***
1973-cü ilin sentyabrında atamla bir yerdə Moskvaya
Nəsimi yubileyinə getdik.
Bu illər ailəmiz üçün çətin vaxtlar idi – bizə çox əziz olan üç
adam – atamın əmisinin və xalasının oğlu Niyazi
Məmmədxanlı, Fidanın qaynatası Süleyman Vəzirov və atamın
o zaman həyatda olan dostlarından ən yaxını Cəfər Cəfərov
ağır, ümidsiz xəstə idilər.
Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazinin başı çox
bəlalar çəkmişdi. Davanın ilk günlərindən - 26 yaşındaykən
64
cəbhəyə getmiş, Sevastopolun odundan-alovundan keçmiş, əsir
düşmüş, faşist zindanlarında olmazın əzab-əziyyətlər çəkmişdi.
Bir dəfə mənə: "Aclığın bütün növlərinə bələd oldum, – dedi, –
ən ağır şəkli dilinə bir qırıq çörək vurub ac qalmaqdır, amma ac
qalmaq ondan asandır". Müharibə illərində evlərinə qara kağızı
gəlmişdi, yasını saxlamışdılar. Qələbədən sonra qayıtdı, bir
neçə ay ailəsinə qovuşandan sonra Sibirə sürgün edildi. Stalin
dövrü qurtarandan sonra Bakıya qayıtdı, öz ixtisası üzrə – neft
mühəndisi işlədi. Subay idi, evlənmədi də... Binədən qara
yazılmış bəxti ömür möhlətini çox qısa müəyyənləşdiribmiş.
Diaqnozu qəti və amansız idi.
Təqribən həmin vaxtlarda əlacsız xəstəlik Süleyman
Vəzirovun da, Cəfər Cəfərovun da hökmünü vermişdi.
Cəfər Cəfərov bir neçə il Mərkəzi Komitənin katibi
işlədikdən sonra 1971-ci ildə vəzifəsindən azad edilmişdi. O,
işdən çıxarıldıqdan sonra tez-tez evlərinə gedərdim, uzun-uzun
söhbətlər edərdik. Bir dəfə dedi: "Ömrüm boyu başıma çox
işlər gəlib, amma heç vaxt indiki kimi bədbinləşməmişəm.
Yəqin ki, bu yaş xüsusiyyətimlə əlaqədardır. Əvvəllər belə
sarsıntılardan sonra dərhal özümü toplayırdım, çalışmaq,
işləmək əzmim qat–qat artırdı, bilirdim ki, bir müddət keçəcək
yenə fəal ictimai mövqe tutacam. Amma bu səfər heç bir
ümidim yoxdur"...
C.Cəfərov işləri təzə təyin olunmuş katibə təhvil verəndə
D.P.Quliyev: "Cəfər müəllim, o qədər təriflədiniz məni ki,
gətirib sizin yerinizə qoydular," – deyib.
Danil Piriyeviç Quliyevin ideoloji işlər üzrə katib təyin
olunmasıyla bir çox məsələlər dəyişdi. Ensiklopediyaya və
"Qobustan"a hücumlar başladı.
"Qobustan"a, yaxud mənə qarşı hücumlar "Kommunist"
qəzetindən "Kirpi" jurnalınacan müxtəlif mətbuat səhifələrini
bəzəyirdilər. Müxtəlif müşavirələrdəki çıxışları, başqa "şifahi
janrları" hələ demirəm.
Budur, D.P.Quliyev yoldaşın kabinetindəyik. Məni və iki
65
nəfər görkəmli filosof-alimi çağırıb. "Qobustan"ın təzə-köhnə
nömrələrini onların qabağına qoyub, onların mötəbər rəyini
soruşur.
Alimlərdən biri başını tutub:
–Vay, vay, vay, Danil Piriyeviç, bir görün burda nə yazıblar,
– deyir, – yazıblar ki, Şuşada Pənah xana abidə qoymaq
lazımdır.
