***
Qəribə, unikal yaddaşı vardı Ənvərin. Mən ondan çox cavan
olduğuma baxmayaraq, dünən oxuduğumu bu gün yada sala
bilmirəm. Amma o haçan nə kitab oxumuşdusa, nə məlumat
almışdısa, kimlə haçan görüşüb nə söhbət eləmişdisə, bir sözlə,
nə bilirdisə, nə öyrənmişdisə həyatda – hamısı yadında idi.
Azərbaycan və Dünya tarixinə, ədəbiyyatına, fəlsəfəsinə,
müasir siyasətə aid ensiklopedik biliklərə malik idi və onunla
söhbət eləmək bir universitet qurtarmaq qədər zənginləşdirirdi,
savadlandırırdı adamı. İslam tarixini Azərbaycanda ən dərindən
bilən adamlardan idi. İslam tarixiylə, xilafətin quruluşuyla,
ərəb istilalarıyla Babək haqqında roman üzərində işlədiyi
zaman belə geniş tanış olmuşdu. Xanlıqlar dövrünə –
Azərbaycan tarixinin XVIII əsrin axırı – XIX əsrin əvvəlinə
aid dövrünə də – Mirzə Fətəli haqqında əsər üzərində
işləyərkən – qaynaqlara, ilk mənbələrə, arxiv materiallarına
əsaslanaraq ətraflı bələd olmuşdu. Yadımdadır, bir dəfə Mirzə
Fətəlinin mötəbər bilicilərindən olan Mikayıl Rəfili Axundov
barəsində söhbətləri əsnasında Ənvərə: "səndə əməlli-başlı
tədqiqatçı damarı var – dedi. O da yadımdadır ki, Rəfili: –
amma Mirzə Fətəlinin bioqrafiyasına daha yaxşı bələd olduqca,
deyəsən, ondan bir az soyuyursan," – demişdi. Ənvər
gülümsünüb cavab verməmişdi. Axundov mövzusunu
tamamlamaması bəlkə, doğrudan da, bu səbəblərlə bağlı idi.
Amma həqiqət naminə onu da deməliyəm ki, hələ o zamanların
özündə Mirzə Fətəliyə qarşı yönəldilən ittihamları (indi bu
ittihamlar baş alıb gedir) heç cür qəbul etmirdi. Yəni bu
ittihamların əsas məğzi Mirzə Fətəlini guya çar Rusiyasının
siyasətinə xidmət edən bir adam kimi, az qala çar casusu kimi
qələmə vermək cəhdidir. "Belə deyil, – deyirdi Ənvər. – Bu
məsələ daha qəlizdir. Mirzə Fətəlinin oğlu Rəşidə yazdığı
məktubları – o vaxt hələ bu məktublar çap olunmamışdı –
311
tapın, oxuyun. Görəcəksiniz ki, Mirzə Fətəli necə ayıq başla,
"şəkili bicliyiylə" oğluna ruslarla ehtiyatlı davranmağı tövsiyə
edir. Yəni rus siyasətinin mahiyyətinə aid heç bir illüziyası
olmayıb. İntəhası, xalqın taleyini, inkişaf prosesini rus
mədəniyyəti və rus mədəniyyəti vasitəsilə Avropa mədəniyyəti
yönündə görürdü. Şərq ətalətindən, dinin, xurafatın əsarətindən
qurtuluş yollarını burada arayırdı".
Hər halda hansı səbəbdən olursa olsun, doğrudan da, Mirzə
Fətəli mövzusundan soyudu və ömrünün son illərini Babəkə
həsr elədi. Amma Mirzə Fətəli dövrüylə tanışlığı da onunçün
çox önəmli idi – çar siyasətini, Rus–İran münasibətlərini,
Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsini – kiçik
ayrıntılarına, faktlarına qədər bilirdi. İran şahzadəsi Abbas
Mirzədən, rus generalları Patskeviçdən, Yermolovdan, o
dövrün başqa tarixi şəxsiyyətlərindən elə danışırdı ki, elə bil bu
adamları öz gözüylə görüb.
Bu dövrlə əlaqədar nəslimizin tarixinə aid geniş bilikləri də
vardı. Şahsevənlər tayfasından olan ulu babamız Məmmədxan
çar hakimiyyətiylə toqquşan və ruslar tərəfindən təqib edilən
ilk Azərbaycan feodallarından biri olub.
Həbibə xanımın anasından eşitdikləri: "Bir gün
Məmmədxanın yanına qonşu kənddən bir çapar gəlir, xanın
ayağına yıxılır: – başına dönüm, xan, – deyir – bizə kömək elə,
kəndimizə bir dəstə urus soldatı gəlib. Yerləşdirdik,
əppəklərini, çaylarını verdik. İndi də yapışıblar ki, bizə qadın
gətirin, gəlinlərinizi, qızlarınızı gətirin. Ümidimiz bir sənədir.
Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilərsən. Məmmədxan
bir qədər fikrə gedir, sonra, çapara deyir ki, "get deginən, bu
saat gətirəcəyik". Çapar kor-peşman geri qayıdır. Məmmədxan
oğlanlarına əmr edir ki, atlanın. Yeddi oğul silahlanıb atalarına
qoşulurlar. Həmin kəndə gəlirlər. Deyilənə görə soldatlardan
bir nəfəri də olsa qaçıb qurtara bilmir, hamısını qılıncdan
keçirirlər. Bu hadisədən sonra rus generalı Məmmədxanı tutub
gətirən adama böyük ənam vəd edir. (Yüz il sonra nəticəsi
312
Qəffar Məmmədxanlı kimi Məmmədxan da neçə müddət asi
kimi, qaçaq kimi hökumət tərəfindən axtarılırmış – A.) heç cür
tuta bilmirlərmiş onu. Günlərin bir günündə Məmmədxanı
şamaxılı Mahmud ağa qonaq çağırır. Kimsə satqınlıq edib bu
barədə ruslara xəbər verir. Evi əhatə edib Məmmədxanı
tuturlar. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onu
qazamatda zəhərləyib öldürürlər. Bu hadisədən sonra
oğlanlarının hərəsi bir tərəfə dağılır. Xanlıq məhv olur. Bir
rəvayətə görə kəndlər Təbatəbaiyə verilir".
Həbibə xanımgildə Ənvərin iştirakıyla lentə aldığım yazıdan
bir parça:
ƏNVƏR: Bir iranlı vardı, Qivami. Abırlı kişilərdən biri idi,
çox da bilikli adam idi. Bir dəfə mənə bulvarda rast gəldi,
söhbət elədik o yan-bu yandan, birdən dedi ki mənə, sizin
nəslinizin tarixini bilirəm. Dedim ağayi Qivami, hardan?
Danışdı mənə. Özüm də bəzi şeyləri bilirdim, uyğun gəldi.
Demək Məmmədxanın ki oğlanları qaçır İrana, hamısı qaçır,
bizim ulu babamız, Məmmədxanın böyük oğlu Mahmud ağadan
başqa, Məmmədxanın bütün kəndlərini – Çiynini, Qaziyanı,
başqalarını alırlar. Ruslar təzə bəylər zümrəsi yaradırdı. Kim
qaçırdısa İrana hamısının yerlərini, kəndlərini alırdılar.
Patskeviç Təbrizdə olanda Təbrizi ona verənlərdən biri məşhur
müctəhid olub – Mirfəttah ağa Təbatəbai. Təbatəbai nəsli
İranda çox məşhurdur. Həmin bu Mirfəttah ağa kömək eləyib
Patskeviçə Təbrizi alsın. Nikolaya xəbər gəlib çatanda ki, bəs
məsələ belədir, Patskeviç o vaxt bir polknan gedib bütün İranı
ala bilərdi, Nikolay deyib ki, Tehrana getməyin, geri çəkilin,
sərhəd olsun Araz çayı, mən istəmirəm ki, Qacar sülaləsi məhv
olsun... Görürsən, necədir məsələ, hər halda o sinfi hiss var da,
bir padşah düşmən olsa da, o biri padşahın tamam məhv
olmasını istəmir. Nə isə, Patskeviç geri çəkiləndə daha o
Mirfəttah ağa da İranda qala bilməzdi, Abbas Mirzə onu
öldürəcəkdi. Gəlir o da bu taya. Patskeviç ona çoxlu şey verir,
bağ-zad, yeddi kəndi – Bərgüşadı, Çiynini, Qaziyanı –
313
Məmmədxanın kəndlərini də ona əta eləyir. Amma Mirfəttah
ağa çox savadlı adam imiş, böyük kitabxanası varmış,
kitabxanasının bir hissəsini Tiflisdə qoyur. Tiflisdə o məşhur
müctəhid bağı var e, o da həmin o Mirfəttah ağanın adınadır,
kitabxanasının bir hissəsini də gətirir Qaziyan kəndinə, bir də
başqa bir kəndə, adını hardasa qeyd etmişəm. Orda bir ev
tikdirir, yığır ora kitablarını, əlyazmalarını... Bu hadisə də niyə
görə düşüb aktlara – bir gün, düşmən düşübmüş kimləsə, od
vurub bütün kitabxanasını yandırırlar... Gör indi o kitabxana
nə xəzinə imiş e...".
***
Tez-tez 37-ci il hadisələrini yada salırdı. Hələ lap gənc
yazıçı ikən Yazıçılar İttifaqında keçirilən o qanlı iclasların
şahidi olub. "Yadımdadır, Sultan Məcid Qənizadə lap qoca kişi
idi – o vaxtkı proletar yazıçılarından biri – adını deyirdi Ənvər,
mən yazmıram – qocanın az qala boğazını üzürdü ki, ver bura
üzvülük biletini, səni İttifaqdan çıxartmışıq. O qoca yazıq da
zəif səslə: vermərəm, – deyirdi, bu kitabçaya Maksim Qorki
özü imza atıb... Nə fayda, tutub aldılar əlindən... Qoca kişini
tutdular, məhv etdilər, amma az bir müddətdən sonra həmin o
bileti ondan alanı da tutub basdılar, o da qayıtmadı... Nə isə...
bu bir dövr idi ki, onun faciəsini ancaq Şekspir qələminə sahib
olan bir sənətkar yarada bilər...".
Stalin haqqında deyirdi: şineli rəngdə boz bir həyat qoyub
getdi bizə...
* * *
68-ci ilin avqustunda Zuğulbada dincəlirdik. Hər gecə xarici
radionu dinləyirdim. Bir yerdə yazmışam ki, 56-cı ildə
Macarıstanın işğalı zamanı bizim nəslin yeniyetməlik dövrü
bitdi, 68-ci ildə Brejnev Çexoslovakiyaya qoşunları yeridəndə
isə gəncliyimizlə vidalaşdıq. Praqa baharı, Çexoslovakiyada
"gülər uzlü sosializm", "insani sosializm" qurmaq cəhdləri
şəxsən mənim sosialist ideyasına son ümidim, son gümanım idi
və bilirdim ki, Praqa reformaçılarının bu təşəbbüsləri də sovet
314
tanklarının tırtılları altında darmadağın edilsə, daha bu ideyaya
heç bir inam qala bilməz. Ümumiyyətlə, bizim nəsil bu
hadisələri çox böyük həyəcanla izləyirdi və Praqa baharının
süqutunu çox ağır qəbul etdi. Rüstəm İbrahimbəyov o günlərdə
Praqada idi, sonra mənə danışırdı ki, sovet qoşunlarını
çaşdırmaq üçün praqalılar küçələrin adları yazılmış lövhələri
qoparırdılar, mən də onlara qoşulub bir neçə lövhəni öz əlimlə
qopardım. Avqustun axırında Moskvada Rüstəmlə görüşdük,
Araz Dadaşzadə də Moskvadaydı, saatlarla Moskva küçələrini
dolaşıb Çexoslovakiyanın dərdinə acı-acı yanırdıq. Dubçekin
işdən uzaqlaşdırıldığı xəbəri gələndə Əkrəm Əylislinin
hönkür–hönkür ağladığı yadıma gəlir. Vaqif Səmədoğlunun da
o vaxt yazdığı şerlərinin birində "yuxuma girir rus çarının
tankları" misrası vardı, amma o dövrlərdə təbii ki, dərc edilə
bilməyən bu şer, nədənsə, indiyə qədər də çap olunmayıb. Mən
də o vaxt çap olunmuş Fransa haqqında yazımda senzuranı
aldadaraq ürəyimi boşaltmışdım: guya ki, Parisin XIX əsrdəki
bələdiyyə rəisi baron Osmanın ünvanına söylədiyim sözlər,
əlbəttə ki, Praqanı yaman günə qoymuş sovet tankları haqqında
idi: "Osman indi yaşasaydı, yəqin üsyan etmiş insan ləyaqətinə
qarşı toplarla yox, tanklarla çıxardı. Ancaq xalq qeyrəti şahə
qalxanda, dözüm və səbr kasası dolanda, millət haqqını tələb
etmək üçün küçələrə çıxanda nə toplara baxır, nə tanklara.
Tankın, topun zirehi bəlkə də tarixin qısa bir keçidində xalqın
ləyaqətinə, iradəsinə, sözünə üstün gəlir, amma keçmişin və
indinin baronları bilməlidir ki, tankın şüur, söz üzərində
üstünlüyü müvəqqəti, keçəri və aldadıcı bir qələbədirU
("Azərbaycan" jurnalı № 5. 1970). Sovet qoşunlarının
Çexoslovakiyaya girdiyini eşitdiyim gün Zuğulbada qala
bilmədim, ürəyim partlayırdı, nədənsə, məhz Ənvəri görmək
istəyirdim. Buzovnaya, bağa, onun yanına gəldim. Kül
rəngindəydi sifəti, içində boğulmuş adam təsiri bağışlayırdı:
"Vallah, – dedi – imkanım olsaydı, bu saat Çexoslovakiyaya
gedərdim, sovet qoşunlarıyla əlisilahlı mübarizə etmək üçün. O
315
vaxt neçə-neçə ölkədən adamlar İspaniyaya gedib respublikanı
müdafiə etdikləri kimi... Bu imkanı da alıblar əlimizdən".
Ənvərin bu qədər həyəcanlı danışdığını az-az görmək olardı...
İçindəkiləri, düşündüklərini, duyduqlarını yazılarında demək
imkanına malik olmaması da onu bir tərəfdən sıxırdı, boğurdu,
həyatını ağrıdırdı.
"İndi adamların evinin içindən çox beyninin içində axtarış
aparırlar". "Hər tərəfdə maqnitofon var, nə deyirik yazılır.
Xahiş edirəm mümkün qədər idealizmdən uzaq ol". "Düşünən
üçün son fikir yoxdur, dost və hər şey ki, boğulanda ölür, fikir
boğulduqca dirilir"... "Düşünən həmişə belədir. Azadlığa
qovuşanda bir az dəli olur". (Lap elə bil bu gün üçün deyilib –
A.) "Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü", "Ey yazıqlar, siz
heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir.
O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir". "Böyük
gələcək və yaxud bərabərlik dünyası məgər bir nağıl deyilmi
uşaqlar üçün? Və əgər ədalətli keçmiş birinci yalandırsa,
ədalətli gələcək də ikinci yalandır". "Xırdaca kəndlər gördüm
ki, yuxarı başı aşağı başla vuruşurdu. Böyük şəhərlər gördüm
ki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü. Və yüz dəfə
lənət olsun o kiçik balıqlara ki, didirlər böyük balığın qarnında
bir–birini!".
Müxtəlif əsərlərinə səpələnmiş bütün bu atmacalar Ənvərin
demək istədiklərinin və deyə bilmədiklərinin qısa və boğuq
fəryadlarıdır. Bugünkü rüsxətli cəsarət mövqeyindən keçmişin
bu sayaq etiraz səslərini lağa qoyanlar başa düşmürlər, ya başa
düşmək istəmirlər ki, tariximizin böyük bir dövründə ən
namuslu şairlərimiz, yazıçılarımız əsərlərini yalnız Azərbaycan
dilində deyil, həm də Ezop dilində yaratmağa məcbur idilər...
Bunu böyük Nazim Hikmət bilirdi. Bir dəfə Bakıdan
Moskvaya qatarla gedərkən Ənvərlə bir vaqonda olublar və
yolda Nazim "İnək" pyesini Ənvərə, Ənvər isə "Şirvan
gözəlini" Nazimə oxuyub. Nazim bu əsəri dinlədikdən sonra:
"Siz kiçik millətlərin (kiçik deyəndə o da, Ezop diliylə qeyri-
316
müstəqil, millətləri nəzərdə tuturdu) yazıçılarında həmişə bir
qurnazlıq (fəndgirlik, biclik, hiyləgərlik) var, demək istədiyiniz
mətləbləri dolayı yolla deyirsiniz". Doğrudan da, sözün yaxşı
mənasında, yüngül bir komediya olan "Şirvan gözəlin"də yad
fikirlərin, uyğun olmayan nəzəriyyələrin zorla başqa mühitə
təlqin olunmasından, zorakılıqla yeridilməsindən söhbət
gedirsə, aydındır ki, məsələ yalnız alma sortlarında deyil, daha
ciddi mətləblərdədir. Moskvadan gəlmiş rus alimi Mudrov,
Azərbaycandakı həmkarlarına müraciətlə: "Dostlar, mənim
yetişdirdiyim o ağaclar aranda, öz vətənində yaxşıdır, amma
burda, dağ ətəyində, Göytəpə bağlarına yaramır" (kursiv
mənimdir – A.) – deyəndə təbii ki, söhbət yalnız nəbatatdan
getmir. Və Mudrov son nöqtəni də qoyur: "Burda, Göytəpə
bağlarında baş verən hadisələr üçün mən də cavabdehəm, ona
görə... bütün Göytəpə bağbanlarından üzr istəyirəm"...
"Şirvan gözəli" o dövrün mətbuatında kəskin tənqidə məruz
qalmışdı. Daxilən Ənvər həmişə mövcud quruluşa qarşı
dissident duyumuyla, dissident düşüncəsiylə yaşamışdı, ancaq
Rusiyadakı dissidentlik hərəkatından – həmişə dünya ictimai
fikrinin diqqət mərkəzində olan hərəkatdan fərqli olaraq
Azərbaycanda dissidentlik passiv xarakterdə, daha çox daxili
narazılıq, tərənnümlərə və təntənələrə qoşulmamaq şəklində
olmuşdur. İctimai həyatdan kənara çəkilmək, mənəvi
sığınacağı sükutda tapmaq Ənvərin də özünəməxsus daxili
etirazı idi. Əlbəttə, Stalin dövründə, başının üstündə bayaq
dediyim Domokl qılıncı, daha doğrusu, Domokl qılıncları, ən
azı iki qılınc – atasıyla və qardaşıyla bağlı təhlükələr asılanda
Ənvər də Lenin, Stalin haqqında hekayələr yazmışdı, Aprelin
28-ni "Şərqin səhəri" kimi tərənnüm etmişdi... Bunlar da var,
bunları da danmaq olmur və yazılana da pozu yoxdur. Kamal
Abdullayevlə söhbətində Ənvər bu barədə də tam səmimiyyətlə
danışır və deyir ki, "Şərqin səhəri"ni yazanda onun əlində olan
sənədlər həqiqətin, cüzi və təhrif olunmuş hissəsini əks
etdirdiyini çox sonralar dərk edib. O vaxt nə 18-20-ci illərdəki
317
milli hökumətimiz haqqında dürüst informasiya vardı, nə onu
yıxanların əsl niyyətləri haqqında. Həqiqət Ənvər üçün də, bir
sıra başqa nəsildaşları kimi ildən-ilə, pillədən-pilləyə,
addımdan-addıma açılmağa başladı... Bir də axı, 20-30-cu
illərin də müəyyən hüsnü, inqilabi romantikası vardı, bunu da
inkar etmək olmaz. Mənim nəslimlə Ənvərgilin nəslinin dünya
duyumunda əsas fərqi də bəlkə elə bundadır. Biz yetişib bir şey
dərk etdiyimiz vaxt bu quruluşu qoca bir fahişə kimi
tanımışdıqsa, Ənvərgilin nəsli bu idbar qocanın gənc, cazibəli
qız vaxtlarını da yaşadırdılar yaddaşlarında... Hər halda o vaxt
onlara elə görünmüşdü. Aşıq Bəsti demişkən, "Qoca cadugərdi,
aldadar səni, cavanlıq donunda qalan bu dünya".
Onu da düşünürəm ki, Ənvər ilk hekayələrinin müəllifi kimi
otuzuncu illərdə nə səbəbdənsə, Allah eləməmiş dünyasını
dəyişməli olsaydı, bu gün onu məsələn, tutalım musiqidə Asəf
Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat
etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər.
Atasına görə, öz çılğın hərəkətlərinə görə 37-ci ilin qurbanı
olsaydı, indi daha da artıq bütləşdirilərdi. Vətən müharibəsi
cəbhələrində həlak olsaydı, Azərbaycan nəsrinin unudulmaz
müharibə qurbanı kimi anılardı.
Amma ədəbiyyatda həqiqi, güzəştsiz meyarlara əsaslanan
yerini tutması üçün o bütün ömrünü, bütün ağrıyan həyatını
yaşamalıymış... Və əgər kiminsə çox doğru söylədiyi kimi,
yazıçılıq yalnız peşə deyil, həm də dünyada yaşamaq tərzidirsə,
Ənvərin mənəviyyatımızda yeri bu gün təyin olunmuş
səviyyəsindən qat-qat yüksəkdir. Ədəbiyyat tariximizdə ona
ayrılmış guşədən dəfələrlə böyükdür.
Başqa bir cəhət də var. Ənvərin son və ən böyük əsəri
"Babək" oxuculara yalnız indi çatdırılır. Mirzə Fətəli haqqında
yazdığı romandan nələr qaldığını hələ bilmirik. Bir neçə çap
olunmamış çox maraqlı hekayələrini mənə oxumuşdu, onlardan
da ədəbi ictimaiyyət xəbərsizdi. Və nəhayət, ilk gənclik
illərindən ömrünün sonuna qədər mütəmadiən gündəliklər
318
aparırdı. "Qəlpələr" adlanan bu gündəliklər onun daxili
aləminin, daxili həyatının, mütaliəsindən, müşahidələrindən,
fikirlərindən doğan dəruni, gizlin ömrünün aynası idi. Mənə elə
gəlir ki, bütün bu zəngin irs tapılıb, araşdırılıb, çapa hazırlanıb
meydana qoyulandan sonra ədəbiyyatımızda tamamilə yeni,
indiyəcən yaxşı tanımadığımız bir yazıçını kəşf edəcəyik.
Ənvərin indiyə qədər məlum olan yaradıcılığı nə qədər maraqlı
və əlvandırsa, bundan sonra açılacaq irsi ondan da rəngarəng,
parlaq və mühümdür, şübhəsiz.
Son illərdə Ənvər çox istədiyi anası İmmi xanımı, sürgündən
qayıdıb yalnız bir neçə il sakit həyat yaşayandan sonra xərcəngdən
vəfat etmiş kiçik qardaşı Niyazini, İnşaatçılar prospektində maşın
altında qalmış bacısı Vahidəni itirdi. Bacısı Həbibənin və xalq
rəssamı Tağı Tağıyevin oğlu, özü də rəssam olan Namiq gənc
yaşında qəfil xəstələnib keçindi.
Rəsul Rzayla Nigar Rəfibəylinin ölümləri Ənvərin tənhalıq
çəmbərini daha da daraltdı. Əsərlərinin birində elə bil özü özü
haqqında demişdi: "Sən o qədər təksən ki, heç vaxt təklik nə
olduğunu bilməyəcəksən"...
...Son illərdə yalnız bircə dəfə guşənişinliyə qapıldığı
yuvasından çıxıb Yazıçılar İttifaqına, "dava iclaslarının" birinə
gəlmişdi. "Dəyirman" povestini, haqsız, nadan hücumlara
məruz qalmış Mövlud Süleymanlını, istedadını təqdir etdiyi
Mövlud Süleymanlını müdafiə etmək üçün. Deyirdi ki, Mövlud
məni əsərləriylə onu oxumağa məcbur edir. Və bu iclasda
bizim başqa yazıçı adını daşımağa layiq olan yazıçılarımızla bir
yerdə Mövludu qanadı altına almışdı. Bunu özünün yazıçılıq,
vətəndaşlıq borcu sayırdı. 37-ci ildə Azərbaycan ziyalılarını
təpiklə, yumruqla döyən NKVD müstəntiqlərinin varislərinə
həmin iclasda: "Bəsdir daha, keçməz o məşum illərin oyunları,
– demişdi. – O illəri qaytara bilməyəcəksiniz, – demişdi.
...və: – mən sizdən heç vaxt qorxmamışam" – demişdi.
Bunu deməyə mənəvi haqqı vardı. Bu sözləri Ənvərin bütün
ağrıyan həyatı təsdiq edə bilərdi...
319
***
Ənvərin vəfatı həyatımda elə bir boşluq yaratdı ki, mən bu
boşluğu heç nəylə doldura bilmirəm. Elə gün olmur ki,
düşünməyim: bax bu məsələni Ənvərlə danışmalıyam,
müzakirə eləməliyəm, fikrini bilməliyəm onun.
Onunla söhbət eləmək, təkrar edirəm, universitet qurtarmaq
kimi bir şeydi.
***
Böyük bir arzum vardı. Həmişə nədənsə adam ən yaxşı
arzularında yubanır. Çoxdan belə niyyətim vardı və 91-ci ilin
lap əvvəlində bu niyyəti həyata keçirməyi planlaşdırmışdım. O
vaxt SSRİ Ali Sovetinin deputatı kimi ilin çox hissəsini
Moskvada keçirirdim, amma dekabr ayında rotasiya olasıydı,
Ali Sovetin tərkibindəki Azərbaycan deputatlarının heyəti
dəyişməliydi, mən də Ali Sovetdən çıxmaq haqqında ərizə
vermişdim və bu məsələni deputat heyətimizin ağsaqqalı,
rəhmətlik Tofiq İsmayılovla da razılaşdırmışdım, çünki iki il
idi Moskvayla Bakı arasında qalmışdım... Ənvərlə danışmışdıq,
qərarlaşdırmışdıq ki, Moskvayla üzülüşəndən sonra Bakıda bir
istirahət evinə gedəcəyəm Ənvərlə bir yerdə. Maqnitofon
götürəcəm və saatlarla onun söhbətlərini həm maqnitofona,
həm dəftərə yazacam. Bunu 91-ci ilin yanvarında etmək
istəyirdim.
Qismət olmadı. Dekabrda Moskvadaydım, ayın axırına
sessiya qurtarmalıydı. Dekabrın 18-də mehmanxanadakı
otağıma zəng çalındı. Elə bil ürəyimə nə isə dammışdı,
telefonu uzun zaman götürmədim. Nəhayət qaldırdım dəstəyi.
Arif Əsədov idi, Moskvada yaşayan qohumumuz. Dedi ki,
Ənvər vəfat edib.
Elə bil ki, həyatımın yarısını itirdim. Atamla anamın
vəfatından sonra ən böyük itkim idi... Ümumiyyətlə, bu 90-cı il
həyatımın ən məşum illərindən biriydi. Qanlı yanvar faciəsiylə
başlamış bu ilin ərzində əziz, yaxın dostumu – Araz
Dadaşzadəni itirmişdim və onun dəfnində Ənvər də vardı. İndi,
320
ilin sonunda Ənvəri itirdim.
Həmin gecə təyyarəylə Bakıya uçdum. Dəfn elədik.
Yasını verdik.
Mənə dedilər ki, xəstəxanada olanda axır nəfəsinə yaxın
çağırdığı adamlardan biri də mən olmuşam. Deyib ki, Anarı
görmək istəyirəm, ona sözüm var.
Nə sözü vardı mənə, nə deyəcəkdi, bunu mən daha heç bir
vaxt bilməyəcəm. Bəlkə özümü çatdırsaydım, "necəsən?" –
deyə soruşsaydım, son dəfə deyəcəkdi: "həyatım ağrıyır"...
Yanvar, 1993
321
ANILAR, AĞRILAR, AĞILAR
|