***
Hər cümə axşamı Bakıya gəlirdim, hər dəfə də
bizimkilərdən kimsə mənimlə Şuşaya gəlirdi.
Bir həftə, dediyim kimi, Fidangil Şuşada qaldılar, bir həftə
Zemfirayla Günel, bir həftə Ənvər Məmmədxanlı...
Toğrul Nərimanbəyov da bu müddətdə Şuşada idi – Mərkəzi
televiziya onun haqqında film çəkirdi.
85 yaşlı Nəsir bəy Cavanşir həmişəki kimi bu yay da Şuşada
dincəlirdi, bizi evinə dəvət etdi, konyak içir, ötən günlərdən
şirin xatirələr danışırdı. Hər yerdə şuşalılar mənə qayğı və
diqqət göstərirdilər. Üzeyir haqqında film çəkdiyimə görə də,
itkilərimdən xəbərdar olduqlarına görə də... Bütün bunlar
mənimçün o günlər çox vacib idi. Həm də bu xalqımın ən
gözəl, ən vacib cəhətlərinin – həssaslığının, zərifliyinin ifadəsi
idi...
Zemfirayla Günel Şuşada olan günlər bir axşam gəzintiyə
çıxmışdıq, yolumuz istirahət evinin ərazisinə düşdü. Şuşada axır
illər dəfələrlə olmuşam, amma 1952-ci ildən bəri, yəni otuz il
251
ərzində nə səbəbdənsə heç yolum istirahət evinə düşməyib.
1952-ci ildə hamımız – atam, anam, bacılarım – burda
dincəlirdik. İndi otuz ildən sonra qeyri-ixtiyari o uzaq illərə
qayıtdım. Çoxdan saralıb-solmuş xatirələr elə bil birdən-birə
dirçəldilər, oyandılar, püskürdülər, qurd olub yedilər məni...
Bax, bu evdə qalırdıq, bu cığırla yeməkxanaya gedirdik.
Bura kitabxana idi, həm də kinozal. Axşamlar bu ağacların
altında oturardıq.
Atam bax burda nərd atardı. Mən o dərədə tay-tuşlarımla futbol
oynayırdım. O vaxt Şuşada yaman darıxırdım, ürəyim Bakıya
tələsirdi. Doqquz yaşlı Fidan da darıxırdı. Təranəyə hələ darıxmaq
tezdi – dörd yaşındaydı. Atam Fidanla mənim başımı qatmaq üçün
təklif elədi ki, yol qeydlərimizi yazaq, Şuşada gördüklərimizi
qələmə alaq. Yadımda deyil Fidan yazdı, ya yox, amma mən
yazmağa başladım. Yol qeydləri və Şuşa haqqında deyil...
Amerika həyatından bir pyes yazdım.
Bir axşam, bax, həmin o evin eyvanında yazıb qurtardığım
pyesi bizimkilərə oxudum. Təbii ki, pyes zəif və bekara bir şey
idi, amma atam onda nə isə görmüşdü. Oxuyub qurtaranda
onun göy gözləri parlayırdı.
–Heç nə, – dedi, bilmirəm sevinclə dedi bunu, ya təəssüflə.
– Sən də yazıçı oldun.
Məhz bax, bu gün, bu axşam, bu saat, bax, bu sözlərdən
sonra mən yazıçı oldum.
Ya olmadım. Belə də hesab etmək olar, sözüm yoxdur. Hər
halda mənim taleyim bu anlarda həll olundu.
İndi axşam toranlığında bu yerləri dolaşanda Zemfiraya,
Günelə dedim ki, haçansa çox illər bundan qabaq bax o evdə
qalırdıq.
Amma bu sözlər kifayət idi ki, Günel böyrümə qısılsın. Mən
aydın hiss-elədim: bu anlarda o da öz İçəri dünyasında mənim
xəyalımda gördüklərimi görür, duyduqlarımı duyur.
Sonralar da mən bu on yaşlı qızın həssaslığına mat qalırdım.
Mən tez-tez susuram, fikirli oluram, öz içimə çəkilirəm. Heç
252
vaxt mənə mane olmur. Fikirlərimdən ayırmır. Amma o günlər
dalğınlaşan kimi, keçmişin səhnələrini xəyalımda görən kimi
Günel hansı daxili duyumlasa mənim İçəri dünyamı görür,
yanıma gəlir, məni qucaqlayır, oxşayırdı.
–Ata, – deyirdi, – babayla, nənə düşdü yadına, hə?
–Hə, qızım, onlar düşdü yadıma, sənin babanla nənən.
***
1983-cü il aprelin 1-də atamın vəfatının ikinci ildönümündə
qəbirüstü abidəsinin açılışı oldu. Atamın xatirəsinə son dərəcə
vəfalı olan Elmira Hüseynova hələ sağlığında onun heykəl-
portretini yaratmışdı… İndi, bu son heykəlini də böyük
duyğuyla düzəltmişdi. Atamın son illərdə sifətinə çökmüş bir
ifadəni çox dəqiq yarada bilmişdi – müdrik bir kədər, bir az
yorğunluq, bir az təəssüf...
