Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   2   3   4   5   6   7   8   9   ...   49
(Rəsul Rza) 

 

Mən sənin torpağından 

Boy atmışam, vətənim... 

Dirçəlmişəm, qalxmışam, 

Dənli – sünbül olmuşam. 

Eşqini ürəyimdə 

Yaşatmışam, vətənim... 

Bir gün sinəmdə əgər 

Çırpınmasa bu ürək, 

Torpağın altda belə 

 23 

Sənin böyük eşqinlə 

Həmişə döyünəcək! 

   (Nigar Rəfibəyli) 

 

Ölüm-həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı – 



tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: "Axşam 

gündüzü tamamladığı kimi, ölüm də  həyatı tamamlayır", – 

deyirlər. 

Bu gün atamla-anamın ölümlə tamamlanmış, bitmiş 

bitkinləşmiş ömür yolları haqqında düşünərkən mənə elə gəlir 

ki, 81-ci ilin yazında – yayında, üç ay on gün içində qəfil qara 

yellər kimi əsib-keçən, qollu-budaqlı  ağacları kökündən 

qoparıb aparan qasırğa kimi anamla-atamı aparan ruzigar – adi 

həyatın adi hadisəsi deyildi. Nə isə əfsanəvi bir nəfəs vardı bu 

ruzigarda, mifoloji bir ölçü vardı, dastan gücü, dastan ruhu 

vardı. 

Amma məgər ömürlərinin yalnız sonu deyil, bütün başqa 



illəri də bir dastan deyildimi? İgidlik və  Mərdlik dastanı, 

Məhəbbət və  Şəfqət dastanı. Sevinclə, fərəhlə dolu, ölüm-

itimlə dolu dastan. Ağır illərin xoşbəxt günləri də vardı bu 

dastanda, xoşbəxt illərin ağır günləri də. İztirab da vardı, intizar 

da... Hər çətinliyin, hər gümansızlığın dibindən boy verib 

qalxan ümid də... 

Neçə boyu var bu dastanın? 

Boylar illərə səpələnib... 

 

"1957. 7 yanvar. Moskva. 

Anar bala, Fina bala. 

Sizi xoş gördük. Siz ikiniz mənə bir yerdə məktub yazdığınız 

üçün mən də  hər ikinizə bir yerdə yazıram... Leninqrad 

tamaşası haqqında  (Atam Peredelkinoda dincələrkən 

Moskvadan Leninqrada, Qara Qarayevin "İldırımlı yollarla" 

baletinin premyerasına getmiş, tamaşa barəsində əski əlifbayla 

məqalə yazıb bizə göndərmişdi – A.) Nigar oxusun, siz də 



 24 

qulaq asın, təkrar eləmək istəmirəm. Ancaq onu deyim ki, üç 

gündür onun təsiri altındayam. Hayıf ki, siz özünüz qulaq asa 

bilmədiniz. Yəqin ki, siz məndən daha yaxşı başa düşər və daha 

artıq həzz alardınız. Bəlkə  də yayda mümkün oldu, gəlib 

baxdınız. Mən bir 8-10 gün olar ki, işdən ayrılmışam. Bu gün 

sizə  məktub yazıram. Sabahdan başlayacağam "Füzuli"ni 

davam etdirməyə. Başımda fikirlər arı beçəsi kimi qaynaşır, 

görək nə olacaq. Bura işləmək üçün daha münasibdir. Sakit, 

səliqəli. Dünən Moskvada olanda Emin (Emin Sabitoğlu o vaxt 

Moskva konservatoriyasında təhsil alırdı.–A.)  zəng eləmişdi. 



Deyir ki, kanikul zamanı Leninqrada gedəcəyəm, "İldırımlı 

yollara" baxmağa.  İstəyirsiniz siz gəlin, mən sizi qarşılayıb 

yola salaram. 

Bakıda maraqlı  nə var? Vaxtınız necə keçir? Plastinkalar 

necədir? Yazın görüm, daha hansıları almaq lazımdır. 

Moskvadan alaram. Mən gələndə özümlə ancaq əsər yox, 

bahar da gətirəcəyəm. 

Öpürəm sizi bərk-bərk. Təranəni incitməyin. Eşidirsinizmi. 

Bax sən Anar və  sən Fidan mənim balaca qızım Təranəni 

incitməyin, bax incitməyin ha. Eşitdiniz? Öpürəm. 

Rəsul". 

 

"Anar bala! 



Məktubunu aldım, çox sağ ol! Oxumağına 7 saat 8 dəqiqə 

11 saniyə sərf etdim. Gözəl xəttin var. 

Ani bala, bu məktubu alan günü, alan günü ha!!! 

Nigarla bərabər, əlbəttə, Fidanın iştirakı və Təranənin baş 

konsultantlığı ilə mənim ən yaxşı fotolarımdan (şəkillərimdən) 

üçünü-dördünü seçib Avia poçta ilə Moskva, qost. Moskva, do 

vostrebovaniya – adresinə göndərin. 

Bir də Füzulinin "Bəng və badə" və qəsidələr kitabını (gərək 

ikinci tom olsun) eyni adresə, yenə  də hava poçtası ilə tez 

göndərin. 

Sənə uzun məktub yazardım, ancaq Füzuli razı olmur. 

 25 

Öpürəm, salam vəfasız Fidana, vəfalı  Təranəyə  və  əzizim, 

gözüm Nigara. 

Rəsul. 

22 dekabr. 1957". 

 

Haçan başladı bu? Hardadır başlanğıcı bu itkilər yolunun? 



81-ci ilin ilk günlərindəmidir? Martın  əvvəlindəmi, 

ortasındamı? Fevralın axırındamı? 

Fevralın axırlarında xarici səfərdən Moskvaya qayıtdım. 

Son illər mənim bütün səfərlərim, xüsusilə də, xaricə səfərlərim 

– nə qədər maraqlı keçsə də, nigarançılıqla, təlaşla dolu olurdu. 