D.Quliyev:
–Yox əşi, – deyir, – yoldaş Anar, bəs siz buna necə yol
vermisiniz?
–Moskvada bu şəhərin əsasını qoyan knyaz Yuri
Dolqorukinin, Leninqradda Peterburqun əsasını qoyan çar
Pyotrun, Tbilisidə Tiflisin əsasını qoyan Vaxtanq Qorqasilinin
abidələri var, – deyirəm, – Şuşada bu şəhərin binəsini qoyan
Pənah xana heykəl ucaltmaq təklifində nə qəbahət var ki?
İkinci adam:
–Danil Piriyeviç, özü də görün bu təklifi kim verir? Elturan!
–Elturan kimdir ki?
–Bilmirəm kimdir, amma bu adamın adı Elturandır. Elturan
bilirsiniz də nə deməkdir: yəni Turan eli – pantürkistlərin
xülyası…
D.Quliyev məzəmmətlə başını bulayır, mənə baxır.
–Axı, mən bu adama necə deyim ki, adını dəyişsin? –
deyirəm.
On il sonra, 1982-ci ildə H.Ə.Əliyev yoldaşla birlikdə
Şuşada Vaqifin məqbərəsinin açılışına gedənlər arasında mən
də vardım. Qonaqları şəhərin mədəniyyət abidələriylə tanış
edirdilər. Qədim qala divarları üzərində Pənah xanın şəkli
çəkilmişdi. "Qobustan"ın on il əvvəl verdiyi təklif həyata
keçmişdi, düzdü başqa janrda, heykəl yox, şəkil (əfsus ki,
bayağı və zövqsüz şəkil) janrında. Onu da deyim ki, qonaqlara
izahat verən həmin o memar Elturan Avalov idi – adını dəyişib
eləməmişdi. Onu da deyim ki, D.P.Quliyev çoxdandı ki, katib
deyildi...
66
O vaxt katibin kabinetində isə filosof-alimlərin rəyləri
diqqətlə dinlənilir və tam ciddiyyətlə qəbul edilirdi. Hər yerdə,
hər sözdə "pantürkizm" axtarırdılar. "Qobustan"ın üz
qabığındakı "toplu" sözündən, ensiklopediyada bu ya digər
istilaha verilən işarələrin sayına qədər. Anamın bu zamanlar
çıxmış Türkiyə haqqında yol xatirələri də ailəmizin
"türkpərəstliyinə" yeni bir "sübut" olmuşdu. Yalnız "türkçülük"
yox, başqa günahlarımız da damğalanırdı.
Aktyor evində jurnalistlərin qurultayı çağırılmışdı. Mən
gecikmişdim, özüm eşitmədim, amma dərhal qulağıma
çatdırdılar ki, D.Quliyev çıxışında səni möhkəm vurdu. Məsələ
ondaydı ki, bir neçə gün qabaq mənim "Literaturnaya
qazeta"da məqaləm çıxmışdı. Tənqidimizə aid bəzi
mülahizələrimi yazmışdım.
D.Quliyev çıxışında bu məqalədən danışmış, qurultaya
Moskvadan qonaq gəlmiş məşhur jurnalist V.Peskova
müraciətlə: "Ümumiyyətlə mərkəzi mətbuatda Anarı çox çap
edirlər, – demişdi, – xahiş edirik ora bizim fikrimizi çatdırın ki,
az çap etsinlər".
Səhərisi gün mən telefon edib D.Quliyevin qəbuluna getdim.
–Mənim məqaləmdə nə səhv var ki, siz onu qurultay
kürsüsündən rüsvay edirsiniz? – dedim.
D.Quliyev:
–Doğrusu, sənin məqaləni oxumamışdım, – dedi, – mənə
çox pis qələmə vermişdilər. Bu gün oxudum, axı nə varmış ki,
orada belə...