Təbrizdən, Şəhriyarın adından göndərilmiş bir ovuc torpağı
Abbas Zamanova verdim, bu barədə bir-iki kəlmə dedi və
torpağı məzarın üstünə səpdi.
1983-cü il iyulun 29-da anamın yetmiş yaşı tamam olan gün
onun qəbri üstündə də abidə açdıq. Yazıçılar, jurnalistlər toplaşdı,
əklillər qoydular, çıxış etdilər, qəzetlər, jurnallar məqalələr çap
etdilər, radioyla, televizorla verilişlər getdi...
Atamın beşcildliyi çıxdı. Özü görmədi.
Moskvada "Qoslitizdat"da ikicildliyi çıxdı. Bunu da görə
bilmədi.
Müxtəlif yerlərdən onların adlarıyla bağlı xəbərlər gəlir.
Eston bəstəkarı Eugen Kapp atamın sözlərinə romans yazıb.
Türk bəstəkarı Təhsin İncirçi atamın şerinə mahnı bəstələyib.
Bu mahnı Qərbi Berlində işləyən türk fəhlələrinin xorunun
ifasında vala yazılıb. Valı mənə də göndəriblər.
İsveçdə, Macarıstanda, Bolqarıstanda, İraqda atamın şerləri
çap olunub, Rəsul Rzanın və Nigar Rəfibəylinin ölümləriylə
əlaqədar Türkiyədə, İranda bir neçə jurnalda məqalələr, onların
şerləri, şəkilləri dərc olunub. Təbrizdə çıxan "İnqilab yolunda"
jurnalının üz qabığında atamın iri şəkli verilib, Cənubi
253
Azərbaycanın bir neçə şairi – Qulamhüseyn Səbri, Hüseyn
Tufarqanlı, Güloğlan, İmran Salehi və başqaları onun ölümünə
şerlər həsr ediblər.
Onun ölümünə saxladıq əza
Ellər onu daim yada salacaq.
Yenə sıramızda var Rəsul Rza
Ölməz əsərləri daim qalacaq.
Bu şerlər haqqında "Azərbaycan müəllimi" qəzetində
məlumat verən Abbas Zamanov "Yenə sıramızda var Rəsul
Rza" adlı məqaləsində yazır:
"Son zamanlar əlimizə gəlib çatan məlumatlardan aydın olur
ki, Rəsul Rza Cənubda ən çox oxunan və sevilən bir şair kimi
şöhrət tapmışdır. Mənhus Məhəmməd Rza şahın zamanında
hökm sürən terrorun qurbanı olan Səməd Behrəngi 1968-ci ildə
gizli şəraitdə buraxdığı "Parə-parə" məcmuəsinə Rəsulun bir
sıra şerlərini daxil etmişdi. Cənub mətbuatının yazdığına görə,
o zaman bu şerlər oxucular tərəfindən maraqla qarşılanmış,
əldən-ələ keçmiş, geniş yayılmışdır...
Cənubi Azərbaycanın tanınmış ədiblərindən Hüseyn Sadiq qara
günləri xatırlayaraq yazır: "Millətimizin təhsinəlayiq inqilabından
neçə il əvvəl Rəsul Rzanın müxtəlif xalqların taleyindən danışan
gözəl şerlərindən bir neçəsini "Asari-əz şüərayi Azərbaycan"
("Azərbaycan şairlərinin əsərlərindən nümunələr") kitabında dərc
etdirmişdim. Xain Məhəmməd Rza şahın nökərləri Rəsul Rzanın
şerlərinin kitaba daxil olmasına görə üç il kitaba nəşr icazəsi
vermədilər. Kitab nəşr olunandan sonra da savakçılar dərhal
toplayıb satışını qadağan etdilər".
Şimali Azərbaycanda da bir sıra şairlər, nasirlər Rəsul
Rzaya və Nigar Rəfibəyliyə həsr olunmuş xeyli şer, hekayə
yazıblar. Bir qismi mətbuatda, bir qismi həmin müəlliflərin
kitablarında çap olunub.
Radio və televiziya onlar haqqında verilişlər təşkil edir, tez-
tez efirdə şerləri, mahnıları səslənir.
Bakı-Moskva təyyarəsinin sərnişinləri havaya qalxmaq
254
ərəfəsində Polad Bülbüloğlunun atamın sözlərinə bəstələdiyi
mahnısını dinləyirlər:
Gözlərinə de ki,
girməsinlər, yuxuma:
nə kədərli
nə sevincli,
nə şirin vədəli.
Dodaqlarına de ki,
Çəkilsinlər xəyalımdan
pıçıltılı,
gileyli,
hədəli!
Ömrün illəri
yığılıb çiynimə qalaq-qalaq
Nə qəm!
Gəl bir əbədi an
səninlə
əl-ələ
söz-sözə
fikir-fikrə qalaq!
Bəlkə bütün ötüb-keçən günlər
ən gözəl günün müqəddiməsi imiş
Bəlkə
bu incimələr
məhəbbətin sınağı
səadətin səsi imiş...