Hər dəfə Bakıdan bir həftə, on gün uzaq düşəndə, evlə  əlaqə 

saxlaya bilməyəndə beynimə min cür qara-qura dolurdu, məni 

qorxu, vahimə basırdı. Elə bilirdim ki, bax bu gün, bu gecə, bu 

saat,  ən uzaq əcnəbi ölkədə, səfarətxanamız vasitəsilə  məni 

tapacaqlar, atam haqqında qara xəbər deyəcəklər. Belə bir 

dəhşətli xəbərin anam barəsində olacağı heç vaxt ağlıma 

gəlmirdi. 

Nə üçün? 

Bu barədə heç düşünmək belə istəmirdimmi? Ya da bəlkə 

məsələ ondaydı ki, atam çoxdan ağır xəstəydi. Anam da 

xəstəydi, amma onun xəstəlikləri atamınkılar kimi ardıcıl, 

davamlı deyildi. 

Hərçənd ki, 1971-ci ildə anam da ölümlə üz-üzə 

dayanmışdı. 

Bəlkə də səbəb ondaydı ki, bir çox məsələlərdə anam daha 

səbatlı, daha möhkəm, daha dözümlü idi. 

"Dözüm". Bu sözü tapıb, seçib, kitabının adıyla öz həyat 

devizi kimi təsdiq edən Rəsul Rzanın  ədəbi, ictimai həyatda 

dözümdən danışmağa tam haqqı vardı. 

Amma adi həyatda, məişətdə, qayğılara, azarlara sinə 

gərməkdə Nigar Rəfibəyli daha mətin, daha dözümlü idi. 

Atam çox vaxt əsəbi, darmacal, hövsələsiz olurdu. 

Anam həmişə səbrli, həlim, təmkinli idi. 



 26 

Mən təsəvvür edə bilərəm ki, anam atamı itirsəydi (daha 

doğrusu itirdiyini bilsəydi, çünki itirdi – bilmədi), bu itkinin, 

bu müsibətin iztirabını  mətanətlə  çəkə bilərdi, bir müddət 

dünyada Rəsulsuz yaşamağa bəlkə  də gücü, iradəsi, dözümü 

çatardı. 

Atam isə Nigarı itirsəydi, bir gün, bir saat da yaşaya 

bilməzdi. 

Həyat bunu təsdiq etdi. 

Daha doğrusu, ölüm bunu təsdiq etdi. Atamın ölümü. 

Amma kim bilir? İndi bunu kim təyin edə bilər? 

1973-cü ildə atam ağır xəstə yatanda həyatı bir tükdən 

asılıydı, sağalacağına güman çox az idi. Anam möcüzəvi bir 

iradəylə özünü ələ almışdı, özünü tox tuturdu, ağır xəstəyə 

qulluq etmənin bütün əzab-əziyyətlərinə  mərd-mərdanə 

dözürdü, bədbinləşmirdi, bizi də 

bədbinləşməyə, 

ümidsizləşməyə qoymurdu. 

Ancaq bir dəfə, yalnız bircə  dəfə, xəstənin  ən ağır 

saatlarından, ən ümidsiz dəqiqələrindən birində özünü saxlaya 

bilmədi, dəhlizə  çıxdı, ağladı: "Ondan sonra mənim 

yaşamağımın nə mənası var?"– dedi. 

Bu sözləri anamdan birinci və axırıncı dəfə eşitdim. 

Xaricə 


səfərin sonu yaxınlaşanda qayıtmağın 

hövsələsizliyinə bir səksəkə  də qarışırdı. Xəyalımdan bir–

birindən  əyani, görümlü səhnələr keçirdi. Budur Şeremetyevo 

uçarlığında məni moskvalı dostlarımdan biri qarşılayır, qəfilcə 

yox, ehtiyatla, yavaş-yavaş məni bəd xəbər eşitməyə hazırlayır. 

Mənə elə  gəlirdi ki, içəri dünyamın  ən xəlvət hücrələrində 

gizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur. 

Ümumiyyətlə, mən ömrümün çoxunu öz içimdə yaşamışam. 

Mənə, tək bir mənə aid olan duyğuları, qorxuları, həyəcanları 

başqalarıyla bölüşməyə nə hacət? Həm də indi belə aydınlıqla 

və  dəqiqliklə  bəyan etdiyim bu gizli qorxularımı, pünhan 

nigarançılıqlarımı o vaxt özüm özümə belə etiraf edəmməzdim. 

Ürəyim gəlməzdi.  Əmin idim ki, özümün belə  səbəbini tam 


 27 

aşkarlığıyla boynuma almaqdan qorxduğum hisslərim 

başqalarına heç cür agah ola bilməz. Sən demə... 

 

Çarpayıda  

Rəsul Rzanın  

üzünə çəkilib  

yüz illərin ağ yuxusu. 

Anar təslim olub 

qısılıb küncə 

Saçlarından, qaşlarından, üzündən 

axıb tökülür 

neçə ildir ürəyində 

gəzdirdiyi qorxusu. 

 

Fikrət Qocanın "Rekviyem"ində atamın ölümünü, 



ölümündən sonrakı ilk saatları  təsvir edən sətirləri oxuyanda 

gördüm ki, "illər boyu ürəyimdə gəzdirdiyim qorxumu" gizlədə 

bilməmişəmmiş. Hər halda şair gözlərindən gizlədə 

bilməmişəm. 

 

Belə qorxurdumsa, uzaq səyahətlərə niyə  çıxırdım? Ağla 



gələn ilk cavab – bu cavab mənim xeyrimə deyil – belədir ki, 

qorxu qorxu yerində, amma kefimdən də qalmaq istəmirdim. 

Bu cavabda bir azca həqiqət varsa da, həqiqətin hamısı, yarısı, 

heç çərəyi də yoxdur. 

Özümə  bəraət qazandırmaq, olanları  bəzəmək, münasib 

səbəblər uydurmaq istəmirəm. Amma doğrudan, səfərlərə 

çıxmağımın bir cəhəti də vardı – hansı  səfərdənsə imtina 

etsəydim, getməsəydim, demək, məhz bu müddət içində  bəd 

hadisə gözləmiş olardım. 

