***
Doğrudanmı, erməni milli təfəkküründə iki qütb - ərazi
494
böyüklüyü - böyük Ermənistan haqqında xülyayla tarixi
məzlumluq, inciklik və məhkumluq arasında yalnız boşluq var?
Burada, doğrudanmı, təbii, ya süni kədərdən başqa həyatın
rəngarəng spektrindən heç nə yoxdur? Yaxşı yadımdadır, bir
neçə il qabaq Eçmiədzində olanda hər addımbaşı guya
TsoyqırımıU qurbanlarına qoyulan abidələrlə rastlaşırdım və
bu məni heyrətləndirirdi. Bu abidələr niyə belə çoxdur, – deyə
soruşdum. Bax bu abidə erməni əsilli amerikan milyonerinin
hədiyyəsidir, bu isə fransız, bax o biri italyan ermənisinin
hədiyyələridir - mənə belə cavab verirdilər. Doğrudanmı, sizin
tarixinizdə işıqlı, nikbin bir hadisə olmayıb ki, dünyaya
gözünüzü açan kimi keçmişin məhz bu üzünü – dərdi, əzabı,
qırğını, matəmi yada salıb ağlayırsınız?
Üstündən bir neçə il keçəndən sonra Parisdəki "Fiqaro"
qəzetinin müxbirinin suallarına cavab verərkən dedim ki,
Yerevanda keçirilən mitinqlərdə səsləndirilən bəzi şüarlar
mazoxizm təsiri oyadır: "Rus-Türk-Azərbaycan blokunu
erməni qanına batıraq", yaxud "rus əsgərini bizə güllə atmağa
məcbur edək". Bakıda mənimlə görüşən müxbir mənim
sözlərimi öz bildiyi kimi belə təqdim etmişdi: TAnar bəyan
edir ki, bütün ermənilər mazoxistdirU və bu cümlə çap olunar-
olunmaz aləm dəydi bir-birinə. Bundan sonra mənə
Ermənistandan təhdidedici məktublar gəlməyə başladı, bu
məktubların bir neçəsində erməni terroristlərinin qətlə yetirdiyi
şəxslərin siyahısı verilirdi: biz Ənvər Paşanı, Camal Paşanı,
Tələt Paşanı (qətlin vaxtı və yeri göstərilirdi) öldürmüşük,
əlimiz sənə də çatar. Zəng edib arvadımı qorxudurdular ki,
tezliklə məni qətlə yetirəcəklər. Ən dəhşətlisi isə uzaq Qarabağ
kəndlərinin birində yaşayan kəndlinin savadsız rus dilində
yazdığı məktubu idi. Demə, bu uzaq kənd sakini nəinki fransız
qəzeti "Fiqaro"nu oxuyur, həm də "mazoxizm" sözünün də
mənasını gözəl anlayırmış və bu ifadəmə görə məndən inciyib.
Məsələ şişib-şişib Sov.İKP MK-ya, Qorbaçova çatdı.
Azərbaycan və erməni deputatları ilə görüşündə (o zaman mən
495
İttifaq səviyyəli deputat deyildim) Ermənistan Yazıçılar
Birliyinin sədri Vardqes Petrosyan (sonralar Yerevanda öz
evinin kandarında şübhəli bir şəraitdə qətlə yetirilmişdi) bu
məsələni Qorbaçovun diqqətinə çatdırdı, məni erməni fobiyası
yaratmaqda, milli düşmənçilik toxumu səpməkdə
günahlandırdı. Bu məclisdə məni Mirzə İbrahimov müdafiə
etdi. Bunu yaddan çıxarmaq olarmı?
Bu da yadımdadır ki, hələ bu hadisələr baş verməmişdən çox-
çox əvvəl, daha dəqiqi Qarabağ konfliktinin başlanmasından bir
neçə il qabaq Suren Ayvazyan adlı bir nəfər Sov.İKP MK-ya
haqqında film çəkdiyimiz Qaçaq Nəbinin adına hədyanlar
yazmışdı. Bunu eşidən kimi, mən S.Ayvazyanın əlində dəstavuz
etdiyi yalançı faktlar barədə Sov. İKP MK-ya məktub yolladım.
