***
Ölümündən sonra onun kağızlarını araşdırarkən
ensiklopediyadakı işinə aid qovluqları da diqqətlə nəzərdən
keçirdim. Neçə-neçə səhifələrdə müxtəlif iradlara, elmi
mülahizələrə və elmdən uzaq danoslara maddə-maddə
məntiqli, tutarlı cavablar verirdi.
Bəzən bürokratik iradlara bürokratik üslubda da cavab
verirdi, ancaq haçansa, hardasa səbri tükənəndəmi, şairlik
76
təbiəti soyuq idarəçilik təhkiyəsini üstələyəndəmi satirik
qələmə sarılırdı, şerlə boşaldırdı ürəyini:
Qoca bir vücud vardı,
gödəkboy, uzunburun,
Söz-söhbəti bu idi:
Əzin!
Qovlayın!
Vurun!
Qəribə adı vardı
bu qocalmış kişinin
Ad qoyanlar bilirmiş
yəqin onun işini.
Mirzə Kaftarlı!
Bəli.
İş-gücü həmişə
Böhtan, qiybət, yalandı.
Köhnə-kövşən eşməkdə
mütəxəssis şeytandı.
Şərini, böhtanını
Gündüz-gecə yazardı.
Goreşənlər bilirlər
hara, necə yazardı.
Atamın arxivində, ensiklopediya işlərinə, ensiklopediya
dövrünə aid qovluqda elə sənədlər var ki, onlarla ürək ağrısıyla
tanış olurdum. Respublikanın hörmətli, mötəbər
şəxsiyyətlərindən olan Rəsul Rza hansı "Goreşən Kaftarlının"
danoslarınasa idarənin baş mühasibiylə birgə imzaladığı
hesabatla cavab verməyə məcbur idi və bu hesabatda belə
bəndlər də var (şübhəsiz, danosda verilən ittihamnaməylə
əlaqədar): "Volqa" № 54-95 avtomaşını Göyçay rayonuna
ASE-nin baş redaktoru Rəsul Rzanı aparmışdı, çünki o həmin
rayondan Azərbaycan Ali Sovetinin deputatı olduğu üçün
seçicilərlə görüşə getməliydi". Hətta öz idarə maşınında yay
aylarında şənbə günü Buzovnadakı bağına getməsi haqqında da
77
izahat verməli olub Xalq şairi, deputat, ensiklopediyanın baş
redaktoru.
Ensiklopediyanın milli-patriotik ruhundan rəncidə olanlar,
xalqımızın tarixini olduğu kimi, doğru-dürüst işıqlandırmaq
istəyindən narazı qalanlar redaksiyanın işini müxtəlif, bəzən
hətta "elmi don" geyindirilmiş bəhanələrlə, bəzənsə açıq-aşkar
şantajla ləkələmək, "ipə-sapa" yatmayan" baş redaktoru ya ram
etmək, itaətə gətirmək, ya da dolaşdırıb cana-boğaza yığmaq
istəyirdilər. Hətta xeyirxahları belə: "Rəsul nə əcəb öz xoşuyla
ərizə verib çıxmır – deyirdilər, – bu təzyiqlər, bu hücumlar
qarşısında təkbaşına nə edəcək axı?" Atam isə: "Ərizə-zad
verməyəcəyəm, çıxarırlar, çıxarsınlar", – deyirdi. Və onu
çıxarmaq üçün nə çirkin yollara, nə bəd əməllərə əl
atmırdılar?!! Axır ki, iş Sov.İKP MK yanında Partiya Nəzarəti
Komitəsinə
qədər gedib çıxdı. Ordan Azərbaycan
Ensiklopediyasının Baş redaktorunu ləkələmək tapşırığı ilə
məxsusi komissiya göndərildi. Moskvalı qonaqlara can-başla
qulluq göstərən yerli "qonaqpərəstlər" də fürsəti fövtə
vermədilər. Sokolov adlı bir məmurun hazırladığı hesabata
cavabı atam Sov.İKP Siyasi bürosunun üzvü, Partiya Nəzarəti
Komitəsinin sədri Pelşeyə göndərdi:
"Hörmətli A.Y.Pelşe yoldaş!