Əlbəttə, atamın halı xarablaşanda səfərlərdən imtina 

edirdim, amma 81-ci ilin fevralında  İtaliyaya gedəndə atamı 

evdə nisbətən gümrah halda qoyub getmişdim. 

İndi  İtaliyadan Moskvaya qayıdarkən mehmanxanaya 

çatanacan, Bakıya zəng vuranacan ürəyim çırpınıb yerindən 



 28 

çıxırdı. 

Mehmanxana otağındayam, Bakının telefon kodunu, sonra 

atamgilin nömrəsini, sonra öz nömrəmi yığıram. Uzun-uzun 

sədalar. Cavab çıxmır ki, çıxmır. 

Bacımgilin nömrəsini yığıram. 

–Qorxma, heç bir şey yoxdur. Qan təzyiqi bir az yüksək 

oldu, apardıq xəstəxanaya. Orda palatada telefon var, istəyirsən 

zəng vur. 

Xəstəxananın nömrəsini yığıram. Dəstəyi özü götürür. 

Səsimi eşidən kimi gümrah tonla danışır. 

–Lap yaxşıyam. Nigar da burda, yanımdadır. O da lap 

yaxşıdır. 

Dəstəyi anam alır. Səsində sevinc var, şadlıq var. 

Əlbəttə, iki min kilometr məsafədə nigarançılığımı 

sakitləşdirmənin yeganə vasitəsi budur. 

Kefləri kök, damaqları çağ... Guya ki... Elə bil heç 

xəstəxanadan danışmırlar. 

Amma bilirəm axı, bilirəm axı... 

Məlumdur ki, xəstələr 

yaşamır. 

Xəstələr gecə-gündüz 

ölümlə dava çəkir. 

Bəzisi səsli, haraylı, 

bəzisi səssiz, səmirsiz; 

mən təki... 

Müxtəlif illərin misraları səslənir qulaqlarımda. 



Beyin fosfor istəyir, 

şəkər istəyir ürək. 

həkim deyir: 

şəkəri az yeyəsən gərək. 

Beş, on il dözər can 

Ciddi pəhriz saxlasan. 

Bu sətirlər 58-ci ilin şerindəndir. Dözümlü canı, möhkəm 

ürəyi atamı bu şerin yazılma tarixindən sonra iyirmi üç il 


 29 

yaşatdı. 

Amma bütün bu illər ölümünü də "qəlbində, beynində 

saxladı". 



Çinarın ölüm günü 

ilk pöhrəsindən, 

ilk yarpağından başlamışdı. 

Əsr-əsr yaşadı bu ölüm 

çinarın budağında, 

gövdəsində, kötüyündə. 

Ayrılmadı çinardan 

bir an da, bir gün də. 

Çinar duymasa da onu

ölüm keçdi pöhrə-pöhrə. 

yarpaq-yarpaq. 

Budaq-budaq yolunu. 

"Kölgə kimi ondan ayrılmayan ölüm" onu 

bədbinləşdirmirdi, o, "ömür adlanan qəribə yolun sonucu bu" 

deyərkən ölümü yox, həyatı, insanları, dünyanı düşünürdü. 



Ancaq ki, bir qaçılmaz 

qanunu var həyatın– 

günlərin damlasından 

dolacaq ömür gölü. 

Necə uzaqda olsa 

gələcək bir gün ölüm... 

... Bir gün gedəri olsam 

bəlkə azalacaqdır 

bu dünyadan bir damla. 

Ancaq dünya qalacaq; 

dopdolu bir həyatla, 

yaşayıb yaratmağa 

qadir saysız adamla... 

Hər gün onu "bir xəncər boyu" ölümə yaxınlaşdırırdı. 

Amma o daima hərəkətdə idi, qolunun giri, ayaqlarının gücü 

qaldıqca addımlayırdı. Həmişə yoldaydı. 



 30 

Qurtarmaq bilmir qatarın yolu. 

Gündüzü var, gecəsi var. 

Hələ gülə-gülə minəcək, 

kədərlə düşəcək 

neçəsi var.  

Nə mən bilirəm harda düşəcəyəm, 

nə qatardakılar bilir 

Bəlkə heç qatar dayanmır: 

düşənə elə gəlir, 

minənə elə gəlir, 

bəlkə mənə elə gəlir... 

...nə yol qurtarır, 

nə – arzular. 

Yenə iskələlər, duracaqlar ötüşür. 

Kimsə minir. 

Kimsə düşür... 

Ömür qatarından yol boyu neçə tanışı, dostu, əzizi 

düşmüşdü. Axır illər onları daha tez-tez, daha göynəkli 

anımlarla xatırlayırdı. Müşfiq nisgilini "Qızıl gül olmayaydı" 

poemasında ifadə etmişdi. Sabit Rəhmana, Nazim Hikmətə, 

Abdulla Faruka, Mikayıl Rəfiliyə, Cəfər Cəfərova,  Əvəz 

Sadıqa, Tatul Huryana, Lətif Səfərova,  Əliağa Kürçaylıya, 

cavan vəfat etmiş bacısı Turəyə şerlər, poemalar, misralar həsr 

etmişdi. 

Mən kölgəsiz bağ görmədim, 

El dərdi tək dağ görmədim. 

Gözlərimi yumub-açdım, 

neçə dostu sağ görmədim. 

 

1962-ci ilin payızından 64-cü ilin yazına qədər mən 



Moskvada, Ali ssenari kurslarında oxuyurdum. Atamın və 

anamın məktublarının bir qismi bu illərdə Moskvaya 



yazdıqlarıdır. 

"Anar bala, xoş gördük! 

 31 

Bakıdan nigaran olma, hamı sağ-salamatdır.  İttifaqda, 

ictimai həyatda elə mühüm bir hadisə yoxdur. Yer-yurdunuz 

müəyyən olandan sonra yaz, səni yerli qəzetlərə abunə 

yazdırım. "Rənglərə" bir başlıq yazmışam, gör necədir. Ver, 

Çingiz (Ç.Hüseynov – A.) sətri tərcümə eləsin, o biri şerlərlə 

birgə versin tərcüməyə.  Əgər Vinokurov nəm-nüm eləyirsə, 

bənd olmayın. Bəlkə başa düşmür, bəlkə ürəyindən deyil, 

Slutskiyə versə  də, Çingiz mənim adımdan verməsin. Çünki o 

da lovğadır. İstəmirəm mənim adımdan ona təklif olunsun... 