Bəlkə də belədir. Bəlkə də bu ümidli sözlərdə böyük bir
həqiqət var. Bəlkə doğrudan da, "bütün ötən günlər ən gözəl
günün müqəddiməsi imiş"... Bəlkə də... Kim bilir?
***
Şuşada olduğum günlərdə küçədə çox gənc, lap sütül bir
oğlan mənə yanaşdı, utana-utana;
–Anar müəllim, – dedi, – olar sizdən bir şey soruşum?
–Olar, – dedim, – soruş.
255
–Düzdür ki, sizin adınızın mənası belədir: Anam Nigar.
Atam, Rəsul?
–Düzdür, – dedim, – tamamilə doğrudur. Məhz elə belədir:
ANAR, yəni Anası Nigar, Atası Rəsul.
***
Anam Nigar, Atam Rəsul! Sizdən yazdığım bu yazını
Sizinlə bərabər yazdım. Yalnız ona görə yox ki, yazımın ən
qiymətli səhifələri sizin şerləriniz, məktublarınız, sözləriniz
oldu. Bir də ona görə ki, bu yazını yazdığım iki uzun il ərzində
hər an sizin doğma nəfəsinizi duydum, səslərinizi eşitdim, hər
şeyi, dənizi, çiçəkləri, küçələri, insanları, hadisələri, hətta sizin
vəfatınızı, dəfninizi belə sizin gözlərinizlə gördüm. Bütün bu
iki ili mənimlə oldunuz. Canlılar kimi...
Sizsiz qalıb yaşamağın çətin dərslərini yavaş-yavaş, tədriclə
öyrətdiniz mənə...
***
Uşaqlıqdan bizə əziz, bayram olan günlərdə yığışırıq –
mayın 19-da atamın doğum günündə, iyunun 29-da anamın
doğum günündə, fevralın 11-də onların toy günündə. Əvvəl
onlar özləri bizi bir yerə yığırdılar, indi xatirələri yığır.
Onların evlərində toplaşırıq. İndi bu evdə Təranə əriylə, iki
balaca qızıyla yaşayır; hamımızdan artıq ata ocağına Təranə
bağlıydı. Ailənin sonbeşiyi idi. Təranə, onu xüsusi bir
kövrəkliklə sevirdik Təranə isə hamımızdan möhkəm oldu –
ailənin ruhunu, ocağın tüstüsünü, evin çırağını məhz Təranə
qorumalı, hifz eləməli oldu.
***
Anamın çox cəhətlərini – zərifliyini, mülayimliyini, hər şeyi
anlamaq qabiliyyətini – Fidanda və Təranədə görürəm.
Rəftarlarında bir çox cizgilər, bədii zövqləri, həyat əqidələri –
anamdandır. İradəsini, dözümünü, təmkinini Təranədə daha
artıq görürəm, xəyalpərvərliyi, dalğınlığı, kövrəkliyi Fidanda
daha artıq duyulur.
O müsibətli günlərimizdən iki il sonra 1983-cü ilin
256
payızında Fidan yoldaşı Raufla uzun müddətə İraqa işləməyə
getdilər. Bəlkə də Fidan həyatında ilk dəfə 29 iyun gününü –
anamızın doğum gününü – hamımızdan aralı, qürbətdə, uzaq
Bağdadda keçirdi. Və bu günün ərəfəsində, yuxusuz gecədə
duyduqları istər-istəməz şerə çevrildi. Bəlkə də Fidanın ilk və
yeganə şeridir bu sadə misralar. Bəlkə heç bunları şer
adlandırmaq da düz deyil. Qırılıb misralara tökülmüş qəlb
nisgilləridir. Əkrəm Əylisli demişkən, doğrudan da, dünyada
elə mətləblər var ki, onları yalnız şerlə ifadə etmək olar:
Bu gecə, bu gecə
Keçəcək qorxular,
vahimələr,
Gələcək yerinə xəyallar.
Açılacaq cənnət qapıları
taybatay.
Səni görəcəyəm
sağ-salamat.
Əlini uzadıb sığallayacaqsan
ipək saçlarımı.
Bağrına basacaqsan məni.
Deyəcəksən: qorxma,
mən yanındayam.
Nədənsə, kəkotu ətri gələcək
cənnətdən
Ürəyimin çilik-çilik qəlpələri
cingildəməyəcək içimdə
Boğazıma tıxanmayacaq
yaş düyünü
səsini eşidəndə.
Deyəcəksən yenə: "Ay aman,
bu
qız nə arıqdı,
canına bir az fikir ver, ay bala",
Uğunub güləcəyəm
əvvəl mən,
257
sonra
sən
Elə-belə, səbəbsiz
uğunub güləcəyik ürəkdən.
Xoşbəxt gülüşümüz,
Səslənəcək cənnətdə
Qorxusuz,
itkisiz,
ölümsüz
cənnətdə.
28 iyul, 1984. İraq.