Sokolov yoldaşın arayışında ASE-nin işindəki bəzi faktlarla
yanaşı, son dərəcə subyektiv, bu faktları birtərəfli izah edən
əsassız müddəalar da var... Sokolovun arayışla tanış olmaq
üçün mənə çox məhdud vaxt verildiyinə görə, mən yalnız bəzi
yadımda qalan maddələri təkzib edə bilərəm.
Birinci cildin maketinin 4 aya, cildin özünün isə il yarıma
buraxılacağını real saymaq üçün ya gərək obyektivlik hissini
tam itirmiş olasan, ya da ensiklopediya nəşri kimi mürəkkəb
işin spesifik xüsusiyyətlərindən heç baş çıxartmayasan.
Halbuki, 1966-cı ildə, ensiklopediyanın nəşri haqqında qərar
qəbul edilməsindən beş ay sonra Baş redaksiyanın bircə dənə
otağı belə yox idi, ştatı isə yalnız tək bir baş redaktordan ibarət
78
idi. Ensiklopediya kollektivinin guya başlı-başına buraxılması
haqqında Sokolovun iddiası da həqiqətə uyğun deyil.
Məlumdur ki, ASE kollektivi çox böyük iş görüb və qismən IV
və V cildləri, habelə Azərbaycan və rus dillərində xüsusi cildi
hazırlayıb. 60 min kəlmə termindən ibarət sözlük nəşr olunub.
Onu demirəm ki, respublikada ensiklopedik nəşr təcrübəsinin
olmamasını, terminoloji məsələlərin, toponimika məsələlərinin
bərbad vəziyyətini də nəzərə almaq lazımdır. Baş redaksiya
onlarla əməkdaşını, mütəxəssisləri məlumat toplamaq üçün
respublikanın şəhər və kəndlərinə göndərməli oldu və toplanan
məlumatlardan bir çoxu ilk dəfə bizim tərəfimizdən qeydə
alındı. Onlarla tarixi və coğrafi xəritələr də ASE tərəfindən
hazırlanmış və nəşr olunmuşdur. Əgər bütün bunlar yoldaş
Sokolovun iddia etdiyi kimi kollektivin başlı-başına
buraxılmasıdırsa, onda bəs gərgin, faydalı və mütəşəkkil iş nə
deməkdir?
Təəccüb doğuran odur ki, Sokolov yoldaş nəyin bahasına
olursa-olsun məni ləkələmyə çalışır. Rəsul Rzanın işə gec
gəlməsi və işdən tez getməsi haqqında iddiası da, görünür,
R.Hüseynovun verdiyi məlumatlara əsaslanır. Məsələnin
mahiyyətinə gəldikdə isə, birinci Sokolov yoldaş bilməlidir ki,
baş redaktorun iş günü normalaşmış deyil. İkincisi, onu da
yaxşı bilməlidi ki, ASE Baş redaksiyasındakı işimdən başqa
mən xeyli ictimai vəzifə də daşıyıram: Asiya və Afrika ölkələri
ilə Respublika həmrəylik Komitəsinin sədri, APN-in respublika
ictimai idarə heyətinin sədri, Respublika Sülhü Müdafiə
Komitəsinin sədr müavini, Yazıçılar İttifaqı Rəyasət heyətinin
üzvü, Sumqayıt və Göyçay poeziya klublarının sədri,
Terminologiya Komitəsinin üzvü, Sabir poeziya günləri
Komitəsinin sədri, Böyük Sovet Ensiklopediyası Redaksiya
heyətinin üzvü, Azərbaycan KP MK-nın təftiş komissiyasının
üzvü və i. a. Aydındır ki, bütün bu ictimai işlər üçün mən
sutkanın 24 saatından vaxt ayırmalıyam, hətta istirahətimin və
yuxumun hesabına olsa da. Ancaq bütün bunlara baxmayaraq
79
mən ensiklopediyanın baş redaktoru vəzifəsini işin tam
həcmində icra edirəm.