...Yaxşı olar ki, Çingiz şerləri bir adama versə, sən də orda 

olasan, çünki sən daha yaxşı izah edə bilərsən. 

Hələlik. Sağ ol, oğlum. Öpürəm. 

Rəsul 

23/XI–62 Bakı". 

"Anarım! 

Kaş bu məktub  Şimalın  şaxtalı soyuqları arasında səni bir 

azca qızdıra idi. Əvvəlcə bu kağızı tutan əllərini, sonra onu 

oxuyan ağıllı gözlərini və nəhayət, o şair duyğulu incə ürəyini 

bir azca isidə biləydi. Ayaqlarını demirəm, çünki burdan 

apardığın naxışlı yun corab və isti çəkmə  yəqin ki, ayağını 

yaxşıca qızdırır. 

Sən gedəndən sonra mən bir neçə axşam gözümün yaşını sel 

kimi axıtdım, sonra düşündüm ki, Bakını sel apara bilər, daha 

ağlamıram; amma çox darıxıram. Bizim həyatımız  əvvəlki 

kimidir. Rəsul gündüzlər evdən gedir Radioya, Azərnəşrə, 

Yazıçılar  İttifaqına, yaxud əksinə. Beşdə  gəlir nahar edir, bir 

yığın qoz, fındıq, nar yeyir, sonra otağına çəkilib poeziyanın 

şedevrlərini yaradır. Fidan ərəb dili ilə  məşğuldur. Təranə 

dərslərini hazırlayır, sonra ikimiz televizora baxırıq. Rəsul 

arabir otağından çıxıb bizə deyir: bu zibilin nəyinə baxırsınız. 

Doğrudan da, bir yaxşı kino göstərmirlər. "Tam-tam" pişik 

buxarının qabağında uzanıb xor-xor kefə baxır. Niyə baxmasın, 

oğlu Moskvaya getməyib ha! Ənvər  (Ə.Məmmədxanlı – A.) 

arabir gəlir. "Tam-tam"la oynayır, papiros çəkir və susur. 

 32 

Bəzən də bir aylıq danışmaq normasını iki saatın içində yerinə 

yetirir. Fikrət (F. Ağazadə, qohumumuz – A.) bu qapıdan girib 

o qapıdan çıxır. "Niyarə, işin yoxdursa, mən getdim" – deyib 

əkilir. Sənsiz çox darıxır. Daha sənə  nə yazım, səni görmək 

arzusu ilə yaşayıram. Bu ayda yəqin ki, görüşərik. Sənin və 

Zemfiranın  (yoldaşımın –  A.)  işləri necədir? Ev tapa 

bildinizmi? Anar, əgər sən ərəb əlifbasını unutmamısansa, mən 

sənə o əlifba ilə yazaram, onda uzun və müfəssəl yazmaq olar. 

Öpürəm səni bərk-bərk. 

Anan. 

1962-ci ilin axırıncı ayının 1-ci günü". 

 

"Ani bala, xoş gördük! 



İndicə səninlə danışdıq. 

İclas... pis keçmədi. Z və  Ə özlərini cırdılarsa da yığıncaq 

onlara səs vermədi. Yerdən etiraz səsləri qalxdı. Ümumi hesab 

təxminən 10–0 oldu. Hər halda iştirak edənlər belə deyirlər.  İş 

burdadır ki, Ə  çıxışında dedi ki, axır iki-üç ildə  Rəsulun 

yaradıcılığında formalizm bir qorxu təşkil edir və sairə. 

Mən danışmadım, ancaq axırda arayış istəyib... keçən il 

"Azərbaycan"ın 8-ci nömrəsindən parçalar oxudum. Burada o, 

indicə dediyinin tam əksini, yəni mənim nə qədər müasir, yaxşı 

yazdığımı söyləyir. Məqalə sənin yadında olar. 

Burda o, şeri bir neçə  dəfə oxumağı, başa düşmək üçün 

diqqətlə təkrar oxumağı məsləhət görür. "...Rəsul Rzanın şerlərini 

mən təkrar oxuyanda görürəm ki, nə qədər dərin" və sairə. 

...Suyu süzülə-süzülə getdi. 

Gələcəkdə də belə olacaq. 

Salam dostlara. Öpürəm. 

Bu saat bütün ailə üzvləri oturub söhbət edirik. 

Rəsul 

7/I-3U 

"Anarım! 

Biz gələndən sonra sizdə  əmələ  gələn ruh yüksəkliyini 

 33 

ürəkdən alqışlayıram. Sənin ssenarini belə sürətlə qurtarmağın 

və Zemfiranın elm dəryasına baş vurması göstərir ki, 

gələcəyiniz parlaqdır. "Prazdnaə jiznğ ne mojet bıtğ çistoy". 

A.P.Çexov. "Bekarçılıq insanı çürüdə bilər". Nigar xanım 

Rəfibəyli. Rus və Azərbaycan klassiklərindən gətirdiyim bu 

sitatlar ömrünüzün şüarı olsun. Sizin ayrılığınızın acısını mənə 

yalnız bizim əjdaha evimiz unutdura bilərdi. Gələn kimi ev 

əjdaha kimi ağzını açıb məni uddu, mən də içəridən onu 

didməyə başladım. Yaz mövsümünün başlanması ilə  əlaqədar 

olaraq evdə çoxlu işlər görülür. Nə isə Anarım, xan nəvələri 

istirahətdədirlər. Mülayim dəniz havası, çiçəkləyən ağacların 

ətri, bir də sakitlik. Yazıçıya və insana bundan artıq nə 

lazımdır ki... Moskvada keçirdiyim günləri xatırladıqca 

oxuyuram: ah, necə kef çəkməli əyyam idi. 