Üstündən bir az ötəndən sonra o zaman bizim MK-da işləyən,
rəhmətlik Qəşəm Aslanov məni dəvət etdi və dedi ki, sənin
məktubun Sov. İKP MK-ya çatıb, ona münasibət yaxşıdır, Qaçaq
Nəbi haqqında film ekranlara buraxılacaq. Ancaq Qəşəm bu
sözləri də əlavə etdi: "Ancaq unutma ki, Sov. İKP MK-nın sənin
məktubun baxılan şöbəsində on altı erməni işləyir, onlar bunu nə
vaxtsa sənin yadına salacaqlarU. Qəşəmin sözü doğru çıxdı.
***
Yağış yağır – bu, kökündən dəyişilmiş dünyada mənə tanış
olan yeganə nəsnədir (televiziya verilişlərinin birində dediyim
və "Qırmızı limuzin" hekayəsində işlətdiyim bu fikri sonralar,
1996-cı ildə "Arqumentı i faktı" qəzetində sitat gətirmişdilər).
Yadıma gəlir ki, o vaxt hakimiyyətdə Xalq Cəbhəsi idi, həmin
televiziya verilişindən sonra Vaqulya (V.Səmədoğlu) mənə
zəng eləyib dedi ki, sən getdikcə mənim şerlərimə daha çox
bənzəyirsən. "Yəni o mənada ki, heç kəs heç nə başa düşmür?
– Atmaca ilə cavab verdim: – Nə məni, nə sənin şerlərini? –
Yox. O mənada ki, getdikcə sən də mənim şerlərim kimi
kədərli olursan.
***
Onlar əvvəlcə mənə nifrət edirlər, sonra isə bu nifrətə səbəb
496
axtarmağa başlayırlar.
***
İctimai fikir quru yerdə hazırlanmır, onu illər boyu
formalaşdırırlar. Əgər senzuranın aradan götürüldüyü bir
dövrdə nə zamansa qadağan olunmuş, yaxud qara siyahılara
salınmış və ya xaricdə çap olunmuş əsərlər (onlar yəqin ki,
mövcud olmayıb) üzə çıxmırsa, bu gün müstəqil Azərbaycanın
mövcud ictimai fikrini yetişdirən yeganə mənbə bizim leqal
ədəbiyyatımız sayılmalıdır. Bu ədəbiyyatın dəyəri isə təkcə
onun ictimai əhəmiyyət daşıması ilə yox, həm də yüksək
estetik bədii səviyyəsi ilə şərtlənir. Demək olar ki, altmışıncı
illərdə ədəbiyyata gələn nəslin bir neçə nasirlərinin səyi
hesabına yaradılan gözəl nəsr nümunələrinə Azərbaycan
ədəbiyyatında daha əvvəllər rast gəlinməyib. Axı bu faktı necə
inkar etmək olar, yaxud belə bir tarixi ədəbi faktın üzərindən
necə sükutla keçmək olar? Olmaz, ancaq buna cəhd edənlər
var. Görünür, altmışıncıların ədəbi ideyaları təkcə özlərinin
davamçılarını deyil, həm də davamçı olsa da, bu varisliyi
dananları, öz kökünü və mənbəyini inkar etməyə çalışan
opponentlərini də yetişdirmişdir. Nə qədər qəribə olsa da,
totalitar dövrün ictimai təfəkküründəki bəla – relikt halında bu
gün də yaşayır: nankorluq və keçmişə münasibətdə naşükürlük,
özündən əvvəl gələnin kökünü baltalamaq, yerlə-yeksan
etmək, mövcud olan hər şeyi bir düsturun üzərinə gətirmək,
Keçmişdən keçib bu günə gəlib çıxan, hələ yaşayan, nəfəs alan
hər şeyi – zoğları, pöhrələri qırıb çatmaq ehtirası.
Totalitar keçmişə totalitar münasibət – bizim yaşadığımız
dünyanın elan edilməsə də, görünməz bir əllə idarə olunub
fəaliyyət göstərən əsas şüarı bax budur. Daha dəqiq desək, belə
bir təfəkkür tipi ki, onu təkidlə cəmiyyətə sırımaq istəyirlər.
Yanvar, 1993
***
Bizim nəslin – altmışıncıların faciəsi Sovet sistemində və
Brejnevin hakimiyyəti dövründə ümidlərimizin boşa
497
çıxmağında deyildir. Brejnevə heç vaxt heyran olmamışıq ki,
sonra da xəyal qırıqlarına düçar olaq. Biz, sözün əsl mənasında,
Saxarov və Soljinitsinə münasibətimizdə xəyal qırıqlığına
uğradıq.
Məlum oldu ki, Saxarovun arvadının etnik mənşəyi onunçün
tarixi ədalət hissindən vacib imiş, istənilən tarixi sənədi son
dərəcə dəqiqliklə araşdıran Soljinitsın isə, konkret olaraq
Qarabağ probleminə münasibətdə həqiqətə məhəl qoymur.
Məni bu fikrə düşməyimə təkcə o vadar etmir ki, sözügedən
məsələlər mənsub olduğum xalqın, millətin problemidir. Buna
məni o vadar edir ki, həmin problem barədə yuxarıda adı
çəkilən məşhur hüquq müdafiəçilərindən daha çox bilirəm və
onun haqqında söz demək səlahiyyətim var. Fikirləşəndə ki, bu
adamlar mənim üçün gün kimi aydın olan məsələ barədə belə
səhvlərə yol verir, belə qeyri-obyektiv danışır, görəsən, onların
digər məsələlər üzrə mövqeləri də elə beləcə, TobyektivU
imişmi? Əlbəttə, məni Qarabağ probleminə birtərəfli
münasibətimə görə günahlandırıb iddia irəli sürmək olar, ancaq
faktların əlindən hara qaçacaqsan. "Fakt tərs şeydir" – səhv
etmirəmsə, Haqqın və Ədalətin BÖYÜK dostu yoldaş Stalin
belə demişdir.
***
Bizimlə bizdən sonra gələn nəslin arasındakı fərq ondan
ibarətdir ki, deməyə sözümüz olsa da, bu sözü ifadə etməyə yer
və imkan tapmırdıq. Bu nəslin isə ağlına gələni istədiyi şəkildə
ifadə etmək üçün yer də, imkan da mövcuddur. Ancaq onun,
görünür, sözü yoxdur.
***
Mənim yazdığım dil doğma Azərbaycan-türk dilidir. Ancaq
mən rus dilində də yazıram – esse, məqalə, bax bu gecə
fikirlərini. Bəzən öz yazdığımı özüm rus dilinə çevirməli
oluram. Sovet dönəmində istəmirdim ki, məni ikidilli yazıçı
adlandırsınlar, bu anlayışın içində mən bir kollobrasionizm
görürdüm.
498
İndi müstəqil Azərbaycanda, əlbəttə, yenə də özümü ikidilli
yazıçı saymıram. Amma bu və ya digər fikirlər mənim ağlıma
məhz rus dilinin axınında gəlir və bu zaman mən öz fikrimi
boğmamaq xətrinə onları doğulduqları dildə qeydə alıram. Bu
gecə fikirlərinin müəyyən hissəsi də rus dilində meydana gəlib,
yaxud yetişib, buna görə də mən onları həmin dildə yazmışam.
İndi burda oxuduqlarınız isə uğurlu, ya uğursuz tərcümələrdir.
***
Sözünü o kəslərə de ki, səni eşitmək istəmirlər – Sokratın bu
müdrik fikrini C.Məmmədquluzadə çox xoşlayardı. Bu, elə
C.Məmmədquluzadənin də bizim hamımıza etdiyi vəsiyyətdir.
***
Naxçıvan teatrının rejissoru Vaqif Əsədov qatarda mənə
dedi ki, ailəmizdə yeddi uşaq idik (biz Naxçıvandan Bakıya
gəlirdik). Mən evin balacası idim, evimizdə təkcə bir dənə
kerosinlə işləyən lampa var idi. Biz gecə olan kimi növbə ilə
kitab oxuyurduq, lampanın işığı yalnız iki nəfərin oxumasına
bəs edirdi, hamı öz növbəsini gözləyirdi. Mənim növbəm ən
axırda çatardı – hardasa səhərə yaxın saat beşdə, yaxud altıda.
Bu zaman mənə qədər mütaliə edənlər artıq yatmış olurdular,
lampanı götürüb düz sübhün gözünə kimi oxuyurdum. Bax elə
o zamandan məndə gec yatmaq, səhər açılana qədər oxumaq
vərdişi yarandı.
Bax bu, bizim xalqın əsl simvollarından birisidir - uşaq öz
saatını, lampa işığı növbəsini, kitabdan düşən işıq növbəsini
səbrlə sübhə kimi gözləyir.
***
Bizim tarixçilərin böyüyü Baş Tarixçimiz zənn edir ki,
xalqımız səhvən öz dilində danışır. Mən onu çox asanlıqla başa
düşürəm, məsələ yad etnik kökdə yox, öz dilini bilməməkdə,
yaxud pis bilməkdədir. Axı bilmədiyin, yaxud pis bildiyin bir
şeyi, sevmədiyin bir şeyi çox asanlıqla başqa bir şeyə dəyişə
bilərsən. Ana südü ilə ruhumuza keçən dil, vətən hissiyyatı,
şübhəsiz ki, tarixin obyektiv faktlarının müəyyən edilməsində
499
əhəmiyyətli rol oynayır, daha doğrusu, bu hissiyyat həmin
faktlara münasibətdə əhəmiyyətli rola malikdir. Ruhuna yaxın
olmayan bir şeyi çox asanlıqla özündən uzaqlaşdırsın. Bu
sadəcə sənin özündən uzaqlaşdığın bir şeydir, bədəninin
ətindən kəsib atdığın bir şey deyil. Tarixi əcdadlar o olmasın,
bu olsun, nə fərqi var... yuxarıdan hansı ideoloji göstərişi
versələr, o tarixi də yazarıq. Ola bilsin ki, sənə daha bir qaşıq
artıq tərif payı, tərif yalı verərlər…
***
Adamlar var ki, onların dəyəri bu dünyadan getdikdən sonra
bilinir. Onların mövcudluğunun əhəmiyyəti nə qədər böyük
olsa da, daha doğrusu, məhz bu dəyər sayəsində onların
yoxluğu daha böyük əhəmiyyəti, mənanı qabardır. Yəni onlarla
bir damın altında yaşayanda, ola bilsin ki, onların
mövcudluğunu sona qədər dərk etmirdik, anlamırdıq ki, onların
boş qalan yeri necə də görsənəcək, bu adamlar bizim
həyatımızda nə böyük rol oynayıblar. Onlar köçüb getdikdən
sonra yaranan boşluğu daha heç nə ilə doldurmaq mümkün
olmayacaq.
***
İnsan nə qədər mürəkkəbdirsə, Allahı da bir o qədər
qəlizdir. İnandığı Allahı.
***
Məğrur xalq tarixi uğursuzluqlarına görə həmişə dərd çəkib
ağlamamalıdır. Axı hansı xalqın dərdi, müsibəti olmayıb ki?
***
Ramiz Rövşən bəzi cavan şairlər haqqında yaxşı deyib:
"Onların şerlərindən qan iyi, ağızlarından isə süd iyi gəlir".
Sitat təqribən belədir. Doğrudan da, gənclərin bəzən çox-çox
şeylər vəd edən bəyanatlarını eşidəndə təəccüb qalırsan. Axı
deyirlər ki, bizə qədər heç bir ədəbiyyat olmayıb,
altmışıncıların yaratdığı nə varsa, pisdir, ümumiyyətlə,
Füzulidən sonra (şübhəsiz ki, bu sözləri dilinə gətirən adama
qədər) Azərbaycan ədəbiyyatında bir kimsə olmayıb. Ancaq
500
belə iddiada olanların yazdığı şer və ya nəsr əsərini oxuyanda
hər şey aydınlaşır. Təskinlik tapırsan ki, bu "çağaların" hələ
dişləri çıxmayıb, ancaq dişləmək istəyirlər. Amma burada nəsə
təzə bir şey varmı? Hələ 20-ci illərdə bizdə bəzi nəzəriyyəçilər
özlərinə qədər bütün Azərbaycan ədəbiyyatını inkar edirdilər,
özlərini isə (indiki çağalar kimi) Füzulidən sonra ən böyük
sənətkar adlandırırdılar. (Hələ yaxşı ki, yazıq Füzuliyə (yaxud
Sabirə) bu yeri çox görmürdülər). Səciyyəvidir ki, bu "mənəm-
mənəmliklərinU hamısı, adətən, keçid dövrlərində yaranır,
bütün əvvəlkilər ayaq altına salınır, bir pyedestalın üstünə isə
üst-üstə neçələri dırmaşmaq istəyir. Yetər deyindim. Mən
özüm də nə vaxtsa gənc olmuşam.
***
Aqati Kristini oxuyurdum. Fikrimcə, o, Simenondan daha
güclü sənətkardır. Ciddi ədəbiyyat aləmində Simenonun çəkisi
bir az yüngül gələr, əyləncə ədəbiyyatı üçünsə bir az
ağırtaxtalıdır. Aqata Kristi – təmiz detektiv budur. Yaxşı
detektiv əsərində yalnız sonuna yaxın kəsdirirsən ki, səni
barmağa dolayıblar.
***
İranlılarda (xüsusən, Güney azərbaycanlılarda) Türkiyəyə
qarşı nəsə bir qısqanclıq kompleksi var. Yaxud, daha dəqiq
deməli olsaq, yarımçıqlıq kompleksi. Ümumən, İslamın şiə
məzhəbində bir çox məqamları yalnız Freyd kompleksləri ilə
izah etmək olar. Türkiyəni həm döyüş, həm də siyasi strategiya
cəbhəsində Atatürkün dahiliyimi xilas etdi? Bəli. Amma həm
də qan yaddaşıyla bağlı bir ruh – Mərkəzi və Orta Asiya
çöllərinin azad ruhu. Elə bir azadlıq duyğusu ki, onu Yaxın
Şərqin dəyərlər sistemi sona kimi yenə bilmədi – azadlıq
hissini doqmayla boğmaq olarmı?!
***
"Zaman deyilən şey yoxdur. Təkcə Zaman haqqında
müəyyən təsəvvürlər mövcuddur" – Höte belə demişdir. Amma
deyəsən, bunu o deməyib.
501
***
Onlar Keçmişi olmayan insanlardır, keçmişi olmayanın
Gələcəyi də olmaz. Qara camaatın məqamı çatıb. Öz saatınla
yaşamalısan, bu dəhşətli dərəcədə çətin olsa belə. Böyür-
başında – Özgə Zamandır, Özgəsinin zamanıdır.
***
Şahmatın sirləri mənə magiya təsiri bağışlayır. Şahmatda
oyun mövqelərinin, partiya və variantların sonsuzluğu…
Müasir kibernetika elminin imkanları təsəvvüredilməz
dərəcədə masştablı kosmik ölçüləri hesablayıb üzə çıxarmağa
qadir olsa da, heç bir EVM şahmat mövqelərinin
çoxvariantlılığını hesablayıb başa çata bilmir. Şahmat
oyununda, bu oyunun mahiyyətində bir mistika və magiya
gizlənmişdir. Bu mənada şahmatla yalnız insan beyninin hələ
aşkarlanmamış sonsuz imkanları tutuşdurula bilər. Görəsən,
şahmat insan beynininmi məhsuludur, yoxsa bunu bizə
Kainatın dərin-dərin qatlarından gözəgörünməz qüvvələr
yetirib? Bəlkə elə oyun da, həyat da… yer kürəsinə kənardan
gətirib.
***
Hər bir insan potensial sənətkardır, ən azı ona görə ki, onun
yaddaşı var. Xatırlamaq, yada salmaq – hansı işlə məşğul olub-
olmamasından, hansı sənətin sahibi olmasından asılı olmayaraq
hər bir insan üçün yaradıcılıq işidir. Xatırlamaq – bir növ
seçimdir, hadisələrin, şəxs və yaşantıların yenidən canlanması,
bu dediklərimizin üzərinə psixoloji nüansların artırılması,
onların mübaliğə donunda təqdimi, yenidən mənalandırılıb
"dünyaya gətirilməsi"dir – yəni, bu proses zamanı incəsənətə
xas olan elementlər peyda olur ki, elə əsl sənət əsəri kimi də
insanın qəlbinə təsir göstərir. Ancaq bir şey var ki, yadasalma
tək bircə insan üçün yaradılan sənət əsəridir, burada tamaşaçı
da, dinləyici də onun özü olur. Yuxu da – tək bircə tamaşaçı,
yəni yuxu görənin özü üçün verilən film və ya tamaşa olduğu
kimi. Yuxu daha çox irrasional, sürrealist, abstraksionist
502
sənətkarın yaratdığı əsərə oxşayır, yada salma isə realist
sənətkarın iradəsiylə xatırlanan səhnələrdir. Əgər keçmiş bir az
yüngül duman içində yaddaşda canlanırsa –bu da imressionizm
örnəyidir.
***
Xatirələr yazmaq hələ tezdir, onları lap axıra, bu dünyadakı
həyatının qurtarıb tükəndiyi vaxta saxlamaq lazımdır, elə bir
macala ki, bu sənə azacıq sevinc kimi görünsün, həyatı
yenidən, xatirələrdə və kağız üzərində yaşamaq imkanına malik
olasan. Ancaq bu dönəmin nə vaxt gələcəyini kim deyə bilər,
axı çox ahıl çağda da soyuq mühakiməylə dərk edirsən ki, az,
lap az qalıb, budur, həyat dramının, faciə, yaxud komediyasının
son səhnəsini oynayırsan. Amma yenə də ürəyinə hakim
kəsilən özünümüdafiə duyğusu ilə özünə təsəlli verib deyirsən
ki, qabaqda hələ çox yaşanılmamış illərin qalıb.
***
Əvvəl-axır bütün ədəbi süjetlər mənasızdır. Məhəbbət,
hicran, həsrət, mübarizə, ölüm. Çünki həyatın özü mənasızdır –
doğum – ölüm. Başqa heç bir süjet variantı, süjet dönüşü
mövcud deyil. Həyat - ölümə aparan yoldur.
***
Bir daha ədəbiyyatın spesifikası haqqında. Sənətkar və ya
yazıçının işinin spesifikasını, mənim fikrimcə, çox dəqiq
şəkildə səciyyələndirən yetərincə yüngülməzac rəvayətlər
vardır. Onlardan biri belədir: rəssam model qadınla öz
emalatxanasında oturub. Onlar konyak içib söhbətləşməklə
məşğuldurlar. Qapı döyülür, rəssam həyəcanla qadına: –
Arvadımdır, – deyir. – Tez soyun görüm.
***
Yazıçının əməyi ilə bağlı ikinci rəvayət də çox dəqiqdir.
Yazıçı həyətdə ağacın dibini boşaldır. Onun həyət evinin
yanından keçən tanışı söz atır: – İşləyirsən? – Yox, dincimi
alıram. Üstündən bir az keçəndən sonra elə bu tanışı həmin
503
yerdən keçərkən yazıçını yelləncəkdə uzanmış görür. –
İstirahət edirsən? – Yox, işləyirəm.
***
Təəssüf, hətta yazıçılığın spesifikasına bələd olan adamlar
da bu cəhəti nəzərə almırlar. Yazanda və ya makinada
çaqqıldadanda heç kəs işinə qarışmır, sənin fikrini yayındırmır,
ancaq əlini qələmdən, yaxud makinadan çəkən kimi, kresloya
oturunca, - olsun ki, bu, sənin işinin çox vacib bir məqamıdır,-
sual-sual dalınca yağdırılır, ən müxtəlif mövzularda söhbətlərə
çəkilirsən. Cavabında dodaqaltı nə mızıldasan da, düşünmək,
yaradıcılıqla məşğul olmaq, hələ də fantaziya oyununun içində
qalmaq üçün vaxtını qorusan da, bazarda qiymətlər, qonşuların
yay istirahəti, dostların ailəvi planları, uşaqların, nəvələrin,
qohumların, şoferin, dəlləyin... problemləri haqqında söhbətlər
beynində fırlanan süjet xətlərini, dialoq, xarakter, təbiət
təsvirini havaya uçurdur. Düzdür, gün ərzində heç kəslə
ünsiyyətə girməyən həmsöhbətini də başa düşmək lazımdır.
Bədbəxtlik də elə burasındadır, hamını başa düşürsən, hamını
anlayırsan, dərdinə şərik olursan, səni isə, nəticə etibarilə heç
kəs anlamır.
