***
Rəsmi yerlərdən, Yazıçılar İttifaqından telefon edirdilər.
Mirzə İbrahimov ailəmizin yeganə xahişindən xəbərdar idi,
bilirdi ki, anamı atamın yanında basdırmaq istəyirik. Bilmirəm
yuxarıda bunu məsləhət eləmişdi ya yox, amma ayın 10-da
gündüz bizə gəlmişdi və mən soruşanda dedi ki, bu məsələ hələ
müzakirə olunur. Düz demirmiş. Məsələ artıq həll olunubmuş
və Mirzə İbrahimov da bu barədə bilirmiş. Anamı atamın
yanında yox, ikinci Fəxri xiyabanda basdırmaq haqqında qərar
artıq qəbul olunubmuş. Bu barədə Fikrət mənə xəbər gətirdi,
ikinci xiyabana gedibmiş, görüb ki, orda anam üçün məzar
qazırlar. Mən Vəfa Quluzadəyə zəng elədim, o həmin xəbəri
təsdiq elədi.
–Yox, – dedim, – əgər atamın yanında basdırmağa icazə
verilmirsə, mən onu ümumi qəbiristanlıqda, öz anasının və
əzizlərinin yanında basdıracam.
Vəfa:
–Onda qoy mən bir Kamran Mamedoviçlə danışım, – dedi.
Bilmirəm daha kim kimlə və necə danışdı, amma bir saatdan
sonra Vəfa zəng elədi.
–Bilirsən, – dedi, – axı qərar var ki, ikinci xiyabanda dəfn
olunsun. Qərarı necə dəyişmək olar?
–Mən onu öz anasının yanında basdırmaq istəyirəm, – dedim.
–Axı, sən yalnız oğul deyilsən. Sən Anarsan, ictimai
xadimsən, sənin özünçün də bunun nəticəsi yaxşı olmaz.
Mən mümkün qədər yumşaq danışmağa çalışaraq:
–Mən öləndə, – dedim, – harda istəsəz, orda basdırarsız,
227
amma anamı yad adamların arasında dəfn olunmağa
qoymayacam. Xahiş edirəm kimə lazımdırsa de ki, bu bütün
ailəmizin fikridir.
Vəfa:
–Onda mən Kamran Mamedoviçlə danışıb sənə bir də zəng
eləyərəm.
Heç bir dəqiqə keçməmişdi ki, zəng elədi:
–Yaxşı, – dedi, – istədiyiniz yerdə dəfn edin.
Mən bu iki axırıncı zəng arasındakı vaxtı – bir dəqiqəni –
ona görə xüsusi qeyd edirəm ki, Kamran Bağırov bu qərarı
təkbaşına vermişdi, bu iki dəqiqə ərzində heç kəslə danışa,
məsləhətləşə bilməzdi – H.Ə.Əliyev Bakıda yox idi. K.Bağırov
rəsmi qərarı ləğv etmək məsuliyyətini öz üzərinə götürmüşdü
və bunun altını məndən – "ictimai xadimdən" daha artıq o, –
partiya işçisi çəkə bilərdi:
Bu mərd hərəkəti də mən heç zaman unutmaram.
Aktyor evində matəm mərasimi oldu.
Bura mənim iş yerimdir – "Qobustan" redaksiyası burda
yerləşir.
Gündə keçdiyim foye qara geyinmişdi – bu mənim anamın
matəmi idi. Salonun səhnəsi matəm əklilləri içində idi. Mən bu
səhnədə onlarla yığıncaq açmışam, aparmışam, bağlamışam, bu
səhnədə tamaşalarım, filmlərim göstərilib. İndi bu səhnədə
matəm çiçəkləri içində anamın tabutu qoyulmuşdu, anamın
qara çərçivəli şəkli asılmışdı.
Matəm mitinqini Mirzə İbrahimov açdı. Şairlər, yazıçılar,
aktrisalar çıxış etdi.
Fikrət Qoca çıxışında:
–Biz torpağınıq, – dedi, – amma torpaq heç kimin deyil. Bu
gün bütün Azərbaycan torpağı Rəsul Rzanın qollarıyla açılıb
Nigar xanımı qəbul edir.
Yüz günün içində ikinci dəfə idi tabutun ağırlığını
çiyinlərimdə hiss edirdim. Cənazəni Xaqani küçəsiylə aparırdıq
– bu küçəyə ömrümün min bir xatirəsi bağlıdır. Gənclik
228
illərində bu küçəylə nişanlımı evlərinə ötürərdim, bu tində
görüşünü gözləyərdim. Sonralar özümüz bu küçənin o başında
ev aldıq – evimizdən atamgilə, qayınanamgilə, Yazıçılar
İttifaqına, iş yerimə – "Qobustan"a bu küçəylə gəlib-gedərdim.
Bu gün anamın son yolu həmin küçədən keçir.
Bir neçə gündən sonra yenə bu küçəylə evə, işə gedib-
gələcəm.
Anamı Azərbaycan qəbirstanlığında, əzizlərinin yanında
basdırdıq. Nənəsi Xədicə xanım, anası Cəvahir xanım, dayısı
Fərrux Rəfibəyli, dayısının iki oğlu – düz əlli yaşı tamam olan
gün vəfat etmiş cərrah Səlahəddin və 18 yaşında vərəmdən
ölmüş tibb institutu tələbəsi Mirzə burda dəfn olunublar.
Mirzənin başdaşı üstündə vaxtilə anamın yazdığı iki sətir həkk
olunub:
Amansız taleyin adəti budur:
Körpə budaqları vaxtsız qurudur.
Cənazəni qəbrə qoyanda bacılarım ora bir parça da atdılar –
anam bu parçadan özünə paltar tikdirmək istəyirmiş.
Təzə qəbrin başında, ayağında, böyründə ağaclar
pıçıldaşırdılar. Bu ağacları anam özü əkdirib – anasının,
nənəsinin məzarları yanında.
Fidan lap yavaşdan mənə:
–Nə yaxşı yerdir bura, – dedi, bilmirəm bunu qəsdən dedi,
həssaslıqla mənim əzablarımı duyaraq anamı atamın yanında
basdıra bilmədiyimdən nə qədər əlavə iztirab çəkdiyimi hiss
etdiyindənmi dedi, ya doğrudan da, bu adi, sakit guşə anamın
təbiətinə uyğun idi, ona yaraşan şairanə bir son mənzil idi?
Bilmirəm, amma belə bir dəqiqəmdə Fidanın mənə dediyi bu
sözlər üçün ona çox minnətdaram.
***
Heç nə, heç bir şey, nə "qubernator qızının xofu", nə
otuzuncu illərin ədəbi döyüşləri, nə 37-ci il, nə Moskvadakı
təhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağlı-qaralı günləri
– heç nə, heç bir şey Rəsul Rzayla Nigar Rəfibəylini bir-
229
birindən ayıra bilmədi.
Həyat da ayıra bilmədi onları, ölüm də – Rəsul Nigarın
əlacsız xəstəliyini, Nigar Rəsulun vəfatını bilmədi. Rəsul özü
dünyada olmaya–olmaya Nigara ad günündə çiçəklər göndərdi,
təltifatını təbrik etdi. Nigar artıq dünyadan köçmüş Rəsulun
təzə şerlərini dinlədi, ona salam göndərdi, yasəmənlər
göndərdi, onun "etinasızlığından" gileyləndi... Nə həyat, nə
ölüm onları ayıra bilmədi.
Onları ölümlərindən sonra ayırdılar.
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Biz ki bir ruh idik iki bədəndə,
O gülüb sevinsə, gülərdim mən də.
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.
(Nigar Rəfibəyli)
Hardan düşdü yadıma
anamın göynəkli bayatısı!
"Mən bütöv bir yuvaydım,
Yel vurdu paralandım.
Mən səndən ayrılmazdım,
Zülmnən aralandım".
(Rəsul Rza)
...və mən heç nə edə bilmədim. Əlimdən heç nə gəlmədi.
Bütün varlığımda sonsuz bir acizlik, köməksizlik hiss edirdim
– yalnız ömürlərimizi deyil, ölümlərimizi belə tənzim edənlər
qarşısında, torpağın üstündə kimin harda yaşamasını və
torpağın altında kimin harada yatmasını həll edənlər qarşısında
tam iqtidarsızlığımı dərk edirdim.
Axı, biz kimsədən xahiş eləməmişdik ki, atamı birinci Fəxri
xiyabanda dəfn etsinlər. Özü də bunu istəmirdi, ölülərin
230
dərəcələrə bölünməsi əleyhinə dönə-dönə demişdi də, yazmışdı
da. Onlar nə birinci və beşinci xiyabanda, qoy lap ucqar, lap
qərib bir yerdə, amma mütləq bir yerdə dəfn olunsaydılar,
özlərinin də, necə deyərlər, ruhu xoş olardı, camaata da yaxşı
təsir bağışlardı, ailə üzvləri də kiçik bir təsəlli tapardı.
Onların birliyi axı, yalnız bir məişət faktı deyildi,
Azərbaycan ruhunun, Azərbaycan mənəviyyatının, Azərbaycan
ailəsinin, sədaqətin, etibarın, vəfanın poetik rəmzi idi. Bu rəmz
hər hansı bir xalqın iftixar edə biləcəyi, öyünə biləcəyi bir rəmz
idi.
Amma mənəviyyat və rəmz bir yana dursun, Nigar
Rəfibəylinin Rəsul Rzanın yanında dəfn olunmağa rəsmi
imtiyazı da vardı. Bu günə qədər rəhmətə getmiş bir çox
yazıçılar, şairlər və o cümlədən bütün Xalq şairləri və Xalq
yazıçıları Birinci Fəxri xiyabanda dəfn edilib Bütün hamısı.
Tək bir anamdan başqa.
Niyə? Bu müəmmanın cavabı hələ də mənə açılmayıb.
***
Çoxlu ailə fotolarımız var. Müxtəlif vaxtlarda hərdənbir
onları nəzərdən keçirərdik və hamısını əzbərdən bilərdik.
Amma həmin günlərdə nekroloq üçün, böyüdülmək üçün,
matəm mərasimi üçun yenidən fotoları araşdıranda qəfilcən
anamın 30-cu illərdə aid bir fotosunu – hansı möcüzəyləsə
indiyəcən heç hansımızın görmədiyi bir şəklini tapdıq. Gənclik
illərində çəkdirdiyi bu şəkildə bir məlahət, həzinlik, hüsn var.
Necə olub ki, indiyəcən heç kim bu şəkli görməyib? Elə bil
şəkil illər boyu özünü gizlədibmiş ki, anamı itirəndən sonra
onun yeni bir surətini gözlərimiz qarşısında canlandırsın.
Sonralar bu şəkli anama həsr olunmuş televiziya verilişində
göstərdilər.
Ölümündən sonra çıxan "Bir həzin axşamda duşsəm yadına"
kitabına da həmin şəkli verdik.
Yazı masamın üstündə atamın şəklinin yanında anamın da
bu şəklini böyüdüb asmışam.
231
Amma o gün – o matəm günü – bu şəkli ilk dəfə
görmüşdüm və kəfəni qəbrə salanda, qəbrin üstünə daş qoyub
suvayanda, üstünə bellə torpaq atanda gözlərim qarşısında
anamın canlı surəti dayanmışdı. Lakin son aylar və günlərdə
xəstəliklərdən üzülmüş, yorğun, iztirablı, arıq sifətini deyil,
gənclik vaxtını, həmin o fotodakı illərin cazibədar, gözəl
çöhrəsini görürdüm.
…və bu anlar mən onun haqqında anam kimi deyil, qızım
kimi düşünürdüm. Çox cavan, çox kövrək, köməksiz, zəif və
incə qızım kimi, qoruyub saxlaya bilmədiyim qızım kimi...
Keşməkeşli taleyi haqqında düşünürdum: haçansa bir
zadəgan və ziyalı ailəsində dünyaya bir qız gəlmişdi, başqa bir
kübar ailəsi "bu qız bizim gəlinimiz olacaq" deyə onun
doğulması münasibətiylə qurban kəsmişdi. Amma yellər əsdi,
sellər gəldi, dünya dəyişdi. Yeddi yaşlı qız atasız qaldı, qurban
kəsənlər pərən-pərən olub Yer üzünə səpələndilər.
14-15 yaşlı qız anasından, qardaşlarından ayrılıb Bakıya
gəldi, heç kəsə arxalanmadan, heç kəsdən kömək ummadan
özü öz gücüylə, ağlıyla, iradəsiylə gundəlik kasıb ruzusunu
qazandı. Amma qızcığazın ürəyində nə kin-küdurət yuva saldı,
nə başqa qara hisslər. Əksinə, şair qəlbi işıqla dolu idi, dünyanı
işıq içində görürdü, yeni həyatın şəfəqlərinə doğru gedirdi, yeni
ocaqların istisinə can atırdı. 17 yaşındaykən, kövrək budaq
kimi incə, zərif, zəif çağında rütbəli birisi onun körpə
qanadlarını qırmaq istədi.
Haqsız hücumların yarışı başladı! Hamısına dözdü.
Hamısına tab gətirdi – rişxəndə də dözdü, hədəyə də...
Günlərin birində ömrünə alagözlü bir gənc daxil oldu –
"Bolşevik yazının" müəllifi, proletar məfkurəli, komsomol
əqidəli, AZAP-casına ağına-bozuna baxmayan alagözlü gənc
şair cavan şairənin qəlbini ovlaya bildi. Evləndilər və ömrü
boyu şairə vəfalı ömür yoldaşı oldu – qadın kimi, məsləkdaşı
kimi, cəbhədaş kimi xoş günləri də, ağır günləri də bərabər
yaşadılar. Ömrünün çoxunu yazı masasından iraq düşdü, ərinə,
232
övladlarına sonralar nəvələrinə xidmət elədi. Xəstə ərinin
çarpayısı yanında saysız-hesabsız yuxusuz gecələr keçirdi. Özü
də xəstələnib yatağa düşənə qədər ərinə qulluq elədi.
İnsanlıq, qadınlıq, analıq borcunu sonacan yerinə yetirdi...
…və indi, ölümündən sonra, ərinin ölümündən sonra və öz
ölümündən sonra – ömür yolunu sonacan keçib borcunu
axıracan icra edib yenə özününkülərin yanına qayıtdı. O
adamların ki, qırx il qabaq onlardan ayrılıb başqa bir həyata
getmişdi.
Yenə qayıtmışdı əziz, doğma Rəfibəylilərin içinə – incə bir
məhəbbətlə sevdiyi adamlarının arasına – yanında anası,
nənəsi, dayısı, dayısı oğlanları.
Bir də sonsuz olduğuna görə məzarı itib-batmış Göyçək
xala.
Fidan:
–Mən bildim, – dedi. – O özü belə istədi.– Anamı nəzərdə
tuturdu. – Onun öz ruhu elə istədi ki, orda basdırılsın. Axı, hər
cürə dəbdəbəni xoşlamırdı. Özü o yeri, o sakit yeri, anasının,
əzizlərinin yanını istəyib. Sən də bilirsən ki, o bir şeyi çox
istəyəndə mütləq nail olurdu.
Yadımdadır, uşaqlıqda dediyim bir ifadə anamın özünün də
xoşuna gəlirdi: "Niyarə, sən istəsən lap Koreyada müharibəni
də dayandıra bilərsən".
Fidanın sözlərində bəlkə də mistika vardı, amma hər halda
anam özü belə şeylərə inanırdı – Allaha da, ruhlara da və onun
bu inamı övladlarına da keçib.
Mən, şübhəsiz, dindar və mövhumatçı deyiləm, dini
ehkamları qəbul etmirəm, dini mərasimlərin estetik tərəfinə
heyran olsam da, onların məcburi icrasına biganəyəm. Amma
insanın fövqündə duran, dərk etdiyimiz və edə bilmədiyimiz
dünyaya hökm verən bir qüvvənin mövcudluğuna heç bir
şəkkim yoxdur. İnsan ruhunun ölməzliyinə, əbədiliyinə, bir
haldan başqa hala keçərək daima baqı qalmasına da inanıram.
Odur ki, onlarla – atam və anamla həmişəlik ayrılmağımı heç
233
cür şüuruma sığışdıra bilmirəm. Yalnız şüurumla deyil, bütün
hisslərimlə, bütün varlığımla duyuram ki, haçansa, hardasa, nə
şəkildəsə hökmən yenə onlarla görüşəcəm və ayrılıqda
keçirdiyimiz vaxtın – bu günlərin, ayların, illərin təəssüratını
bir-birimizlə bölüşəcəyik. Uzaq səfərlərdən qayıtdıqdan sonra
gördüklərimizi, eşitdiklərimizi bir-birimizə danışdığımız kimi...
Bax, indi yazdığım yazını da onlarla birlikdə müzakirə
edəcəyik, tənqidi qeydlərini dinləyəcəyəm, nəyləsə razılaşacaq,
nəyləsə yox, nəyisə izah etməli olacam, nədənsə özümü
müdafiə etməli.
Anamın dəfnindən bir neçə gün sonra hərəmiz öz evimizə
çəkildik, atamgilin evlərində Təranəgilin ailəsi qaldı. Təranə
danışırdı ki, bir dəfə gecənin bir əyyamında o biri otaqda
qəfilcən işıq yandırıldı.
Bir neçə gündən sonra həmin hadisə Fidangildə də təkrar
olub – gecə vaxtı qəfilcən işıqları yanıb.
Səkkiz aydan sonra 1982-ci ilin martında televiziyayla anam
haqqında veriliş gedirdi. Bu verilişə mən öz evimdə baxırdım.
Soyuq bir gün idi. Pəncərələr və eyvan qapısı kip bağlıydı,
cəftələnmişdilər.
Birdən ekrandan anamın öz səsi eşidiləndə eyvan qapısı
taybatay açıldı. Külək-filan yox idi, heç yüngül meh də
əsmirdi.
***
Amma elə günlər də olur ki, Bakının dəli, acı küləkləri əsir,
göydən yerə leysan yağışlar yağır. O zaman mənə elə gəlir ki,
qəbirlərində üşüyürlər.
***
1979-cu ildə Hindistana getmişdim. Tərcüməçidən xahiş
elədim ki, məni yoqların yanına aparsın.
Dehlidə səhər saat altıda Yoqlar Mərkəzinə gəldik. Baş yoq
Svami Manuçaraka meditasiya – xəyaladalma seansında iştirak
etməyə icazə verdi.
Yalın əhəng divarlı bir hücrəyə girdik – Baş yoq özü, mən,
234
tərcüməçim Nərgiz Misra, iki hindli kişi və bir yapon qadın.
Hücrə alaqaranlıq idi. Baş yoq dizlərini xüsusi cür büküb,
bardaş qurdu, bizə də belə oturmağı təklif elədi. Qədim
mətnləri dua kimi avazla oxuyurdu, sonra dedi ki, indi də bir
müddət sükut etməli, fikrə, xəyala dalmalıyıq, ömrünüzdəki ən
təmiz, ən saf günlərinizi, saatlarınızı xatırlayın – dedi.
Sükut və alaqaranlıq içində fikirlərimi heç cür toplaya
bilmirdim. Gah Baş yoqun, seans iştirakçılarının donub qalmış
sifətlərinə baxır, gah iki gündən sonra ölkənin başqa
şəhərlərinə gedəcəyim barədə düşünür, gah Moskvaya
dönəcəyim vaxtı fikirləşirdim.
İçəri dünyamın qapıları heç cür açılmırdı. Üçmü dəqiqə
keçdi, beşmi, bilmirəm, birdən-birə tərəfimdən heç bir xüsusi
səy göstərilmədən elə bil daxili baxışlarım qarşısında apaydın,
görümlü, əyani mənzərə açıldı:
Bakının Krivoy deyilən küçəsiylə anamla bir yerdə gedirik,
amma küçə indiki küçə deyil, qalaq-qalaq illərin altında qalmış
küçədir – indiki "Nərgiz" kafesi yoxdur, onun yerində mixəyi
dikdən qurulmuş, pəncərələri gəmi pəncərələri kimi dairəvi
olan dondurma kafesi var. Bu kafeylə – indi genişləndirilmiş, o
vaxt isə daha dar sahədə yerləşən Parapet bağının arasında
üçmərtəbəli bina var: birinci mərtəbəsi kitab mağazasıdır,
kitablar, xəritələr satılır. Mirbəşir Qasımov bu evdə yaşayırdı.