Bu məktub sənə çatanda yəqin yola hazırlaşacaqsınız. 

Anarım, qatarla gəlin, mən də arxayın olum. Bakıda sağ-

salamatlıqdır. Havalar tez-tez dəyişir. Daha sənə  nə yazım. 

Məktubunu aldıq, çox sağ ol. Zemfiraya salam de. 

Öpürəm səni. 

Niyal. 

12 aprel, 1963". 

 

Onlar xəstəxanada deyil, öz evlərində olanda hər gün 



atamgilə dəyərdim. Adətən gündüzlər gedərdim. 

Gündüzlərdə  nə isə bir nikbinlik var – gün işığı, telefon 

zəngləri, küçənin hay-küyü, qəzetlər, məktublar, ev kirayəsi, 

işıq pulu, gəlib-gedənlər... 

Ancaq bəzən onlara axşamlar gələrdim. 

Deyirlər, 

axşamlar kədər gətirir. 

Deyirlər, 

can sıxır qaranlıq gecə. 

Deyirlər... 

Deyirlər... 


 34 

Gündüzlər necə! 

Gündüzlər 

səbirsiz gözləyirik ki, 

bir axşam olsun, 

bir gəlsin gecə!.. 

Bu qərib axşamların kədəri son saatımacan içimdə 

yaşayacaq. "Qərib" sözü burda çox dəqiqdir; onlar öz 

şəhərlərində, öz evlərində olsalar da vaxt qürbətində 

yaşayırdılar. 

Niyə, niyə, axı, niyə  mən hər cür işimi–gücümü,  ən təcili, 

təxirəsalınmaz,  ən vacib işlərimi belə  kənara atıb bütün 

axşamlarımı onlarla keçirmirdim? Niyə onların bir gün 

olmayacaqlarını bilə-bilə, onlarsız günlərimin acı  həsrətini 

öncədən duya-duya, bu fikri özümdən iraq edirdim? 

Hökmən bir ay, bir-iki həftə, heç olmasa bir neçə gün bütün 

dünyanı, bütün aləmi, işlərimi, qayğılarımı unudaraq Bakıdamı, 

Buzovnadamı, Göyçaydamı  səhərdən axşamacan, axşamdan 

səhərəcən onlarla bir yerdə olmaq – arzum, istəyim,  əlçatmaz 

xülyam idi. Doyunca, lap doyunca bir yerdə qalmaq, doyunca, 

lap doyunca söhbət etmək – olanlardan, keçənlərdən. Niyə 

qismət olmadı bu mənə, niyə? 

Uşaqlığımdakı kimi – bir yerdə yaşamaq, amma durulub 

aydınlaşmamış körpə  şüuruyla deyil, yaşlı, yetkin insan 

zehniylə onları günbəgün, axşambaaxşam, səhərbəsəhər 

dinləmək, qavramaq, yadda saxlamaq.... 

Niyə mümkün olmadı bu, niyə? 

Hansı iclaslar, bədii  şuralar, redkollegiyalar, çıxışlar, 

görüşlər, səfərlər, cari işlər, dost məclisləri, yaşıdlarla ünsiyyət 

sevincləri və bütün başqa sevinclər – bax, həmin o saatları, o 

günləri – Onlarlı saatlarımı, Onlarlı günlərimi aldı  məndən? 

Yuxarıda sadaladıqlarımın hansı birisi atamla anamın sifətləri, 

sözləri, səsləri, ya da sadəcə susmaları, sükutları  qədər mənə 

əziz, doğma, munis ola bilərdi! 

 

Axşamlar... Onların axşamları... Son illərin axşamları... 



 35 

Otaq böyük idi, bəlkə buna görə  çıraq onu gur işıqlandıra 

bilmirdi. Alaqaranlıq olmasa da, otaq hər halda çıraqban da 

deyildi. 

Televizor işləyir.  İkisi – iki qoca – oturublar televizorun 

qarşısında. Anam baxır ekrana, atam yox; televizorun 

qabağında oturub, amma gözlərini yumub. 

"Xoş-beş, nə var, nə yox, sağlıq"dan sonra dinib-danışmır. 

Dəhlizdə anam: "Mənimlə  də danışmır, elə bil söhbət tapmır 

danışmağa, – deyir. – Bütün axşamları, bax, beləcə televizorun 

qabağında oturur, gözlərini də yumur, baxmır, susur. Bilmirəm 

gözlərini yumursa, daha televizorun qabağında niyə oturur". 

Bəlkə baxmır, qulaq asırmış. Amma qulaq asmalı nə var ki? 

Qulaq asmaq istəyəndə balaca tranzistorunu qururdu. Axır iki-

üç ildə çox mütaliə  də edə bilmirdi-gözləri zəifləmişdi, 

oxuyanda tez yorulur, ağrıyırdı. 

Yəqin ki, bu gözüyumulu, sükutlu saatlarında büsbütün 

ötənlər aləminə, İçəri dünyasına çəkilirdi. O dünyaya ki, orada 

vaxt anlayışı yoxdu. – Keçmiş  də  İndi kimi realdır,  əyanidir, 

görümlüdür, insanların da hamısı – ölüb itənləri, haçansa 

ömründən keçib-gedənləri belə – diridirlər, budur, burdadırlar, 

danışırlar, gülürlər, ağlayırlar,  əl eləyirlər.. Dünya da min 

rəngli, min bir çalarlıdır. 

Bilmirəm, bir mən beləyəm, 

Ya hamı belədirmi? 

Yada saldıqca keçən günləri 

Hər gün bir rəngdə görünür mənə; 

Şənbə sarı görünür, 

Bazar ağ, 

Cümə-qırmızı. 

Yadıma gəlir qonşumuzun 

qara, uzun kirpikli qızı 

və qızın, boynundakı  

 

  gözmuncuğu, 

Yadıma gəlir nənəmin 


 36 

 

  göy 

gözləri, 

şirin nağılı, 

babamın qaşqabağı, acığı. 

Yollar yadıma düşür. 