***
Çətini yazıncadır. Başladınmı, hər şey yağ kimi gedəcək. Ən
azı üç vəziyyət var ki, onlara köklənmək çətin olur: şəhər
yerindən durmaq, soyuq suya girmək və yazı stolunun arxasına
keçmək. Ən çətini bir anın içində bu işi görməyi
qərarlaşdırmaqdır – sonra hər şey öz qaydasınca gedəcək. Bir
göz qırpımında özünü məcbur edib yerindən durmaq, yuxunu
üstündən adyal kimi atmaq və yataqdan sıçrayıb qalxmaq,
bütün iradəni cəm edib, özünü məcbur edib soyuq suya
tullanmaq… Gücünü toplayıb yazı stolunun arxasına keçmək,
dəftəri açıb ilk cümləni yazmaq. Sonra stuldan qalxa
bilməyəcəksən. Kağızın özünəməxsus cazibəsi var, onun
üzərinə yazılan sözün ovsunu səni tərk-silah edir, imkan vermir
ki, ondan ayrılasan. Ən əsası isə sözlərin "zəncirvari
504
reaksiyası"dır... Fikirləri tutmaq, dayandırmaq, ram etmək…
kağız üzərindəki sözlər özünün daxili ardıcıllıq, başlama, bitmə
qanunauyğunluğu olan MƏTNƏ çevrilir. Yazanda bütün
ümidimi sözlərin zəncirvari reaksiyasına bağlayıram, – söz
sözü, cümlə cümləni, abzas abzası… çəkir.
***
Mənim yaddaşım başdan ayağa qəbiristanlığa çevrilmişdir,
burada daha qəbir yeri qalmayıb, bircə yer, bircə boş qəbir
görsənir – mənim öz məzarım.
***
Mən hələ öz xalqımın faciəsindən, minlərlə ölən, şikəst
olan, evsiz-eşiksiz qalan, qovulan, güclə dolanan, küçələrdə
səfillik edən, maşınların qabağına qaçıb şüşə silməklə bir neçə
manat çörək pulu qazanmaq istəyən uşaqlardan danışmıram.
Budur müstəqillik və azadlığımız? Budur arzusunda
olduğumuz işıqlı gələcək? Bizə qalan keçmişdir. Bizə qalan
hamının, hamının canlı olduğu xatirələrdir.
İnsanın iki həyatı var, yer üstündəki həyatı və mənim
əqidəmə görə, o biri dünyadakı həyatı.
***
Ancaq sənətkar üçüncü həyatını da yaşayır – əgər
yaradıcılığında öz yaddaşını, öz keçmişini əks etdirib
diriltməyə gücü çatırsa... Mənimçün həmişə təskinlik olub ki, –
bəlkə də bu, dünyada ən böyük dinlərdən də böyük bir
təskinlikdir, – Marsel Prust sayağı, iki həyat – real həyatı və
kağız üzərindəki həyatı yaşamaq mümkündür. Zamanı saxlaya
bilmək, itmiş zaman axtarışında daha bir ömrü başa vurmaq
hesabına zamana güc gəlmək yalnız sənətdə mümkündür.
Sənətdə qazanılan zaman insanın bu dünyadakı həyatını o biri
dünyada fərz edilən həyatı ilə birləşdirən körpüdür. Bütün
hallarda incəsənətdə əks etdirilən həyatdır. Yaddaş və keçmiş
sənətdə yüksək səviyyədə təcəssüm etdirilibsə, bu
ölümsüzlüyün elə özü deməkdir. Olsun ki, bu çox sadə bir
sözdür, ancaq bu fani dünyada başqa bir təskinlik varmı?
505
***
Hər hansı bir rus nəyisə soruşmağı sevir, Gertsenin
təbirincə, "Kimdir müqəssir?" sualını verməyi xoşlayır. "Nə
etməli?" bu sualı Çernışevski vermiş və Lenin təkrar etmişdir.
"Rus elində kimin günü xoş keçir?" – Nekrasovun sualıdır.
"Sənətkarlar, siz kiminləsiniz?" – Qorki bu sualla insanları
seçim qarşısında qoymağa cəhd göstərmişdi. "Yaxşı nədir, pis
nədir?" sualını Mayakovski verib. Qonşumuz Vanya dayı
üçüncü badədən sonra qırsaqqız olub əl çəkmir: "Mənə hörmət
eləyirsən?" ruslara xas olan bu sualların içində Pasternakın
dilindən çıxan, dahiyanəliyi və sadədilliyi ilə fərqlənən bir sual
da var: TƏzizlərim, indi hansı minillikdir?U. Hər halda
Pasternak xoşbəxt adam idi ki, minillikləri ayıra bilmirdi…
Dostları ilə paylaş: |