Bu şerdən bircə mənim xəbərim var və Fidan xahiş eləyib
ki, onu heç kəsə göstərməyim, məbadə, çapa verməyim. Ona
söz verdim. ...və sözümün üstündə durmayıb şeri "Sizsiz"ə
daxil edirəm. Çünki Fidanın keçirdiyi və ifadə etdiyi bu
duyğular da yalnız tək bir ona məxsus deyil, anamızın xəyali
abidəsinin əlavə bir çaları, cizgisidir. Bəlkə də Fidan əhdə xilaf
çıxdığımı mənə bağışladı. Bəlkə də...
Təranəgil atamın evinə köçməmişdən qabaq, mən düşündüm
ki, təzə ailə, yeni həyat tərzi hər halda bu mənzilin zahiri
görünüşünü dəyişəcək. Odur ki, fotoqraf çağırdım, dedim ki,
bu boş, adamsız otaqları necə var, o cür çəksin – qoy Onların
vaxtında bu mənzil necə olubsa, – fotolarda o cür qalsın.
Fotoqraf bomboş otaqları müxtəlif nöqtələrdən çəkdi və
fotoları mənə verdi.
Təranəgil mənzildə heç nəyi dəyişməyiblər. Hər şey
atamgilin vaxtında necə varsa, o cür qalıb.
Fotoqrafın çəkdiyi şəkillərə baxıram – onlar qəlbimin heç
bir telini tərpətmir – ev avadanlığının, əşyaların müəyyən
düzümüdür, vəssalam. Fotolar – ölüdürlər.
Atamgilə gəlirəm. İçəri dünyam min bir anımla, xatirəylə dolur
– ev diridir. Diri evin otaqlarında səs-küy, gülüşlər eşidilir. Günel
də, Fidanın qızı Aysel də burdadırlar, Təranənin balaca, şıltaq
qızları Nigar və Bəyazla belədən-belə qaçırlar…
Həyat davam edir...
258
Amma mən fotolara baxmağı da çox xoşlayıram. Heç vaxt
zənn etməzdim ki, fotolar bu qədər söhbətcildir. Gecənin bir
yarısı – evimdə hamı yatanda, masamın siyirtməsini çəkirəm.
Bir qalaq foto çıxarıb ortalığa tökürəm. Tələsmədən, aramla
müxtəlif illərin fotolarını nəzərdən keçirirəm.
Bunu tez-tez etmirəm ki, duyumun təravəti itməsin, təsiri
korşalmasın. Üç ayda, dörd ayda bir...
Onların müxtəlif vaxtlarda, müxtəlif yerlərdə çəkdirdikləri
şəkillər, tək şəkilləri, cüt şəkilləri, bizimlə, başqa adamlarla,
dostlarla, qohumlarla, tanışlarla çəkdirdiyi şəkillər dil açıb
danışır.
Bu fotolardakı adamların da bir qismi artıq yoxdur, amma o
adamların da səslərini, gülüşlərini eşidirəm.
Bəzi şəkillər yaman gurdur, hay-küylüdür. Gecəyarısı
otağım səslərlə, qəhqəhələrlə, zarafatlarla, qab-qacaq səsiylə,
qədəh cingiltisiylə dolur! Bəzi şəkillər fikirli, dalğındır –
sükutu dinləyirəm. Bəzilərindən musiqi sədaları gəlir – uzaq,
həzin musiqi. Moskva küçəsinin hənirtilərini, uzaq ölkələrin
danışıqlarını eşidirəm. Buzovna meynələrinin pıçıltısını, Xəzər
ləpələrini, Göyçay ağaclarının xışıltısını eşidirəm. Bakı
evlərinin xısın səslərini eşidirəm.
Hər foto min bir anımla, xatirəylə bağlıdır – uzun ömrün
çeşid-çeşid günləri, illəri, saatları. Yüz insan sifəti – əziz,
munis sifətlər.
Bir foto da var. Bu foto həmişə ürəyimə məlhəm çiləyir,
məni ovudur, sakitləşdirir elə bil.
Qatar vağzalında, perronda dayanıblar. Artıq cavan deyillər,
amma hələ qocalmayıblar da.
Harasa gedirlər. Onları yola salırıq. Fotoda olmasaq da,
perronda varıq, dayanmışıq, onlarla söhbət edirik. İndicə fit
səsi eşidiləcək, onlar vaqona qalxacaqlar, qatar yola düşəcək.
Ayrılacayıq. Amma bu əbədi hicran deyil. Müvəqqəti
ayrılıqdır. Bir müddətdən sonra yenə görüşəcəyik.
...Onların olmaması fikriylə barışa bilmirəm və heç zaman
259
barışa bilməyəcəm.
Bu ayrılığın əbədi olması fikrini heç cür qəbul edə bilmirəm
və ömrümün axırınadək qəbul edə bilməyəcəm.
Bir daha görüşməyəcəyimizi ağlıma sığışdıra bilmirəm və
bilməyəcəyəm.
Mənə elə gəlir ki, harasa gediblər. Mütləq qayıdacaqlar.
Hökmən görüşəcəyik.
Odur ki, əlvida deyə bilmirəm onlara. Hələlik, – deyirəm.
Görüşənə qədər, – deyirəm. Gülə-gülə, – deyirəm.
Sağ olun – deyirəm.
Sağ olun ki, vardınız.
Sağ olun ki, varsınız.
Sağ olun ki, həmişə bizimlə qalacaqsınız.
1981-1983
260
HƏYATIM AĞRIYIR
(povest-xatirə)
261
"Həyatım ağrıyır...". Ənvər Məmmədxanlının ifadəsidir.
Uşaqlıq illərimdən xatırlayıram, hərdən-birdən xoş məclisdə,
ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə
öz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq bir
xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub
sənə, nə var?" – dalğın-dalğın cavab verərdi: – "Həyatım
ağrıyır". Bilmirəm bu ifadə onun hansısa əsərinə düşübmü?
Gərək ki, yox. Hər halda çap olunmuş əsərlərində rast
gəlmədim. Bəlkə hələ üzə çıxarılmamış əlyazmalarında,
gündəliklərində, qeydlərində – "Qəlpələr"ində hardasa düşüb
qalıb bu söz. O uzaq illərdə mən bu ifadəni orijinal bir obraz,
qəribə bir təşbeh sayırdım. Hər şeyi daha dəqiq qavramağa
başlayandan sonra Ənvər Məmmədxanlının şəxsiyyətini,
bioqrafiyasını daha dərindən dərk etdikdən, özüylə və ailəsiylə
bağlı bütün məşəqqətlərinə vaqif olandan sonra anladım ki, bu
yalnız gəlişigözəl söz deyilmiş – Ənvər Məmmədxanlı
taleyinin çox sərrast, çox dürüst düsturu imiş. Uşaqlıqdan mən
ona Ənvər əmi, ya Ənvər müəllim deyil, sadəcə Ənvər
deyirdim. Atamla anama da adlarıyla müraciət etdiyim kimi.
Özləri belə öyrətmişdilər, mən də, bacılarım da
valideynlərimizə Rəsul, Nigar, Ənvərə Ənvər deyirdik. Bu
yazıda da başqaları üçün qeyri-təvazökar, yaxud kobud görünsə
belə, mən "Ənvər" deyib yazacam, çünki bu mənimçün daha
təbii və real səslənir.
Həyatsevər insan idi, gəncliyində dünyanın ləzzətlərindən
zövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən,
yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdı.
Amma bu nikbin təbiətli bir insanın ömrü boyu "həyatı
ağrımışdı".
"Həyat ağrısı"nın bəzi, mənə məlum olan səbəblərini bu
yazıda açıqlamağa çalışacam.
***
262
Bu il Ənvərin 80 illiyidir. 1913-cü il fevralın 28-i Ənvər
Məmmədxanlının doğum günüdür.
1913-cü il fevralın 28-i Ənvər Məmmədxanlının doğum
günü deyil. Ənvər Məmmədxanlı fevralın 29-da anadan olub
və fevralın 29-u ancaq dörd ildən bir olur. Ailədə biz həmişə bu
mövzuda zarafat edərdik. Bir zaman hətta elə düşünürdük ki,
dəbdəbəni, hay-kuyü sevməyən Ənvər qəsdən, ad gününü qeyd
eləməməkçün belə bir günü – hər il olmayan bir günü – özünün
ad günü elan edib. Axı sən necə fevralın 29-da anadan ola
bilərsən ki, 1913-cü ildə fevral 28-dən olub? – deyirdik və bizə
elə gəlirdi ki, bu tutarlı dəlillə onun "uydurmasını" ifşa
edəcəyik. Ənvər gülümsünür: – Bəs onu bilmirsiniz ki, o
vaxtdan bəri təqvim dəyişib və on üç gün qabağa çəkilib?
Amma hər halda hər il bu gün, yəni il 29-dan olanda 29-
da, 28-dən olanda 28-də onun evinə gedər, təbrik edərdik.
Nə yazıq ki, 91-ci ilin 28 fevralında onun evinə yox,
televiziyaya getməli oldum: iki ay on gün qabaq vəfat etmiş
yazıçının xatirəsinə həsr olunmuş verilişdə danışmaq üçün. O
vaxt dedim ki, Ənvər haqqında danışmaq çətindir, əvvəli ona
görə ki, onun vəfatı mənimçün çox böyük itki idi. Hələ yara
qaysaqlanmamışdı, sağalmamışdı. İndi, on iki ildən artıq
keçəndən sonra yenə də Ənvərdən söz açmaq mənə asan deyil:
yara hələ də qövr edir, incidir. Bu bir səbəbdir. İkinci səbəbi
odur ki, Ənvər haqqında xatirələrim çoxdur, bitib-tükənməzdir,
mənim həyatımda Ənvərin o qədər böyük yeri var ki, bu
xatirələri tənzim etmək, səhmana salmaq, müəyyən bir
ardıcıllıqla düzmək müşkül işdir. Adamı az tanıyanda onun
haqqında bir neçə görüş əsnasında, bir neçə ünsiyyət
dəqiqələri, ya saatları nəticəsində xatirə söyləmək mümkündür.