Tozlu yollar, 

Yulqunlu, yovşanlı yollar, 

turaclı, dovşanlı yollar. 

Qarğı tütəyim yadıma düşür. 

Sümsüm yadıma düşür, 

qarğı cəngərəklə 

əlçatmaz budaqdan üzdüyüm 

zingirə-zingirə 

əlvan üzüm yadıma düşür. 

Köbərləri qazıb 

çıxartdığımız boyaq 

yadıma düşür. 

Bağlardan yığdığımız 

şirin əvəlik, 

dağlardan yığdığım  

sumax yadıma düşür. 

Onu bu xatirələr, fikirlər aləmindən, vaxtsızlıq dünyasından 

ayırmaq, təkliyini dağıtmaqçün eşitdiklərimdən, 

gördüklərimdən, oxuduqlarımdan – bir sözlə Bu Gündən 

danışırdım. Ona cürbəcür xəbərləri,  şayiələri, bəzən hətta 

qeybətləri çatdırırdım. Zəif gülümsünürdü, solğun bir maraq 

göstərirdi, amma duyurdum ki, bütün bunları tam bir 

biganəliklə qarşılayır. 

Hərdən bu məni hövsələdən çıxardırdı. "Niyə heç kəslə 

durub – oturmursan? – deyirdim. – Hanı  sənin tay-tuşların, 

dostların?" – deyirdim. 

Dönə-dönə verdiyim bu suala yalnız bir kərə cavab verdi və 

bu cavabı heç vaxt unutmayacam: 

–Mənim dostlarım Müşfiq, Faruq, Rəfili, Sabit, Nazim 

Hikmət, Cəfər Cəfərov idi. Neyləyim ki, heç biri qalmayıb. 


 37 

Sabit Rəhmana müraciətlə yazırdı: 



"Kommunist" küçəsində 

Sabir bağıyla üz–üzə 

"Gənc işçi" 

Həm iş yeri, 

Həm gündəlik ruzi ağacı, 

Həm etibarlı sınaqdı bizə. 

İndi sən yox, 

Müşfiq yox, 

Mikayıl yox, 

Faruq yox, 

Səməd yox, 

Əli Nazim yox, 

Mehdi yoxdu. 

Tək necə qayıdım o günlərə, 

necə keçim o yolu! 

Son illər Nazim Hikməti daha tez-tez xatırlayırdı. Nazim 

20-ci illərdə Bakıya gələndə atamla görüşməmişdilər. Nazimin 

ölkəmizə 50-ci illərdə ikinci və  həmişəlik gəlişi zamanı tanış 

oldular və  dərhal da köhnə dostlar kimi ünsiyyət bağladılar. 

Moskvada və Bakıda bir-birinin ən əziz qonaqları idilər. Nazim 

atam haqqında üç məqalə, atam isə onun haqqında bir neçə şer 

yazıb. Bu şerlərin hamısı N.Hikmətin vəfatından sonra yazılıb. 

Ancaq Nazimlə hələ şəxsən tanış olmadığı vaxt, şair Türkiyədə 

Bursa məhbəsində dustaq yatarkən, atam Nazimin anasına bir 

şer yazıb. Bu şeri sevmirəm. Ritorik, şüarçı  şerdir. Nazimlə 

şəxsi tanışlıqdan, ülfətdən sonra və Nazimin ölümündən sonra 

atamın ona həsr olunmuş  sətirlərini isə  həyəcansız oxuya 

bilmirəm. 



Şair yoxdur artıq, 

olmayacaq 

Ulu şair ölümünü 

sinəsində apardı 

Bursadan. 

 38 

İnfarkt miakardo onu 

uzaqlarda vursa da. 

İstanbulda Boğaziçində, Çinaraltında, Bursada Nazimi 

xatırlaması  təbiidir, amma Bakıda, xəstəxanada, azarlı, ağrılı, 

əzablı günlərində də ürəyində, yuxularında, şüur dumanlarında 

Nazimlə danışırmış. 

"Qarşı yalı məmləkət"də – Bolqarıstanda yazdığı şerində də 

Nazimlə bağlı sətirlər var. 

Üfüqdə göy gözlərin sarı həsrəti. 

Bir səs: 

–Oğlum, oğlum! – deyə. 

çağırır Məməti... 

...Qara dənizin üstündən, 

qara yellər əsdimi? 

Məmət gecikdimi? 

Çağıran tələsdimi? 

...Üfüqdə göy gözlərin sarı həsrəti, 

Səhifələrdə yaralı qəlbin məhəbbəti... 

Məmət dərs oxuyur 

Lehistanın baş kəndində. 

Şəkərim, qardaşım, ustad! 

Bir də çağırma, 

Çağırma Məməti! 

–Niyə çağırmasın? – deyə atamdan soruşuram. 

–Necə niyə? –təəccüblənir, mənim başa düşmədiyimə 

təəccüblənir. – Axı Nazim ölüb. İndi hara çağıra bilər Məməti, 

o dunyaya? 

Bu qədər aydın ifadə olunmuş fikir, bilmirəm niyə mənə ilk 

dəfədən çatmayıb. 

 

1962-64-cü illərdə Moskvada təhsil alanda atam məni bir 



neçə Bakı qəzetinə abunə yazdırmışdı. Hər həftə "Ədəbiyyat və 

incəsənət" qəzeti gəlirdi və hər həftə qəzetin səhifələrində atam 

haqqında yazılar oxuyurdum. 

Qəzetin 13 yanvar 1963-cü il nömrəsində Lenin mükafatına 



 39 

təqdim olunan əsərlərin siyahısı  dərc olunmuşdu. Bu əsərlər 

sırasında atamın "Qəlbimdə bahar" kitabı da vardı. 

Qəzet bu kitabın mükafata təqdim olunması münasibətilə 

formal müsbət rəyi ifadə edən məqalə çap etmişdi, amma 

məqalə bu sözlərlə qurtarırdı:  "Pəncərəmə düşən işıq", "İki 



tarix" şerlərinin sonluğu zəifdir. "Quzu", "Mahnı dərsi", "Qaz" 

şerlərində yürüdülən fikir müəyyən dərəcədə dumanlıdır. "Ağ 

fil"  şerinin ideyası orijinal deyildir, "Bakı", "Ana, dərdin 

nədir?" şerləri lakonizmdən uzaqdır, ritorik xarakterdədir və s. 