Sokolov yoldaş yazır ki, mən 1970-75-ci illərdə 18 kitabımı
nəşr etdirmişəm. Bu irada birinci təbii cavab budur ki: Nə
olsun? Amma işin həqiqi tərəfi odur ki, bu beş ildə mənim 18
yox, 9 kitabım çıxıb (arayış əlavə edirəm). Deyəsən Sokolovun
gözündə rəqəmlər nədənsə ikiləşir. Yəni doğrudanmı Sokolov
yoldaş elə hesab edir ki, mənim kolleqalarım – şairlər
M.Bajan, P.Brovka, İ.Abaşidze – Ukrayna, Belorusiya və
Gürcüstan ensiklopediyalarının baş redaktorları olandan bəri
şer yazmır və kitab nəşr etdirmirlər?
Mənim Göyçaydakı bağım haqqında Sokolov yoldaşın
iddiaları da həqiqətdən uzaqdır. Burada Sokolov yoldaş rəqəmi
ikiləşdirməkdən də keçib, üçləşdirib; 95 kvadrat metrlik
Göyçay evimi 265 kvadrata çatdırıb. Bu Göyçaydakı evdən
Yazıçılar İttifaqının dörd üzvü – mən, həyat yoldaşım, oğlum və
əmim oğlu da istifadə edirlər. Moskvada, Kiyevdə, Tbilisidə,
Daşkənddə və başqa böyük şəhərlərdə yaşayan yazıçıların səs-
küydən uzaq bir yaradıcılıq guşələri – bağları olduğu kimi,
mən də bu evi halal zəhmətimlə qazandığım pullara və dövlət
təşkilatlarıyla müqavilə əsasında tikdirmişəm (bu barədə bütün
sənəd və arayışları əlavə edirəm).
Partiyaya üzvlük haqqını da mən həmişə vaxtlı-vaxtında
vermişəm, 1972-73-cü illərdə 8 ay ağır xəstə yatdığım üçün
oğlum mənim üzvlük haqqımı səhv hesabladığına görə lazım
olduğundan da bir qədər artıq məbləğdə verib. Bütün bu aydın
faktları nə səbəbdənsə yanlış izah etdiyi və ədalətsiz qənaətə
gəldiyi üçün qoy yoldaş Sokolov öz partiya vicdanı qarşısında
cavab versin.
Mən heç vaxt razı olmaram ki, uzun illərin namuslu
fəaliyyətimdən sonra, ömrümün 66-cı ilində mənə əsassız
ittihamlar verilsin və mənim bir yazıçı və kommunist kimi
bioqrafiyama kölgə düşsün. Məktubumun yeganə məqsədi budur.
Hörmətlə, Rəsul Rza."
80
Əlbəttə, bu məktub cavabsız qaldı.
Atamın arxivində Azərbaycan KP MK–nın birinci katibi
Heydər Əliyev yoldaşa göndərilmiş bir neçə məktubun surətləri
də var. Məktublardan biri Qobustandakı daş karxanasının
oradakı nadir qayaüstü rəsmlərin kor qoyulması haqqındadır.
Bu barədə təcili tədbir görməyin vacibliyi qeyd olunur. Başqa
məktublar ensiklopediyaya aiddir. Çapına, satışına icazə
verilməsi və sairə məsələlər qaldırılır.
"ASE-nin 20 min nüsxə çap olunmuş birinci cildi bu vaxta
qədər satışa buraxılmayıb. Hazırda 1972–ci il tarixi ilə
buraxılması təklif olunur... Xahiş edirəm bu məsələlər
haqqında göstəriş verəsiniz."
Başqa bir məktub (əsli ruscadır)
Hörmətli Heydər Əliyeviç!
ASE-nin birinci cildinin buraxılması məsələsi hələ də həll
olunmayıb, redkollegiyanın və redaksiya şurasının heyəti
təsdiq olunmayıb. Lazım olan düzəlişlər və dəqiqləşdirmələri
etmişik və bu barədə MK-ya 27 iyul 1972-ci il tarixli məktubla
bildirmişik. Cildin buraxılış müddəti haqqında qərarın
olmaması nəticəsində redaksiya çox ciddi çətinliklərlə üzləşir.
Bizə ayrılmış kağız, lideron, karton və başqa materialları qəbul
edə bilmirik və onlardan imtina etməyimiz ASE-nin gələcək
təchizatını təhlükə qarşısında qoyur. O biri cildlərin
materialları üzərində işləyə bilmirik, çünki onların məzmunu,
bir çox cəhətdən birinci cildlə bağlıdır. İkinci cildin
materiallarının bir hissəsi yığıla bilərdi, amma mətbəə qəbul
etmir. Birinci cildin çap və buraxılış məsələsinin yubadılması
çox böyük çətinliklər və əngəlliklərlə nəticələnə bilər.
Respublikadan kənarda (Omskda, Leninqradda, Moskvada)
böyük əziyyətlərlə çap etdirdiyimiz rəngli və ağ-qara xəritələr,
əlaqədar orqanların təlimatına görə, köhnəlmiş hesab
olunacaqlar, bu xəritələrin yenidən tərtib və çap edilməsi isə,
böyük xərclərdən əlavə uzun müddət vaxt da tələb edəcək.
Sizin çox məşğul olduğunuzu yaxşı bilirəm, amma ki, ASE-
81
nin birinci cildinin ləngidilməsi və bununla bağlı olaraq
kollektivin qeyri-normal fəaliyyəti yaradıcı əməkdaşları işdən
soyudur və peşələrindən yadırğadır.
Sizə müraciət edərək ASE redaksiyasındakı son dərəcə
gərgin vəziyyəti nəzərə almanızı, ən yaxın zamanda
Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin
buraxılması məsələsini həll etmənizi və bununla da bizim
kollektivin normal işləməsi üçün şərait yaratmanızı xahiş
edirəm.
Rəsul Rza.
4 yanvar, 1972
Bütün bu ətraflı, müfəssəl sənədlər, məktublar arasında
birdən kiçik, çox qısa bir kağız da gördüm. O biri məktubların
makina surətlərindən fərqli olaraq bu atamın öz xətti, öz əl
yazmasıydı, özü də rusca yazılmışdı:
Pervomu Sekretarö ÜK KP Azerbaydjana tov. Alievu Q.A.
Uvajaemıy Qeydar Alieviç. Smertelğno ustal. Dalğşe ne moqu.
Jdu Vaşeqo reşeniə.
Rasul Rza.
25 VIII –75
Belə bir ərizə yazdığından mənim xəbərim yoxdu. Məncə,
heç göndərməmişdi də onu. İnsan nə qədər dözümlü, mətin
olsa belə, onun zəiflik məqamları, hər şeydən bezdiyi anları da
var. Yəqin belə dəqiqələrinin birində yazıb bu kağızı. Yazıb
qoyub qovluğa. Çünki heç olmasa, birinci cildi buraxmamış
işdən çəkilmək istəmirdi. Ömrünün on ilini, səhhətini,
əsəblərini qurban verdiyi işin heç olmasa bircə cildlik bəhrəsini
görmək istəyirdi. Amma bu istək ürəyinin nisgili oldu.
Nisgil kimi də apardı onu özüylə...
***
Ərizəsiz-filansız azad etdilər onu. Daha doğrusu, çıxartdılar.