Buna baxmayaraq "Literaturnaya qazeta" üç nömrə dalbadal
mənim yanlış fikirlərimi təkzib edən yazılar verdi – bu adi bir
məqaləyə görünməmiş diqqət deməkdi. Yazılardan biri –
Əkbər Ağayevin məqaləsi mənə cavab olaraq, xüsusi göstərişlə
təşkil olunmuşdu. Yanılmıramsa bu Əkbər Ağayevin
"Literaturnaya qazeta" səhifələrində dərc olunmuş ilk və hələ
ki, axırıncı yazısıdır.
***
67
1972-ci il martın 6-da Natəvan klubunda tənqid
məsələlərinə həsr olunmuş müşavirə çağırılmışdı. Məruzəçi
atamın şerlərini tənqid edirdi, ürəyini boşaldıb doyanda mənim
yazılarıma keçir, onları alt-üst edirdi, deyib-deyib yorulanda
yenə qayıdırdı atamın nöqsanlarına.
Ürəyim səksəkəliydi, elə bil iynə üstə oturmuşdum.
Məruzəçinin bəlağətinə görə yox, ayrı səbəbdən. Başqa
şeydəndi nigarançılığım!
Budur, foyeyə telefona çağırırlar. Evdən zəng vurublar,
sevincək səslə: "Təbrik edirik, qızın oldu", – deyirlər.
Salona qayıdıram, atamın qulağına: "bir qız nəvən də oldu"
– deyirəm.
Qucaqlaşıb öpüşürük. Salondakılar mat-mat bizə baxır.
Məruzəçi də bir an susub duruxur, udqunur. Görəsən onun
sıyrılmış tənqid qılıncının altında mən nə fənd işlətmişəm, hara
yol tapmışam, kimdən və hardan şad xəbər gətirmişəm. Bu nə
xəbərdir belə ki, iclasın şıdırğı yerində ata-bala öpüşüb
görüşürük:
Məsələdən agah olan Bayram Bayramov:
–Elə bu da məruzəyə cavab idi, – deyir, – ölü fikirlərə, ölü
sözlərə həyatın verdiyi cavab.
Axşam evdə anam:
–Gərək bu qızın adını Tənqidə qoyaq, – dedi, – yaman top-
tüfəngli iclas günü gəlib dünyaya.
Qızın adını Tənqidə yox, Günel qoyduq.
***
Bir geniş iclas yadıma düşür. İdeoloji məsələlərə həsr
olunub, partiya və mətbuat işçiləri, yaradıcılıq təşkilatlarının,
nazirliklərin nümayəndələri, alimlər, yazıçılar toplaşıb,
D.Quliyev çıxış edir. Sov. İKP MK-da keçirilmiş müşavirə
haqqında məlumat verir. Gürcüstan KP MK-nın işində
millətçilik təzahürləri kəskin tənqid edildi. Bizim ideoloji
işlərimizdə beynəlmiləlçilik təqdir olundu. Gürcüstanın ideoloji
katibinin çıxışı yaxşı təsir bağışlamadı. O, öz işlərinə bəraət
68
qazandırmağa çalışırdı, sübut etmək istəyirdi ki, Gürcüstanda
heç bir millətçilik təzahürü-flan yoxdur. Mən isə özünütənqid
mövqeyindən çıxış elədim. Dedim doğrudur, bizim
beynəlmiləlçilik sahəsində
işimiz burda yüksək
qiymətləndirildi, amma bu o demək deyil ki, biz özümüz öz
nöqsanlarımızı görmürük. Bizdə də müəyyən belə təzahürlər
var, məsələn, "Qobustan" jurnalının işində. Yoldaşlar: – yəni
siz "Qobustan"ın redaktorunu ipə-sapa yatırda bilmirsiniz? –
dedilər. (Çıxış rus dilindəydi odur ki, bu son ifadəni dəqiq
gətirmək istəyirəm: neujeli vı ne mojete obuzdatğ redaktora
"Qobustana?")
İclasdan birbaşa D.Quliyevin kabinetinə getdim.
–Sizə deyirlər ki, məni "obuzdatğ" eləmək lazımdır. Necə
aydır ki, işdən azad olunmağım haqda ərizə vermişəm. Bu
ərizəyə haçan baxacaqsınız?
–Yəni doğrudan getmək istəyirsən?
–Lap doğrudan.
–Niyə?
***
Bir səhər məni telefon zəngi oyatdı. D.Quliyevin yanına
çağırırdılar. Rəssam Toğrul Sadıqzadəni tapıb onu da özümlə
gətirməliydim. "Qobustan"ın üz qabığında T.Sadıqzadənin bir
tablosunu vermişdik. Tabloda Nərimanov, Kirov, Orconikidze
və Mikoyan təsvir olunmuşdu. Bizi də məhz elə bu məsələyə
görə çağırırdılar.
MK-nın liftində Toğrul Sadıqzadə:
–Kimin yanına çağırıblar bizi? – deyə xəbər aldı.
–İdeoloji katib Danil Quliyevin yanına.
– Bəs katib Cəfərov deyil?
Məni gülmək tutur; Cəfərov artıq neçə vaxtdı katiblikdən
çıxarılıb. Rəssamlar bəzən dünyadan bixəbər olurlar. Nə isə...
Bütün bu mərəkəyə səbəb nə idi? Sən demə, kiminsə ağlına
gəlib ki, şəkildə Nərimanov Kirova, Orconikidzeyə, Mikoyana
görə ön planda verilib. Bu isə kobud siyasi səhvdir.
69
–Axı o ön planda deyil, bir balaca çiyni qabağa çıxıb, –
deyirəm.
–Kobud siyasi səhvdir.
–Şəkil İçəri şəhərin küçəsini təsvir edir, Nərimanov yerlidir,
yerli adam, şübhəsiz, qabağa keçib bələdçilik etməlidir, –
deyirəm. Məntiqimin absurdu vəziyyətin absurdundan doğur.
–Ciddi siyasi səhvdir.
Toğrul Sadıqzadə:
–Mən bu şəkli tarixi fotolar əsasında çəkmişəm, – deyir. –
Bax bu da fotolar. Görürsünüz burda da Nərimanov bir az
qabaqda dayanıb.
–Kobud səhvdir.
–Bu şəkil Bakıda və Moskvada sərgilərdə olub.
"Qobustan"dan qabaq "Kommunist" qəzetində qat–qat daha
böyük tirajla çap edilib.
Eyni cavab.
Toğrul Sadıqzadə:
–Bu lap ona oxşayır ki, – deyir, – bir rəssamı incidirlərmiş,
sən nöş cücələri bikef çəkmisən?
Məni gülmək tutur. D.Quliyevin dodağı da qaçmır.
"Qobustan"ı göstərib:
–37-ci ildə sizə (yəni mənə – redaktora və Sadıqzadəyə –
rəssama) bilirsiz neylərdilər? Tutub basardılar!
Toğrul yaxşı cavab verir, xoşuma gəlir:
–Narahat olmayın, – deyir, – tutulanımız da olub (Toğrul
Sadıqzadənin atası Seyid Hüseyn və anası şairə Ummigülsüm
şəxsiyyətə pərəstiş dövrünün gedib qayıtmayanlarındandır).
–Bir söz, bu üz qabığını dəyişmək lazımdır.
–Mən bunu edə bilmərəm,– deyirəm, – tiraj çap olunub.
–Mən sizə göstəriş verirəm.
–Onda yazılı surətdə verin,– deyirəm. – Şifahi göstərişlə
mən belə iş edə bilmərəm. Mən mətbəədə fəhlələrə –
naborşiklərə necə başa salım – nə səbəbə dörd nəfər görkəmli
inqilabçının şəkli jurnaldan çıxarılır?
70
Əlbəttə, heç bir yazılı göstəriş-filan olmadı, "Qobustan"
beləcə də çıxdı və heç kəsin ağlına gəlmədi ki, Nərimanovun
çiyninin bir azacıq qabağa çıxması kobud siyasi səhvdir.
Mən bütün bu söhbətləri, mükalimələri bir kəlmə artırıb
əksiltmədən, olduğu kimi yazıram, amma belə nəticə çıxmasın
ki, D.P.Quliyevi sırf mənfi səciyyələndirmək və ondan, necə
deyərlər, gecikmiş hayıfımı çıxmaq istəyirəm. Mən də bilirəm
ki, daldan atılan daş topuğa dəyər və mən heç kəsin ardınca daş
atmaq fikrində deyiləm. Demək istədiklərimi,
razılaşmadıqlarımı, etirazlarımı D.Quliyev iş başında olanda
onun özünə demişdim.
Bu qəmli yazıda belə söhbətlərin yeridirmi? Bilmirəm! Axı,
hadisələr özü də indi mənə gülməli gəlir, o vaxtlarsa əsəb
gərginliyi, qan qaraltısıydı. Amma mən bütün bunları çox da
ürəyimə salmırdım. Cavan idim, səhhətim sağlam idi, həyata
ümidim çox idi. O da mənə təsəlli idi ki, keçmişlərdə də,
indinin özündə də bir çox yazıçıların, redaktorların
rastlaşdıqları böyük əziyyətlərin müqabilində mənim bu xırda-
para çətinliklərim boş bir şeydi.
Bir də ki, nə mənim ərizəmə baxıb redaktorluqdan
götürürdülər, nə də "Qobustan" bağlanırdı (belə gümanlar da
var idi). Hətta "toplu" sözünü də saxlaya bildik.
Katib işləyərkən "Qobustan"ın yaranmasının və mənim
redaktor təyin edilməyimin təşəbbüskarı olmuş Cəfər Cəfərov
ölüm yatağında mənə dedi:
–Hər halda "Qobustan" bütün sınaqlara davam gətirdi və
qaldı.
***
Amma ensiklopediyayla bağlı məsələlər qat–qat mürəkkəb
və daha dramatik idi.
Şəksiz, mənim özümü atamla müqayisə etməyim gülməli
çıxar, ancaq onu qeyd etmək istəyirəm ki, əgər "Qobustan"ın
təşkili, yaxşı çıxması üçün bütün səylərim təqdir olunmaq
yerinə tənələrlə qarşılanırdısa və bu mənə yer eləyirdisə, gör
71
onda atam nə çəkirmiş. Axı onun ensiklopediya kimi ağır bir
işin yükünü öz üstünə götürməsi, həm də sinninin bu yaşında,
səhhətinin bu vəziyyətində bütün canını bu yolda qoyması əsl
fədakarlıq idi. Azərbaycan tarixində ensiklopediya nəşrinin heç
bir təcrübəsi yox idi, bu işdə nə ənənə vardı, nə səriştə, nə
kadrlar. Dəqiq terminologiya, bir çox sahələrə aid istilahlar,
coğrafi adların qəti təsdiqliyi ilə müəyyənliyi yox idi, hələ heç
Azərbaycan dilinin tam izahlı lüğəti də nəşr olunmamışdı.
(Yəni elə indiyəcən bu lüğətin nəşri tamamlanmayıb – 4
cilddən yalnız ikisi çıxıb).
Coğrafi xəritələrə, tarix problemlərinə aid həll olunmamış
mübahisəli məsələlər də az deyildi. Xalqın mənşəyi, dilinin
yaranması, təşəkkülündən tutmuş adına qədər – bir çox
problemlərə aid hər ağızdan bir səs gəlirdi. Tarixə, coğrafiyaya,
mədəniyyətə, hətta məişətə aid bir çox hadisələrə,
şəxsiyyətlərə, yerlərə, istilahlara qonşularımız ya şərik çıxır, ya
etiraz edirdilər.
Bütün bu mürəkkəb məsələləri məhz ensiklopediya
cildlərində qəti və mötəbər şəkildə, partiyalılıq, vətənpərvərlik,
beynəlmiləlçilik mövqeyindən həll etmək lazım idi. Baş
redaktorun azərbaycanlı, kommunist, ziyalı və Xalq şairi adına
layiq şəkildə həll etmək...
Həm də bütün bunlar Azərbaycan ictimai həyatının spesifik
xüsusiyyətləri şəraitində həll olunmalıydı. Ziyalılarımız
arasında yuxarıda haqlarında bəhs etdiyim filosoflar kimiləri az
deyildi. Ancaq filosof niyə – tarixçilər, dilçilər, yarımçıq şairlər
arasında belələri tapılmazdı məyər? Özü də bu irad küləkləri
hər tərəfdən əsirdi – sağdan da, soldan da, yuxarıdan da,
aşağıdan da. Xəzrisi də vardı, giləvarı da, gicəvarı da...
Hazırlanmış, yığılmış, cildlənmiş birinci cildin buraxılıb
buraxılmaması haqqında rəy verən tarixçilərdən bəziləri kitabın
çıxmasının qəti əleyhinə olduğunu yazırdılar. Belə rəylərdən
biri və həm də çox səciyyəvisi indi qarşımdadır. Müxtəlif
məsələlərə irad tutan İqrar Əliyevin ən böyük etirazına səbəb
72
"Azərbaycanlılar" məqaləsi idi:
"Azərbaycanlılar" məqaləsində çoxlu məntiqsizliklər var.
Müəllif nəyin bahasına olursa olsun, türkdilli qəbilələrin
Qafqaz sahələrində olmalarının qədimliyini sübut etmək
istəyir. Qeyd etməliyəm ki, neçə deyərlər, "türkpərəstlik" son
vaxtlar bizim diletantlıq edən ziyalılarımızın bir qismi içində
əsl azara çevrilib. Türkləri hər yanda axtarırlar... Skifləri türk
elan edirlər. Qafqaz albanları arasında türkləri görmək
istəyirlər və s. və i.a."
Burada insaf və ədalət naminə onu deməliyəm ki, erməni
yazıçısı Sero Xanzadyanın Babəkin şəxsiyyətilə və atamın
"Babək" şerilə əlaqədar olaraq föhş və böhtan dolu məktubuna
(S.Xanzadyan bu məktubu Azərbaycan KP MK-ya və Sov.
İKP-ya göndərərək Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı
adı verilməsinə etirazını bildirirdi) tutarlı cavab verənlərdən
biri də İqrar Əliyev idi. Təbii ki, onun cavabı atamla yox,
Babəkin tarixdə yeri və roluyla bağlıydı. S.Xanzadyan Babəki
cani, quldur, qaniçən, uşaq əti yeyən qatil adlandırır, onun
haqqında Azərbaycanda film çəkilməsi, adına rayon qoyulması
münasibətilə qəzəblənirdi. Tarixi məxəzlər əsasında Babəkin
şəxsiyyətinə qiymət verən İ.Əliyev cavabında yazırdı: "Rəsul
Rzanın Səhl ibn Sumbat haqqında dediklərini Xanzadyan
xunveybin ifadələri adlandırır. Bu xalis fitnəkarlıqdır... Rəsul
Rza "Babək" şerində tamamilə haqlı olaraq Səhlin adını
həqarətlə çəkir və onu xain məxluq sayır. Xanzadyanın "öz
knyazı" üçün inciməsinin heç bir əsası yoxdur. Əgər Rəsul Rza
xain və satqın Səhl ibn Sumbatı damğalayırsa, bunun erməni
xalqına nə dəxli var? Gərək büsbütün vicdanını itirəsən ki,
Rəsul Rzanın Səhl ibn Sumbata aid olan sözlərini ermənilərə,
erməni xalqına şamil edəsən. Odur ki, biz Xanzadyanın "Rəsul
Rza "Babək" kimi şerləriylə Lenin milli siyasətinin ruhunu
ləkələyir, həm də birbaşa SSRİ Konstitusiyasını pozur, erməni
xalqının tarixini, erməniləri təhqir edir" kimi ittihamlarını yerli-
dibli rədd edirik…
73
Biz Xanzadyanın Rəsul Rzanın tarixi təhrif etməsi haqqında
iddialarını da rədd edirik. Rəsul Rza tarixi təhrif etmir,
Xanzadyan Azərbaycan xalqının tarixinə böhtan atır... Bütün
dediklərimizi əsas tutaraq Rəsul Rzayla bərabər biz də Babəki
tam haqla qəhrəman adlandırır və şairin Babəkə aid sözlərini
qürurla təkrar edirik: "İnsan var ki, işlərilə böyüyür". (İqrar
Əliyevin rusca yazılmış məktubunun surəti mənim
arxivimdədir – A.)
Sero Xanzadyanın başdan-başa iftiralar və təhqirlərlə dolu
bədnam məktubuna "Babək" filminin ssenari müəllifi Ənvər
Məmmədxanlı da kəskin cavab yazmışdı: "S.Xanzadyanın
qəhrəman Babəki ləkələmək və qaralamaq cəhdi – hər han sı
məsuliyyət hissini itirmiş bir millətçinin növbəti fitnəkarlığıdır"
(sentyabr, 1980).
"Türkpərəstliyi" bilmirəm, amma ensiklopediyaya daş
atmaq – daş atanın gücündən, iqtidarından asılı olaraq iri, ya
xırda daşlar atmaq, – doğrudan da, bəzi tarixçilər, filosoflar,
dilçilər, yazıçı – şairlər arasında azara çevrilmişdi.
Ensiklopediyanı kökündən baltalamaq, heç vəchlə işıq üzünə
çıxmağa qoymamaq üçün mötəbər ziyalılarla yanaşı, həvəskar
rəyçilər, öz şəxsi təşəbbüsüylə pəl vurmaq istəyənlər də
canfəşanlıq edirdilər. Çox təəssüf ki, indi bütün bu son dərəcə
səciyyəvi sənədlər əlimdə yoxdur. Belə rəylərdən,
məktublardan, danoslardan ensiklopediyanın bir cildi həcmində
qalın bir kitab tərtib etmək olardı. Kim bilir, bəlkə haçansa belə
bir kitab, doğrudan da, tərtib olunacaq. Bir sıra ziyalıların
adlarını tarixə salacaq belə kitabı oxumaq nəyə desən dəyər...
Ən kəskin mübahisələr "azəri" terminiylə bağlıydı. Bəzi
rəyçilər "azəri xalqı", "azəri dili", "azərilər" və s. ifadələrinin,
bir sözlə, "azəri" termininin işlədilməsinə etiraz edirdilər. Bu
qəbildən olan iradlara cavab olaraq Rəsul Rza Mərkəzi
Komitəyə göndərdiyi məktubda (çünki iradlar da məhz
Mərkəzi Komitəyə göndərilirdi) qeyd edirdi:
"Azəri" məfhumunun işlədilməsi ensiklopediyanın nəşrindən
74
çox əvvələ, hətta keçən əsrə aiddir. "Azəri" termininin elmi və
praktik baxımdan "azərbaycanlı" məfhumuna nisbətən daha
düzgün və münasib olması haqqında fikrimizi hələ maket
çapdan çıxmamış MK-ya etdiyimiz arayışda bildirmişik;.
Respublikamızda dilçiliyə dair ədəbiyyatda xalqımız və
dilimizlə əlaqədar "azəri" məfhumu işlənir. "Azəri" termini
elmi ədəbiyyatdan başqa mətbuatda, radio və televiziya
verilişlərində də çoxdan geniş işlədilir. Xalqımızın yaşadığı
ölkənin "Azərbaycan"ın adında da "azər" sözü var. Bu söz
"atar", "atər" və b. formalarda ölkəmizin adı ilə əlaqədar ən
qədim zamanlardan indiyə qədər işlədilir. Dilçi alimlərimizin
"azəri" termini əleyhinə nəinki bir monoqrafiyasına, hətta belə
sanballı bir elmi məqaləsinə də rast gəlməmişik.