Şair bəzən prozaik ifadələrdən həddindən çox istifadə edir 

ki, bu da sətri tərcümə təsiri bağışlayır. 

Ayrı-ayrı nöqsanlarına baxmayaraq "Rəsul Rzanın "Qəlbimdə, 

bahar" şer kitabı maraqla qarşılanır". (19 yanvar, 1963) 

Qəzetin elə  həmin nömrəsində  dərc edilmiş başqa bir 

məqalədə belə abzas var: 

"Qəlbimdə bahar" kitabına çəkilmiş şəkillərdə gənc rəssam 

T.Nərimanbəyov formalist axtarışlarının faydasız bəhrəsini 

nümayiş etdirmişdir. Həyat ilə, insan təfəkkürü ilə heç bir 

əlaqəsi olmayan bu mücərrəd ifrat şərti rəsmlərin meydana 

çıxması, hazırda sovet incəsənətində mücərrədçi, formalist 

hoqqabazlıqlarla gedən ciddi mübarizə  şəraitində xoşagəlməz 

bir hadisədir". (19 yanvar, 1963) 

Ölkənin  ən yüksək mükafatına təqdim olunmuş kitaba bu 

sayaq, bu dillə xeyir-dua verilir, "uğur dilənirdi". 

Qəzetin (9 fevral, 1963) "Xalq üçün yazıb-yaratmalı" adlı 

baş məqaləsi demək olar ki, tamamilə atamın "Rənglər"inə həsr 

olunmuşdu. Məqalədən bəzi parçalar: 

 

"Biz mücərrəd insanpərvərliyi poeziyamıza və ümumiyyətlə, 

ədəbiyyata və incəsənətimizə yaxın qoymamalıyıq. Çox təəssüf ki, 

bizim poeziyamızda mücərrəd insanpərvərlik, "ümumiyyətlə" 

insandan danışmaq kimi hallara təsadüf olunur... 

Müasir poeziyamızın görkəmli nümayəndələrindən olan xalq 

şairi Rəsul Rzanın  ədəbiyyatımızdakı xidmətləri geniş 


 40 

ictimaiyyətə  məlumdur. Onun gözəl ictimai-siyasi lirikası, 

beynəlxalq mövzulardakı  şerləri, Dövlət mükafatına layiq 

görülmüş "Lenin" poeması oxuculara yaxşı tanışdır. Bütün 

bunlarla yanaşı  şairin bir sıra son şerlərində  və xüsusilə, 

"Rənglər" adlı ("Azərbaycan" jurnalı, 1962-ci il, № 12) silsilə 

şerlərində gözə çarpan ciddi qüsurlar da ədəbi ictimaiyyətimizi 

narahat etməyə bilməz. Şairin həmin şerlərində məhz mücərrəd 

insanpərvərlik, müasir həyatımızın aktual məsələlərindən 

uzaqlaşmaq halı aydın hiss olunur. "Rənglər" silsiləsindəki 27 

şerin demək olar ki, hamısının axırı insan haqqında belə 

mücərrəd fikirlər və ifadələrlə qurtarır: "İnsan ülfəti", 

"Anlayan, duyan insan", "İnsan qayğısı", "İnsan əməli", "İnsan 

düşüncələri", "Gülən, ağlayan insan, insan, insan", "İnsan 

bəzəyi", "Dərindən nəfəs aldı insan", "İnsanın bəlalı başı", 

"Bəzi insan niyyəti", "İnsan dünyası" və sairə. Bu şerlərdə 

hansı insandan danışılır? Şairin insana demək istədiyi nədir? 

Tamamilə aydındır ki, bu şerlərdə konkret insan yoxdur, 

rənglərin dili ilə insana söylənən fikirlər çox mücərrəddir, 

dumanlıdır və oxucu bu fikirləri duymaq, başa düşmək bir yana 

qalsın, yozub məna çıxarmağa da çətinlik çəkir. 

Həmin parçalardan aydın görünür ki, şairin məntiqində heç 

bir ardıcıllıq yoxdur, müqayisələrində predmetlər, insanlar, 

hadisələr haqqında real təsəvvür yoxdur, rənglərin insana 

münasibətində, hadisələrə  təşbeh gətirilməsində uyğunsuzluq 

və mücərrədlik var (Kəlmə başı "mücərrədlik" sözünün təkrar 

edilməsi "Rəngləri" o zaman rəssamlıqda mücərrədliyə qarşı 

mübarizə kampaniyasıyla bağlamaq cəhdiylə əlaqədardır). 

Belə tapmacaçılığa müasir şerimizdə nə ehtiyac var? Bizim 

həm fikir, həm ifadə  cəhətdən aydın, axıcı  və ahəngdar sovet 

poeziyamızın ənənələri harda qalmışdır ki, belə "tapmacaçılıq" 

və mücərrədlik şerimizə yol tapır?". 

 

"21 fevral 63. 



Oğlum, Anarım! 

 41 

Bu gün Nigarla qonaq getmişdik,  Ə-gilə. Çox üz vurdu, 

getməli olduq... 

Ə-gildə gördüyüm həyat mənzərəsi məni xeyli 

riqqətləndirdi.  İnsan necə mürəkkəb, anlaşılmaz məxluqdur. 

Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Biri sakitlikdən 

zövq alır, biri yağlı yeməkdən, biri hamıya böhtan deməkdən. 