Qarşısında "Azərbaycan" kinoteatrı yerləşir, yay salonunun bir
divarı büsbütün yamyaşıl sarmaşıqlarla örtülüb. Bu divar
yaşayış binasının divarlarıdır, yaşıl sarmaşıqların içindən
axşamlar pürrəngi çay rəngində pəncərələr görünür, bu
pəncərələrdən evin sakinləri başlarını uzadıb aşağı, ekrana,
filmə baxırlar və həmin adamlar dünyada ən çox həsəd
çəkdiyim insanlardır – gündə öz mənzillərinin içində kinoya
baxırlar! "Zorro nişanı", "Azadlıq ordusunun kapitanı" ("Viva
Vilya!") daha nə bilim hansı kinolar. Kinoteatr girəcəyinin
yanında, sağ əldə bir əyləncə də var – bədənsiz qadın başı
göstərirlər. Məndən altı yaş böyük Oğuz deyir ki, bu illüziya
235
güzgülər və qara pərdələr vasitəsilə yaranır.
O yanda, "Araz" kinoteatrının yanında – indi restoran və
çayxana olan yerdə – idman meydançası var, çəpərin
arxasından basketbol oyununa baxırıq.
"Araz" kinoteatrı əvvəl "Spartak", "Azərbaycan" – "Krasnıy
Vostok", "Vətən"– "Proletari", "Bakı" – "Bakkomuna",
"Nizami" – "Xudojestvennıy", "Bahar" – "Forum" adlanırdı.
Bu kinoteatrların adlarını atam kino naziri işlərkən dəyişdirdi.
Bu kinoteatrlar, onların köhnə adları, onların ekranlarında
göstərilən filmlər, o filmlərin həqiqətdə yaşanılmış qədər
reallıqla xatırlanan epizodları, personajları, mənzərələri, ab-
havası, melodiyaları, o dövrün əyləncələri, sökülüb yox olmuş
binaları, davadan sonrakı ilk illərin müharibə əlilləri, kontuziya
almış əsəbi adamları, bıçaq itiləyən çarxlı dəzgahlarıyla
həyətləri gəzib bıçaq itiləyənlər, "starıveş" harayları haradasa,
hansı zaman, şüur ucqarlarında qalmış bütün bunlar – bir an
içində yoq hücrəsinin alaqaranlığında gəlib gözlərimin önündə
dayandı.
Baş yoq: – Ömrünüzün ən təmiz, ən saf, ən işıqlı günlərini,
saatlarını xatırlayın – demişdi.
Krivoy küçəsiylə, indi çoxdan sökülmüş gül, papaq
dükanlarının yanından anamla keçirik. Anamın əynində yaşıla
çalan boz bukle palto var, başına qara beret qoyub... Mənim
əlimdən yapışıb. Qəfilcən anamdan soruşuram:
–Bəs mənim necə yaşım var?
–Üç – deyir.
İnsan dünya haqqında bir çox – əsas və vacib həqiqətləri beş
yaşınacan öyrənir. Sonra yüz il yaşasa da qalan 95 il onun bu
ilk beşillikdə öyrəndiklərini, mənimsədiklərini, inanıb-
inanmadıqlarını təsdiq edir.
Bəzən yalnız öz keçmişimi deyil, anamın yaşadığı ömrün
səhnələrini də eyni əyaniliklə İçəri dünyamda canlandıra
bilirəm. Elə bil içimdə işıq yanır, kinoproyektor cihazı şüa
buraxır və daxili ekranda özümün şəxsən yaşamadığım günlər
236
– açıq-aydın şəkildə bir-bir ötüb keçir.
Qəribədir, atamın xatirələrini bu dərəcədə özümləşdirə
bilmirəm. Bəlkə bu hələ izah olunmamış sırf fizioloji bir
cəhətlə əlaqədardır. Bəlkə insan ana bətnində ana beyninin
Yaddaş qırışlarını, hafizə hüceyrələrini də mənimsəyir, öz
zehninə hopdurur, özününküləşdirir?
Yaşımdan qabaqkı günləri – 30-cu illərin Moskvasını,
anamın təhsil illərini görürəm. Moskva küçələri izdihamla, gül-
çiçəklə doludur. Qütbü fəth edib qayıdan çeyuskinçiləri
qarşılayır Moskva. O dövrün ən məşhur və ən xarakter mahnısı
səslənir: "Vse vışe, i vışe, i vışe stremim mı polet naşix ptiü, i v
kajdom propellere dışet, spokoystvie naşix qraniü".
Bir də başqa bir mahnı səslənir, qulaqlarımda! "Bandera
rossa".