Amma bir insanı uzun illər boyu tanıyanda və o insan sənə bu
qədər yaxın olanda xatirələri müəyyən bir məcraya sığışdırmaq
zor işdir. Üçüncü bir səbəb də var: Ənvər Məmmədxanlı
mənim yaxın qohumumdur, əmimdir. Əmi deyəndə çox adam
təəccüblənir – axı bilirlər ki, Rəsul Rzanın qardaşı olmayıb.
263
Ənvər Məmmədxanlı atamın həm əmisi oğlu idi, həm xalası
oğlu. Onların ataları İbrahim və Qəffar qardaş idilər, anaları
Məryəm və İmmihanı bacı idilər. Amma bu qan
qohumluğundan başqa – onları birləşdirən mənəvi varlıqları idi
və heç bir doğma qardaş bir-biriylə bu qədər yaxın ola
bilməzdi: eyni peşə sahibləriydilər, eyni məslək və əqidə
sahibləriydilər, ömürləri bir yerdə keçmişdi, ömrün çox
çətinliklərinə birlikdə sinə gərmişdilər. Mübahisə etdikləri
vaxtlar da olurdu, amma bir-birlərini qəribə, riqqətli bir
məhəbbətlə sevirdilər. Bu zahirən bəlkə də görünmürdü, amma
daxildə, mən bilirəm ki, nə qədər bir-birinə bağlı adamlar
idilər. Ailəmizin ənənələrindən, babalarımızın təbiətlərindən
gələn bir sərtliklə bir-birinə mehriban sözlər deməyi, qarşılıqlı
məhəbbətlərini nümayiş etdirməyi sevməzdilər, hətta bir-
birlərinin yaradıcılıqlarına dərin rəğbət və hörmətlə
yanaşdıqları halda belə heç vaxt atam Ənvərin hekayələrinə,
pyeslərinə, Ənvər atamın poeziyasına mətbu surətdə
münasibətlərini bildirməyiblər. Yadımdadır, atam bir dəfə
Ənvərin "Qaralmaz günəş" hekayəsində bir obrazı bəyəndiyini
söyləmişdi. Həmin obraz olan cümləni bura köçürürəm:
"Axşamdan əsməyə başlayan külək sübhə yaxın birdən
kəsdi. Elə bil naməlum ovçu gülləsi ilə ağac başından yerə
sərilən bir quş, aşağıda otlar üstündə bir-iki dəfə qanad çalıb,
sonra tamamilə susdu".
Yalnız atamın ölümündən sonra Rəsul Rza və Nigar
Rəfibəyli haqqında xatirələr kitabına yazdığı "ön söz"də Ənvər
Məmmədxanlının ilk və bəlkə də gecikmiş etirafı səslənmişdi:
"Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir
yoldaş və böyük qardaş idi, o eyni zamanda uşaqlıq illərindən
mənə müəllimlik eləmişdi və həmişə mənim üçün örnək
olmuşdu". ("İki ömrün işığı", Gənclik, Bakı, 1987, səh. 4.).
...və mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım və
bəlkə də, o atamın atabir-anabir qardaşı olsaydı belə mən onu
sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan
264
artıq bağlanmazdım. Mənə bağışladığı ikicildliyinin üstündə
yazdığı "Əzizim Anara, ürək dostuma..." sözləri mənimçün ən
təmtəraqlı "izhari məhəbbətlərdən" daha qiymətlidir.
İndi onun haqqında düşünəndə, həm də çox tez-tez, sıx-sıx,
müxtəlif məqamlarda, müxtəlif hadisələrlə bağlı olaraq
düşünəndə bir yandan öz xatirələrim canlanır xəyalımda –
onunla bağlı saysız-hesabsız günlər, aylar, illər... Atamgilin
sağlığında demək olar ki, həftədə bir, ya iki dəfə onlara gələrdi,
orda görüşərdik. Buzovnada bağlarımız qonşu idi və hər il yay
ayları hər günü bir yerdə keçirərdik: gündüzlər və axşamlar
söhbətlər, şahmat yarışları, gecələr radio dalğalarında "düşmən
səslərini" – "Amerikanın səsini", "Azadlığı", "Alman
dalğasını" aradığımız, dinlədiyimiz saatlar...
Sonra, mən ayrı yaşamağa başlayanda hərdən bizə gələrdi
və daha tez-tez mən onun evinə gedərdim. Bakıda olduğum
zaman demək olar ki, hər həftə ona baş çəkərdim. Moskvadan,
ya başqa uzaq səfərdən qayıdandan sonra da mütləq Ənvərgilə
gedərdim. Birlikdə səfərə çıxdığımız vaxtlar da az olmayıb.
Dəfələrlə Moskvaya, Azərbaycanın müxtəlif şəhər və
kəndlərinə bərabər getmişik, başqa respublikalarda birlikdə
səfərlərdə olmuşuq. Bütün bu dediklərimin nəticəsində mənim
bitib-tükənməz xatirələrim, şəxsi təəssüratım onun özünün öz
həyatı haqqında, öz keçmişi, uşaqlığı, gəncliyi haqqında
söylədikləriylə qovuşur, qaynayıb-qarışır. Bura Ənvər
haqqında başqalarının söhbətləri, xatırladıqları da əlavə olunur
– atamın, anamın, Ənvərin bacılarının, qohum-qardaşın,
tanışların, yazıçıların söhbətləri... Və nəhayət, Ənvər haqqında
düşüncələrimin, xatirələrimin bir qaynağı da var – onun öz
yazıları, bədii əsərləri... Çünki onun yaradıcılığında, xüsusilə,
hekayələrində avtobioqrafik ünsürlər az deyil. Bu ünsürlər
"Bakı gecələri"ndə də var, "Ayrıldılar" hekayəsində də, başqa
əsərlərində də...
"Ayrıldılar" hekayəsinin qəhrəmanı İlyasın ömrü boyu
həsrətində olduğu at – dayısının atını çapıb məhv eləməsi,
265
"Babək" romanında da eyni çılğın ehtirasla köhlənin belinə
sıçrayıb uçuruma atılan gəncin aqibəti – Ənvərin gənclik
xatirələrilə bağlıdır. Dayısı Məhəmmədhüseyn Rzayevin
Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən balaca
Ənvərin, yeniyetmə Ənvərin arzularının əksidir.
Uşaqlıq və gənclik illərində at çapmağı sevən və bacaran
Ənvər çox illər sonra, ahıl yaşında "Leyli və Məcnun" filminin
çəkilişi zamanı at belinə sıçramasını da danışmışdı mənə:
"Özümü saxlaya bilmədim bu cins atları görəndə, bir az çapdım
belədən-belə, qurdumu öldürdüm". Odur ki, bütün bunlar elə
qaynayıb-qarışır, elə birləşir ki, sonucda məndə qəribə bir
duyum baş qaldırır. Sanki mən Ənvəri uşaqlıqdan, yəni onun
uşaqlığından tanıyıram, yaşımdan çox qabaq ötüb-keçənləri öz
gözümlə görmüş kimi xatırlayıram.
"Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq
istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz
səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik,
turşəng, quşəppəyi yığmağa gedəndə, hansı bir təpə başındasa
uzaqlara baxarkən, Rəsul mənə demişdi ki, heç kəsə demə, bu
yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı
gəzərik..." (Ənvər Məmmədxanlı "İki ömrün işığı" kitabına
yazdığı "Ön söz"dən).
Elə bil öz gözlərimlə görürəm bu səhnəni – Göyçayın quru
boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvırcıq
saçlı, biri ondan üç yaş böyük – göygözlü, harasa uzaqlara
baxır və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük
şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər...
Bu romantik xəyal onların hər ikisinin xislətində idi. Hər
ikisi dünyanı gəzmək, dünyanı görmək, dünyanı dolaşmaq
eşqilə yaşayırdılar. Hər ikisi mühitlərinə sığmırdılar və hər
ikisini mühit, şərait, yaşadıqları dar məkan çərçivəsi, zamanın
məhdudluğu sıxırdı. Atamın "Darısqallıq" şeri də elə bu
barədədir... Hər ikisi bütün dünyaya qovuşmaq istəyirdi və hər
ikisi dünyadan doymurdular... Bu narahatlıq, doyumsuzluq, dar
266
bir həyat ülgüsü içində darıxmaq Ənvərin bir çox
hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara
qoşulur, baş götürüb uzaqlara getmək istəyiylə çırpınırlar.
Gəncliyində yazdığı "Karvan dayandı" hekayəsində də,
qocalığında tamamlamaq istədiyi "Babək" romanında da... Axı
Babək də Ənvər Məmmədxanlını ilk öncə dünyaya sığmayan
bir adam kimi, məhdud ehkamlarla barışmayan bir şəxsiyyət
kimi, sərgərdanlıq ruhuyla yaşayan, azadlıq odunda yanıb
qovrulan bir səməndər quşu kimi cəlb edirdi. "Babək"
romanının böyük hissəsini – uzaq karvan yolunun təsviri tutur.
"Əfsanəli dağlar" hekayəsinin qəhrəmanı da adiliklər
mühitindən əfsanələr aləminə qaçır, uzaq və uca dağ
zirvələrində bəlalı məhəbbətini tapır və itirir. "Ay işığında"
hekayəsində qoca aşiq sənətinin ecazıyla gəncliyini, cavanlıq
ehtiraslarını, həvəslərini, hisslərini qaytarmaq istəyir və bu
cəhdin mümkünsüzlüyündən üzülür... Və
nəhayət,
"Ayrıldılar"da bu insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı
üsyan iki sevgilinin qəribə, ilk növbədə izahsız və məntiqsiz
görünən ayrılmalarıyla nəticələnir. Vaxtilə Səməd Vurğun bu
hekayəni bəyənməmişdi, qəbul eləməmişdi və hətta "Axı niyə
ayrıldılar?" adlı bir məqalə də yazmışdı. Amma onu deyim ki,
Səməd Vurğun, ümumiyyətlə, Ənvərin şəxsiyyətini də,
yaradıcılığını da sevirdi. "Şərqin səhəri" haqqında ayrıca bir
məqalə də yazıb əsəri yüksək qiymətləndirmişdi. Ənvərə
ərkyana bir zarafatla "Peçorin" deyərdi və məncə, hər ikisinin
xasiyyətlərində, xüsusilə, cavanlıq çağlarında oxşar cəhətlər
çox idi. Gəncliklərində hər ikisi xəyalpərvər, romantik idilər.