Ə-ni sən tanıyırsan. Bu adamın tükənməz enerjisinə heyran 

qalmamaq mümkün deyil. Bu yaxınlarda onunla, Tahir 

Salahovla, Elbəylə  (Elbəy Rzaquliyev - A) Neft daşlarına 

getmişdik. Qara dəniz səfərimiz yadındadırmı? O zamandan 

neçə il keçir. Elə bil ki, 1963-cü ilin qapısını açıb o uzaq illərə 

girdim.  Ə. həmin  şux enerjili, adama (bəzən həddindən artıq) 

hörmət göstərən Ə. idi. Bir zərrə qədər dəyişməmişdi. Bu gün 

onun səadətxanasında olduğumuz zaman mən bu adamın, adi 

görünən bu adamın qəlbində  nə  qədər zəngin insani hisslər 

yaşadığını gördüm. Mən onun evinə səadətxana deyirəm. Uzun 

illər, onillər pəncərələri günəşə, qoynu hərarətə, içi sevincə 

həsrət daxmada ömür sürən bu adamın indi dörd otaqlıq 

fərəhini görsəydin, sən də belə deyərdin. Biri mehrini itə, biri 

pişiyə, biri quşa salır. Ə. iki tapdıq uşaq saxlayır. Bu uşaqlar 

kim bilir, nə  qədər məhrumiyyət, kədər, göz yaşı 

"gələcəyindən" dinc həyat, məhəbbət, tərbiyə,  əmək, səadət 

"bugününə" düşüblər. 

Onlar "yetim" sözünün köz kimi cızıltısından qurtarıb "ana", 

"ata" sözlərinin  şəfqət və  işıq mehribanlığına qovuşublar. 

Bütün bu insan qəhrəmanlığını eləyən, çoxlarının mərhəmətlə 

salam verdikləri, adam arasında "çudak" ləqəbi qazanmış  Ə-

dir. Sən təsəvvür edə bilməzsən, o nə qədər böyük bir qürur və 

insanı riqqətə  gətirən sevinclə "balalarından", onların ağıl-

kamalından danışırdı. Hər dəfə onların adını dedikdə onun 

gözlərində nə sonsuz bir səadət görünürdü. 

Bəli, insan mürəkkəb, böyük, mənalı, mübhəm, zəngin, heç 

bir zaman sona qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgər 

bu varlığın heç olmazsa-bir hissəsini anlamaq, duymaq, 

 42 

başqalarına nağıl etmək üçün bir ömür vaxt lazımdırsa, bunu 

məmnuniyyətlə etmək ən şərəfli iş deyilmi? 

Evə gəldik, dedilər zəng eləmisən. Əzizim, oğlum, qardaşım, 

mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam, 

yoldaşım Anar bala, nə üçün bu qədər nigaranlıq keçirirsən? 

Məgər sən atanın həyata ilk qədəm qoyduğu gündən 

mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin 

imtahanından keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm, 

davamım, dözüm və iqtidarım haqqında sən şübhə edirsən? Nə 

üçün nigaransan? Məgər mən inandığım, seçdiyim həyat və 

sənət yolunda azmı  ədəbi və qeyri-ədəbi mığmığaların 

sancaqlarını görmüş, dızıltısını eşitmişəm? 

Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar 

güruhunun tənə daşları hansı  sənətkarı  yolundan qaytara 

bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən 

olduğuma şübhə edirsən? 

Anarım! Mən axır günlər yumoristik şerlər yazıram. Bu son 

hadisələrə mənim necə baxdığıma sübut deyilmi? "Karvanımız 

gedəcək" şeri yadında deyilmi? 

...Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət, 

çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, 

anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, "özünü 

bəyənən ağam vay!" qəbilindən gəlməsin. Mən söz gəzdirən 

ədəbi... f. nə üçün belə etdiklərini anlamasaydım, qəzəbinə 

səbəb olan nədir bilməsəydim, bugünkü yeni ədəbi cərəyanın, 

xüsusilə, Azərbaycan  şerində  hər gün daha artıq bir qüvvətlə 

səslənən yeni şerin mübarizlərini bir sıraya nə topladığını 

anlamasaydım, bəlkə  də  məyus olar, ruhdan düşərdim. Bütün 

bunların  şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım 

üçün bu hadisələr (əgər bunları hadisə adlandırmaq olsa) 

məndə bir təbəssümdən, bəlkə  də  təəssüfdən başqa bir şeyə 

səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə 

özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm. 

Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ, 

 43 

əlində  hələ gücünü, axtarışını, yeni boyalarını itirməmiş bir 

qələm olaraq "bənzəyir bir qocaman dağa ki, dəryada durar". 

Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm. 

Rəsul". 

 

"Oğlum! 



Bilsən yerin necə boşdur. Hər dəfə yeni bir şer yazıb 

qurtaranda gözlərim səni axtarır, axı  sən bizim ədəbi 

mübahisələrimizin, münaqişələrimizin münsifi idin. Əgər təbiət 

də insan qəlbi qədər həssas olsaydı, yəqin ki, dəniz bir 

damlanın  əksildiyini duyardı. Hər gün səhər açılır, fəslin 

ahənginə uyğun planetimiz böyrünü günəşə verib hərlənir, bizi 

gecələrin qaranlıq səhrasından keçirib yeni səhərlərə 

qovuşdurur, biz ən  əziz bildiyimiz ömrü məngənə kimi yeyə-

yeyə əbədi sükut aləminin sahilinə yaxınlaşırıq. 

Bəlkə  də bu ibarəli cümləyə dodaqaltı  qımışacaq, 

deyəcəksən, Rəsul sentimentalizm ənənələrini yenidən 

dirçəldir. Yox. Bu bir növ ruhi fotoqrafiyadır ki, kəlmələr 

aşkarlayıcısı ilə aydınlaşıb. 

Yeni  şerlər yazıram. Gələcək yarış  və mübarizələrə qüvvət 

toplayıram. Sən bilirsən ki, yarışı qazana bilmək üçün biz 

üçqat artıq layiq olmalıyıq. O gün səninlə danışanda mən 

səsində bir məyusluq çaları duydum. Nə üçün? 

...Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya bilmirdim. 

Səninlə danışandan sonra elə bil ki, qəlbimə bir sakitlik, 

fikrimə bir aydınlıq gəldi. Oturub yazmağa başladım. Bu 

sikldən olan birinci şeri sənə göndərirəm. 

 

 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin