GECƏ DÜŞÜNCƏLƏRİ
448
Gecə yatmaq lazımdır. Yaxud sevmək. İşləmək – oxumaq,
yazmaq. Gecə qarovulçususansa, hansısa idarəni, binanı,
dükanı, bankı… qorumalısan. Yanğınsöndürən, təcili yardım
həkimi, milis, hərbiçi, yaxud sərhədçisənsə, ayıq-sayıq
olmalısan. Gecə reyslərinin pilotu, axşam qatarlarının
maşinisti, gəmi kapitanısansa, demək, yenə də ayıq qalmalı,
sübhü dirigözlü açmalısan.
Ancaq harda olursansa ol, fikrin, düşüncən daim səninlədir.
Sevəndə də, işləyəndə də, təyyarədə, növbədə olduğun hər an,
buruqda – gecə növbəsində də…Bir balaca mürgüləyən kimi
qəribə yuxu aləminə düşəcəksən.
Bütün ömrüm boyu, yuxusuzluqdan əzab çəkdiyim
zamanlar beynimdən keçən fikir və düşüncələri əlimə keçən
kağız parçasına yazmış, yaxud maqnitofonun yaddaşına etibar
etmişəm. Səhər olan kimi bu fikir və düşüncələrimə bir də
qayıtmış, onları nəyləsə tamamlamış, əyər-əskiyini düzəltmiş,
gecə sayıqlamaları kimi nəyisə qoparıb atmışam. Ancaq…
ancaq səhərin ən geniş, əhatəli, necə deyərlər, ayıq-sayıq fikir
və düşüncələrinin əsasında da gecənin qəfil düşüncə oyanışları
durur.
Gecələr biz ölümə, əbədiyyətə və qorxuya daha yaxın
oluruq. Bundan əlavə, gecələr günün ən narkotik və nəşəli
məqamıdır. Gündüz ən müxtəlif təəssürat, informasiya, streslə
yüklənən beyin hələ tam yorulub əldən düşməyibsə, qüssəli,
lal-kar səssizliyə qovuşur. Ancaq eyni zamanda o, qəribədir ki,
yuxuda, yarıyuxu və yarıayıqlıqda, yaxud tam ayıq olduğun
zaman da beynin anlaşılmaz bir həyəcanla işləyir. Bütün
bunların sonucunda isə son dərəcə gərgin, çox zaman
deformasiyaya uğramış, şişirdilmiş dəyərləndirmə sistemi
yaranır. Və beləcə narkotik vəziyyətə çox yaxın olan gecə
hallisünasiyalarında adama çox mənalı, maraqlı görünən şeylər
olur ki, gün işığının altında buxarlanıb qeybə çəkilir, ilğım
449
kimi yox olub gedir. Ancaq bəzən heç gözləmədiyin yerdə
qəribə bir işıq selinə tuş gəlirsən.
Bu düşüncələr otuz ildən çox bir müddət ərzində davam
edən gecə "sayıqlamalarının" məhsuludur. Ancaq onların heç
birində elə bir iddia yoxdur ki, qəsdən gecəni gündüzə qatıb
yatmayım, baş sındırıb, belə bir inad üstündə köklənim ki,
gündüz hökmən bəşəriyyətə xoruz səsi eşitməyən bir fikir bəxş
edəcəyəm. Yox, bütün bunlar sərbəst və bilaixtiyar şəkildə,
bəzən anlaşılmaz, nədən və hansı anımdan tutaşaraq boy
göstərdiyi aydın olmayan qəfil qarşılaşdırmalar, nəticə,
qiymətləndirmə kimi, özü də əlimə keçən kağız parçasında, ya
da maqnitofona deyilərək yaranmışdır.
Sonra isə bu param-parça qeydlərin bəzisi - bir əlçim kağız
və maqnitofonun yaddaşına deyilən sözlər iş vaxtı açılıb
pardaqlanır, tamamlanır da… Gecə kiminsə hardansa
oxuduğum, yaxud eşitdiyim fikrini xatırladanda sonralar onun
dəqiq mənbəyini göstərməyə cəhd edirdim. Yadıma düşən
fikrin hansı mənbəyə aidliyini bəzən heç tapa da bilmirdim,
onu, bu yad fikri təxmini şəkildə, öz sözlərimlə verirdim,
cümlənin dəqiqliyinə əmin olmasam da, fikrin, mənanın tam
dəqiqliklə ifadə edilməsinə zəmanət verirəm.