Birlikdə
səfərlərdə, Moskvada, çox-çox məclislərdə
olmuşdular. Ənvərin Səməd haqqında canlı detallarla zəngin
olan xatirələri vardı, heyf ki, özü yazmadı. Mənim yadımda
qalanları burda gətirirəm. Bu xatirələrin məzəli məqamları da
var. Və qəribədir ki, bu məzəli xatirələrdə Mir Cəfər Bağırovun
kabus kimi vahiməli surəti də yumor işığında görünür. "Bir
dəfə Bağırov Mehdiylə məni çağırmışdı, Səməd də o vaxt
267
Yazıçılar İttifaqının sədri idi, biz bir az gecikmişdik, Mərkəzi
Komitənin qarşısında Səməd əsəbi var-gəl edir, papiros çəkirdi,
bizi görən kimi üstümüzə düşdü: – Mənim kimi aslan, – dedi
bura gələndə dizlərim titrəyir, siz hələ gecikirsiz də...
Bağırov bizi Moskvaya oxumağa göndərmək istəyirdi, biz
imtina edəndə: "əlbəttə, Bakıda bulvar qalır, İnturist qalır,
gəzib-dolanmaq qalır, Moskvaya gedib oxumağı neyləyirsiz?"
– dedi.
"Bir dəfə yenə köhnə "İnturist"də idik, Səməd, Rahim,
mən... "İnturist"in o vaxtkı məşhur metrdoteli İvan İvanoviç
bizə yaxşı stol düzəltmişdi, yeyib-içdik. O vaxtlar da yazıçılar
"İnturist"ə gedən kimi Bağırova xəbər verərdilər.
Nə məsələyçünsə yenə yanındaydıq, birdən düşdü üstümüzə
ki, Tbəli, gününüzü restoranlarda keçirirsiniz, içirsiniz filan-
bax bu günlərdə yenə Səməd Vurğun, Rəsul Rza, Ənvər
Məmmədxanlı "İnturist"də kef edirlərmiş. Rəsul isə orada yox
idi, nə o gün bizimlə "İnturist"ə getmişdi, nə də indi Bağırovun
yanında yox idi. "İnturist"də də bizimlə Rahim idi, burda da
vardı, amma Bağırov onun adını çəkmirdi, Rahim də üstünü
vurmurdu. Gördüm bu dinmir, dedim: – Yoldaş Bağırov, Rəsul
Rza orda yox idi! – Bəs kim vardı? Dedim: – Məmməd Rahim.
Rahim dərhal sıçradı: Yoldaş Bağırov, içmişdim, amma lülüşqə
deyildim. – Sadis, durak – deyə Bağırov onun üstünə çəmkirdi.
Gülüşdük və vəziyyət bir az yumşaldı, sonra cəsarətə gəlib: –
axı rus yazıçıları lap betər içir, – dedik. – Şoloxov, Fadeyev.
Bağırov çox məntiqli cavab verdi: Onların dədə-babaları da
içib, sizə nə düşüb?"
Ənvərin Səməd Vurğunla və Bağırovla bağlı başqa bir
xatirəsi daha dramatik idi... "40-cı illərdə bir şayiə
buraxmışdılar ki, (güman ki, bunu qəsdən, provakasiya üçün
ediblər) Cavid sağdır, qayıdır və Cavidin köhnə dostu Abdulla
Şaiq vağzala, onu qarşılamağa gedib. Ənvər deyirdi ki, bu
xəbəri Səməd mənə deyəndə yanımızda üçüncü bir adam da
vardı və mən ondan şübhələnirdim ki, bu adam yoncadır1.
268
Səməd bu sözü təzə başlamışdı, stolun altında onun ayağını
vurdum ki, danışmasın. Səmədin də bütün həyat təcrübəsiylə,
zəkasıyla bərabər, bir az sadəlövhlüyü də vardı, qayıtdı mənə
ki, ayə, nə olub, ayağımı niyə vurursan? Bildim ki, xəbəri
Bağırova çatdıracaqlar. Doğrudan da, bir müddət sonra
Bağırov Şaiqin bu hərəkətinə görə Səmədi də bərk məzəmmət
eləmişdi, – O qocaya nə düşüb vağzala gedir, – demişdi –
yaxşı, tutalım lap Cavid gəlir, hardan gəlir? Həcdən, Məkkədən
gəlir?
Dostları ilə paylaş: |