Yadımdadır, Cəfər Cəfərov katiblikdən hələ təzəcə
82
çıxarıldığı vaxt mənə:
–Rəsulu üç qat cəzalandıracaqlar, – dedi, – Deputat
seçmədilər – bu bir, Moskvada Qurultayda Yazıçılar İttifaqının
İdarə heyətinə düşmədi – bu iki. Gec-tez ensiklopediyadan da
götürəcəklər – bu da olacaq üç...
Atam Azərbaycan Ali Sovetinin ilk çağırışından həmişə
deputat olmuşdu (yalnız bir çağırışdan başqa, gərək ki, 1946-cı
ildə seçkilərdə). O zaman kino naziri işləyərkən
M.C.Bağırovun qəzəbinə keçmişdi, Bağırov yanıq verirmiş
kimi: "Bax, bütün nazirləri deputat vermişik səndən başqa", –
deyirmiş. Atamın M.C.Bağırovla münasibətləri gah
əzizlənməsi, təqdir olunması, gah gözdən salınması, amma
həmişə ləyaqətini saxlaması haqqında, Nizami yubileyində
Rəfiligildə toqquşmaları, Bağırova qaytardığı sərt və mərd
cavablar haqqında bir neçə adam maraqlı xatirə yaza bilərdi,
amma kim yazacaq, yazsa da, kim üzə çıxaracaq? Və haçan?
Ümumiyyətlə, bütün bunlar – Azərbaycan ictimai həyatının
qarışıq səhifələri, neçə-neçə insanın mənəviyyatında dərin izlər
salmış, neçələrini gedər-gəlməzə aparmış, neçələrini hifz etsə
də, ruhən şikəstləşdirmiş, Səməd Vurğun demişkən "asta-asta
sıpıxıb" sudan quru çıxan "tilsimli qəhrəmanların" hər dönüşdə
iştə-piştə olduqları, neçəsinin abrını saxlayaraq, şəxsiyyətini
qoruyaraq kənara çəkilib, susub gizləndiyi dövran, o illərin
təzadlı, dolaşıq, çoxyönlü həqiqətləri nə zamansa açılacaq,
çözələnəcək, aşkarlanacaqmı? Kimin kim olduğu
aydınlaşacaqmı? Ya hər şey – yaxşı da, pis də, mərdlik də,
namərdlik də, bütövlük də, nakişilik də dövrün sıx dumanı
içində əbədilik itib gedəcək? Kim bilir? Kim bilir...
***
Əgər kimsə, haçansa bu parçaları oxuyacaqsa, bəlkə də
çiyinlərini çəkdi: "Bu nə söhbətlərdir belə, nə böyük işdir
bəyəm – deputat seçməyiblər, ya İdarə heyətinə düşməyib.
Həqiqi şairçün, bütün bunların nə əhəmiyyəti ola bilər?"
Şübhəsiz, bütün bunlara hadisələrin içindən deyil,
83
fövqündən, fəlsəfi, ümumbəşəri, zamandan yüksək zirvələrdən
baxanda, belədir. Amma axı, bizim gerçəkliyin, illah da əyalət
gerçəkliyinin ab-havasında yaşayırıq. Odur ki, bütün bunları
vecinə almamaq çətindir...
Hər yaşda, ədəbi və ictimai mövqeyin hər mərhələsində
başqa-başqa pisikdirmək üsulları var. Təzə başlayan müəllifin
bir sətrini də çap etməyib onu elə beşiyindəcə boğmaq olar.