Olurdu ki, gecələr mütaliə ilə başım qarışanda hansı
müəllifinsə fikri məni özünə çəkir və mən bu fikri müəllifə
istinad edərək qeyd edirdim.
Bir çox qeydlərimin altında 62-ci ildən başlayaraq bu günə –
1997-ci ilə kimi tarix göstərilmişdir. İndi, tam azad şəkildə,
mövzu və xronoloji ardıcıllığı saya salmadan onları bir yerə
toplamağa cəhd etdiyim zaman görürəm ki, bəzi müşahidə,
proqnoz və qeydlərin altında, ümumiyyətlə, tarix yoxdur.
Ancaq mən təxmini də olsa, onların nə zaman meydana
gəldiklərini müəyyənləşdirə bilərəm. Olub ki, mənim
proqnozlarım özünü doğruldub desəm, bəlkə də heç kəs
inanmaz ki, mənim tarixlə manipulyasiya etmək niyyətim
olmayıb, yəni filan fikir 90-cı illərdə yox, məhz 70-ci illərdə
450
doğub və sair. Özümü yalançı qəhrəman kimi göstərmək
istəməzdim - yatıb-yatıb birdən peyda olan müdrik və ya
qəhrəman kimi; çox-çox əvvəlin qeydlərinə əl gəzdirmək
fikrindən uzağam. Burada dövrün izi var – leksikonda,
terminologiyada, ən əsası isə təfəkkür modelində.
Oxucunun mühakiməsinə verilən fikirlər - mənim gecə
qeydlərimin və gündüz elədiyim əlavələrin təxminən üçdə bir
hissəsidir. Həcmi bundan təqribən üç dəfə böyük olan, doğma
Azərbaycan-türk dilində qələmə alınan düşüncələr buraya daxil
edilməmişdir. Ancaq onların əksəriyyətini bu və ya digər
formada – bədii əsər və esselərimdə istifadə etmişəm. Heç
yerdə işlədilməmiş, necə deyərlər, əl toxunmamışları isə
zamanı gələndə çap etdirəcəyəm.
Burada gecə düşüncələrimin böyük bir hissəsi, rus dilində
qələmə alınan (və düşünülən) fikirlər, metaforalar da təqdim
edilmir. Onların bir hissəsi bədii əsər və publisistik məqalələrimdə
özünə yer almış, müxtəlif məqalələrdə, esse, çıxış və
müsahibələrdə işlədilmişdir. Yeri gəlmişkən, siz burada konkret
şəxslərlə – indi yaşayan və ya rəhmətə getmiş adamlarla bağlı
deyilən fikirlərə rast gəlməyəcəksiniz. Ümumən, mən imkan
daxilində ad konkretliyindən qaçmağa çalışmışam. Hər halda bu
yazıda.
Ora-bura səpələnmiş fikir və düşüncələrimi müəyyən
ardıcıllıq üzrə, bir mətn daxilində toplayarkən gördüm ki, elə
bu qarmaqarışıqlığın özündə də bir sistem var - bir-birindən
çox-çox uzaq anımların qəribə yumağı, bilaixtiyar, özün də
bilmədən bir-birinə qarışıb mozaik olsa da, mənim daxili
dünyamın, hiss və duyğularımın, hadisələrə qiymət
verməyimin müəyyən mənada dəqiq mənzərəsini yaradır. Bu
gün mənə çox-çox sadəlövh görünməyinə baxmayaraq, bəzi
vaxtı ötmüş fikirlərimi də toxunmadan verirəm. Ona görə ki,
fraqmentlər şəklində olsa da, yalnız mənə aid olan fikir və
düşüncələrimdən – öz daxili dünyamdan üz döndərib heç nəyi
danmaq, inkar etmək istəmirəm. Bəlkə həm də ona görə ki,
451
insan Özüylə – Gecə Həmsöhbətiyə ünsiyyətdə təsəvvür
edilməyən dərəcədə səmimi olur. Əgər ümumiyyətlə, bu
dünyada sonadək səmimi olmaq mümkündürsə. Özü də sən bu
səmimiyyəti başqalarıyla bölüşürsənsə…
Mart, 1997.
***
Həyat Allahla insanın birgə yaradıcılıq məhsuludur. Onlar
əl-ələ verərək dünyanı yaradır (yaxud dağıdır), yaxşılığın da,
pisliyin də yaradıcısı məhz onlardır. Birinci ikincini yaratsa da
(bəlkə də əksinə, Volterin aforizmini xatırlayaq: "Allah
olmasaydı, onu uydurmaq lazım gələrdi"), hardasa onlar
bərabərdirlər. Axı, həqiqətən, fikir də, düşüncə də, təsəvvürün
özü də bir gerçəklikdir; İnsan nəyisə fikirləşirsə və bunu heç
harda qeyd etmir, heç kəsə demir, yazmır, hansı şəkildəsə ifadə
etmir, hətta bu fikri kiminsə yanında dilə gətirmirsə, bu fikir
onsuz da dünyanın yaradıcısı olan Allah tərəfindən eşidilir və
demək, mövcudluq statusu qazanır. Sənin dilə gətirmədiyin
fikir də Ona məlumdur və O, insanın ürəyində pıçıldadığı, dilə
gətirmədiyi bu fikrinə yaşamaq vəsiqəsi verir.
***
Mən o dünyaya inanıram, inanıram ki, hansısa tam başqa bir
biçimə düşəcəyəm – ruhmu, şüamı, ulduzmu, axır nəyəsə
çevriləcəyəm. Ancaq artıq yaddaşım, bu dünya və onun içində
mənim yaşadığım həyat barədə yaddaşım olmayacaq. Bu da elə
ölüm deməkdir.
***
De görək, səni kim eşidir axı? Təsəvvür elə ki, beş nəfəsli
orkestrin bir yerdə və bütün gücüylə səsləndiyi bir zaldasan –
marş çalınır – nağaralar gumbuldayır, barabanlar çırpılır,
gərənaylar çalınır – sən isə tək bir skripkada sakit bir nöktürnü
çalmaq istəyirsən. Axı kim səni eşidəcək.
İdeoloji libaslı şerbazlığın içindən vıyıldayaraq keçən təbil
ritorikası. Nə fərqi var, hansı ideologiya olur-olsun –
452
kommunistmi, şovinistmi, dinimi. Bir də əsl poeziyanın zərif
və kövrək səsi. Bu vurhavurda qışqırmaq istəyirsənsə, ya
əlindən gəlmirsə… kim kimin səsini batıracaq?
***
Romanın başlanğıcı. Bir dəfə gecə vaxtı qulağıma kütlənin
uğultusu gəldi, bu, o vaxt idi ki, nümayiş və mitinqlər şəhəri
başına almışdı, küçə və meydanlarda küləyin vıyıltısı, yağış
şırıltısı, avtomobillərin şütüməsi, zavod borularının səsi yox,
mitinq hay-küyü hökm sürürdü. Artıq hamının vərdiş etdiyi bu
səsi gecənin bir aləmində eşidəndə düşündüm: görəsən, gecə
saat üçdə bu nə mitinqdir, istefa-istefa deyən qışqırıqlar nədir
belə? Sonra başa düşdüm ki, bu, kütlənin qışqırtısı yox, artıq üç
gündür ki, su gəlməyən boru və kranların uğultusudur, görünür,
bu gün su veriblər, su borunun içi ilə axıb gedir. Sən demə,
təkcə kütlə yox, borular da uğuldaya bilərmiş. Səs tribunadan
yox, trubalardan gəlirdi.
***
Yazıçı öləndə onun uşaqları yox, kitabları yetim qalır.
Uşaqlar onsuz da böyüyür, onların öz uşaqları dünyaya gəlir,
yaşlı ata və anaları yetim saymaq nəsə birtəhər çıxır (bu
mənada onsuz da dünyada bütün insanlar əvvəl-axır yetim
qalırlar). Kitablar isə böyümürlər, onlar valideyn-yaradıcının
ölümündən sonra kimsəsiz qalırlar. Aralarında ən dözümlüləri,
necə deyərlər, maneəni yarır və yaşamaq haqqı qazanırlar. Ən
davamsızların payına unudulmaq düşür.
***
Yetimlik. Uşaqlıqda ananı itirmək psixoloji problemdir.
Atasız qalmaq isə sırf sosial problemdir.
***
Xoşbəxtlik nədir? Bu suala cavab vermək çətindir. Ən doğru
cavablardan biri, məncə, budur: xoşbəxtlik öz vətənində özün
olmaq və özün kimi qalmaqdır.
***
Dünən Maqsud, Çingiz və Arif İbrahimovla birlikdə
453
Yazıçılar Birliyinin yardımçı təsərrüfatında olduq – neft, evlər,
boş sahələr. Sonra Şüvəlandakı Yaradıcılıq evinə getdik. Daha
sonra isə buradakı prokurorluğun həyətindəki özəl restoranda
nahar etdik. Restoran elə belə də adlanırdı (əlbəttə, ağızda):
Prokuraturanın həyəti. Sonra çay içdik, deyilənə görə, çayxana
ilə qonşu olan türmədə on beş erməni boeviki saxlanılır. Birdən
"Koroğlu" operasından uvertüra səsləndi. Demə, uvertüranı
gündə bir neçə dəfə səsləndirir və boevikləri ayaq üstə durub
dinləməyə məcbur edirlər. Mənasız işdir. Yəqin ki, türmədən
çıxandan sonra onlar başlarına gətirilən işgəncələr barədə
aləmə car çəkəcəklər. Elə bil biz Qabriel Qarsia Markesin
təsvir etdiyi əcaib bir dünyanın içindəyik. Maqsud dedi ki,
daha Buş da bizim dediyimizi deyəcək – Bakı neftini Buşun on
iki faizinə yiyələndiyi Aramko Şirkətinə verdilər. Bu da belə...
Bərəkallah, Markes. Hətta Marks da.
7 avqust, 1991-ci il
***
"Qoy Dreyfus günahkar olsun, fərqi yoxdur, yenə Zolya
haqlıdır, çünki yazıçının işi cinayətkarları mühakimə etmək,
təqib etmək yox, artıq mühakimə edilmiş və cəzasını çəkən
məhkumların adından danışmaqdır. İttihamçılar, prokurorlar,
jandarmlar onsuz da çoxdurU (A.P.Çexov).
***
Cavanlıqda həyat oyun, ümid, tapmaca, qayğısızlıq və
əylənməkdən ibarətdir. Bu zaman içində sənin həyatında olan
qaçılmaz sonluqlu möhlət hissini keçirmirsən. Cavanlıqda
ömrünün nə vaxtsa sona çatacağını hiss etmirsən, bu barədə
düşünəndə belə, o sənə çox uzaq, qeyri-real və mümkünsüz bir
şey kimi gəlir. Axı ətrafında hamı – valideynlərin də, dostların
da, qohumların da, adicə tanışların da sağdır, dipdiridir.
Qocalanda ətrafında ölülərdən başqa bir kəs olmur və bu
zaman sən həyatı möhlət, nə bilim məsafə-filan kimi yox,
454
günbəgün, zaman keçdikcə sıxılıb daralan və nəhayət,
tənhalıqla sonuclanan qapalı bir dairə kimi hiss edirsən.
Ürəyinə son nöqtənin qoyulduğu anın qorxusu damır. Dairə
Yer kürəsi kimi genişdir, sonda isə o, sənin yer üzərindəki
mövcudluğunun son nöqtəsinə, son anına yığılır.
***
Bu dünyada mənim həsəd çəkdiyim yeganə varlıq Allahdır.
Ancaq mən onun gücünə, qüdrətinə yox, hər şeyi bilməyinə
həsəd aparıram. Burada "hər şeyi bilmək" sözünün altından xətt
çəkərdim, çünki bu müdriklik anlayışından da geniş bir
anlayışdır. Bu söz daha əhatəlidir. Şübhəsiz ki, Allah
müdrikdir. "Allah müdrikdir, ancaq məkrli deyil" - Eynşteyn
belə demişdir. Bəli, mən Allahın çoxbilmişliyinə həsəd
aparıram, ən azı ona görə ki, onun əlinin altında bütün
bəşəriyyətin dosyesi vardır. O, bizə qədər nələr baş verdiyini
də bilir, bizim hər birimiz haqqında hər şeydən agahdır, bizdən
sonra nə olacağını da yalnız O bilir. O, bizim hər birimizin
haqqında özümüz barəsində bildiyimizdən daha çox məlumata
malikdir. Məsələ heç də onda deyildir ki, bizim taleyimizin
sonrakı enişləri və yoxuşları haqqında təbii ki, fərz edə
bilmədiyimiz çox şeyləri yalnız O bilir. O həm də ürəyimizin
ən dərin sirlərindən agah olmaqla, hələ özümüzə bəlli olmayan
şüuraltımızın sirlərini də bilir, bu və ya digər vəziyyətdə
özümüzü necə aparacağımızı da bütün dəqiqliyi ilə bilir. Olsun
ki, biz bu kimi çıxılmaz vəziyyətlərə heç düşmürük də. O,
bizim ömrümüzün yaşanıldığı konteksti bilir, şüurumuz da,
şüuraltımız da ona, yalnız ona bəllidir, hətta şüuraltından qat-
qat dərinlərdə yerləşən sirlər də. Bir belə əhatəli biliyə heç bir
Allah bəndəsi malik deyil – qoy lap Musa, yaxud İsa, Budda və
ya Məhəmməd, Konfutsi və ya Zərdüşt, Monten, Şekspir,
Nostradamus, Dostoyevski, L.Tolstoy, Prust, Freyd və ya ÇK-
QPU-NKVD-KQB arxivlərindən xəbərdar olan insan, yaxud
bütün digər kəşfiyyat və əks-kəşfiyyat idarələrinin agentləri,
bütün dünyanın, bütün zamanların və xalqların casusları olsun.
455
***
O, dənizin sahilində, qum üzərində uzanmışdı, mülayim yay
günü idi – bir azdan payız gələcəkdi, günəş adamı bir elə
yandırmırdı, hardansa axıb gələn səslər dünyanın bu sakitliyini
pozurdu. Yüngül külək onun saçlarını dağıdır, dənizi azacıq
dalğalandırırdı. Dalğaların sakit səsinin altında gözlərini
yumdu və bu dəm ürəyindən keçdi ki, yanında nə olaydı
sevdiyi qadın olaydı və bu qadın onun saçlarını uzun, nazik və
soyuq barmaqlarıyla oxşayaydı, dalğaların zümzüməsi yox,
onun ahəstə, qüssəli səsi ürəyini zəbt edəydi. Üstündən bir neçə
il keçdikdən sonra o, yad bir mənzildə divanın üzərində
oturmuşdu və uzun, nazik qadın barmaqları ahəstə-ahəstə onun
saçlarına toxunur, maqnitofondan isə sakit, qüssə gətirən
musiqi süzülürdü. Gözlərini yumdu və təsəvvüründə dəniz
sahilində, qumların üzərində artıq ötüb keçmiş günü, payız ağzı
günəşin nəvazişlə şəfəq saçmağını, bir sözlə, əlçatmaz
xoşbəxtliyi, sözlə ifadə oluna bilməyən xoşbəxtliyi canlandırdı.
***
Zamanın və məkanın əvvəlinin və sonunun dərk olunmazlığı
elə Allah deməkdir.
***
Məhəbbət o deməkdir ki, sən bəzən müxtəlif adamlarda
müxtəlif cəhətləri axtarırsan və qəfildən onların hamısını bir
nəfərdə tapırsan. Yaxud uzun müddət ərzində bu sənə belə gəlir.
***
İstərdim ki, mən öləndən sonra məni tanıyan adamlar – hərə öz
bildiyi kimi, hərə məndən bir parçanı çəkməklə mənim portretimi
yaratsınlar. Qoy lap Pikasso portretlərindəki kimi beş burnum
olsun, nə qəm.
***
Onu tutmaq qeyri-mümkündür. Hamının əlindən sürüşərək
özünə çəkilir - bura onun heç kəsin - nə dostların, nə də
düşmənlərin əlinin çatmadığı bunkeridir.
***
456
Əgər sən xəyanətkar qadının sədaqətli ərisənsə,
qısqanclıqdan öləcəksən. Əgər sən sədaqətli qadının
xəyanətkar ərisənsə, vicdan əzabı səni məhv edəcək. Əgər sən
sədaqətli qadının sədaqətli ərisənsə, ürək sıxıntısı sənin axırına
çıxacaq. Əgər sən xəyanətkar qadının xəyanətkar ərisənsə, öz
cəzandı, çək.
***
Müxtəlif tarixi nəsillər Oktyabr inqilabına müxtəlif cür
yanaşırlar. Olsun ki, oktyabr inqilabının müasirləri onu gözəl
və gənc qadın kimi (Delakrunın "Barrikadada azadlıq" –
əsərində olduğu kimi) təsəvvür edirdilər. Bizim nəslimiz onu
qoca fahişə kimi tanıdı. O nəslin yaddaşında inqilabın hələ də
nostalji gətirən obrazı – təmiz, murdarlanmamış, insanı ilhama
gətirən obrazı yaşamaqdadır. Biz isə onu heç zaman belə
təsəvvür edə bilməyəcəyik.
***
Allah bizdən qaçıb. Bizə bəlkə də öz rəğbətinin son işarəsi,
təskinlikverici şəfqəti, Vavilon qiyamətində qeyb etdiyimiz
ümumi dil kimi bir təsəlli – içkini qoyub gedib. Nə esperanto?
Alkoqol – insanlar arasında yeganə ümumi dil bax budur və biz
butulkanın boğazından dibinə qədər uzanan yolla səyahətə
çıxırıq.
***
Yuxuda gördüm ki, gündə yeddi sözdən artıq söz işlətmək
qadağan edilib. İşlədəcəyin sözlərin üzərində qadağa qoyulub.
Mən isə öz normamı, söz limitimi tükətmişəm, bu gün mən heç
olmasa bir söz, həyatımın ən vacib sözünü demək istərdim,
ancaq olmaz. Limit başa çatıb.
***
O, özünə qədər çoxlarının, həm də böyük adamların, ədalətli
şəxslərin etdiyi səhvi təkrarladı - o, xalqına digər xalqların
yardımı ilə kömək etməyə cəhd göstərirdi.
***
Susmaq həqiqətdir, bəlkə həqiqətin özü elə sükutun
457
içindədir.
***
Mənəvi oğurluq daha pisdir. Rüşvətxorluğun, yerlibazlığın
daha böyük pislik olduğunu düşünən insanlar səhv edirlər.
***
Hadisələr iyrənc şəkil alanda, sən onların murdarlığı
haqqında danışa bilirsənsə, bu, hələ rəzilliyin ən son məqamı
deyildir. Ən böyük rəzillik onda baş verir ki, sən bu dəhşətli
rəzil vəziyyəti tərifləməyə məcbur olursan.
***
İdmanda idmançıların nostaljisi məni onunla
həyəcanlandırır ki, onlar həyatlarının mənasından onun
sonunda, hətta ortasında belə yox, lap başlanğıcında ayrı
düşürlər - onlara çox qısa zaman çərəyində məşğul olmaq
imkanı verilən idmanın yaş həddi var. Bundan sonra onlar
qazandıqları qələbə anlarını yalnız yaddaşlarında qüssə ilə
xatırlaya bilərlər.
***
Kişinin kompleksi - bu HADİSƏ hələ ki baş verməyibsə,
özünə güvənməməyindədir. Bu HADİSƏ ona özünütəsdiq
üçün lazımdır. Qadının KOMPLEKSİ isə - kişi bütün ehtirasını
cəmləyərək yalnız bu HADİSƏNİ gözləyirsə, onun
alçalmağındadır. Qadının özünü təsdiq etməsi üçün gərək kişi
bu HADİSƏNİ arzulamasın, yaxud heç olmasa, təkcə BUNU
istəməsin. Kişi inanır ki, qadın kişiyə münasibətini özünü
bütünlüklə ona təslim etməklə təsdiq edir. Qadın isə inanır ki,
kişi ona münasibətini yalnız təkcə BU barədə düşünməyəndə
təsdiqləyir.
***
O, bundan sonra da qələbələr qazanacaq, ancaq bu ən
yüksək zirvəyə qalxa bilməyən və özünə başqalarının bəlkə
yuxularında gördükləri zirvəyə qalxması ilə təsəlli verən
alpinistin yalançı qələbəsi olacaqdır.
***
458
İçimizdəki bomboz səhralardır. Deməli, ilğımı da var.
***
Şübhəsiz ki, kinlilik, təhqiri uda bilməmək və əvəzini
çıxmaq bütövlüyü şərtləndirən element kimi, deyək ki, xörəyin
tərkibində bir çimdik duz kimi lazımlıdır. Bədbəxtlik xörəyin
başdan-ayağa duza bələnməyində, yaxud tam duzsuz
olmağındadır.
***
Bizdə ideologiya cırlaşıb, yaxud dinə - özü də onun ən pis
formalarına - sxolastikaya, doqmaya, bitədçiliyə,
dözümsüzlüyə çevrilib. Gerçəkliyin dərkində sxolastik təfəkkür
tərzi, fasiləsiz və tez dəyişən, ortaya mücərrəd yox, konkret
problemlər qoyan gerçəkliyə doqmatik yanaşma… Hər hansı
alternativ barədə düşünməkdən üsyankarcasına imtina, başqa
cür düşünmə tərzinin təqib edilməsi, müzakirə zamanı
peyğəmbər-klassikdən gətirilən növbəti sitatın dilə gətirilərək
tamamlanan arqumentlər sırası ilə müşayiət olunan tarixin,
həyatın yalnız bir üzünə, bir cəhətinə əsaslanan diktatura.
Ehkam üzərində çıxarılan qərarlar. Din kimi ideologiya da total
və qlobal olmağa, hər şeyi əhatələməyə çalışır və buna görə də
fasiləsiz olaraq dəyişən həyatın ortaya qoyduğu sualları izah
edə bilmir. Ancaq axirətdə əbədi həyat qazanmaq ümidi
oyadan, əxlaqı xeyir və şərin, Tanrı və Şeytanın, cənnət və
cəhənnəmin balansıyla tənzimləyən dindən fərqli olaraq,
ideologiyada bu iki qütb arasındakı sərhəd olsa-olsa dövlət
sərhədindən ibarətdir. Əbədi həyat yoxdur - ideologiya belə
deyir – cənnət gələcəkdədir, yəni bu, sənin yox, Başqalarının
Evidir. Ən yaxşı halda isə sənin gələcək nəslinin. Və bu cənnət
deyilən zaman keçdikcə bizdən daha da uzaqlaşır. Sənin
həyatında bir elə məna qalmır, o yalnız qeyri-müəyyən və
anlaşılmaz gələcək naminə görülən Sizif əməyinə çevrilir.
Vaxtilə Kilsə Dövlətdən ayrılan kimi indi də sağ qalmaq
naminə heç olmazsa ideologiya iqtisadiyyatdan ayrılmalıdır.
İdeoloji qəliblərin Prokrust yatağında can verən iqtisadiyyatın
459
azad olması, gerçəkliyin və insan naturasının donuq ideoloji
modelini yox, real vəziyyəti əks etdirməsi naminə…
80-ci illərin əvvəli.
***
Səsimiz dünyada niyə eşidilmir? Həm də ona görə ki, biz
potensial olaraq və hətta yaradılan və yaradılmaqda olan
əsərlərə görə dünyanın nəzərini öz sənətimizə cəlb etmək
iqtidarında olsaq belə, özümüzü həm də mədəniyyətimizin
səviyyəsi ilə tanıda bilmədik. Ancaq təəssüf ki, biz özümüzdən
başqa heç kəsə lazım olmayan nümunələri əsl sənət uğuru kimi
sırımaqdan, bunları artırıb çoxaltmaqdan bezmədik. Xüsusən,
indiki vaxtda bizim mədəniyyətimiz dünya standartlarına cavab
verməkdən qalır, əyalət standartları ilə kifayətlənir.
Dostları ilə paylaş: |