Bununla belə ensiklopediyanın Baş redaksiyası "azəri"
termini ilə əlaqədar respublikanın görkəmli tarixçilərinin iki
gün davam edən müşavirəsini keçirmişdir. ("Azəri"
məfhumundan narazı olduğunu nəzərə alaraq E.Əlibəyzadəni
də müzakirəyə dəvət etmişdik). Müşavirənin iştirakçıları (hətta
əvvəl "azəri" məfhumuna çox kəskin etiraz edən mərhum prof.
M.Şərifli də) "azəri" termininin elmi olduğunu təsdiq etdilər.
E.Əlibəyzadə mövqeyində qaldı. Bütün bunları bir kənara
qoyaq. Ola bilsin ki, E.Əlbəyzadə sadəcə olaraq öz
"mövqeyindən" çəkilmək istəmir. Bu o qədər təəccüblü deyil.
Təəccüblü budur ki, o, "azəri" termininin fars mənşəliliyini
sübut etmək üçün İran hökumətinin hakim fars millətçiliyi
siyasətinin məddahı və bunu elmi şəkildə əsaslandırmağa
çalışanlardan biri olan İran tarixçisi Əhməd Kəsrəviyə isnad
edir. Məgər Kəsrəvi "azəri" terminini başqa cür izah edərmi?
Nə üçün biz Kəsrəvinin yolu ilə gedib, onun Azərbaycanın ta
qədimdən irandilli xalqların ölkəsi olması, burada irandilli
azərilərin yaşaması haqqında bədnam iddiasını qəbul
etməliyik?" (Məktubun surəti Rəsul Rzanın arxivindədir – A.) .
Atamın "azəri" terminini belə israrlı təkid etməsinin səbəbi
xalqımızın adının yerli adı kimi deyil, millət adı kimi təsdiq
75
olunması idi. Çünki "azərbaycanlı", yəni Azərbaycanda
yaşayan rus da ola bilər, ləzgi də... Ermənistanlı ruslar,
Gürcüstanlı ermənilər olan kimi, Özbəkistanlı taciklər,
Tacikistanlı özbəklər, Türkmənistanlı qazaxlar, Qazaxıstanlı
qırğızlar, Qırğızıstanlı tatarlar, Tatarıstanlı başqırdlar,
Başqırdıstanlı çuvaşlar və s. olan kimi.
Ancaq erməni – yalnız erməni, gürcü – yalnız gürcü, rusca –
yalnız rus, özbək – yalnız özbəkdir. Türkmən, qazax, qırğız,
tacik, tatar, başqırd, çuvaş və s. də elə. Azəri də ancaq azərilər
ola bilərdi. Ola bilərdi, olmadı. Qoymadılar.
Yadımdadır, "azəri" sözünün damğalanıb aradan
götürüldüyü günlərdə Moskvadan Böyük Sovet
Ensiklopediyasının cildi gəldi bizə. Atamın təşəbbüsü, səyiylə
burada millətimizin adı "Azərbaycanlı, azəri" kimi getmişdi.
Yadımdadır, Mərdəkanda xəstəxanada yatırdı. Həmin cildi ora,
xəstəxanaya apardım. Necə də uşaq kimi sevinirdi, ilahi! Elə
bil dünyanı ona bağışlamışdın. Fərəhindən sanki azar-bezarını
da unutmuşdu.
Ensiklopediyanı isə hər tərəfdən didib-tökürdülər, belə
çətinliklə qurulmuş binanı (yeri gəlmişkən deyim ki, sözün
hərfi mənasında da ensiklopediya binasının tikilməsi də,
binanın qarşısında H.Zərdabinin abidəsinin ucaldılması da
atamın xidmətidir, amma onun gücünə ucalmış binada işləmək
yerinə gələnlərə qismət oldu) daş-daş, kərpic-kərpic sökməyə,
dağıtmağa çalışırdılar. Ensiklopediyaya dəyən zərbələr atamın
qəlbinə, səhhətinə, ömrünə vurulan zərbələr idi...
Dostları ilə paylaş: |