Bir də bir mahnı – D.Şostakoviçin "Vstreçnı" filminə
yazdığı mahnı "Nas utro vstreçaet proxladnoy, nas pesney
vstreçaet Moskva, kudrəvaə çto je tı ne rada, sçastlivomu penö
qudka". Bütün bu mahnıların melodiyalarını, sözlərini anam
30-cu illərdən gətirmişdi bizə, Moskvadan gətirmişdi Bakıya,
hərdən zümzümə edərdi, oxuyardı və mən bu mahnıları
ekranlarda, efirdən eşitməmişdən çox qabaq onlar evimizə
məhrəm olmuşdular.
Moskva küçələri bu mahnılarla doludur, gülüşlərlə, gül-
çiçəklə, mayla, baharla doludur. Anam ağ corablarda, ağ
parusin çəkmədə, ağ güllü qara krepdeşin paltardadır, belinə
nazik ağ kəmər taxıb, başına beret qoyub...
22-23 yaşındadır anam, yanında da Moskvaya qonaq gəlmiş
on bir yaşlı dayısı oğlu Mirzə. Qorki parkında gəzirlər. Birdən
haray qopur. Hamı bir tərəfə qaçır, Mirzə də anamın əlindən
qopub camaat qaçan tərəfə cumur... Demə, Stalin, başqa
rəhbərlər parka gəliblər, camaat onları dövrəyə alır. Hələ
otuzuncu illərin birinci yarısıdır.
Əlbəttə, butün bunları xəyalımda ona görə bu qədər əyani
canlandırıram ki, anam özü danışıb bizə – onun bu paltarda, bu
237
beretdə fotolarını görmüşəm, bütün bunlar belədir, amma mənə
elə gəlir ki, o illərin bahar, səhər, ümid dolu ab-havası, gənclik
həvəsi, inamı – ispan respublikalarına, Dolores İbarruriyə
rəğbətdən tutmuş Çkalov uçuşlarının təntənəsinəcən – bütün bu
bayramların, fərəhlərin, sevinclərin işığı qanımla keçib mənə
anamdan – sanki özüm yaşamışam o illəri...
İçimdə yaşayan o illərin hadisələri, faktları deyil – dünya
duyumu, hissləridir, hadisələrin ardıcılığını tarix kitablarından,
qəzetlərdən də öyrənmək olar. Bütün bunları İçəri dünyada
yaşadıb saxlamaq, öz şəxsi fərdi xatirən kimi yada salmaq isə
tamam başqa məsələdir.
Heç vaxt səhnədə Arbuzovun Babanovanın iştirakıyla
oynanılan "Tanya" pyesini mən özüm görməmişəm, anam
görüb. Amma mənə elə gəlir ki, özüm görmüşəm, özüm
eşitmişəm qolçomaqların hədələrindən xoflanan Tanyanın
dinlədiyi "Kakaə xoroşaə budet jiznğ" mahnısını.
Anam bizə danışmışdı ki, Moskvada təhsil illərində maddi
sıxıntılar içində keçən günləri çox olub. "Bir dəfə nahar
eləməyə bir-iki manatım da qalmamışdı. Əlacsızlıqdan
mənimlə bir yerdə təhsil alan azərbaycanlı tələbələrdən
birindən üç manat borc almaq qərarına gəldim. Ona
institutmuzun pilləkanında rast gəldim. Məni görmədi, aşağı
düşürdü. Yanaşa bilmədim. Üçüncü mərtəbədən aşağı
baxırdım, çağıra bilmirdim. O, birinci mərtəbəyə çatanda,
nəhayət, özümü məcbur edib yuxarıdan onu harayladım, adını
bərkdən çağırdım, O eşitdi, qanrılıb yuxarı baxanda çəkildim,
gizləndim. Məni görmədi. Təəccüblə o yan-bu yana boylandı,
çıxıb getdi. O gün ac qaldım".
Fidan mənə dedi ki, anamın cəmisi bircə dəfə bizə danışdığı
bu səhnəni elə bil öz gözlərimlə görmüşəm – pilləkanı da,
üçüncü mərtəbədən çağırmasını da, adamın qanrılıb
boylanmasını da, anamın çəkilib gizlənməsini də...
Mən də o səhnəni eyni əyaniliklə görürəm...
Dostları ilə paylaş: |