İmzasını tanıtmış müəllifi tənqidin yaylım atəşləriylə sıradan
çıxarmaq, şil-küt etmək mümkündür. Daha yüksək mövqeli
yazıçını isə ətrafına təcrid çəpərləri çəkməklə, haqqında israrla
susmaqla, onun yaradıcılığını görməzliyə vuraraq və ondan
qat-qat aşağı dayanan tay-tuşunu üfürə-üfürə şişirtməklə,
hıqqana-hıqqana qaldırmaqla və neçə cür bu sayaq başqa
fəndlərlə ruhdan salmaq, usandırmaq, əlini, dilini bağlamaq –
sınanmış vasitələrdir... və bütün bunların təbii nəticəsi kimi
telefonun birdən-birə susur, qapın döyülmür, küçədə səninlə
salamlaşanda da əvvəlcə bərayi-ehtiyat o yan bu yana baxırlar
– görən yoxdur ki...
Bütün bu vəziyyətləri gərək özün yaşayasan ki, dibinə qədər
duya biləsən. Ensiklopediyanın və "Qobustan"ın başında
buludlar sıxlaşdıqca şəxsən mənə münasibətin nə sayaq
dəyişdiyini açıq-aydın görürdüm.
Dost bildiyim adamlardan ikisi (mən indinin özündə də
onları dostum sayıram – amma bu artıq mənim şəxsi
xasiyyətim və təbiətimlə bağlı cəhətdir) oxşar iki situasiyada
özlərini eyni cür apardılar. Biriynən təsadüfən Xaqani
kücəsində görüşdük. Yazıçılar İttifaqına tərəf gedirdik. Mən
əvvəlcə onun davranışındakı müəyyən əsəbiliyin fərqinə
varmamışdım. Amma İttifaqın qabağında bir topa adamı
uzaqdan görər-görməz ayaq saxladı:
–Bağışla, – dedi, – amma bizi bir yerdə görməsələr,
yaxşıdır.
İkincisiylə Vaqif küçəsində, o vaxtlar mənim də yaşadığım
Yazıçılar binası qarşısında rastlaşdıq. Neçə illərin vərdişinə
84
uyğun dayanıb söhbət edirdik, amma aydın görürdüm ki, nəsə
narahatdır, söhbəti tez qurtarmaq istəyir, elə hey binanın
qapılarına, pəncərələrinə, eyvanlarına sarı boylanır. Axırda
özünü saxlaya bilmədi və eyni sözləri təkrar etdi:
–Bizi bir yerdə görməsələr, yaxşıdır.
Bəlkə mən şişirdirəm, bu adi sözlərə xüsusi məna verirəm,
ötəri bir cümlədən böyük nəticələr çıxarmaq istəyirəm.
Bilmirəm, bəlkə də. Bəlkə də iki müxtəlif adamın bir-birindən
xəbərsiz sözbəsöz dedikləri bu eyni cümlələrdə bütün
zamanların ayıq-sayıq məntiqi vardı – axı, hamının gözü
qarşısında belə mehribançılığın heç bir xeyri yoxdur, zərəri ola
bilər. Amma hər halda mənə elə gəldi ki, sifətimi 37-ci ilin
zəhərli nəfəsi qarsdı, bu anlarda mən yalnız əfsanəvi Həzrət
İsanın Hefsiman bağındakı ölümcül kədərini deyil, tam real bir
varlıq olan Heydər Hüseynovun ömrünün son günlərində, son
saatlarında duyduğu "tənhalıq tilsimini" də dərk etdim.
Həmişə deputat seçilən adamın seçilməməsi bu şəxsə rəsmi
münasibətin açıq və aydın göstəricisi idi və bunu hamıdan
əvvəl bir para adamlar – havadan iy çəkənlər hiss etmişdi –
nazirindən tutmuş mənzil-istismar kontoru işçilərinəcən
zəncirin həlqələri bir-birinə bağlıydı. Və bu münasibətlərdən öz
payını götürən ortabab bir şair atamın şerlərini jurnal
redaksiyasından qaytarmağa cəsarət edirdi. Nəşriyyat məmuru
onun kitablarını ixtisar etməkdə, yubandırmaqda, plandan
çıxarmaqda canfəşanlıq göstərirdi. Senzura şerinin hər sözünə,
hər nöqtə-vergülünə zərrəbinlə baxırdı, şeytanın ağlına
gəlməyən "ikinci mənalar" tapırdı, çapına icazə vermirdi.
