nəvalar, zəngulələr havanın özünə
hopmuşdu. Uşaqlıq hafizəmdə yaşayan balaca dükanlarla
səflənmiş Rasta bazar indi hündür mehmanxana binalı,
fontanlı, güllüklü geniş xiyabana çevrilmişdi. Natəvan bağında
Niyazi simfonik konsert verirdi, xanəndələr oxuyurdu –
muğamatsız Şuşada konsert olar? Biz də özümüzlə musiqi
gətirmişdik. Üzeyir haqda filmin epizodlarını onun ölməz
musiqisinin hazır fonoqrammaları altında çəkirdik. Üzeyirin
mayası burdan götürülmüş əsərləri indi lentlərə həkk olub
qayıtmışdı Şuşaya. Bu epizodlar böyük bəstəkarın uşaqlıq
illərini canlandırırdı – ən məşhur Qarabağ xanəndələrini
dinlədiyi uzaq illəri.
Cabbar Qaryağdıoğlu rolunda Qədir Rüstəmovu çəkirdik.
Bakıda aktyor sınaqları zamanı bu rola Qədiri nəzərdə tutanda
da, hətta səsini qabaqcadan lentə yazanda da heç kəs inanmırdı
ki, Qədir çəkiləcək. Mən özüm də qəti bilmirdim. Danışırdılar
ki, kefi istəməsə, heç kəs, heç bir rütbə sahibi onu oxumağa
məcbur edə bilməz. Hər bir əsl sənətkar kimi müstəqil, öz
ləyaqətini saxlayan adam idi və nədənsə, xoşu gəlməyəndə hər
hansı məclisdən – ona boyun olunan haqqın miqdarından asılı
olmayaraq – yarımçıq çıxıb gedirmiş.
Bütün bunlar öz yerində, amma danışdığımız gün, danışdığımız
saatda öz maşınıyla Ağdamdan Şuşaya, çəkilişə gəldi.
250
–Qədir, doğrusu, qorxurdum vədinə xilaf çıxasan, – dedim.
–Boy, bu nə sözdür danışırsan? – dedi. – Sənə söz verdim
axı, gələjəm. – Sonra əlavə etdi. – Yəqin sənin də qulağına
çatıb ki, Qədir dəlidir. Qardaş, Qarabağda dəli olmasan, baş
çıxarda bilməzsən.
Adət eləmədiyi çəkiliş intizamsızlığı onu bəzən lap
darıxdırırdı; qapalı salonda, pirotexnik Vasya çəkiliş üçün
lazım olan tüstünü buraxanda lap hövsələdən çıxırdı:
–Ay urus, Allaha bax, – deyirdi, – boğdun bizi tüstüdə...
Onu Məcnun sifətində qrim edəndə, əyninə cır-cındır
geyindirəndə etiraz etmirdi, dözürdü, amma mənə:
–Bax, canınçün, ancaq sənin xətrinə bu hala düşürəm ha, –
deyirdi.
...elə səhərisi gün zirək fotoqrafın Qədiri Məcnun
qiyafəsində əks etdirmiş şəkillərini aşağıda, "benzinkolonun"
yanında biri beş manata satırdılar...
Dostları ilə paylaş: |