Jurnalın ədəbi işçisi də, nəşriyyat ya senzura məmuru da
arxayın idilər - qırx ildən artıq ədəbi stajı olan, rəsmən Xalq
şairi adını daşıyan, amma "gözdən düşmüş" sənətkara qarşı bu
özbaşınalıq, saymazyanalıq üstündə kim onlara "gözün üstə
qaşın var" deyəcəkdi? Kim?
Heç kim... Bircə Rəsul Rza özü bu cür kəmfürsətlərə dişinin
dibindən çıxanı deyəcəkdi və rastlaşanda əl verməyəcəkdi...
85
Amma belələrinin nə vecinə...
***
Bir dəfə atam mənə bir əfsanə danışdı. Yazmaq istəyirdi bu
əfsanəni. Süjetini bilmirəm özü uydurmuşdu, ya hardansa
eşitmişdi, oxumuşdu. Atamın, ümumiyyətlə, şakəri vardı:
hərdən özü uydurduğu rəvayətləri, əfsanələri xalq yaradıcılığı
kimi qələmə verirdi. Yadımdadır, "Oqonyok" jurnalına
Sumqayıt haqqında oçerk yazarkən bu şəhərin adı haqqında
rəvayət uydurmuşdu. Rəvayət guya Sum adlı bir gəncin
məhəbbətiylə bağlıydı, – Sum, qayıt, – deyə onu çağırırdılar və
yerin adı burdan qalmışdu. Oçerki bizə oxuyanda Sum adının
nə dərəcədə Azərbaycan üçün xarakter olub-olmaması
barəsində mübahisə etmişdik. Oğlanın sevgilisinin adını
Ceyran qoymuşdu və Ceyranbatan gölünü də bu əfsanəylə
bağlamışdı. Ancaq ən qəribəsi odur ki, mənim gözlərimin
qabağında yaranan bu "xalq əfsanəsi"ni alimlərimiz sonralar
folklor kitablarına həqiqi müəllifini göstərmədən doğrudan-
doğruçu "el rəvayəti" kimi daxil etdilər və hətta bu rəvayəti
hansı kənddə, hansı qocanın dilindən yazdığını iddia edən
"tədqiqatçı"da tapıldı. Nə isə...
Atamın danışdığı rəvayətlərdən birini yazıçı Rüstəm
İbrahimbəyov "Sosialistiçeskaə industriə" qəzetinin xüsusi
müxbiriylə söhbətində xatırlayır:
"Filmin ("Bir-cənub şəhərində" filmi nəzərdə tutulur – A.)
ətrafında müəssisələrdə, institutlarda, idarələrdə mübahisələr
gedirdi. Və bir dəfə belə diskussiyalardan birində bizim gözəl
şairimiz Rəsul Rza pəncəsinə tikan batmış şir haqqında rəvayət
danışdı. Təbii ki, şirin pəncəsi ağrayırdı, irinləmişdi. Amma
şirin imdada çağırdığı bütün heyvanlar həmin o yaralı yeri
yalayır, tumarlayırdılar, tikanı dartıb çıxartmağa isə
qorxurdular – axı kəskin ağrı heyvanlar padşahının qəzəbinə
səbəb olardı. Nəhayət, balaca bir heyvancığaz gəlir, tikanı
dartıb çıxardır. Şir ağrıdan az qala öz xilaskarını öldürmək
istəyir, amma yara sakit olandan sonra başa düşür ki, bu ağrı
86
onun xilas olması üçün vacib imiş.
Bu rəvayətin çox dərin mənası var. Uzağı görə bilməyən
adamlar bəzən ifşaedici sənət əsərlərini qiymətləndirməyi
bacarmırlar, müəllifi vətənpərvər olmamaqda təqsirləndirirlər.
Amma süni parıltı yaratmaq çəkməsilənlərin peşəsidir,
ədəbiyyatın vəzifələri başqadır...".
Atamın mənə danışdığı əfsanə isə belə idi: Günlərin bir
günündə vəzir padşahın hüzuruna gəlib deyir ki, qibleyi-aləm,
bir yağış yağacaq, hamı o yağışın suyundan içib dəli olacaq.
Padşah:
–Vəzir, bəs nə tədbirin var? – deyə xəbər alır. Vəzir: – Mən
tədarük görmüşəm, – deyir, – adi sudan yığıb saxlayacağam
özümçün. Bəli, bir gün, doğrudan da, leysan yağış yağır,
vəzirlə padşahdan başqa hamı bu yağışın suyundan içir. Suyu
içib başlarına hava gəlir, padşahla vəzirə baxıb: – A, a, a,
bunlara baxın, dəli olublar! – deyirlər.
Padşaha baxıb: – Buna bax, şalvar geyib... Vəzirə baxıb: –
Gör e, bunun iki gözü, bir burnu var və s. – deyə ağlını
itirməmiş yeganə iki nəfəri lağa qoyurlar. Əvvəl lağa qoyurlar,
gülürlər, amma get-gedə əsəbiləşirlər, hirslənirlər, bərk
qəzəblənirlər ki, vəzirlə padşah niyə bizə oxşamır, mütləq bizə
oxşamalıdırlar, bizə oxşamaq istəməsələr, eyniylə bizim kimi
olmasalar, özlərindən küssünlər...
Bütün bunlardan qorxuya düşmüş padşah: – Vəzir, bir tədbir, –
deyir. Vəzir: Şah sağ olsun, mən bu günümüzü də qabaqcadan
görmüşdüm deyir, odur ki, işimi möhkəm tutmuşam. Həmin yağış
suyundan özümüzçün də saxlamışam. İçək biz də onlardan olaq,
onlar ağılda olaq, onlar kimi olaq...
Bəli, padşahla vəzir də bu sudan içib olurlar hamının tayı,
yəni əslində dəli, dəlilərin gözündə isə adi, özününkü.
Bu yazını işlərkən qeyd dəftərimi varaqladım və orda yanvar
1971-ci il tarixli bir yazıya rast gəldim. Yazını olduğu kimi
bura köçürürəm.
"Bu gün Rəsul mənə yuxusunu danışdı. Yuxunu dünən gecə
87
(yanvarın 4-dən 5-nə keçən gecə) görüb: "Gördüm ki, Tiflisdə
bir məclisdəyəm. Tost deyirdim, deyirəm ki, məsələ stolun
üstündəki nemətlərdə deyil, məsələ qəlbin açıqlığındadır. Bu
vaxt bir erməni durub öz dilində danışmağa başlayır. Deyirəm:
mən bilmirəm o adam nə danışır, amma biri danışanda ikinci
adamın danışması qanacaqsızlıqdır. Sonra da deyirəm ki, içək
Azərbaycan və gürcü xalqlarının sağlığına. Sonra görürəm ki,
aerodrom binası kimi böyük, geniş bir foyedəyəm. Hər tərəfdə
ermənilərdir, mən lap təkəm. Mənə sataşırlar. Mən deyirəm ki,
Tatul Huryana şer yazmışam. Biri lap üstümə gəlir,
provokasiya eləyir ki, onu vurum, o da məni itələsin, yıxılım və
guya təsadüfən basdırıqda məni ayaqlayıb tapdalasınlar. Hər
tərəfdən üstümə gəlirlər. Lap təkəm, heç yerdən də kömək,
gümanım yoxdur. Nədənsə, Ağasəfi – 34-cü ildə ölmüş bibim
oğlunu çağırıram, haradan düşüb o yadıma bilmirəm"...
Dostları ilə paylaş: |